O günü görmək ümidi ilə - Etibar Əbilov yazır

Rəşad Məcidin 55 yaşı tamam olur.

Adətən, yubilyarlar haqqında yazan müəlliflər, illərin tez keçib getməsini qeyd edir, yubilyarın məlum yaş həddinə gəlib çatdığına inana bilmədiklərini vurğulayırlar. Amma Rəşad Məcid haqqında bunu demək olmaz. R.Məcid dolğun bir ömür yaşayıb, yəni yaşanmış hər bir il onun ömründən izsiz gəlib keçməyib.

Mən Rəşad Məcidi şəxsən tanımamışdan əvvəl, təbii ki, onun adını eşitmişdim. Təxminən 25 il (bəlkə də çox) bundan əvvəl, səhv etmirəmsə, "Xalq qəzeti"ndə böyük şairimiz, unudulmaz Bəxtiyar Vahabzadə o zaman çoxlarının tanımadığı Rəşad Məcid haqqında bir yazı yazmışdı və həmin yazıda Bəxtiyar müəllim Rəşad Məcidə yüksək qiymət verir, onun fəaliyyətini təqdir edir, bu gənc qələm adamının böyük gələcəyinə inandığını yazırdı... İllər keçdi və Rəşad Məcid Bəxtiyar müəllimin dediklərini nəinki doğrultdu, hətta mən deyərdim ki, böyük şairin ondan gözlədiklərindən daha böyük işlərə öz imzasını ata bildi. Bu gün bu bir danılmaz faktdır ki, Azərbaycan mətbuatından danışarkən ilkin yada düşən isimlərdən biri onun adı olur.

Rəşad Məcid haqqında danışarkən, təbii ki, ilkin yada düşən "525-ci qəzet" olur. O vaxtkı qəzet bolluğunda "525-ci qəzet" istər məzmununa, istər aktuallığına, istər mövzu dairəsinə, hətta istər tərtibatına görə başqa qəzetlərdən çox fərqlənirdi... Xatırlayıram, yanılmıramsa, 2000-ci ilin əvvəlində, İran şahı Məhəmməd Rzanın xanımı Fərəh Pəhləvinin xatirələrinin "525-ci qəzet"də hissə-hissə çap olunması necə böyük marağa səbəb olmuşdu. Sonralar həmin kitab Bakıda, Azərbaycan türkcəsində də çap olundu və Rəşad Məcid həmin kitaba maraqlı bir Ön söz də yazdı. Ön sözdən məlum olurdu ki, Fərəh Pəhləvinin xatirələr kitabını Rəşad müəllim İstanbuldan alıb və məhz onun tövsiyəsi ilə yazıçı-tərcüməçi Nəriman Əbdürrəhmanlı bu maraqlı kitabı Azərbaycan dilinə tərcümə edib.

Keçən əsrin 90-cı illərinin axırları, 2000-ci illərin əvvəlləri ədəbiyyat cameəsindəki durğunluq - ədəbiyyata olan marağın nə qədər azalması hamımızın yaxşı yadındadır. Demək olar ki, əksər istedadlı qələm adamları, ədəbiyyatdan küsmüş kimi görünürdülər. Məhz belə bir vaxtda ""525-ci qəzet"in öz qapılarını Azərbaycan yazıçılarının üzünə açması və bu qəzetdə çap olunan bir-birindən maraqlı yazılar Azərbaycan ədəbiyyatında bir canlanma yaratdı. Böyük ədiblərimiz olan Nəriman Həsənzadə, Fikrət Qoca, Anar, Elçin, Kamal Abdulla, Seyran Səxavət, Nizami Cəfərov, İsa Həbibbəyli, Nizaməddin Şəmsizadə, Zəlimxan Yaqub, Aqil Abbas, Çingiz Əlioğlu... hamısı "525-ci qəzet"də çap olunurdular. Şeirləri həmişə maraqla gözlənilən, ancaq mətbuatda tez-tez görünməyi sevməyən böyük şairimiz Ramiz Rövşənin o illərdə yazdığı şeirlərinin əksəriyyəti ilk dəfə "525-ci qəzet"in səhifələrində işıq üzü görürdü.

O illərdə özü də gənc olan Rəşad Məcid, istər öz həmyaşıdları olan qələm adamlarına, istərsə də ədəbiyyatda ilk addımlarını atan gənclərə daim qayğı ilə yanaşıb. Nəinki qayğı ilə yanaşıb, həm də onları himayə edib. İlk yaradıcılıq nümunələrini "525-ci qəzet"də çap etdirən o gənclərin bir çoxu bu gün artıq ədəbiyyatımızda yetərincə tanınan, sevilən söz sahibləridir. Rəşad Məcid həmin illərdə "525-ci qəzet"in xüsusi mükafatını da təsis elədi. Ədəbiyyatımızda hadisə olan yeni yazılmış əsərlər, ayrı-ayrı illərdə, ədəbi cameədə böyük əks-səda doğuran törənlərdə öz sahiblərinə, bu gün artıq qeyd-şərtsiz ədəbiyyatımızın klassikləri olan xalq yazıçıları - Anara, Elçinə, Kamal Abdullaya təqdim olundu.

Rəşad Məcid özü də maraqlı şeirlərin, hekayələrin, duyğulu mahnı mətnlərinin, publisistik yazıların müəllifidir. "525-ci qəzet"də onun "qələmsiz yazılanlar" silsiləsindən olan feysbuk statuslarını oxuyuruq. Bəzən bir cümlədən, bəzən də kiçik mətnlərdən ibarət olan bu fəlsəfi yazıların hər biri konkret bir mövzu ilə bağlı olur. İctimai-siyasi hadisələr, insan hissləri, ədəbiyyat, yeni kitablar, klassiklərimiz, dünya ədəbiyyatı, musiqi, elmi-texniki tərəqqi, tariximiz, Qarabağ acılarımız, adət-ənənələrimiz, bir millət olaraq örnək olan və çatışmayan cəhətlərimiz haqqında olan bu statusları çap etdirməklə Rəşad Məcid esse janrına rəngarəng çalar qatdı.

Mən bilirəm ki, Rəşad Məcidin çoxlu dostları var və o özü də dosta sədaqətli bir adamdır. Onun dostları da Rəşad müəllimin dostlara sədaqətini, sözübütövlüyünü yüksək qiymətləndirirlər. Mən onun özündən yaşca böyük olan dostlarının - Nəriman Həsənzadənin, Seyran Səxavətin, Aqil Abbasın Neftçalada, evimizdə Rəşad müəllim haqqında necə böyük ürəklə, qədirşünaslıqla söhbət açdıqlarının şahidi olmuşam. Onun qədirşünaslığını zaman-zaman özüm də müşahidə eləmişəm. Mən bu sətirləri rəhmətlik atamı nəzərdə tutub yazıram. Atam bütün həyatını Neftçalada yaşadı. Bakıya, ətraf bölgələrə də təsadüfi hallarda zərurət olanda gedərdi. 2014-cü ilin mayında Salyanda Əli bəy Hüseynzadənin 150 illik yubileyini xatırlayıram. Dövlət rəsmilərinin, millət vəkillərinin, ədəbiyyatımızın, mədəniyyətimizin ən görkəmli xadimlərinin iştirak etdiyi təntənəli yubileyə atam da dəvət olunmuşdu. Həmin tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi kimi iştirak edən Rəşad Məcidin atama göstərdiyi diqqət, ehtiram, qayğı indi də gözümün qabağındadır. O görüşdən bir neçə il sonra, Rəşad müəllim öz yaxın dostu Əjdər Ol ilə birlikdə atamın evində oldular... Söhbət etdilər, şəkillər çəkdirdilər. Atam həmin görüşləri həmişə böyük ehtiramla xatırlayardı - Rəşad Məcidi çox yüksək qiymətləndirərdi.

Və nəhayət, atam dünyasını dəyişəndə, dəfn olunan günün axşamı Rəşad müəllimin öz dostları ilə bizə gəlməsini, atam haqqında dediyi o riqqətedici sözləri heç zaman unuda bilmərəm.

Həmişə nikbin, həyat dolu bir adam kimi görünən və hamının da belə tanıdığı Rəşad Məcid, bir neçə gün bundan əvvəl, yazıçı Kəramətə verdiyi müsahibədə özü haqqında "məğlub adam" ifadəsini işlətmişdi: "Bütün hallarda mən özümü məğlub adam hesab edirəm... Mənim doğulduğum ev, kənd, sevdiyim dağlar, meşələr, şəhərlər, oxuduğum məktəb - bunlar hamısı işğal altındadır. Büruzə verməsəm də, içimdə bu ağrını çəkirəm. Bu mənada Rəşad Məcid məğlubdur, həyatından məmnun deyil" - dedi.

Ürəyinin ən dərin qatlarından gələn bu etiraf məni də sarsıtdı. Bu acı gerçəkliyin buz soyuqluğunu bütün varlığımla hiss elədim... Yadıma elə həmin Əli bəy Hüseynzadəyə həsr olunmuş tədbirdə qardaşım Azər Turanın çıxışının sonunda səsləndirdiyi bir fikir düşdü: "Beş ildən sonra Əhməd bəy Ağaoğlunun yubileyidir. O gün olsun Əhməd bəyin həmin yubileyini Şuşada qeyd edək".

Bu ümid, o günü görmək xəyalı Rəşad Məcidi heç zaman tərk etməyib. Mən də Rəşad müəllim kimi, gec-tez torpaqlarımızın azad olunacağına inanıram. Mən də Rəşad müəllim kimi, o günün möhtəşəm sevincini həyatda yaşamaq istəyirəm. Və əziz Rəşad müəllim, sizə növbəti yuvarlaq yubileyinizi - 60 yaşınızı doğma Şuşamızda qeyd etmənizi arzulayıram. Mən həmin yubileydə digər dostlarınız kimi çox böyük məmnuniyyətlə iştirak edərdim.

19 avqust

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!