Balaca qızların gəlincik sevgisi çox maraqlıdı. Vaxtilə bizim də gəlinciklərimiz olub. Saçlarını daramışıq, yemək bişirmişik oyuncaq qazanlarımızda. Yanımızda, qucağımızda otuzdurub oyuncaq boşqablarda oyuncaq qaşıqlarla yemək yedizdirmişik onlara. Al-əlvan paltarlar tikdirmişik anamıza, nənəmizə. Elə bilmişik ki, onlar da canlıdır... Onları sevdiyimiz üçün canlı olduqlarını düşünmüşük. Gəlinciklərinə sevgidən başlayır qızların analıq hissi...
Biz gəlinciklərimizə sevgimizlə böyüyürük. Onlar bizim alter-eqomuz olur hardasa. Sonra dərk edirik ki, sevə-sevə nazını çəkdiyimiz, saçlarını daradığımız, yemək yedirtdiyimiz o balaca "məxluqlar" əslində kauçukdan, rezindən və s. hazırlanmış cansız oyuncaqlar imiş. Və onları yaradıb bizim ixtiyarımıza verənlərin əsl məqsədini çox gec anlayırıq. Adam Smit deyirdi ki, çörək istehsal edən çörəyi bişirib axşam sizin süfrənizə ona görə göndərmir ki, o, sizin qayğınıza qalır, bunu ona görə edir ki, o, bununla gəlir əldə edir.
Nə qədər yaşa dolsaq belə, bu həqiqəti özümüzdən uzaqlaşdırırıq və daha bu haqda düşünmürük...
Yaşadığımız əsrin texnologiya dövrünə aid olduğunu anbaan daha çox hiss edirik. Cansız texnikaların insan kimi hərəkətə gətirildiyi robotlar dövründə "yer üzünün əşrəflərinin" getdikcə əməkdən, hiss və həyəcandan uzaqlaşdığını düşünməyə əsasımız yoxdur. Allahın varlığını inkar etmədən, miflərdən, əsatirlərdən söhbət açmadan bir məqamla bunun altından qalın bir xətt çəkə bilərik: Nə qədər ki, qızcığazlar gəlinciklərinin canlı varlıq olduğunu düşünür, nə qədər ki, cizgi filmləri, teatrlar, kinolar var; nə qədər ki, ədəbiyyat var, insanın ruh halı dəyişməyəcək. Yaradıcılıq rakursundan baxsaq, həqiqətən sevginin necə böyük qüvvə olduğunu görə bilərik. Dramaturq Ejen İonesko müsahibələrinin birində elə bu haqda danışır.
"Canlanmış" oyuncaqlardan, danışırıqsa, uşaqların sevimli Karlo Kollodinin "Pinokkio"su və "Pinokkio"nun əsasında lentə alınan "Buratino"dan danışmaya bilmərik. Yalan danışanda Pinokkionun burnu uzanırdı. Buna görə də Pinokkio yalançılığın rəmzi hesab edilir. Bu haqda bir azdan...
Ejen İonesko gəldiyi qənaəti belə izah edir: "İtalyan uşaq nağılı "Pinokkio"nun əsasında çəkilmiş xeyli film var. Onların arasında ən yaxşısı "Qızıl açar" adlı sovet filmidir. "Pinokkio" - taxtadan oyuncaq hazırlamaqla dolanan bir qocanın nağılıdır. Bir gün onun hazırladığı oyuncaqlardan biri canlanır. Qoca öz yaratdığını o qədər sevir ki, bu məhəbbət möcüzə yaradır." Bu nağılın Qolem haqqında miflə bağlılığının olub-olmamasına yazıçı belə münasibət bildirir: "Piqmalion, Qolem, Pinokkio... Məni daha çox maraqlandıran sovet filmidir. Sirk sahibi olan zalım bir kapitalist taxtadan düzəldilmiş azyaşlı yoxsulu istismar edir. İstismar edilmək müəyyən mənada insan mahiyyətindən uzaqlaşmaq anlamına gəlir. Buratino da sirkdən qaçıb azadlığa qovuşan kimi müqəvvadan insana çevrilir. O, hara qaçır bəs? Sosializm cənnətinə. Ən əsası odur ki, qaçır. Gəmiyə minir. Zalım kapitalist isə başqa bir gəmi ilə onun arxasınca düşür. Buratinonun gəmisi qəfil suyun səthindən aralanıb səmaya qalxır. Havada maraqlı uçuş başlayır. Bütün mistik mövzular, xüsusən azadlıq hissi və "işıq" bu ecazkar, parlaq və rəngbərəng kadrlarda öz əksini tapıb. Film ideologiya əsasında çəkilsə də, sosializmin alt qatlarında gizlənən yüksəlişi, səma, işıq və cənnəti də kadrlarda sezmək mümkündür. "Əsl həyat"a qədəm qoyduqdan sonra Buratinonun taxta bədəni də ətə-qana dolur və o, əsl insan ruhuna sahib olur. O, gülərüz, bığlı bir əminin rəhbərlik etdiyi çiçəklənən cənnətə gəlib çıxır. Həmin əmi isə böyük məqsədlər uğrunda Tanrıya çevrilmiş əclaf Stalindir..."
Torpaqdan, gildən,
qabırğadan yaradılanlar
Hər kəsi düşündürən, maraqlandıran suallardan biri də onun ilk yaranışının necə olmasıdır. Məlumdur ki, bütün insanların atası Adəmi və anası Həvvanı Tanrı öz qüdrəti ilə yaradıb. Bu yaranışın elmi proses kimi izahlarına dini kitablarda da rast gəlirik. Qurani-Kərimdə Adəm və Həvvanın yaradılması haqda xeyli ayələr var. Qadağan olunmuş meyvəni yedikləri üçün cənnətdən qovulan Adəm və (qabırğadan yaradıldığı haqda fikirlər söylənilən) Həvvadan üzü bəri Tanrının yaratdığı insan da biliyinə, qabiliyyətinə güvənərək nələrsə yaratmağa çalışıb.
Gildən, torpaqdan və s. insan yaranması haqda miflərdən biri İoneskonun dediyi Qolem haqdadır.
Qolemin əfsanələrdə ruhu olmayan, əsasən gildən və ya torpaqdan yaradılan bir canlı olduğu deyilir. Orta əsrlərdə Tanrının adlarının fərqli formada deyilməsi, bu sözləri yaradan hərflərin fərqli formada düzülməsi və ya bunların bir kağıza yazılaraq düzəldilən tilsimlərlə qolem yaradılması ilə bağlı bir çox əfsanə var. Qolem, bir yəhudi əfsanəsinin qəhrəmanıdır. Talmudda Adəmin ruh üfürülmədən əvvəl bir qolem olduğu yazılır.
Yəhudi folklorunda qolemlər, əsasən insan forması verilmiş palçıqdan düzəldilir. Ruhları yoxdur, zəkaları aşağı səviyyədədir. Qolem sözü ivrit dilində "axmaq" mənasını verir. Əsas məqsədi yaradıcısını qorumaqdır.
İnanca görə, haham Judah Loev ben Bezalel tərəfindən gildən bir heykəl düzəldilir və yəhudi xalqını qorumaq üçün canlandırılır. Alnına "Emet" (doğruluq?) sözü yazılır. O, yəhudi xalqını qoruyur və zaman keçdikcə daha da güclənir. Şənbə günləri qolemin işləməsi qadağan idi. İşlədiyi zaman alnından e hərfi silinər və "met" (ölüm?) sözü qalar, qolem isə hərəkətsiz bir formada durardı. Bir şənbə günü e hərfini silməyi unutdular və qolem hər şeyi dağıtmağa, insanlara zərər verməyə başladı. Onun alnındakı bütün hərfləri sildilər və bundan sonra qolem parçalara ayrılıb dağıldı. Əfsanəyə görə, onun parçalarını Praqadakı Altneu sinaqoqunun altındakı gizli bir otağa möhürləyiblər.
Miflərdən gerçəkliyə...
Türk və Altay mifologiyasında yaxşılıq Tanrısı hesab olunan Ülgen bir gün dənizdə sular üzərində bir palçıq parçası görür. Bu palçıq insan şəklinə çox oxşayırdı. Tanrı ona can verdi və bu yolla şeytan Erlik meydana gəldi. İlk əvvəl Erlik Tanrıya çox ehtiram göstərirdi, münasibətləri də yaxşı idi. Amma zaman keçdikcə münasibətləri pozuldu və Erlik Tanrıyla düşmən oldu. Erlik - türk mifologiyasında əsas şər tanrısıdır. Bəd əməllərin, pisliklərin qaynağıdır. Yer altında yaşayır...
Bu mövzunu miflərlə xeyli davam etdirə bilərik. Miflər-bitməyən mövzulardandır. Qayıdaq zəmanənin canlanmış cansızlarına.
Uşaqların sevimli cizgi filmi olan Pinokkio taxtadan düzəldilmiş və balacaların sevgisini qazanmış bir obrazdır. Onun ilk hissəsi 1881-ci ildə "Qiornale dei bambini" adlı həftəlik uşaq jurnalında çap edilir. Pinokkio böyük uğurlar qazansa da, kilsə ataları bunun üsyana səbəb ola biləcəyini düşünürlər. Hekayə Qepetto adlı dülgər tərəfindən düzəldilmiş oyuncaq haqqındadır. Oyuncaq canlanır və insana xas xüsusiyyətləri öyrənir. Pinokkionun ayaqları yandırılır, zəncirlənir, hətta asılır. Ancaq o, ölmür. Pinokkionun ən böyük arzusu isə əsl oğlan olmaqdır. Amma buna nail olmaq üçün eqoistliyindən əl çəkməlidir. Bunun üçün isə Qepettonun sevgi dolu yuvasından ayrılıb dünyanı kəşf etmək üçün uzun bir yolçuluğa çıxması lazım gələcək... Dünya uşaq ədəbiyyatının sevilən qəhrəmanlarından olan Pinokkio haqda roman böyük marağa səbəb olduğu üçün 1883-cü ildə kitab kimi nəşr edildi. Uşaqlar üçün düşünülərək yazılan bu əsər, modern uşaq ədəbiyyatının ilk örnəklərindəndir.
Roman, "Yalan danışmaq bir uşağın sahib ola biləcəyi ən pis xüsusiyyətdir" fikri əsasında yazılıb. Dəfələrlə filmə çəkilən, səhnəyə qoyulan, animasiya ilə canlandırılan əsərin dünya miqyasında tanınması Uolt Dosneyin 1939-cu ildə Pinokkionu film qəhrəmanı etməsilə başladı. Bir çox nəşriyyatlar tanınmayan yazarların qələmə aldığı "Pinokkionun sirri", "Pinokkionun dostu", "Pinokkio Afrikada" kimi adlarla Pinokkio haqda neçə-neçə romanlar nəşr edib...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!