Bu sərlövhə qələm yoldaşım, professor Nizaməddin Şəmsizadəyə aiddi. Aylar öncəsi bu başlıq altında oxuculara şair Maşallah Məftunu təqdim etmişdi.
Olduqca səmimiyyət (və vətənpərvərliklə) yazılmış məqalə məni Qazağın çətin günlərinə apardı. Mərhum Vaqif Səmədoğluyla Qazağın müdafiəçiləriylə görüşə getmişdik. Vətənin keşiyində müsəlləh əsgərə çevrilmiş cavanlarımız qəlbimizi Göyəzən, Qazançı dağlarına döndərdi. Komandirlərindən birinin (bir əlində silah, o birində qələm olanın) bir şeirisə həmin an Səməd Vurğun diyarında vuruşanların poetik marşı kimi səsləndi. Bəlkə də, həmin gün "Döyüşür Qazax" şeirinin ilk oxucuları biz olduq. İki Vaqif əsgər paltarındakı şairin sağı və solundan "əhsən" kəlməmizi ağ göyərçinlər kimi havalandırdıq.
Son günlər müəllifin "Güllərin soyqırımı" kitabına redaktor oldum. Poema şeirləri günəş şəfəqlərinə çəkilmiş mərhum şairəmiz Nurəngiz Günə həsr olunmuşdu. (Şairə bacıma, onun həyata həsrətli gözlərinə özüm də şeir həsr etmişəm). Həmin kitabla tanışlıq məndə Maşallahın poeziyada da komandirə çevrildiyi əminliyini yaratdı.
Qəribədir ki, hər onunla rastlaşanda ürəyimdən Orxan Vəlinin misralarını keçirir, özümü də əsgər paltarında hiss eləyirəm (Və mənə elə gəlir ki, mənfur qonşularımızla müharibə şəraiti davam etdikcə bütün ədiblərimiz rəmzi şəkildə olsa da özünü əsgər paltarında hesab eləməlidi).
Bu Vətən yolunda
Nələr eylədik:
Çoxumuz öldük,
Çoxumuz nitq söylədik.
Şəxsiyyəti və şeirləriylə tanış olduqca Maşallah Məftunun vətən üçün həm can verməyə hazır olduğunu, canla-başla ona vətənpərvər şeirlər yazmağa çalışdığının şahidinə çevrildim.
(Tələsik yazılmış bəzi şeirlərində sözlər və misralar bir-biriylə qonşu olmaq, uzlaşmaq istəmir. Tövsiyə olunur ki, onları bir-birinə və komandirinə tabe etdirməyə çalışsın).
Yeni şeirləri oxuculara təqdim olunur. Bu dəfə söz onlara verilir...
Vaqif Nəsib Sarıhüseynoğlu
Maşallah Məftun
Cavid əfəndi
Dünyanın ortasıyla,
Yavaş yavaş yol gedirdi,
Pencəyi qolu üstə.
Hardansa gəlib çıxdı
İblislər yolu üstə.
Onu canı qədər sevdiyi
xalqının düşməninə döndərdilər.
Buz heykəlinə çevirmək üçün,
Sibirə göndərdilər.
Amma baş tutmadı
İblislərin o fəndi,
Şairlik,
insanlıq,
əbədiyyət
heykəlinə döndü
Cavid əfəndi...
Tankın işığında yazılan şeir
Qazaxın müdafiəsinə
Düşmən sərhədində Qazax zirehdi,
Yağıya əbədi göz dağımızdı.
Qazax Səməd Vurğun, Hüseyn Mehdi,
Vidadi, Vaqifdən, söz dağımızdı.
Osman qağaların sözü sellənən,
Qözəl Qarayazı - yazıdı Qazax.
Aşıq Ədalətin qəlbi tellənən,
Dillənən sədəfli sazıdı Qazax..
Düşmən sərhədində yuva qurubdu,
Qalalar bu yerin ulu daşları.
Yurdun keşiyində daim durubdu,
Əsgərə dönübdü vətəndaşları.
Şairlər vətəni Qazax dirişir,
Eli bir nəfər tək bir ələ dönür.
Alınmaz hər qala, hər dağ vuruşur,
Göyəzən qeyrətdən heykələ dönür.
Hər qarış uğrunda dirişir Qazax,
Beləcə yağıya qəbir qazır o.
Qılıncla, qələmlə, vuruşur Qazax,
Qılıncla, qələmlə, tarix yazır o!
1994-Qazax
Bir tikə çörək
Qurandan əvvəl,
İnsanlar ətrini qoxuyandan,
Səni əkib süsən-sünbül,
oxuyandan,
çatmısan dada...
Müqəddəslik kimi
Hopmusan yurda,
Saçağınla bəzənib
Əl açmamışıq yağıya.
Əsrlərcə yaşadıb bizi
bir parça düz ürəyimiz
və duz çörəyimiz.
ötürmüşük
dirilik rəmzi tək
əldən-ələ,
eldən-elə.
Əsgər kimi
Azərbaycanın xalq yazıçısı,
İlyas Əfəndiyevin məzarı önündə düşüncələr...
Heykələ dönmüşəm məzarın üstə,
Hələ bu dünyanın eşiyindəyəm..
Ey ustad, sonuncu güzarın üstə,
Sıravi əsgərtək keşiyindəyəm.
Əlin qələm oldu - biz də oxuduq,
Baş əydik sehrli qələminə biz.
Səni örnək sanıb zəhmət qoxuduq,
Yetişmək istədik aləminə biz.
Doğma Qarabağa biz qəsd eyləsək,
Ruhun, ruhumuzu alqışlayarmı?
Doğma Şuşamızı şikəst eyləsək,
Pənah xanlar bizi bağışlayarmı?
Şuşanın gözləri hələ yoldadı,
Bizdən bir möcüzə-heyrət gözləyir.
Ən dar macal üçün tüfəng qoldadı,
Axı Qarabağım qeyrət gözləyir.
Sülhün, ədalətin kəsəri kimi,
Hələ xalqımızın səbri vuruşur.
Ağlını başına yığmasa yağı,
Əgər boşaltmasa o Qarabağı,
Neçə qeyrət dolu əsgəri kimi,
İlyas Əfəndiyev qəbri vuruşar!
Bayat bayatıları
Kişnəsin də qoy atım,
Qeyrət ilə boy atım,
Yatım da yalmanına
Azad olsun Bayatım.
Qarabağ sinə dağım,
Ev-eşik, binə dağım,
Qarabağ şikəstəsi,
Oxusun yenə dağım.
Kim odu haqsız qalar,
Cani tək haqsız qalar,
Bu yurda göz tikənlər,
Yenə qulaqsız qalar.
Məmməd Araza
Kimini mal edir, kimiyə maldı,
Kiminə zəhərdi, kiminə baldı,
Kimlər bu dünyada əbədi qaldı?
Bu haqqın sədası başlara batsın,
"Dünya mənim, dünya sənin,
dünya heç kimin."
Talelərdən keçən yollar dumanlı,
İrəli açılan qollar gümanlı,
Qırılan ağaclar, kollar gümanlı,
Axır baltasını adamlar atsın,-
"Dünya mənim, dünya sənin,
dünya heç kimin."
Ömür hər bəndənin gümüş çayıdı,
Azı da, çoxu da Tanrı payıdı,
İnsanlıq, insanın haqqı-sayıdı,
Çoxu ətəyindən qoy daşı atsın,
"Dünya mənim, dünya sənin,
dünya heç kimin."
İnsanın insanlıq arzuları tək,
Dünyanın dünyəvi barı, varı tək,
Arazın ibrətli saf suları tək,
Məmmədin sözləri hər kəsə çatsın,
"Dünya mənim, dünya sənin,
dünya heç kimin."
1980
Ağlama, gitara
Yaranan gündən göz yaşı çağlatdın,
Viktor Xaranı da ağlatdın.
Ömrünün sonunacan
oduna yandı,
külünə bələndi,
ələndi,
ələndi,
ələndi...
Din Rid, Vladimir Vısotski,
Nikolay Sliçenko,
Bulat Okudjava, bizim Rəmiş,
barmaqlarını hey işə saldı
gözlərdən yağış aldı.
İnsan dərdini
gitarada
və navalçalarda çaldı...
1983, Moskva
Türkün möcüzəsi
"Türk əslimlə fəxr edirəm. Haradan türkün səsi gəlirsə oraya salavat çevirir, ibadət edirəm. Dünya ona görə gözəldir ki, dünyada türklər yaşayır".
Nizaməddin Şəmsizadə
Türkün möcüzəsi,
Türkün özüdü.
Onun əqidəsi, onun vicdanı,
Tanrı qarşısında
qızıl, sözüdü.
Ərşidə,
fərşidə,
birliyi,
hürlüyü
qanında, canında,
əməllərində,
qeyrəti,
türklüyün təməllərində.
Türklə ünsiyyətə
başla əzizim.
Onu sevməyəni
daşla əzizim.
Tanrı sevgisinə
baş əyən odur.
Günəşin gözündə,
Ayın üzündə,
türkün sorağı var,
türkün özü var.
Sirr dolu bu aləm,
Yerlər türkündü...
Ah çəksə dünyadan
bir şeymi qalar.
Harayı, nərəsi,
hayqırtısı onun
zamanın səmtini
dəyişə bilər.
çaylar axarını
dəyişə bilər.
Türklə ünsiyyətə
başla, əzizim.
Onu sevməyəni
daşla, əzizim.
Yoxdu döyüşlərdə
Türkün hürküsü,
Zəfər nəğməsidi,
Hər bir türküsü!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!