Ədəbi mətndə mən və başqası... - Ülvi BABASOY yazır - Ülvi BABASOY

"Xəz paltolu Madonna" romanında "Üçbucaq arzu"

Ülvi BABASOY

 

Ədəbi tənqidçi, strukturalist Rene Jirarın "Romantik yalan və romanesk həqiqət" tədqiqat işində "ədəbi mətndə mən və başqası" mövzusu orijinal forma və məzmunda təhlil edilir. Jirar "Üçbucaq arzu" tendensiyasını Avropa ədəbiyyatına tətbiq etmişdir. Servantes, Flober və Dostoyevskinin romanlarında "Üçbucaq arzu" və onun fiziki-metafiziki strukturu yaradılır. Türk ədəbiyyatında isə Əhməd Həmdi Tanpınar, Turqut Uyar və Orxan Pamukun romanları "Üçbucaq arzu" tezisi ilə səsləşir. "Üçbucaq arzu" iki formadadır. Həm obrazlar arasında, həm də müəlliflə obrazların ünsiyyətində əks olunur. "Üçbucaq arzu"nu hadisələrin mərkəzində dayanan, işi görən əsas obraz olan subyekt, subyektin aktivlik dərəcəsini və münasibətini tənzimləyən obyekt və onları təyinedici keyfiyyətlə müəyyən edən, tamamlayan şəxslər formalaşdırır.

Səbahəddin Əlinin "Xəz paltolu Madonna" romanının qəhrəmanı Raif Əfəndi "üçbucaq arzu" tezisinə uyğundur. "Xəz paltolu Madonna" romanında "Üçbucaq arzu"nun necə ifadə edildiyini bilmək üçün Raif Əfəndinin digər obazlarla ünsiyyətinin  sərhədlərini nəzərdən keçirmək lazımdır. Çünki "Xəz paltolu Madonna" romanı "inqilabçı, xilaskar, azadlıq carçısı modernlik imicinə" paradoksal reaksiya olaraq yazılıb.

"Ölmürəm ki, - dedi. - Ölsəm nə olacaq? Onlara nə var? Mən onlar üçün nəyəm? Sonra daha acı və daha insafsız bir şəkildə əlavə etdi: - Mən onlar üçün heç nə deyiləm... Heç nə deyildim". "Ölümə yaxınlaşdıqca yalandan uzaqlaşır". Don Kixot kimi, o da mövcud vəziyyətin fərqindədir. Ancaq bunları sadəcə ölümünə yaxın qəbul edir və dilə gətirir. "Oxuduğum saysız-hesabsız tərcümə romanlarmdakı qəhrəmanlar kimi, hər sözümə tərəddüd etmədən baş əyən mənliyimlə qarşıma çıxan hər şeyi kəsib doğrayırdım". Don Kixot"da Alonso Kixano cəngavər "Amadis"in təsiri ilə dünya səyahətinə çıxmağa qərar verir. Artıq Don Kixota çevrilən Kixano Sanço Pansanı ilhamlandırır. Onda arzu oyadır. "Sanço Pansa Don Kixotla birlikdə olanda sahib olacağı "ada"nı xəyal edir. Bu arzular Sanço kimi adi bir adamın ağlına gələ bilməz. Onları Pansaya Don Kixot təlqin edib. Bu dəfə təlqin ədəbi deyil, şifahidir. Amma aradakı fərq vacib deyil. Yeni arzular təzə üçbucaq yaradır, orada Don Kixot, Sanço və əfsanəvi ada var. Üçbucaq arzunun təsirləri hər ikisində eynidir". "Üçbucaq arzu"da subyekt, obyekt və onları təyin edən, tamamlayan şəxs mövcuddur. Cümlə üzvlərinin strukturuna bənzəyir. (Baş üzvlər mübtəda və xəbər, onlar arasında olan əlaqəni genişləndirən tamamlıq və ya təyinin təsir gücü). Burada arzu üçbucağı mövcuddur. Deməli, Raif Əfəndinin vəziyyəti Don Kixotdan o qədər də fərqlənmir.

Raif Əfəndi subyekt, yəni arzulayan tərəf, Xəyalındakı "mən" obyekt, yəni arzulanandır. Roman qəhrəmanları isə onlar arasında əlaqə yaradandır. Haqlı olduğu halda səsini çıxara bilməyən, ata-anası tərəfindən "qız uşağı" adlanan Raif Əfəndi gücü, enerjini, təsəlli və yaşamaq ehtirasını romanlarda tapa bilir. Roma tarixinə aid köhnə bir kitabda adı keçən Muçius Skayevola adlı bir müvəkkil kimi Raif Əfəndi də əlini oda basıb eyni mətanəti göstərmək istəmiş, ancaq barmaqlarını möhkəm yandırmışdı.

Raif Əfəndi Emma Bovariyə də yaxınlaşır. "Floberin qəhrəmanlarının əsas cəhəti sabit xarakterlərinin və özlərinə xas fərdi cizgilərinin yoxluğudur. Təkbaşına olanda "bir heç" olduqları üçün mənimsədikləri bir təlqin sayəsində nəsə "bir şey" ola bilirlər". Məlum olduğu kimi, psixika obyektiv aləmin beynimizdəki subyektiv inikasıdır. Əsərdə Raif Əfəndinin obyektiv aləmi qeyri-obyektiv şəkildə dərk etməsinə oxuduğu romanlar mane olur. Əlini yandırır və dözümsüzdür. Haqlı o halda ona qışqıran Həmdi bəyə qarşı isə inadkardır. Paradoksal emosiyadır bu. "Xəyalımızda təsəvvür etdiyimiz xariqüladə şeylərin həyatda olmadığını hələ dərk etməmişdim".

Raif Əfəndi təkcə oxuduğu romanlarla hərəkət etmir, hətta ötəri olaraq göz gəzdirdiyi qəzetin təsirinə düşür. Əməllərində qəti qərar verə bilmir. "Yox" deməyi bacarmır. Raif Əfəndi kitaba və ətraf mühitə reaksiyası baxımından Alonso Kixano ilə eyni estetik mühiti bölüşür. Rene Jirarın qiymətləndirmə meyarları və təhlil metodlarının "Xəz paltolu Madonna"ya tətbiq etməyim öz nəticəsini verir.

Digər bir arzu üçbucağı isə Raif Əfəndi ilə Mariya Puder arasındadır: "Turgenevin romanlarını ikinci dəfə və son səhifələrinə qədər oxuduğum hallar da olurdu. Bunlardan biri bir neçə gün bütün varlığımı sarsıtmışdı. Bu romanın qəhrəmanı Klara Miliç adlı bir qız, olduqca sadəlövh bir tələbəyə aşiq olur. O sevir və bu haqda heç kəsə bircə kəlmə də olsun demir. Qız öz coşqun ehtirasına qurban gedir, məhv olur. Nədənsə, bu qızı özümə çox yaxın hesab edirdim. Mən bu qadını yeddi yaşımdan bəri oxuduğum kitablarda, beş yaşımdan qurduğum xəyal dünyasında görmüşdüm".

Raif Əfəndi romanlarda oxuduğu qadına vurulur. Raif Əfəndi Mariya Puderə görmədən vurulmuşdu. Onu əlçatmaz təsəvvür edirdi. (Ah, Dulsineya, ah!) Özünü isə Turgenevin romanındakı Klara Miliç kimi aparır. Mariya Puderin bütün şərtləri ilə razılaşır, sevgisini etiraf edə bilmir.

Daxili təyinedici funksiyaya malik hər hansı obrazda təqlid ən azı xarici təyinedici qədər əslinə bağlı və sadiqdir. Bu real vəziyyət bizə təəccüblü gəlirsə, bunun səbəbi təqlidin sadəcə yaxın bir nümunəni nişan almaması daxili təyinedici obrazla əlaqədə diqqətlə gizlətməsidir. Raif Əfəndi əsərin heç bir hissəsində özünü Klara Miliçə bənzətdiyini qəbul etmir. İmitasiya və təqlid hər zaman inkara meyillidir. Don Kixot da öz həqiqi kimliyi ilə razılaşmır. Axı Don Kixot, ən azından, ölüm anında ayılır. Səfeh cəngavərlik romanlarını inkar edir.

Məsafə, təbii olaraq, Servantesdə ən böyükdür. Don Kixotla əfsanəvi Amadis arasında heç bir münasibət mümkün deyildir. Emma Bovari Parisdən uzaqdadır. Julien Sorel, Emmanın etmədiyi hər şeyi edir. "Qırmızı və Qara"nın əvvəlində qəhrəmanla tamamlayan arasındakı məsafə "Madam Bovari"dəkindən daha az deyildir. Ancaq Julien bu məsafəni aradan qaldırır. Tamamlayan ilə arzulayan subyekt arasındakı uzaqlıq təbii olaraq fiziki ölçüyə sığmır. Coğrafi məsafənin bir səbəb, amil ola bilməsinə rəğmən ikisi arasındakı məsafə hər şeydən əvvəl psixidir. Servantes hər növ məsafələri aradan qaldırır. Kafka kimi. "Kafka (Servantesdən miras aldığı modern) ədəbiyyatı polissiz və gömrüksüz" bir intəhasızlığa, sərhədsizliyə məhkum etdiyi kimi...

Servantesin Don Kixotu kimi, Raif Əfəndi də öz arzusu ilə əlaqə yaradandan uzaqdadır və heç vaxt onlara çata bilmir. Bu hissədə oxucu çox vacib və zəruri bir münasibətin içərisinə daxil edilir. Duyğu estetikası və oxucunun hiss və həyəcanı kəsişir. Bu məqamda təcrübəli oxucu "Xəz paltolu Madonna" romanı ilə yanaşı, bu mövzuda mütaliə etdiyi ədəbi mətnlər haqqında da düşünür və yeni bir "Üçbucaq arzu" yaranır. Çünki təcrübəli oxucu üçün duyğu estetikası çox vacibdir. Oxucu ədəbi dövrləşməni də xatırlaya bilir. Səbahəddin Əlidən illər sonra "Üçbucaq arzu" irəli və geriyə sıçrayır. Modernləşmə prosesi, ən azından, ədəbiyyat tarixində reallaşır.

Növbəti arzu üçbucağı Raif Əfəndi ilə İntihar arasındadır.

"Bu göl Vanses idi. Bir gün Mariya ilə Potsdamdakı ikinci Fridrixin "Damsız" sarayının parkını gəzməyə gedərkən o, qatarın pəncərəsindən bu yeri nişan vermiş, burada, indi durub-dayandığım ağacların altında, yüz neçə il bundan əvvəl bədbəxt alman şairi Kleyst ilə sevgilisinin intihar etdiklərini söyləmişdi. Məni bu yerə sürükləyib gətirən nə idi? Nə üçün düz yoldan çıxıb, bu tərəflərə gəlmişdim? Ən nəhayət, nə üçün evdən çıxar-çıxmaz elə bil müəyyən bir məqsədlə buraya gəlmişdim".

Raif Əfəndi İntiharı arzulayırdı. Raif Əfəndinin Vanses gölünə gəlməsi səbəbsiz deyildi. Əslində, ölmək istəməyən Raif Əfəndi Mariya Puderdən eşitdiyi hekayənin təsiri ilə hərəkət etməkdə idi. Yaddaş, şüur qəribə bir hiss və həyəcanın, arzu bucağının təsirində idi. Səbahəddin Əlinin "Xəz paltolu Madonna" romanında "Üçbucaq arzu" estetikası çoxsəsli və çoxqatlı quruluşdadır. "Xəz paltolu Madonna"da "Üçbucaq arzu" Oğuz Atayın "Tutunamayanlar" romanı ilə də kəsişir. "Tutunamayanlar"da Turqut Səlimi daha yaxşı tanımaq üçün onun dostlarını tapır və yazdığı nəğmələri oxuyur. Bu vəziyyətə "Xəz paltolu Madonna"da da rast gəlirik. Danışan şəxs Raif Əfəndini tanımağı arzulayır. Subyekt təhkiyəçi (danışan şəxs), obyekt Raif Əfəndi, tamamlayan isə dəftərdir.

"Bir-birimizə həmişəkindən daha yaxın olmağımızın lazım gəldiyi bir   vaxtda, bu nə sözlərdir deyirsən? Başını sallayaraq: - Xeyr, dostum, xeyr! - dedi. - İndi bir-birimizə həmişəkindən daha uzağıq. Çünki artıq mənim heç bir ümidim qalmadı. Bu sonuncu idi". Mazaxist - hər şeydən öncə bezmiş bir sahibdir. Daima öz uğursuzluğunu arzulamaqdan zövq alan bir adamdır. Sahib, həm bir arzusu varmış kimi edir, həm də arzusunu gizlədərək digər şəxslərin arzusunu istədiyi kimi idarə etməyi bacarır. Obyekti əldə edir, ancaq bu obyekt əldə edilən bir nəsnə olmağa icazə verdiyi üçün bütün dəyərini itirir.

Mariya Puder xəzinə axtaran, bütün ümidini qaldırmağa gücü çatmayacaq qaya parçasına bağlayan adam kimidir. Raif Əfəndinin qarşısına müəyyən və bu günə qədər heç kimin öhdəsindən gələ bilmədiyi "şərtlər" qoyur. "Bir heç" olan, onsuz da romanlarla hərəkət edən Raif Əfəndi bu şərtlərə əməl etdikdə Mariya Puder xəyal qırıqlığı yaşayır.

Raif Əfəndidə də mazaxistliyin izləri görünməkdədir. Ona qarşı olan haqsızlıqlardan mazaxistcə zövq alır. "Nə etdiyimi özüm də bilmədən maşın kimi işlədim. Bilə-bilə aldadıldım, lakin bundan zövq aldım".

Qadın ölür, ancaq aşiq həyatdadır. Artıq obyekt yoxdur, amma tamamlayan Veltçaninovun yenə də qarşısıalınmaz cazibəsi vardır. Roman qarşısıalınmaz duyğuların, üçbucaq arzuların sonsuzluğunda hələ də oxunur, hələ də kəşf edilir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!