Tanrı da bəzən nələrisə unudur, həm də ta başından. Tələsir bəlkə də, bəlkə səbri tükənmiş olur. Kim bilir... Həvəsəmi gəlir, ilhammı onu tələsdirir, yaddan çıxıb itəcəyimizdənmi qorxur, əlini qələmə, kağıza uzadır, tələm-tələsik yazır bizi, sonra, sanki unudur, daha ciddi işlərinin başına qayıdır... O yazı qalır, qalır, qalır... Nə vaxtacan qalacaq? Tanrı qatında yazıldınsa, doğulacaqsan... doğuluruq. Sonra Tanrının yadına düşürük, qayıdıb yazdığını oxumağa başlayanda...
Çox güman burda O, bir anlıq susub nəfəsini geri çəkir, başını bulayır...
Tanrının öz mətninə düzəliş vermək kimi bir xoşbəxtliyi yoxdur...
O, ancaq və ancaq silib yenidən yaza bilər...
Tanrı bizi ancaq öldürüb, sonra dirildə bilir...
Heeeyyyy!
Aç qapını, Sevgili,
bu dəfə gələn mən deyiləm...
Aç qapını, Sevgili, bu dəfə gələn mən deyiləm, bu dəfə gələn o da deyil, bu dəfə gələnin kim olduğunu o bilmir, mən bilirəm...
***
Ömür qısa, çiyində yük,
Çəkəmmirəm, gedəmmirəm.
Ətəyindən bu daşı tök,
Allah, niyə öləmmirəm?..
Bu onun sualı olmamalıydı, bu onun şeiri olmamalıydı... bu onun yükünə çevrilməməliydi... amma çevrilib...
Fəqət Qadın yoxdur...
Öldü, adam!
Gecdir daha... - bu, onun ağrısı deyil, amma o çəkir...
***
- Elə deyil - deyir bir səs... - elə deyil...
- Bəs necədir? -
Ah, bu insan, niyə belə suallar verir axı?
Mən kimə çatacağımı yaxşı bilirəm
İlahi!
Barı kim olduğumu da biləydim...
Verir, suallar verir, sonra suallarına cavablar verir. Nə bu suallar onun üçün doğulmalıydı, nə bu cavablar. Bu suallar da, bu cavablar da gələcəkdən gəlib, geri dönüb bu zərif və titrək əllərə çöküb...
Heyif...
O bilmir, mən bilirəm...
***
Həyatımız bəzən bizim, bəzən sağımızdakı, solumuzdakı mələklərin çiynində qərar tutur... Ayağımız yerdən qopub havalandıqca göylərin dərinliyində anqappaq qanadlarını çırpa-çırpa gömgöy göy üzünü dolaşan ruhlara gedirik... yükümüzü yüngülləşdirə-yüngülləşdirə yuxarılara havalandıqca kimliyimiz zərrə-zərrə qopub-qopalaqlanıb özümüz kimilərin zərrələrinə qarışır...
Biz ordan qayıtmırıq...
Biz orda qalmırıq...
Biz nə qədər ki, sağıq, həm orda, həm burda olanlardanıq...
***
Amma Tanrı...
Amma Tanrı Tanrıdır, bilinməz, görünməz, çözülməz sirrinin içində gülümsəyib əlini yazımıza uzadır, bizi yenidən yarada bilməsə də, öldürmədən dirildir...
Kim bilir, bəlkə dünya üzünə birimizi az görür, ikimizə ehtiyac olduğunu düşünür... Çox gözləmədən...
- O, mən deyiləm.
Canımı alandır, Allah!
Bu bədən, bu qaş, bu göz:
Hər şey yalandır, Allah!
Sonra anladım ki,
Bir canı iki bədənə sığdırandır Allah!
- deyir birimizdən biri... Hansımızın deməsinin fərqi yoxdur... Birimizin könlündən qopub digərimizin könlünə qonub. Birimizin həyatın ağrılarından sıyrılıb sakitliyə qovuşduğu yerdə gənc qəlbin daxilində haradan doğulduğunu anlamadığı bir üsyan səslənəndə o da, sən də baxa-baxa qalırsan:
- Niyə belə şeylər yazırsan?
- Bilmirəm, içimdən bir hiss yazdırır...
Nə olar, dəyişmə, qurbanın olum, - deyib dəyişməyəndən dəyişməməyini istəmək... Sən həmin Tanrı ol, mən həmin bəndə - söyləmək...
Bu nə tanış, nə sirli nigaranlıqdır?..
Gözlərinin dərinliyində bir parıltı var, mən bu parıltını sevirəm, bu parıltı mənə çox doğmadır. Çox yaxın, çox tanışdır... O parıltını kimlərsə mənim gözlərimdə tapıb zamanla...
- Mən o hissin nə olduğunu bilirəm... - bunu ürəyimdə deyib xəyal içində yarıqaranlıq otaqda başımı aşağı salıb oturmuş halımdan əllərimi duaya qaldırıram:
- Mən bilirəm... Amma niyə belə etmisən?...
Gecikmiş ədalət deyilən bir şey yoxdur. Ədalət ya var, ya yoxdur, Tanrı qatındasa ədalət və ədalətsizlik barədə danışmağa dəyməz - O bilinməyəndir...
- Bu necə yoxluqdur axı?
- Olduğu kimi...
- Kaş olmayaydı...
Ayıq olduq, gəlmədin,
Sərxoş olduq, gəlmədin.
Milyon illərdir gözünü yumub
Üzü divara dayanıb bu dünya və:
- Mən tapacağam - deyib
Boşluqlara səpələnmiş adamlar...
Axtarış içində gözünü qaranlığa dikib işıq axtarmaq, əlini cadarlaşmış torpağa uzadıb çiçək bəsləmək istəmək, bir viranə qarşısında başını aşağı dikib cənnət yaratmağa ümid etmək...
Sonra gözlədiyimiz adamlar gəlib çıxırlar...
Adamlar, adamlar, ah, bu adamlar...
Biz gözlədik
Düşüb bir görünməzin izsizliyinə...
Dözdük illərlə "Gəl" deyib
çağırdığımızın səssizliyinə...
Gəlmədin...
Bunları sən yaşamamısan... amma bunları sən yazmısan...
- ...
- İlahi!..
***
Əzab çəkən ruh kədərə bürünüb. Bütün gözəlliyi, bütün bəkarəti, bütün mələkliyi bir kədər altında gizlənib susub... Səbəbi bilinməyən kədər...
O ruhu yenidən başqa bir cana üfürən sehrli güc qat-qat söz sehrini qanad kimi qoşalaşdırıb...
Quşlar tək qanadla uça bilməzlər...
Yollar çox, gedənlər, gələnlər hanı?
Ölümlər rəqs edir, ölənlər hanı?
Bu işin sirrini bilənlər hanı...
Sual, sual, sual... Gedənin də, gələnin də, qalanın da, ölənin də bir yükü yol üstə qalıb... Çəkmə o yükü, çəkmə...
Dünyada hər kəs öz yükünü özü çəkməlidir, Gülay...
...Amma mən əziyyət çəkirəm, amma narahatam mən...
Yolu görürəm, səbəbsiz çırpınışları, izahsız asiliyi, yaralı misraları görürəm. Hər dəfəsində qəlbimin dərinliyində peşman bir pıçıltıyla Tanrıya üz tuturam:
- Kaş etməyəydin...
...Bu səssiz-sədasız göy qurşağının
Çaxar bir ildırım, yanar içində.
Ay dönər, il keçər, baxıb görərsən,
Bir az da bir yad var hər yar içində...
Yox, hələ onun yar adamının içində yad adamı peyda olmayıb... Yox, yox, yox! Yoxdur hələ o yad adam. Onun qəlbini acı bir hisslə qarşı-qarşıya qoyan, çəkib uçuruma aparan o yadlıqdan doğan sarsıntı çox uzaqlarda yaşanıb...
- İlahi!
- ...
***
Bir gün bir əl tutub əlimizdən, bir gün o əl qopub əlimizdən...
Tanrı o əl əlimizə uzananda taleyimizi özümüzə həvalə edib, bir gün o əl əlimizdən qopanda da susub. Tanrı əllərə qarışmır...
Qəlbimizin çırpınışları kədərimizi dalğa-dalğa üsyana çevirib divarlara çırpanda Tanrı başını aşağı salıb... yazısını xatırlayıb... nəyisə düz etməyib...
Tanrı bizi bir də yaratmaq istəyib, bir də yaratmaq istəyib, bir də yaratmaq istəyib... Bəlkə peşmançılığını gizlədə-gizlədə bizdən xəbərsiz öz qaydalarını pozub...
Bacarmayıb...
...Sonra unudursan hər şeyi...
Kimsən sən?
Axı kimdir
Səni dünyaya gətirən qadın?
Sonra unudursan hər şeyi...
Qırıq-qırıq nə qalıbsa yadında
Üçüncü adam kimi baxırsan ona da...
Qonşunun ağrısını hiss edə bildiyin qədər
Hiss edirsən özünü,
Sən çoxdan söndürmüsən
Ürəyinin yanğısını, közünü...
Sonra unudursan hər şeyi...
Unudursan
Və başlayırsan yaşamağa...
Görürsənmi, bacarmayıb... Nə sirdirsə gözü eyni səhifəyə zillənib, yaddaş eyni hekayədən qopa bilməyib. Öz yaratdığı taledən qaça bilməyib... Tanrı yaxşı şair deyilmiş...
***
Bəndə olmağa nə var? Bəndə olmaq asandır... Gəl sən Tanrı ol görüm, necə dayanırsan, necə dözürsən bu qınaqlara... İki canda bir ruhda yaratdıqlarından üsyankar olanı yerdə-göydə qərar tutmaz hekayələrinin bir əvvəlinə, bir sonuna nöqtə qoya-qoya uduzduğunu:
Sənin bir yaratdığını
Mən min yaratdım, Tanrı,
Heç birinin də ağrısı yoxdur!
- deyib üzünə çırpanda nə edəcəksən?..
...Mənim asiliyim çoxdan bitib, mənim suallarım yoxdur. Mən öz həqiqətimi yerlə göy arasında bir qatda bərqərar edib gülümsəməyə başlamışam... Ağrılarım harasa yox olub, xəfifləyib, göz yaşlarım harasa gedib, qayıtmayıb, ölüm barədə deyil, yaşamaq barədə də deyil, sükutun dərinliyinə köçüb yoxluq barədə düşünməyə başlamışam... Lakin...
- Görürəm, İlahi!
***
Mən harda oluramsa-olum, Gülay üçün gömgöy səma və anqappaq buludlar göndərirəm...
Mənim xəbərdar, onun bixəbər olduğu bir ağırlıqdan qurtulub öz taleyini, öz yolunu, öz xoşbəxtliyini yaşaması, öz işıqlı şeirlərini yazması üçün dua edirəm...
- Amin!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!