"Vətən dili"nə gələn yol - Məti OSMANOĞLU

Məti OSMANOĞLU

XIX əsr ədəbiyyatımızın təkamül yolunu izləmək üçün maraq doğuran mənbələr arasında  o dövrdə yaranmış dərslik və dərs vəsaitlərinin xüsusi əhəmiyyəti var. Azərbaycan bədii düşüncəsinin Rusiya təhsil sisteminin tələblərinə reaksiyasını ifadə edən bu kitablardakı mətnlər onlardan təhsil alan insanların kiçik yaşlarından ədəbi zövqünün, bədii sözə münasibətinin formalaşmasına təsirsiz qalmamışdır.    

Bu mövzu ilə əlaqədar araşdırma apararkən maraqlı bir tarixi sənəd əlimə düşdü. Rusiya imperatoru çar I Nikolayın fərmanı ilə 1835-ci il may ayının 12-də təsdiqlənmiş "Zaqafqaziya məktəbləri haqqında əsasnamə" adlanan sənəd Azərbaycanda XIX əsrin əvvəllərində yeni tipli məktəbin və təhsilin təşəkkül və təkamül prosesini, eləcə də həmin məktəblərdə milli dilin və ədəbiyyatın tədrisinin keçdiyi tarixi yolu izləmək baxımından böyük maraq doğurur.

Sənədin "Umumi əsaslar" adlı birinci bölümündə Qafqazdakı məktəblər belə təsnif edilir:

1. Tiflis şəhərində gimnaziya və onun nəzdində Əsilzadələr Pansionu:
2. Qəza məktəbləri.
Qafqaz ərazisində 19 qəza məktəbinin adı çəkilirdi ki, onlardan Tiflis də nəzərə alınmaqla 11-ində azərbaycanlılar oxuyurdu:

1. Tiflis
2. Yelizavetpol (artıq Gəncənin adı dəyişdirilmişdi)
3. Şuşa
4. Nuxa
5. Şamaxı
6. Quba
7. Bakı
8. Dərbənd
9. Qazax (sənəddə Qazağın inzibati-ərazi təyinatı distansiya kimi göstərilib)
10. İrəvan
11. Naxçıvan
12. Axalsix (Axıska türklərinin yaşadıqları şəhər)
13. Lənkəran 
Digər altı qəza məktəbi isə gürcülərin ağzıbir yaşadıqları Qori, Telavi, Siqnaxi, Duşeti, Kutaisi və
inqreliya yaşayış məntəqələrində fəaliyyət göstərirdi.

Qəza məktəbləri Tiflis gimnaziyasının direktoruna tabe idi və gimnaziyanın direktoru eyni zamanda qəza məktəblərinin də direktoru vəzifəsini yerinə yetirirdi. Qəza məktəbləri üç il (və ya sinif ) təhsil verirdi. Birinci sinif hazırlıq səviyyəsində idi, əsas təhsil ikinci və üçüncü siniflərdə verilirdi. Qəza məktəblərində bu fənlər tədris edilirdi: 1) Şəriət; 2) Rus dilinin qrammatikası; 3) Coğrafiya; 4) Tarix; 5) Hesab və ibtidai həndəsə; 6) Hüsn-xətt, rəsmxət və rəsm;  7) Yerli dillər.

"Yerli dillər" dedikdə Zaqafqaziyadakı qəza məktəblərində yalnız üç yerli dil - Azərbaycan, gürcü və erməni dillərinin tədrisi nəzərdə tutulurdu. Onu da qeyd edək ki, sənəddə "Azərbaycan dili" və ya "türk dili" ifadələri işlədilməyib, dilimizin adı "tatarskiy yazık" - "tatar dili" kimi göstərilib ki, bunu Rusiya imperiyasının Osmanlı və türk fobiyası ilə izah etmək mümkündür. Əsasnamədə Azərbaycan dilinin Tiflis, Qazax, Gəncə, Şuşa, Nuxa, Şamaxı, Quba, Bakı, Dərbənd, İrəvan, Naxçıxan, Axalsix və Lənkəran qəza məktəblərində tədris edilməsi nəzərdə tutulmuşdu.

Təhsil quruculuğu ilə bağlı mütərəqqi səciyyə daşıyan sənəddə o dövr üçün dünyanın ən müasir təlim üsullarının və təcrübələrinin tətbiqi tövsiyə edilirdi. Məsələn, əsasnamənin 48-ci paraqrafında sinifdə şagirdlərin sayı kifayət etdiyi və yer imkanı olduğu şəraitdə dərslərin Lankster metodu ilə aparılmalı olduğu göstərilir. Məlumat üçün bildirək ki, Bill-Lankster metodu ilk dəfə 1790-cı illərdə Böyük Britaniyada tətbiq edilməyə başlamışdı  və mütərəqqi təhsil metodu kimi ABŞ, Britaniya və Fransa məktəblərində böyük populyarlıq qazanmışdı. Bu metoda əsasən, yuxarı səviyyəni təmsil edən seçilmiş şagirdlər (monitorlar) öz bilik və bacarıqlarını aşağı səviyyəli şagird yoldaşlarına ötürür, təlim prosesində yaxından iştirak edirdilər.  Lankster sistemi Rusiyada 1818-ci ildən tətbiq olunurdu və onun çar fərmanı ilə Qafqazdakı qəza məktəblərinə tətbiqinin tövsiyə olunması həmin məktəblərdə təhsilin keyfiyyətinə nə dərəcədə ciddi əhəmiyyət verildiyinin əyani göstəricisi hesab edilə bilər.

Qəza məktəblərinə cəmiyyətin bütün zümrələrindən şagird qəbul edilə bilərdi  və bu məktəblərin qarşısına qoyulan əsas vəzifələrdən biri Tiflis gimnaziyasına  şagird hazırlamaq idi. 

Əsasnamənin Tiflis gimnaziyasına həsr edilmiş fəslində göstərilirdi ki, bu təhsil ocağının təsis edilməsində əsas məqsəd gürcü zadəganlarının və bu ölkədə xidmət edən məmurların övladlarının  yüksək tərbiyə almalarına şərait yaratmaqdır. Göründüyü kimi, qəza məktəblərindən fərqli olaraq gimnaziyada bütün ictimai təbəqələri təmsil edən insanların övladları təhsil ala bilməzdilər, burada oxumaq imtiyazı yerli millətlərdən yalnız "gürcü zadəganlarına" aid idi.

Buna baxmayaraq, əsasnamənin gimnaziyaya aid hissəsində Azərbaycan dilinə ayrıca əhəmiyyət verilir, dilimizin tədrisinə münasibət digər dillərin tədrisinə münasibətdən fərqləndirilirdi. Əsasnamənin 23-cü paraqrafında göstərilirdi: "Məktəb rəhbərliyinin vəzifəsinə rus məmurlarının  övladlarını yerli dilləri, xüsusi olaraq da Azərbaycan dilini öyrənmək üçün mükafatlandırmaq daxildir. Bu uşaqlardan hər hansı biri gimnaziyanı bitirərkən yerli dili öyrənməkdə nailiyyət göstərdiyi halda, Pedaqoji Şuranın rəyinə və qərarına əsasən qızıl və gümüş medallarla mükafatlandırılır və onlara Zaqafqaziya ölkəsində xidmət üçün üstünlük verilir".  Burada bir məqamı vurğulamağa dəyər ki, çar hökumətinin Zaqafqaziyada Azərbaycan dilini bilən ruslara üstünlük verməsi bizə münasibətdə ayrı-seçkilik qoyan müstəmləkəçilik siyasətinə əsaslanırdı. Burada əsas məqsəd Azərbaycan dilinə müstəsna qayğı göstərmək deyil, dövlətin idarəetmə prinsiplərinə əməl etmək idi. Bu coğrafiyada öz adamlarını yerləşdirmək, azərbaycanlılar (ümumiyyətlə, müsəlmanlar) üzərində idarəetmə işlərini ruslara həvalə etmək üçün dövlət onların Azərbaycan dilini bilmələrini mühüm şərtlərdən biri hesab edirdi.

Bizim  üçün məsələnin daha maraqlı məqamı isə Azərbaycan dilinin öyrənilməsi ilə bağlı Rusiya imperiyasının mövqeyi ilə bir sıra tarixi sənədlərin və mənbələrin, ədəbiyyat faktlarının arasında kəskin ziddiyyətin olmasıdır.

Ədəbiyyatşünaslıq və məktəbşünaslıqda rus qəza məktəblərində və Tiflis gimnaziyasında Azərbaycan dilinin tədris fənni kimi nə vaxtdan, hansı vəsaitlər əsasında öyrədilməyə  başlanması barədə konkret məlumata rast gəlməmişik. Tiflis gimnaziyasının direktoru Nikolay Dementyevin Azərbaycan dilində oxu kitabı tərtib etdiyi barədə məlumat var. Ancaq əlimizdə olan digər sənədlər mənzərəni aydınlaşdırmaq əvəzinə bir qədər də qarışdırır. Məsələn, A.Bakıxanov "Gülüstani-İrəm" əsərinin "Nəticələr" hissəsində öz əsərləri haqqında məlumat verərkən "Qanuni-Qüdsi" kitabı haqqında yazır: "Fars dilinin   sərf və  nəhvinə aiddir. Bu əsər elə bir yoldur ki, təhsil ölkəsinin müsafirləri bunun üç mənzilini keçməklə fars dilinin danışmaq   və yazmaq sərhədinə çata bilərlər... Rus məktəblərində işlənmək üçün həmin kitabı imperatorun əmrilə rus dilinə də tərcümə etdim. Bu kitab hər iki dildə Tiflisdə çap edilmişdir". İmperatorun əmrində - əsasnamədə isə "yerli dil" kimi fars dilinin adı heç yerdə çəkilməmişdir.

Çar hökumətinin yüksək hərbi rütbəli məmuru olan, rus dilini mükəmməl bilən Abbasqulu ağa Bakıxanov "Zaqafqaziya məktəbləri haqqında əsasnamə" qüvvəyə minən il - 1836-cı ildə uşaqların tərbiyəsinə həsr olunmuş yeni bir əsər yazmışdı və həmin əsərin müqəddiməsində uşaqların anlayacağı dildə kitabların olmamasından şikayətlənirdi: "Mən nə qədər axtardımsa, uşaqların təlimi üçün elə bir kitab tapa bilmədim ki, asan və anlaşılan bir dil ilə onların əxlaq gözəlliyinə dəlalət etsin... Uşaq yaşlarında hər zaman daha artıq əxlaq gözəlliklərini onlara öyrətmək lazımdır".

Paradoks bundadır ki, böyük ziyalımızın uşaqlarda əxlaq gözəlliyi yaratmaq  məqsədilə qələmə aldığı nəsihətlər "uşaqlar üçün asan və anlaşılan dildə" olub-olmaması bir yana, uşaqların ana dilində deyildi, əsər fars dilində yazılmışdı. Mirzə Fətəli Axundzadənin Qafqaz təhsil idarəsinin hamisi Aleksandr Pavloviç Nikolaya ünvanlandığı 1853-cü il 4 may tarixli yazılı məruzəsinə etibar etsək: "...birinci dəfə general Yermolov bu ölkənin hakimi olduğu zaman, tatarlar (oxu: azərbaycanlılar - M.O.) yaşayan yerlərə göndərdiyi əmrlərlə əhalinin farsca yazmasını qadağan edərək öz yazı işlərini ancaq tatarca aparmalarını məsləhət görmüşdür".

Nəzərə alsaq ki, general Yermolov 1816-1827-cı illərdə Qafqazın sərdarı olmuşdur, onda A.Bakıxanovun sərdarın əmrinə "itaətsizliyi", fars dili dərsliyi tərtib etməsi, dərslikdən sonra uşaqlar üçün farsca əsərlər yazması təəccüb doğurur. Daha böyük təəccüb doğuran isə A.Bakıxanovun ana dilimizə münasibətidir.

Mirzə Fətəli Axundzadə 1836-cı ildən (əsasnamənin qüvvəyə mindiyi tarixdən) Tiflis qəza məktəbində Azərbaycan dili müəllimi kimi fəaliyyət göstərirdi. Onun da elə həmin illərdə öz əsərlərini farsca yazması, məsələn, 1837-ci ildə Puşkinin ölümünə həsr etdiyi qəsidəni farsca qələmə alması bu məsələ üzərində düşünmək, ehtimallara qapılmaq üçün əsas verir. 

Mirzə Fətəli təhsil idarəsinə müraciətində Azərbaycan ədəbiyyatının fars və Osmanlı ədəbiyyatlarından fərqli olduğunu göstərir, Azərbaycan dilinin öyrənilməsi üçün bu dildə yaranan ədəbiyyatın tədrisinə ehtiyac yarandığını vurğulayırdı. Aydınlıq üçün qeyd edək ki, istər gimnaziya, istərsə də qəza məktəblərinin proqramında ayrıca ədəbiyyat fənninin tədrisi nəzərdə tutulmurdu, dil fənnini (rus, alman, fransız və yerli dillər) öyrənmək üçün  ədəbi mətnlərdən oxu materialları kimi istifadə edilirdi. 

Mirzə Fətəlinin müraciətində xalqın "xalis Azərbaycan dilində ədəbiyyatdan məhrum" olması barədə mülahizəsi şişirtmə görünür: "Bu dildə oxumaq üçün orijinal əsərlərə təsadüf edilmir; əgər tatar (Azərbaycan - M.O.) dilində bəzi əsərlər varsa da, onlar ya başqa dillərdən tərcümə edilmiş, ya da fars, türk və ərəb sözləri ilə dolu anlaşılmaz bir dildə yazılmışlar".

Müraciətdə Mirzə Fətəlinin üstündən sükutla keçdiyi bir fakt da vardı. Onun müraciətindən əvvəl yaxından tanıdığı Mirzə Şəfi Vazeh İvan Qriqoryev (Mirzə Kazım bəyin tələbəsi olmuşdu) ilə birlikdə gimnaziya tələbələri üçün Azərbaycan ədəbiyyatının "Kitabi-türki" adlı müntəxəbatını tərtib etmişdi.

Bu fakta əhəmiyyət verməyərək Azərbaycan dilinin təcrübi qaydada öyrədildiyini bildirən Mirzə Fətəlinin hökumətdən təmənnası öz dram əsərlərinin  tədris materialı kimi istifadə olunmasına icazə almaq idi. Böyük ədibimizin bunun qarşılığı üçün maddi umacağı da var idi: "Əgər siz bu işi faydalı hesab etsəniz, öz adamlarınızdan birinə həmin əsərləri çap etməyə dair mənimlə əlaqəyə girməyi və litoqrafiya vasitəsilə onlardan neçə nüsxə çap etməyin lazım gəldiyini və hər bir nüsxənin qiymətini təyin etməyi, habelə, bu pyesləri çap etdirmək üçün mənə lazım olan müəyyən bir məbləği borc olaraq verməyi tapşırmağınızı acizanə xahiş edirəm"...

Mirzə Fətəlinin müraciətinin əhəmiyyətli və uzaqgörən cəhəti bu idi ki, o, haqlı olaraq ədəbiyyatın dilin ruhunun daşıyıcısı olduğunu göstərir, Azərbaycan dilinin qayda-qanunlarının öyrədilməsi üçün bu dildə yaranan bədii mətnlərin tədris olunmasını təklif edirdi. Beləliklə, Mirzə Fətəli faktiki  olaraq Azərbaycan ədəbiyyatının məktəb fənni kimi tədrisi məsələsini gündəliyə gətirmişdi...

Onun qaldırdığı məsələnin həlli istiqamətində əməli iş görülməsi üçünsə on illərlə vaxt lazım oldu: Seyid Əzim Şirvaninin "Rəbiül-ətfal" və Çernyayevskinin "Vətən dili" kitabları xeyli sonra yarandı...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!