Hermenevtikanın aralıq mövqeyi - Aleksandr Bondarev

Xəbər verdiyimiz kimi, xalq yazıçısı, akademik Kamal Abdullanın "Kitabi-Dədə Qorqud poetikasına giriş" adlı monoqrafiyası Moskvada "Xudojestvennaya literatura" nəşriyyatında işıq üzü görüb. Kitaba Moskva Dövlət Linqvistik Universiteti "Milli və xarici ölkələr ədəbiyyatı" kafedrasının müdiri, Rusiyanın görkəmli ədəbiyyatşünası, tərcüməçisi, professor Aleksandr Petroviç Bondarev ön söz yazıb. Professor Bondarevin "Hermenevtikanın aralıq mövqeyi" adlı ön sözünü təqdim edirik.

 

Azərbaycan ədəbiyyatşünaslığına, dünya qorqudşünaslığı xəzinəsinə daha bir dəyərli əsər tanınmış Azərbaycan filoloqu, Azərbaycanın xalq yazıçısı, akademik Kamal Abdullanın yeni bir elmi istiqamətin formalaşmasında mühüm bir mərhələ ola biləcək "Kitabi-Dədə Qorqud" poetikasına giriş. Dansökülən variant" əsəri əlavə olundu.

Bəşər övladının mifologiya ilə tarix arasındakı keçid vəziyyətinin sirri ədəbiyyatşünas alim, mədəniyyət tarixçisi, romançı, nasir, dramaturq, şair, hermenevtika üzrə mütəxəssis Kamal Abdullanın diqqətini həmişə cəlb etmişdir. Olub keçmişlərə olacaqların süjetyaradıcı qarşılıqlı asılılığına olan davamlı marağı onun dilşünas və yazıçı kimi uzaq keçmişlərdə qalan mədəniyyət fenomenləri ilə onları bugünümüzə yaxınlaşdıran ənənələr arasındakı aralıq mövqeyini müəyyən edir. H.-G.Gadamerin qeyd etdiyi kimi, "Rəvayətin tutmuş olduğu yadlıq və yaxınlıq arasındakı mövqe tarixi olaraq başa düşülən, bizdən uzaqda olan predmetliliklə müəyyən bir ənənəyə aid olmaq arasındakı mövqedir. Hermenevtikanın əsl yeri də məhz bu "aralıq"dadır (Qadamer X.-Q. İstina i metod. - M.: Proqress, 1988. - S. 350).

Hər bir fərdin həyat yolu cismani olanla ruhani olanın və keçmişlə gələcəyin korrelyasiyasından keçir. Təbii mifologiya ilə sosial tarix arasındakı arxetipik ziddiyyət insan təməlsizliyinin (Ungründung) kökündə durur. Təbii fərd olaraq, insan tarixə yaddır və mədəniyyətin normativ mühitində özünü eyniləşdirmək üçün öz psixikasının uyğunlaşma funksiyasını inkişaf etdirməli olur. Tarixi fərd olaraq isə insan təbiətə yaddır və öz hərəkətləri ilə bağlı qərarlarına təbiətin təsirini minimuma endirməyə çalışır. Təbiət isə, öz növbəsində, insanın bu çabalarına anlaşılmaz bir sükutla, şüur və psixikanın dissosiasiyası ilə cavab verir. Flora və faunadan - Tanrının zamanda və məkanda qanuni yerlərini müəyyənləşdirdiyi bütün bitki və heyvan növlərindən fərqli olaraq, bəşəriyyət min illərlə davam edən mifoloji-tarixi münaqişəyə dözməyə məhkumdur. "Burada İblislə Tanrı çarpışır, döyüş meydanı isə - insan qəlbləridir", - qardaşı Alyoşaya ürəyini açan Dmitri Karamazov belə deyir. "Sapdan asılı qalmaq" insanın yaşadığı "yox" vəziyyətini dözülməz bir şeyə çevirir və "biçarə şüur"u (Hegel) "insanın mövcudluq şəraiti"nin (B. Paskal) dərkinə məcbur edir.

"Hə" harmonik vəziyyətinə giriş retrospeksiyanın səhv olaraq iyerofaniya - Tanrıdan və ya mifik bir varlıqdan gələn vəhy - kimi qəbul etdiyi arxetiplərin formalaşdığı tarixi şəraitin təhlili vasitəsilə başlanır. Uzaq əcdadlarımız bütün baş verənləri bizim kimi, yəni geriyə dönüşü olmayan zaman axınının çəkib apardığı bir-birini əvəzləyən hadisələr zənciri kimi qəbul edirdilər. Zaman məsafəsinin koqnitiv funksiyası bu hadisələrin apodiktikliyini təsdiqləyir və onlara mifoloji status verirdi. M.Eliadenin mifologiya sahəsindəki araşdırmaları göstərdi ki, "arxetiplərin özləri də ol zamanlar meydana gəlmiş sayılsalar da, hər halda zaman içrə doğulmuş, istənilən başqa bir tarixi hadisə ilə eyni anlamda "meydana çıxmış" müxtəlif jestlərdən, hərəkətlərdən, göstərişlərdən ibarət olmaqla, hansısa bir "tarix" əmələ gətirirlər" (Gliade M. Mif o veçnom vozvrahenii (Arxetipı i povtorenie) // Kosmos i istoriə. - M.: Proqress, 1987. - S. 137-138).

K.Abdullanın elmi məntiqdən doğan hermenevtik mövqeyi təsdiqləyir ki, "ruh haqqında" humanitar elmlər indiki halda mifologiyanın mədəniyyətin özünə qapanmış bir mərhələsi kimi immanent şəkildə öyrənilməsini haqlı olaraq qəbul etmir. Onun monoqrafiyası "bədiipoetik mövcudiyyat"ın özlüyündə yetərliliyi konsepsiyasını şübhə altına alır və təsdiqləyir ki, sonuncunun doğurmuş olduğu "nəsrünəzm" bütün etioloji zənginliyi ilə yalnız "Kitabi-Dədə Qorqud" (KDQ) dastanının kreativ şüurun əvvəlki və sonrakı vəziyyətləri ilə daxil olduğu intra  və intertekstual əlaqələrin tarixi təhlili zamanı üzə çıxır.

Sintaktik deyim (utterance - ingil., enonciation - frans.) - fərdi diskursun (parole) onun qrammatik qanunauyğunluğunu təshih edən normativ dil sistemi (langue) ilə qarşılaşmasının nəticəsidir. Struktur linqvistikanın bu baza postulatını Kamal Abdulla Azərbaycan dilinin linqvistik materialında onilliklər boyu araşdırmışdır. Bu postulat K.Abdullanın 1977-ci ildə Moskvada müdafiə etdiyi "Sintaktik paralelizm (""Kitabi-Dədə Qorqud dastanının dili əsasında)" adlı namizədlik dissertasiyasının konsepsiyasını təşkil etmiş və "Azərbaycan dili sintaksisinin nəzəri problemləri" adlı doktorluq dissertasiyasında (1984) inkişaf etdirilmişdir. Sintaqmatikanın ümumi dilçiliyin diskursiv şöbəsi kimi kulturoloji tədqiqatlara cəlb edilməsi K.Abdullanın "səthi sintaksisin" (cümlənin formal strukturunun) tarixi prosesin qanunauyğunluqlarını verballaşdıran "dərin qatlar sintaksisi"nin məntiqi strukturunu necə təkrarladığını araşdırmaq istəyindən xəbər verir. Adları çəkilən dissertasiyalardan sonra "Azərbaycan dilində sadə cümlə sintaksisinin nəzəri problemləri", "Azərbaycan dili sintaksisinin nəzəri problemləri" və "Azərbaycan dilində mətnin tədqiqi" araşdırmaları gəldi. K.Abdullanın deyimin sintaktik strukturuna olan çoxillik marağı onu mifopoetika kontekstinə - ədəbiyyatşünaslığın həm də epik parataksislə roman sintaksisinin qarşılıqlı əlaqəsini öyrənən mühüm bir bölməsinə gətirib çıxardı.

Erix Auerbaxın gəldiyi nəticəyə görə, parataksisin strukturu özlüyündə aşağıdakı mənanı verir: "Hər şey baş verdiyi kimi baş verməlidir, başqa heç nə ola bilməz, heç bir əlavə izahat və ya birləşdirici halqa tələb olunmur. Və bu, məlum olduğu kimi, təkcə hadisələrə deyil, həm də əməllərinin əsaslandığı görüşlərə və prinsiplərə aiddir" (Augrbax G.Mimesis. İzobrajenie deystvitelğnosti v zapadnoevropeyskoy literature. - M.: Proqress, 1976. - S. 116). Hər şeyin özlüyündə aydın olduğu dünyanı mimetik olaraq təsvir edən epik təhkiyənin parataktik quruluşunun dialektik (bütün itki və tapıntıları ilə birgə) roman diskursunun sintaktik strukturuna doğru təkamülü öncədən müəyyən edilmiş bir haldır (Bondarev A.P. "Kitabi-Dede Korkud": Gstetika gposa i gtika romana. //Törkoloqiə. - Baku, 2017, № 3. - S. 38-45). Parataksis və sintaksis "Kitabi-Dədə Qorqud" fabulası və süjetinin qurulmasında eyni zamanda iştirak edir.

Temporal kontinuumdan təcrid olunmuş hadisənin özlüyündə deyil, keçmiş və gələcək arasındakı təsəvvür sahəsi gərginliyində mənalandırıldığını başa düşməsi K.Abdullanın filoloji səylərini arxaik təhkiyə formalarının aktual formalara keçidi kimi izah olunan qrotesk məzmunun öyrənilməsinə yönəldir. Bu cür məna fərqləndirici münasibətlərə bədii bir misal kimi həm baş qəhrəmanı, həm təhkiyəçisi, həm də xanın apardığı detektiv təhqiqatın iştirakçısı, müşahidəçisi və salnaməçisinin əfsanəvi Dədə Qorqudun özü olan "Yarımçıq əlyazma" romanını (2004) göstərmək olar. Adıçəkilən əsərdə romançı və filoloq ahəngdar bir tərzdə qarşılaşır. "Gizli "Dədə Qorqud" monoqrafiyası (2006) Mif və Yazının relevant korrelyasiyasının - geniş tarixi-filoloji materialı düzənləyən açar konseptlərin ilkin nəticələrini sonuclandırdı. Həmin əsərdə K.Abdulla Mifin və Yazının "güc"ünün və "gücsüzlüy"ünün dialektik qarşılıqlı şərtlənməsinə aydınlıq gətirdi. Mifin ifadəçisi Sözdür, Yazınınkı isə - Cümlə: "Mif və Yazı! Üz-üzə, nəfəs-nəfəsə! Onların əsas üslubi göstəriciləri olan Söz və Cümlə də eyni şəkildə bir-biri ilə qarşıdurma mövqeyindədirlər" (Kamal Abdulla. Taynıy "Dede Korkud". - Baku: Mutarjim, 2006. - S. 113).

Yazının Mifi şərh etmək istəyi təhkiyəni nominativ registrdən narrativ registrə keçirməklə, Mif arxetipinin və Söz arxisemasının sirli sadəlövhlüyünün tilsimini qırır. Yazının gücü Mifin sintaktik şərhindədir. Yazı epik parataksisdən roman sintaksisinə, hadisələrin zamanca ardıcıllığı olan fabuladan onların verbal interpretasiya vasitəsi olan süjetə keçidin tarixi şəraitinə varır. Lakin Mifin epik gücü bütün möhtəşəmliyi ilə "adqoyma" vasitəsilə insanın, ətraf aləmin hadisə və əşyalarının noumenal status quo-sunu əbədiləşdirən Yazının təfsiredici fenomenologiyasına qarşı durur. Mifoloji Sözün gücü onun arxetipik möhtəşəmliyindədir.

K.Abdullanın mifopoetika sahəsində topladığı təcrübə onu öyrənilməsi üçün nüfuzetmə (Einfühlung) və obyektivləşdirmə (Objektivation) kimi hermenevtik bacarıqların tələb olunduğu dastanın mifoloji-tarixi və semantik-sintaktik sinkretizminə ehtiyat və hörmətlə yanaşmağa sövq edir. Arxaik keçmişin fenomenlərinə nüfuz etdikcə, tədqiqatçı onların noumenallığını dərk edir və bu noumenallığın işığında irəlidəki müasirliyi yad və "qəribə", yenilənmiş qavrayışa çağıran kimi obyektivləşdirir. Mifoloji-tarixi dialektikanın bu artan mənayaradıcı təbiətini başa düşməsi K.Abdullanı yeni monoqrafiyasının adını öncədən diqqətlə incələməyə vadar edir. Niyə KDQ-nin "poetikası" yox, "poetikasına giriş"? Ehtiyatlı və tədbirli müəllif bunu belə izah edir: "Bütöv poetikanın bir sistem kimi araşdırılması hansısa məqamın və ya məqamların "unudulmasının" qarşısını ala bilməzdi". Doğrudan da, əsərin arxitektonik formasının poetikası "həm bədiipoetik, həm də sırf poetik komponentlərdən yaranır".

Alimin konsepsiyasına görə, KDQ "autentik mif" (P.A.Plyutto) və "klassik poeziya", şifahi və yazılı yaradıcılıq, diskursiv təcrübənin lirik və prozaik tipləri arasındakı dialoqda "söylənilir". Monoqrafiyada əksini tapmış dastanı "diqqətlə oxumaq" çağırışı "nəsrünəzm" mətnin genezisi, yaranması və təkamülü mərhələlərinə aydınlıq gətirir.

Kompozisiya baxımından monoqrafiyanın fəsilləri və hissələri korrelyativ cütlüklər əmələ gətirir, tədqiqatçının koqnitiv mövqeyi isə onların analogiya və qarşılaşdırmaların vəhdətini yaradan üzvləri arasında yerləşir. "Kitabi-Dədə Qorqud"un mənası mif və poeziyanın bütün verbal səviyyələrdə - morfoloji səviyyədən fəlsəfi-antropoloji səviyyəyə qədər - qarşılıqlı təsirində aşkarlanır. İyerarxik paradiqma dialoji olaraq aşağıdakıları əlaqələndirir:

- Dəşti Müstəqimiyyə və Dəşti Məcaziyyəni;

- eposun mifoloji, şifahi və tarixi, yazılı mövcudluq dövrlərini;

- ibtidai mifi və klassik yazını;

- Mif dövrü mətnini və Yazı dövrü mətnini;

- qədim və yeni ədəbiyyatı;

- mağara ruhunu və mağara mədəniyyətini;

- coğrafi və mənəvi ölçüləri;

- mifoloji dansöküləni və mifoloji qürubu;

- Kahini və Müəllifi;

- Xaosu və Kosmosu və s.

KDQ-nin sinkretik təbiəti "transxronotopik" olaraq autentik mif dövrünü və klassik yazı dövrünü, ən qədim (primitiv) və qədim (klassik) poetikanı, Mif dövrünü və Yazı dövrünü özündə birləşdirir: "Biz təsdiq edirik ki, - müəllif öz yanaşma prinsipini belə ifadə edir - Azərbaycan ədəbiyyatında Mif dövrü ilə Yazı dövrünü bir-birindən ayıran yox, onları öz timsalında birləşdirən vahid mənəvi məkan mövcuddur. Və bu vahid, ümumi mənəvi məkan haqqında danışdığımız KDQ mətnidir".

K.Abdullanın monoqrafiyasının araşdırıcı pafosu iki səmərəli istiqamətə yönəlib: ənənəvi və novator. Bu pafos ənənənin  - xalq məişətinin və folklor mentallığının canlı çeşməsinin - köklərinin övladlıq ehtiramı ilə qavranmasında akademik normativdir. Məhz bunun işığında tarixi təməlsizlik insanın qəbilə-tayfa münasibətləri sistemindən qopması kimi üzə çıxır.

Müasirliyin tələb etdiyi ənənə qədim oğuzların, eləcə də bütün başqa ibtidai tayfaların yaşadıqları və ontoloji kateqoriyaları ilə düşündükləri, Levi Brülün terminologiyası ilə desək, hilozoizmində yaşadıqları "mistik birgə iştiraka" (participationmystique) həyat impulsu verir. Onların assosiativ şüuru və psixikası cəmiyyəti və təbiəti bir-birindən ayıran "evklid" subyekt-obyekt təfəkkürünə mifoloji antiteza kimi izah olunur. "Mif dövrü" və "Yazı dövrü"nün ağılla qavranılan və hisslərlə yaşanan dialektik qarşılıqlı şərtlənməsi keçmişi reanimasiya edir və onların məkan-zaman kontinuumuna inteqrasiyası yolu ilə indinin tilsimini açır, bu yolla da ehkamçı şüurun parçalamış olduğu insan və dünyanın subyekt-subyekt vəhdətini bərpa edir.

Epik deyimin bütün semantik tərkib hissələrinin resepsiyası nəticəsində oxunan sonuncu yekun məna ilə bağlı sualı isə K.Abdulla uzaqgörənliklə qeyri-müəyyən gələcəyə saxlayır: hər yeni mədəni nəslin qazandığı transqredientliyin (tarixi görünüşün izafiliyinin) üstünlükləri öz-özünə inkişaf edən, hər bir klassik əsərin yönlənmiş olduğu mifoloji keçmiş və tarixi gələcəklə avtonom münasibətdə olan KDQ mətnini orijinal oxunuşlarla zənginləşdirəcək.

KDQ-nin narrativ səviyyələrinin paradiqmatik oxu üzrə yüksəlişin növbəti mərhələsində Kamal Abdullanı arxaik kreativ şüurun kortəbii "nəsrünəzm"dən şüurlu nəzmə doğru təkamülünün qanunauyğunluqları düşündürür. Ön sözün "İbtidai bədiipoetikliyin yaranma məkanı: Mağara. Mağara ruhu və Mağara mədəniyyəti" başlıqlı altıncı bəndində K.Abdulla Platonun "Dövlət" əsərinin "Yeddinci kitab"ına müraciət edir. Bu kitabda Sokrat həmsöhbəti Qlavkona ideyalar dünyasının hisslərlə qavranılan formalar dünyası üzərində qneseoloji yüksəlişinin əyani nümunəsini təklif edir. Sensualizm buxovlarının əsarətində olan  "mağara məhbusları" tonqal işığının divara saldığı kölgələri - eidosları seyr edir və buna əsaslanaraq, onların transsendent mahiyyəti haqqında yanlış əqli nəticə çıxarırlar. Lakin bir dəfə "mağara məhbusları"ndan biri gözlənilmədən azadlığa çıxır və ona gün işığına qərq olmuş Allahın sonsuz dünyasının - yerin və göyün mənzərələrini görmək nəsib olur. Bu ümumdünya tarixi əhəmiyyətli hadisəni Platon noumenal olanla fenomenal olanı - substansial olanla empirik olanı bir-birindən ayırmaq bacarığı qazanan şüurun oyanışı kimi təsvir edir: "…görmə ilə əhatə olunan sahə məhbəs evinə bənzəyir, orada oddan düşən işıq isə Günəşə bənzədilir. Yüksəliş və yüksəklikdə olan şeylərin seyr edilməsi - ruhun ağılla dərk olunan sahəyə qalxmasıdır" (Platon. Qosudarstvo // Sobr. soç.: v 4 t. - T. 3. - M.: Mıslğ, 1994. - S. 298). Məhbəsdən xilas olmuş dustaq, gələcəyin Qoruyucusu, Meyster Ekharta, Yakob Byomeyə, Lüdviq Tikə və başqa dini mistiklərə əta olunan qnostik aydınlatmaya bənzər nurlanmaya məruz qalır.

Yaradıcı intuisiyası K.Abdullanı maraqlı bir hipotezə ruhlandırdı. Həmin hipotezə görə Dədə Qorqud fenomeninin mifoloji və mədəni-tarixi genezisini sakrallıqda deyil, onun özlüyünün spontan oyanışında axtarmaq lazımdır. Zərdüşt, İbrahim, Musa, Orest, Odissey, Eney və başqaları kimi peyğəmbərlər və dini miflərin mədəni qəhrəmanları öz ezoterik qabiliyyətlərini onlara qarşı iltifatlı olan tanrıların hədiyyəsi kimi qazanmışlar. Beləcə, Henri Lonqfellonun poetik interpretasiyasına görə, yerli amerikalıların başçısı, mədəni qəhrəman Hayavata xalqı üçün zəruri olan bilgiləri öz ilahi atasından - Qərb küləyi Mucekivisdən almışdır.

K.Abdulla hesab edir ki, Dədə Qorqud, tarixi şəxsiyyət deyil və "öz dövrünün təcəssümü" olaraq, əfsanəvi Homerə çox yaxındır. Onun şüurunu mifin etiologiyası və adqoyma mərasimi deyil, daxilində baş qaldırmış və şəxsiyyətinin spontan şəkildə təşəkkülünün əsasını qoymuş özlük hissi formalaşdırmışdır.

Özlük (Das Selbst) kateqoriyası "kollektiv şüursuz"un hüdudsuz məzmununu - fərdin genetik irs olaraq aldığı ümumbəşəri təcrübəni - özündə birləşdirir. Özlüyün numinoz təbiəti dövrün nəinki sosial adaptasiya zərurətini, həm də özünüqoruma instinktini dəyərdən salan fövqəlşəxsiyyət tələblərinin təsiri altında şüura yol tapır. "Bu səbəbdən də, - Yunq yazır - özlük hissinin yaşanması həmişə eqonun məğlubiyyəti olur. Bu təcrübənin qeyri-adi çətinliyi ondadır ki, özlüyü yalnız konseptual olaraq fərqləndirmək olar, praktiki şəkildə isə bunu etmək mümkün deyil. Buna görə də ona həmişə "Tanrı"ya müraciət olunan kimi müraciət olunur" (Önq K. Q. Mysterium Coniunctionis.Tainstvo vossoedineniə. - Minsk: Xarvest, 2003. - S. 516-517).

Özlüyün eksperimental empirik deyil, məhz konseptual numinoz qavranması alleqorik "mağara məhbəsi"ndən qurtulmuş Dədə Qorquda transsendental gerçəkliyin möhtəşəmliyini duymaq və onun əsasında humanist dünyagörüşü formalaşdırmaqla, qədim oğuzların danılmaz epik təhkiyəçisi və mənəvi lideri yerini tutmaq imkanı verdi. Dədə Qorqudun kollektiv şüursuzun məzmunu ilə zənginləşmiş özlüyü onu - öz xalqının ən öncül nümayəndəsini - dastanın təhkiyəçi-qəhrəmanına çevirdi.

Fərdi layihələrin həyata keçirilməsinə müqavimət göstərən gerçəkliyin insanda analitik düşüncə qabiliyyətini aktuallaşdırdığı kimi, Dədə Qorqudun birləşdirici dühasına olan tələb də onun şəxsiyyətinin nüvəsini hərəkətə gətirdi. Əcdadlarının mədəni fondu ilə zənginləşmiş Dədə Qorqud özlüyünün epifanik fenomeni şüursuz çalxalanmalardan azad oldu və tarixi təşəkkülün layihəsini cızdı. Onun ruhu seçilmişliyi ilə bağlı vəhy yaşantısından keçərək, bu fövqəlşəxsi çağırışa cavab verdi.

Keçmiş və gələcək onda qrotesk bir gerçəklik kəsb etdi: keçmiş müasirləşdi, müasirlik isə gələcəyin konturlarını cızdı:

"Olub keçmişlərdə gələcək yetişəntək

Gələcəkdə də keçmiş tüstülənir",

- Anna Axmatova özünün "Qəhrəmansız poema"sında yazır.

Müəllifin konsepsiyasına görə, mağara insanları özləri özlərinə başçı yaratdılar. Mürgüləməkdə olan özlüklərinin hələ açılmamış potensialını onun üzərinə proyeksiyalandıraraq, hələ də tam dərk etmədikləri xalq olmaq istəklərini də ona aid etdilər. Özlərini ona etibar etdilər, çünki onun simasında Dədə Qorqudun gələcək Müəllif kimi adekvat söz qiyafəsində onlara qaytardığı intensiallıqlarını,  gizlinlərini açıq etdiyini gördülər. Müəllimin sillogizmlərində öz intuisiyalarının ifadəsini görən qövm onun haqlı olduğunu qəbul etdi və onu mənəvi lider elan etdi. Beləcə başçının timsalında A.Adlerin fərdi psixologiya və K.H.Yunqun kollektiv psixologiya təlimləri öz təsdiqlərini tapmış olur.

Hermenevtikanın özül postulatına görə, hissə bütövü təmsil edir, bütöv isə hissələrin nizamlanmış qarşılıqlı əlaqəsi kimi ortaya çıxır.

Kamal Abdullanın monoqrafiyası hissənin - Azərbaycan eposu nümunələrindən birinin öyrənilməsinə həsr olunub. Eyni zamanda milli özünəməxsusluq baxımından unikal mətnin olduqca incə təhlili kimi qalmaqla, Azərbaycan filoloqunun təqdim etdiyi "Kitabi-Dədə Qorqud"un analitik-sintetik oxunuşu linqvistik, filoloji və fəlsəfi-antropoloji intuisiyaların keyfiyyətinə görə adıçəkilən dastanın mədəni-tarixi kontekstindən çox qırağa çıxır. Bu oxunuş mifoloji tipdən olan təfəkkürün kodlaşdırdığı deyimlər dilindən bizim dövrümüz üçün anlaşıqlı olan koqnitiv kateqoriyalar dilinə və geriyə - müasir dövr dilindən epik mentallıq dilinə edilən ikitərəfli tərcümədir.

Doğrudan da, Orta əsrlər xalq yaradıcılığının bu qədim abidəsindən dövrümüz üçün yad olan arxaik strukturların "oxunması" şüurumuzu genişləndirir və dərinləşdirir. Bununla yanaşı, çoxsaylı filoloq nəsillərinin idraki zəhmətinin mənimsənilməsi dastanın dəyərlər sistemində yalnız implisit şəkildə, Dədə Qorqudun yaxın ətrafının ruhani yaşantılarının qeyri-şüuri məzmunu kimi, qalan məqamlarını "oxumağa" imkan verir.

Kamal Abdullanın monoqrafiyası epistemologiyanın - səhih bilgilərin əldə edilməsi ilə məşğul olan fəlsəfi fənnin - nəzəriyyə və təcrübəsinə sanballı töhfə verir. Sevgi ilə toplanmış və konseptual olaraq düzənlənmiş çoxsaylı misalların mənasına vardıqca, oxucu genezisin universal prinsipləri, xalq yaradıcılığı və şəxsi yaradıcılıq abidələrinin yaranması və təkamülü haqqında təsəvvür qazanır. Bu prinsiplərin mənimsənilməsi isə ona Azərbaycan xalqının söz yaradıcılığının təkrarolunmaz milli özünəməxsusluğunu dərindən başa düşmək imkanı verir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!