İkincisiz adam... - Qan Turalı

 

Və bir şənbə günü agentliklərə düşən xəbərlə hər şey bitdi. İkinci Mahmud yoxdu daha, olmayacaq. İtkinin ağırlığını anlamaq hələ də çətin, hələ də bu yoxluğa inanmaq mümkünsüzdür. Elə bil haradansa gülüşü eşidiləcək, elə bil yenə də telefonuna mesajı gələcək...

İkinci Mahmud ədəbiyyata gülərüz gəlmişdi. Heç kimlə işi olmayan, sakit, daima hər şeyə ironiya ilə baxan, amma daima ədəbiyyatı düşünən bir adam kimi... Və insanların ən çox sevib, ən çox ayrıldığı, ən çox depressiyaya düşüb ən tez çıxdığı bir ayda tərk etdi bizi...

İkinci Mahmud filologiya oxumuşdu, bir çox gənc yazıçılardan fərqli olaraq, ədəbiyyatın nə olduğunu bilirdi. Daim öz üzərində çalışırdı. Hə, bir az da kinoman idi, arzusu ssenarisinə filmlər çəkmək idi. Və qəribə şəkildə bütün bu bilik, öz daxilinə qoyduğu estetik sərhədlər ona mane olurdu.

Hər nə qədər fundamental bir fakültəni bitirsə belə, Mahmud sosial media ilə məşhurlaşmışdı, həm yazıçı, həm də, bir növ, sosial media fenomeni idi və mənə elə gəlir ki, o, bu iki müxtəlif rolun arasında qalmışdı. Ədəbiyyatdan yorulanda ora qaçırdı, ordan yorulanda bura. Ortaq bir nöqtə tapa bilmirdi, bəlkə də bu ortaq nöqtə ümumiyyətlə yox idi. Məncə, bu onun ən böyük daxili ziddiyyəti idi. Bəlkə də və çox yəqin ki, bu, zamanın ziddiyyəti idi.

İkinci Mahmud heç şübhəsiz ki, çox istedadlı bir qələm adamı idi, amma çox təəssüf ki, bu istedadının çox az bir qismini gerçəkləşdirə bildi. Mahmud ədəbiyyatın oxucularla, tirajla yox, layklarla sayıldığı bir dövrdə ədəbiyyata gəlmişdi və bu da onun daxili tərəddüdlərini gücləndirirdi. Bircə "Tanımal Mustafa" hekayəsi ilə Mahmud ədəbiyyata gəlmişdi və elə görünürdü ki, o elə çoxdan burda imiş. Mənə indi fərəh verən bəlkə bircə şey var, bu hekayə haqqında yazmışdım.

Mən qətiyyən onun haqqında keçmiş zamanda danışmaq istəmirəm, elə bilirəm o hələ də sağdır. Bu mənada onun dəruni təbəddülatları da mənə çox diri, eləcə də çox doğma görünür.

Mahmud daim nədənsə ötrü darıxırdı, durmadan yazırdı, amma bəyənmirdi, yenilərini düşünüb yazırdı, bir tərəfdən də çoxlu filmlərə baxırdı, öz yolunu axtarırdı. İlk cığırlarını saldığı bu böyük yol isə çox təəssüf ki, yarımçıq qaldı. Bütün bunlarla bərabər mənə elə gəlir ki, Mahmud öz sözünü ədəbiyyatda demişdi, düzdür, deyəcəyi sözlər də çox idi, lakin hər halda o özünü İkinci Mahmud kimi təsdiqləmişdir. Ədəbiyyat "sui generis"dir, yəni özünəxsusluqdur, orijinallıqdır, koloritdir, bu mənada Mahmud əsl ədəbiyyat adamı idi.

Lakin Mahmud böyük ədəbiyyatla, həmkəndlisi olduğu İsa Hüseynovla Mark Zukerberqin arasında qalmışdı, hər şey sürətlə dəyişirdi, Mahmud isə öz istedadı, fəhmi və dünyagörüşü ilə bu iki müxtəlif, biri ləngərli, ağırtaxta, digəri isə buqələmun, dəyişkən dünya arasında qalmışdı.

Əziz Nesin çox haqlı olaraq deyir ki, ədəbiyyatın ən böyük əsərləri həm də yumoristik əsərlərdir, onların daxilində, nüvəsində yumor var. Bu mənada, sanki Mahmud da yumora arxalanırdı, çünki bəlkə də İsa Hüseynovun dünyasının cari zamanla səsləşən yeri də elə bu yumor idi. Mahmud bunu ustalıqla bacarırdı. Daim hər şeyi zarafata salmaq, ən ağrılı şeylər barədə yumorla danışmağı bacarmaq Mahmudun ən əsas, bəlkə də ən görünən xüsusiyyəti idi. Mahmud bu dünyada bəlkə də bu yumorun həvəsiylə yaşayırdı. Və onun yumorunda da nəsə əlahiddə, bəlkə bir az kədərli nələrsə vardı, ya da nəsə ağır bir məzmun vardı.

Qısacası, İkinci Mahmud ikincisiz bir adam idi...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!