Günəşli dayanacaqlarda susmuş ağaclar... - Cavanşir YUSİFLİ yazır

 

Hərdən bədbəxt olmaq lazımdı, hamının hər şeyə sevinib yaşadığı dünyada. Bunu kimdən oxumuşdum, yadıma sala bilmirəm. Seçilmək mənasında yox, yaşamaq, həyatın ağrı-acısını içinə çəkib onları həyat təcrübəsinə çevirmək anlamında. Həmişə belə olurmu? Bilmirəm.

Görkəmli şair Çingiz Əlioğlu son müsahibələrinin birində "xoşbəxtsinizmi" sualına belə cavab vermişdi: "- Xoşbəxt insanam, hər şey qaydasındadır. Həyatımla bağlı çox ciddi sınaqlardan keçmişəm, ürəyimdə əməliyyat aparılıb, bundan sonra ciyər əməliyyatı keçirmişəm. Bunları qanuni hesab edirəm, çünki dünyaya gələnlər hər hansı bəhanə ilə bu dünyadan getməlidir. Fironların əbədi yaşamadığı dünyada kim qalacaq ki? Xəstə olmaq da insana xasdır, lakin dünyadan sağlam getmək çox kədərlidir. Eyni zamanda xəstəliklə mübarizə aparmaq üçün insanın daxilində güc, bütün çətinliklərə qalib gəlmək üçün qarşısıalınmaz inam olmalıdır. Qorxaq olmaq lazım deyil. Qorxaq insan heç nədən ölür".

Bütün bunların həqiqi izini, heç şübhəsiz ki, Çingiz Əlioğlunun yaradıcılığında axtarmaq lazımdır. Özünün bilərəkdən yazdığı, ifadə etdikləri arasında yox, sətirlər arasında zamanla zərrə-zərrə toplanan mistik və realdan real hisslərin arasında. Bu mənada hər hansı şairin filoloji baxımdan araşdırılması həmişə nisbi səciyyə daşıyır. Şairlə bir zamanda yaşayan tənqidçi və ədəbiyyatşünaslar daha çox poetik ərazisinin səthində baş verənləri çözələyir və şübhəsiz ki, həmin o gizlin ərazinin varlığı haqqında düşünmürlər. Amma şeir sərrast şəkildə deyildiyi kimi, "görünməyən nəsnədir", burada əsas olan təqdim edilən, artıq bitmiş bir vaqeə yox, davam edən prosesdir, məsələn, Nəbati bizə həmin o bitməyən və bitməyəcək prosesə görə ləzzət eləyir, bizim hisslərimizlə "oynayıb" bizə ağıl verir, həm də dünya durduqca narahat edir. Bədii mətndə bitmiş vaqeə hamının əzbərdən bildikləridir ("... sən getdin, mən qaldım, külək əsdi, qar-çovğun, həyat məşəqqətdir, ölüm..."), davam edən proses isə bizim heç bilmədiklərimizdir, həm də ruhumuza yığıldığı tərzdə zərrə-zərrə dolan, aydınlanan nəsnələrdir, bədii mətni, şeir mətnini öyrənməyin ləzzəti budur. Çingiz Əlioğlunun "Nikbinlik" adlı ilk kitabından son şeirlərinə qədər keçdiyi yolda həmin zərrələr çox nadir hallarda araşdırma predmetinə çevrilib, yəni şüuraltından, təhtəlşüurdan mətnə köçən, zaman-zaman onun strukturunu (virtual olaraq) dəyişdirən hisslər zamanın belə deyək, "qanlı köynəyinə" toxunaraq, vaxtın göz yaşına bələnərək başqalaşır və bəlkə də müəllifi arxada buraxıb, ötüb-keçərək çox ağrılı suallar yaradır. Bəlkə bu səbəbdəndir, yəni azca yuxarıda təsvir etdiyimiz prosesi hiss etdiyi üçün Çingiz Əlioğlunun poetik təfəkküründə əsas olan etiraflardır. Yaşıdları qarışıq hamının odlu-alovlu, o dövr üçün doğrudan da insanların ürəklərini ovlayan sevgi şeirləri yazdıqları bir zamanda Çingiz ən məşhur mətnlərindən birini qələmə aldı: "Sevgi şeirləri yaza bilmirəm". Bu artıq mövzu və mətləbə, zamana, gerçəkliyə, insanın qarşısına çıxan suallara bir başqa yöndən baxmaqdır. Elə buna görədir ki, Çingizin yaradıcılığı bir bütöv sistem təsiri bağışlayır, yazanda, yazı prosesində özündən aralanmağa cəhdlər etdiyi üçün ömrünün müxtəlif məqamlarında ən işlək (və "nimdaş") mövzulara da yeni nəfəs gətirə, onun dünyaya baxış rakursunu dəyişə bilib. Onun üçün təşbeh, metafora, digər poetik komponentlər hər şeydən əvvəl "yaddaş problemiylə" bağlı olan nəsnələrdir, yəni yazı prosesində bunlar təbii şəkildə yada düşə bilər, unudular, gözdən düşər, ardı-arası kəsilməyən əvəzlənmələr sırasına start verilə bilər. Musa Yaqubun bir şeiri var, "Mən gərək yanımda bir ağac əkim". Başqa şairlərin də ağacla bağlı mətnlərini nümunə gətirmək olar.  Musa Yaqubun şeirini oxuyanda elə bilirsən ki, hər şey addadır, bütün enerji o addan öz axarıyla yavaş-yavaş mətnə süzülür və oxucunun şeirlə bağlı yaddaşı da bu şəkildə formalaşır. Bu prosesin içində insanın darıxmağı, həsrət, hicran, iztirab, dost deyilənin vəfasızlığı, zamanın, gərdişin tərs üzü görünür. Çingizin indi oxuyacağınız adsız şeirində mətləb tamam başqadır. Diqqət edin:

Ağaca ağız aç, əlac edəcək

Ağca çiçəyilə, alca gülüylə.

Çox da ki, sən onu sonra yandırıb

Oynarsan qaraca, bomboz külüylə.

Ağrı-acımızın canlı şahidi

Ağaca ağız aç, bir əlac tapar.

Yaşam savaşının dilsiz şəhidi

Əvəzsiz loğmandı, sən pənah apar.

Misraların, səslərin və nəhayət, mənaların "dolaşa-dolaşa" getdiyi bu ərazidə bir yox, çox sayda mətləb yaşayır. Və ən mükəmməl olanı budur ki, həmin mətləblərin ifadəsi üçün poetik sistem, poetik ifadə üsul və vasitələri də uyar şəkildə seçilib. Ən dərdli məqamında ağaca ağız aç, dərdini söylə, yaşamın ən dəhşətli anında ağac gülüylə, alça çiçəyiylə əlindən tutacaq... Odu yandırıb külüylə oynamaq da var bu mətləblər içində. Ağac həm şəhid, həm də şahiddir. Haçansa üz tutduğun, pənah apardığın ağac deyildiyi kimi dilsiz deyilmiş, sadəcə şahid olduğuna görə (əbədi şahidlik-!) danışmaq yasaq edilibmiş. Səsini içində boğan, həbs edən ağac içinə o qədər dərd yığır ki, daha doğrusu, böyür-başındakı insanların elə sifətlərini görür ki, qəfildən od tutur, alovlanır, bəlkə dünən yarpağıyla əlac elədiyi adam gedib pislik pislik dalınca edir və sair. Ağaclar insanlar kimi giley etmir, susur, dözənə, alışıb yanana qədər. Meşə yanğınlarıyla bağlı eşitdiyimiz xəbərlərin acısı təkcə ekoloji durumla bağlı deyil, dilsiz ağacların orman-orman yanması əsrlər boyunca yer üzündə, göylərdə, insan qəlbində, ruhunda gedən proseslərin nəticəsidir. 

Yanıb orman-orman... tükənmir bu cəng.

Eşidən olubmu giley səsini.

Ağaclar köklərlə sarınıb bərk-bərk,

Orbitdə saxlayır Yer kürəsini.

Çingiz Əlioğlunun bu tipli, bəlkə elə bütün mətnlərində bir Sərdar Əsəd motivi var; niyə motiv dedik, bəlkə ona görə ki, Sərdar Əsəddə olduğu kimi, Çingizin müəyyən tip şeirlərində məna kapsamı ilk baxışdan bir "yadlıq sindromu" yaşadır, ancaq mətn oxunduqca, sanki hardasa uzaqlarda axan çayın səsinin hənirini eşitmiş kimi olursan. O hənir, yəni kənardan gələn səs mətndə "dolaşan", hansı səbəbdənsə yolunu azan mənaları öz yuvaları üzrə sıralayır. Yəni Çingizin şeirlərindəki avanqard nəfəs səs və sözlərlə oynamaq anlamından çox-çox uzaqdır. Onun avanqard düşüncəsi, əslində, sözlərdən qaçıb (Bir şeirində buna işarə də var, Mən sözsüz şeirlər yazmaq istərəm// Təkcə səslər olsun, kəlmələrsə yox//) səslər arası gəzişmələrə istinad etməkdir. Yəni Ən böyük mənalar səslər arası// İstərəm gizlənsin fasilələrdə// Diqqətli oxucu fikir arasın//Misradan-misraya vəsilələrdə.

Bu sistemdə əsas məsələ mövcud poetik fiqurlardan mümkün qədər az istifadə edib həyatın, yaşamın içindəki çox ciddi təbəddülatları qabartmaqdır. Üzdən sakit görünən mətnin içi, cızdığı ərazidəki məna yuvaları enerjiylə aşıb-daşır. 

Köklər damar-damar, bax, sinir simi,

Bu tellər qucmayan səhralar kardır.

Səmada sayrışan bürc, ulduz kimi

Hər kəsin öz tale ağacı vardır.

Bədmüşk birinindir, üvəz birinin,

Bəxtə-bəxt qismətdir, şirin, ya acı.

Ardıc birinindir, vələs birinin,

Birinin qisməti şeytan ağacı...

Çingiz Əlioğlu şeirinin öz ritmi, öz intonasiyası var. Bu mətnlərdə ritm hərəkətə "sıçrayış anıdır", yəni yuxarıda adını çəkdiyimiz, bəhs etdiyimiz təhtəlşüurdan gələn "enerji zərrələri" müəyyən məqamda konsentrasiya olunur, bu anda mətləb bütün parlaqlığı, bəlkə də bütün dəhşəti və qəlizliyi ilə üzə çıxır. Bu kontekstdə başqa bir cəhəti də vurğulamaq olar. Yazı, ifadə tərzi elədir ki, sanki bunları deyən şəxs çox şeyin üstündən keçir, çox şeyi elə-belə söz xatirinə deyir, amma birdən alt qatda yığılıb toplanan o zərrələr hərəkətə gəlir və sıçrayış anı baş verir. Bu tərzdə hər şeyin qeyri-ciddi göründüyü bir ərazidə, necə deyərlər, həmin o "meşə yanğınları" baş verir, zənnimizcə, bu, Çingizin bədii təfəkkürünü bəlləyən əsas xassədir. Sakitlik, dünyada bütün səslərin susub-susub eyni lada düşdüyü bir ərazidə vulkan lavasının gizlənməsi qəribə ovqat yaradır, sən ironiyanı dərhal yox, sonradan bütün mətn boyu hiss edirsən. Hətta ənənəvi "şablonlarda" qələmə aldığı mətnlərdə də bu xassə əsasdır, çəkilib getmir, əksinə, şablonu dağıdır, bir kənara atır.  "Hesab dərsi" şeirinə baxın:

Gəl bir oyun oynayaq, -

Mən çıxan, sən çıxılan.

Görək qalıq nə olur,

Kimdir evi yıxılan...

Başqa bir oyun da var, -

Mən bölünən, sən bölən!

Elə endir baltanı

Uf deməsin bu ölən...

Bəs bu necədir, səncə, -

Mən vurulan, sən vuran!

Səni qane edirmi

Hasil, söylə sən quran?!

Di gəl, atam balası,

Axır tapdım çəmini!

Üstəgəldir əlacı,

Birgə dadaq cəmini...

Çingiz Əlioğlunun poeziyası, bədii mətnləri həm mətləbləri, həm də poetik sistemi etibarı ilə ciddidir, həm həyat təcrübəsini ötürür, həyatın əbədi sualları qarşısında suallar yaradır, həm də çoxqatlı və çox nəfəslidir...

Yazını yenə də Çingizin həmin müsahibədəki fikriylə bitirmək istərdik: "Həyatımı istədiyim kimi yaşayan, başa düşən və özünü ifadə etmək üçün bütün imkanları olan, ömrünün əsas hissəsini bu xalqa, bu torpağa, bu dövlətə sərf edən biri kimi öz həyatımdan da, Allahdan da tam razıyam. Ümumiyyətlə, insan xoşbəxtlik anlayışını başa düşdüyü dərəcədə xoşbəxt və ya bədbəxtdir. Taleyindən narazı olanların böyük əksəriyyəti özləri öz həyatını məhv edir. Şükürlər olsun ki, Allah mənə gözəl övladlar və nəvələr bəxş edib. Təsəvvür edin ki, nəvələrimin ikisinin adı Çingizdir". Bir də cavanlıq şeirlərindən biri, "Narlı gecə".

Budaqdan qopmuş

            nar kimi,

Üfüqə diyirləndi

            gülöyşə günəş -

Qıpqırmızı

            nar şırəsinə

                        bulaşdı qürub.

Bir azdan

            dənəvər-dənəvər

            mələs ulduzlar

            səpiləcək səmaya.

Nar çiçəyi kimi

            çıttayacaq

                        pəncərələrdə işıqlar.

Yenə də

            əlləri göydə

                        diz çökəcək Təzə Pir

                                     axşam namazına.

Narlı yuxular görəcək bu gecə

Nar yanaqlı körpələr.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!