USTAD GETDİ... elegiya - YUNUS OĞUZ yazır

Onu  həmişə Həsən  bəy  Zərdabiyə bənzədirdim. Oxşarlıqlarını axtarırdım. Hər  ikisinin  dünyasını  anlamağa  çalışırdım. Ömrünü xalq və onun maariflənməsi üçün  şam   kimi yandıranlar üzdə olmağı  heç  sevməzlər. İşləri-gücləri, yazı-pozuları XALQ və ONUN GƏLƏCƏYİ idi. Əsas  məsələ yaddaşlardan heç zaman silinməyəcək tarixi günümüzə daşımaq, bildiklərini gəncliyə aşılamaq idi və edirdilər. Xalqın pərvanəsi idilər. Xalq üçün yanırdılar.

Birisini görmədik...irsini öyrəndik...

O birisi günümüzdə yaşayırdı, irsi  öyrədirdi...

Birisinin yoxluğunu  o  birinin  varlığı doldururdu.

O da getdi... Dünyanın  boşaldığını  o qədər aydın, o qədər aşkar  hiss  etdik ki...

USTAD getdi- ŞİRMƏMMƏD HÜSEYNOV... ZƏRDABİ bənzəri...

O olanda arxayındıq. Övlad atasına arxayın olan kimi...Arxayındıq  ki, önümüzdə USTAD var...Cümhuriyyət və mətbuat tariximiz onluqdur...O nəhəndir, əzəmətlidir,qürurludur. Onun  yanında  özümüzü yığışdırırdıq. Çünki  o  nəhəng dənizin damlaları  idik. O dənizə  sevə-sevə  qovuşurduq, dənizə  çevrilməyə  cəhd edirdik. Onunla  mübahisə  etməzdik, bu  heç  ağlımıza  da  gəlməzdi...Damla  dəniz  olmağa iddia edə  bilər, əgər buxarlanmasa.....Biz  isə öyrənə-öyrənə buxarlanırdıq, sonra  buluda dönür, yağış halında yenə ona qayıdırdıq...

USTAD getdi...

Getdi  bir  də  dönməyə...Bu  dəfə  ruhu  ilə  dönəcək. Yazdıqlarını, hələ  yaza  bilmədiklərini bizə  yenidən öyrətmək üçün yenə dönəcək...hər addımda ondan  misallar, iqtibaslar çəkəcəyik...onun yaşam  və  iş  tərzini, millətə, dövlətə,vətənə  sevgisini nəsillərə  örnək kimi  göstərəcəyik...

USTAD getdi...

İşıqlı gözləri və sarkazm, amma səlis danışığı yaddaşımda həmişəlik  həkk olunub. O müstəqillik dövrü ilə  fəxr edirdi...Onun  yaradıcılarına nəhayətsiz sayğı duyur,onlar haqqında yazdığı  üçün  qürurlanırdı...Onlar haqqında  yazanda bilirdim  ki , o böyük  insanlarla  təmasda olur...

USTAD getdi...MÜƏLLİM getdi...ATA getdi.. Yetim qaldığımızı  hiss  edirsinizmi...

Biz də  səninlə  nəhayətsiz fəxr edirik ,USTAD...Bizdən  də   təmaslarını  əksik   etmə.. Ruhumuzu  yetim  qoyma..

RUHUN  ŞAD  OLSUN!

24.06.19


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!