Mətanət VAHİD
Bədii ədəbiyyatın predmeti nə olursa-olsun, birbaşa və ya dolayısı ilə insana bağlıdır - ədəbiyyatda əksini tapan istisnasız olaraq hər bir təsvir obyekti öz ideya-bədii başlanğıcını insanın ona fəlsəfi baxışından götürür, estetik münasibətə nəzərən mahiyyət qazanır. Lakin ədəbiyyatın təəssürat yaşatmaq, düşündürmək, sözün qüdrəti ilə heyrətləndirmək missiyasını da unutmamalıyıq. Hegelə görə, poeziyanın məqsədi nə onun predmeti, nə də praktiki mövcudluğudur: məqsəd obrazların yaradılması və ifadə olunmasıdır. Və əlavə edir ki, insan özünü ifadə etməyə başlayanda poeziya yarandı. Başqa sözlə, deyilən söz ifadə olunmaq ehtiyacının nəticəsi olaraq meydana gəlir.
Lütviyyə Əsgərzadənin beşinci, üçlüklərdən ibarət şeirlər kitabının adı - "Qaranlığa söylədiklərim" bu arzunu ifadə edir: söyləmək, yazmaq - deyilənlərin eşidilməsi, geri dönməsi üçün yox, sadəcə, ifadə olunmaq üçün. Qaranlıq - hələ işıq partlayışına məruz qalmamış ilkin xaosdur, dualizmin başlanğıcıdır, ardınca xeyri, ya şəri gətirəcəyi bəlli deyil. Bu baxımdan qaranlıq mahiyyət etibarilə şər deyil, onun içindən doğulacaq işığın ilkin mənbəyidir. Qaranlıq burada yoxluq, heçlik, kimsəsizlik kimi mənalandırılsa, bu şeirləri müəllif-poetik subyektin öz-özü ilə söhbəti, pıçıltısı kimi qəbul edə bilərik.
Kitabın "iki-üç hayku yazmaq bütöv bir insan ömrünə bəs edər" yapon məsəli ilə başlaması oxucunu yapon şeirinin hayku janrı ilə qarşılaşacağına hazırlayır. Yapon ədəbiyyatında qədimdən məşhur olan bu üçsətirlik şeir növü konkret ölçülərə tabe tutulur və müəyyən tematikası ilə fərqlənir: insan və təbiət, onların çoxplanlı ünsiyyəti, tamlığı, bütövlüyü, ziddiyyətləri və s. Müasir Azərbaycan ədəbiyyatında bu janr sevilir və ehtiyac duyulur, lakin müəyyən istisnalar olsa da, bizim əksər şairlər onu istər forma, istərsə də mövzu etibarilə daha sərbəst interpretasiyalarda yaradırlar. Bizim ədəbiyyatımızda yaranan üçlüklərin əsas özəllikləri dünya və ətraf aləmə poetik baxış, metaforiklik və şeirin aforizmləşməsidir. Bunu qısa "milli verlibr" də adlandıra bilərik.
Bu lakonik şeir növünə getdikcə daha artıq meyillənmənin səbəbi, yəqin ki, az sözlə daha çox fikir ifadə etmək texnikasının cəlbediciliyi ilə bağlıdır. Bu şeirlərdə artıq sözə, təsvirə, təfərrüata gərək yoxdur. Əlbəttə, sadəcə üçlük formasına görə bu şeirləri hayku hesab etmək olmaz, bunlar ənənəvi yapon şeirindən fərqli, bir qədər "milliləşdirilmiş" haykulardır. Odur ki, biz onları "haykuvari üçlüklər" adlandırmaqla yeri gəldikcə ortaq və fərqli cəhətlərini də nəzərdən keçirəcəyik.
Hayku qarşıdakı sahili görünməyən çay kimidir, fikir həmişə açıq qalır. Buna görə də qafiyələrlə yazılmır, çünki qafiyə saxta bitkinlik hissi yaradır. Lütviyyə Əsgərzadənin haykuvari minimalist şeirlərində isə bəzən misralar qafiyələnir, bəzən hər 3 misra sərbəst buraxılır. Qafiyələnmə də müxtəlif üçlüklərə görə dəyişərək bəzən ilk iki misra, bəzən son iki misra, bəzən misraların hər üçü və s. şəklində baş verir. Maraqlıdır ki, bu üçlüklərin son iki misrası qafiyələndiyi zaman fikrin bitkinliyi nəzərə çarpırsa, qafiyələnmənin tamamən pozulduğu şeirlərdə, demək olar ki, fikir əksərən açıq qalır. Başqa sözlə, deyilməmiş, tamamlanmamış fikir forma ilə də qismən təsdiqini tapmış olur.
Aya baxıram...
Yadıma düşürsən.
Ay da ikiüzlüdür.
Bəzi şeirlər isə üçlük şəklində yazılsa da, bu, formal xarakter daşıyır; sonuncu (bəzən isə birinci) misranı bölsək, hər misrası yeddi hecadan ibarət bayatı alınır. Və bu hal yalnız misralardakı bölgü hesabına deyil, həmçinin şeir mətnindəki məna etibarilə də ifadəsini tapmış olur.
Əl versən, ətək tutar,
Söz demə, qulaq tıxar.
Belə əzazil olma, səni də bir ah tutar.
Yaxud:
Bu, çaydır, axır gedir,
ömürdür, keçir gedir.
Gör nə kəc taleyim var,
Ölüm yan baxır gedir.
Anilik haykuların immanent xüsusiyyətidir, "carpe diem" fəlsəfəsi ilə həmahəngləşir. Anilik - ötərilik, davamiyyətsizlik olduğu üçün yaşandığı qısa zaman kəsiyini ifadə etməklə gözəl olması ilə yanaşı, həm də kədərlidir. Burada zaman o qədər qısadır ki, təsvir yox, adlandırma vacibdir. Qalan hər şey oxucunun təsəvvüründən, xəyal gücündən asılıdır. Buna görə haykunu müəlliflə oxucunun görüş yeri adlandırırlar və bu görüşün umulduğu səviyyədə baş tutması hər iki tərəfin eyni mədəni, intellektual "sahəyə" malik olmasından asılıdır. Haykularda müəllif bir-birilə bağlı bir neçə detalı əlaqələndirərək oxucuya ipucu verir, suallar və cavablar vermək isə oxucunun öhdəsinə düşür. Keçmiş və gələcəyin əks olunmadığı, yalnız indini - qısa zaman kəsiyini təsvir edən haykulardan fərqli olaraq, sözügedən üçlüklərdə zaman hərəkətdədir; keçmiş daha çox nisgil və kədər, indi hüzn və gözlənti, gələcək isə kədər arxasından boylanan ümid şəklində təsvir olunur. Təxminən belə:
Arxamda keçmiş nisgilləriylə,
Öndə gələcək ümidləriylə
İndidəyəm, dağdan ağır kədərimlə.
İndiki zamanın, anın əbədiyyət kimi yaşandığı bu şeir, sanki bütövlükdə Lütviyyə Əsgərzadənin üçlüklərindəki zaman anlayışının izahını verir: indi - keçmişlə gələcəyin tam ortasında ötən ağrı və əzabların ağırlığı altında əzilsə də, gələcəyə xoş ümidlə qanadlandırandır.
Bəzən haykuların natamamlığından fərqli olaraq, bu üçlüklərdə ifadə olunan fikir bütövləşib aforizmə çevrilir. Bu zaman oxucu təsəvvür və təxəyyülünə az yer qalır, müəllifin aforizmləşmiş təsviri dominantlaşır:
Mən qəfil ölümü seçərdim,
Sən qətrə-qətrə ölürsən.
Hər şeyin adama yaraşanı.
Qeyd edək ki, hayku üçün xarakterik olan "şəxssizlik" Lütviyyə xanımın hiss və düşüncə fraqmentləri üzərində qurulmuş üçlüklərində "özmərkəzlilik"lə əvəzlənir. Bu şeirlərdə həsrət, kədər, az da olsa, sevinc, hüzn, nisgil, ümid kimi hisslər bilavasitə müəllifin özü ilə birləşən lirik "mən"lə assosiasiya olunur.
"Qaranlığa söylədiklərim" kitabındakı üçlükləri böyük bir silsilə kimi qəbul etsək, hamısının əsas obrazı tənha insan (əksərən qadın) olacaq - bir az küskün, sevən, sevilən, lakin ruh halı ilə tənha... Bu sətirləri bəzən şeir kimi deyil, sadəcə, müəllifinin hisslərinin əks-sədasıtək qəbul edirsən. Məsələn,
Nə kimim var, nə kimsəm,
Olanlar da yox kimi,
Doğma yadlar qırır qəlbimi,
Allahın hər günü
- şeirində olduğu kimi. İnsanın ən böyük tənhalığı çoxluq içindəki yalnızlıq, doğmalar arasındakı yadlıq, yaxınlar arasındakı uzaqlıqdır. Bu baxımdan xüsusən sənət adamları cəmiyyət üçün marjinallaşır, fərqlilikləri anlaşılmır, duyulmur. Bu zaman tənhalıq insanı özünə çəkilməyə, hər hansı bir şəkildə ifadə olunmaq istəyi isə sənətlə həmdəm olmağa sövq edir. Söz şair üçün fikrin ifadəsində açar, alət rolunu oynayır. Az sözlə fikir ifadə etməkdə məqsəd isə sözün özündən daha artıq onun enerjisindən istifadədir.
Haykuların əhəmiyyətli özəlliklərdən biri də "kiqo"dur - fəsilləri hər hansı şəkildə ifadə edən sözlər. Bu halda üçlüklərdə ya fəslin adı birbaşa çəkilir, ya da ona hər hansı söz, ifadə və ya təsvirlə işarə edilir. Yapon müdrikliyinə görə, ilin fəsilləri insan ömrünün mərhələləri ilə assosiasiya olunur; müdriklər deyirdilər ki, ilin fəsillərini yaşayan adam həyatda hər şeyi yaşamış kimidir. Lütviyyə Əsgərzadənin haykuvari üçlüklərində qabarıq nəzərə çarpan xüsusiyyətlərdən biri də təbiət sevgisidir: burada dəniz, buludlar, yağış, ağac, çiçəklər, günəş, Ay, ulduzlar, bir sözlə, təbiətə aid nə varsa, hər şey şəxsləndirilə bilinir, müəllif onlarla həmsöhbət, sirdaş olur və bu şeirlərdə etibar olunan, söylənənlərin "aralarında qalacağına" möhkəm inam var.
Yenə başlanıb könlümə həmdəm
Sonbaharlı, sakit-səssiz,
Yapayalnız günlər.
Yaxud:
Bu gün hər yer ağappaq.
Qardan geydi paltar
Dünən utanan çılpaq almam.
Bu şeirlərdə həm də təbiət hadisələrinin insana bənzərliyi var. Adətən, insanın hansısa xüsusiyyətləri təbiət hadisələrinə bənzədilər, bu şeirlərdə isə əksinədir. Məsələn, "Qar da mən günlüdür, lap candərdi yağır", "mənə bənzəyən payız" və s. ifadələrdə olduğu kimi:
Yağış yağır, gözlərim kimi,
Göy ağlayır, ürəyim kimi,
Bu gün hər şey mənim kimi.
Dünya təcrübəsində haykunun bir mövzu ətrafında silsilə təşkil etməsi də kifayət qədər yayılıb. Bəzən diskret xarakterli poetik gündəliklər şəklində uzun bir silsilə təşkil edən haykularla janrın tələblərilə minimum sözlə ərsəyə gəlməsi də tərs mütənasiblik yaradır. "Qaranlığa söylədiklərim" kitabında belə bir silsilə Hüseyn Cavidə həsr olunur:
Gedilmiş yol vardı,
Açılmış cığır,
O getmədi.
***
Özü kimi düşündü
Özü kimi danışdı.
Sevgi və gözəlliyi özünə Tanrı seçdi.
***
Üzü sevgiyə və həqiqətə doğru,
Ədəbiyyat qatarında Cavid adlı bir vaqon,
Heç kimə qoşulmadan yol getdi...
Hüseyn Cavid haqqındakı üçlüklər bu şəkildə davam edir. Bu fəsildəki bütün üçlükləri beləcə bir-birinin ardınca oxusaq, bütöv bir şeir alınır, forma və məzmun etibarilə tamamlanır. Ayrılıqda isə hər biri ayrıca bir üçlük kimi tamamlanmış yarımçıq fikirdir.
Bənzətmələrsiz, müqayisələrsiz, sadəcə, məfhumların adı çəkildiyi şeirlərdə fərqlər və bənzərliklər yalnız oxucu yozumunda meydana çıxa bilir. Minimal sözlə maksimum fikir və təəssürat yaratmağın xarakterik olduğu bu üçlüklərdə oxucuya bir işarə kifayət edir:
Mən onu düşünürəm,
O necə...
Külək şamı söndürür, məni üşüdür...
Burada düşüncənin neqativə köklənməsi, ümidsizlik duyğusu şamın sönməsi ilə assosiasiya olunur. Yenə haykularda olduğu kimi, hissin adı çəkilmir, təzahürü, sadəcə, birbaşa onunla bağlı olmayan məfhumlarla ifadə edilir. Fikir versək, burada deyilməmiş sözlərin boşluğu duyulmur, üç nöqtənin yaratdığı pauza köks ötürülməsi kimi bir hiss yaradır və hisslər sözsüz məkana keçid edərək ifadə edilməmiş sözlərdə təzahür edir.
XIX əsrin sonu XX əsrin əvvəllərində yaşayıb-yaradan, qısa ömründə haykunun böyük ustası kimi tanınan S.Masaoka janrın geniş ifadə imkanlarını nəzərə alaraq deyirdi ki, hayku özündə bütün dünyanı yerləşdirir: zəlzələləri, təlatümlü okeanı, tayfunları, səmanı və ulduzları - bütün yüksəklikləri ilə birgə yeri və ən dərinlikləri ilə birgə dənizləri... Lütviyyə Əsgərzadənin haykuvari üçlüklərdən ibarət "Qaranlığa söylədiklərim" kitabı da zamanı və məfhumları fraqmentlər şəklində qeyd edən və nəticə etibarilə bütünlüklə qapsayan şeirlər toplusudur.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!