Eşq var dünya boyda, eşq var tanrısal... - Elxan Zal Qaraxanlı - şeirlər

Duyğular çimişir ulduz odunda

Səhərin sehrində, Zöhrə zikrində,

durub dinləyirəm mələk xorunu.

Oyanan ağaclar heyran baxırlar,

seviş ritmindədir dalğa dansları.

 

Eşq var dünya boyda, eşq var tanrısal,

duyğular çimişir ulduz odunda.

Bizim sevişimiz ilahədəndi,

bizimdi şəhvətə bürünmüş şəhər.

 

Səni gözləyirəm, sən harda varsan?

telefon eləsəm zəng çatarmı, gəl.

Sığal şərqiləri istəyir bədən,

yaşam yaşıllanır dodaq dadında.

 

Küçələr səhərin sehrində donuq,

araba seyrəkdi, gözləmə kövrək.

Eşqin Qız qalası, yalnız qalası,

Şumer ləhcəsində şərqi oxuyur.

 

Səhərin havası bumbuzdu, sən gəl,

acıqmış duyğular qunduzdu, sən gəl,

can yanıb əriyər gözləmələrdə,

eşqin dünyaları sonsuzdu, sən gəl.

 

səni gözləyirəm, sən harda varsan?

yalnızlıq sığışmaz kainatlara.

Səhərin sehrində, Zöhrə zikrində,

dualar yollanır gizli qatlara.

 

Yalnızlıq qorxusu pıçıltısızdı

Tauz Paris deyil, mən qall deyiləm,

xəyalım fırlanır tonqal başına.

Yarpaq qoxusunda əriyən külək,

druid duaları söyləyir mənə.

 

Ay işıq çiləyir, telefon susur,

yalnızlıq qorxusu pıçıltısızdı.

Sevda ulduzunun bayatıları,

mələk günahına qarışır ertə.

 

Qənirə ilahəm, qutlu ilahəm,

axşam düşüncəsi eşq tamındadır,

könül kafeləri gəl-gəl deyirlər,

reklam işıqları öpüş göndərir.

 

Gəzməli günlərin balet çağıdır,

fontanlı parklara bilet var, gedək.

"Torqovı" Monmartr olmasa belə,

bizim də öz zəfər tağlarımız var.

 

Sevgilər sığışmaz kainatlara,

"Yelisey çölü"nə yel qovur həvəs.

müqəddəs türkülər oxuduram mən,

saçlı söyüdlərin yarpaqlarına.

 

Gözləmə ömürdən uzun olurmuş,

ilahi yanğılar qucağa sığmaz.

Ulduz baxışları Elen kimidir,

Parisə bənzəyir yaşılgöz gecə.

Kenquru həvəsli anlar

Günəşdən doymasa səhra bozarmaz,

işığın içində tap qaranlığı.

Dəvə gövşəyində əzilir sükut,

küləyin səsində söz dilimlənir.

 

Sakit qafalarda həzin müzik var,

rahatsız saatlar hay-küyə pərçim.

İş-güc olmayanda vaxtın leşini,

armudu stəkanla boğur yalquzaq.

 

Göyə buynuz atan evlər evkalipt,

kenquru həvəsli anlar hoppanır.

İzdiham takt tutur dalğa ritminə,

kütlə danışanda söz də quruşdu.

 

Uçaqlar dalınca yel qovur səma,

yalını oynadır avtomobillər.

Gəzişmə həvəsi at iyindədir,

madyan macəralar kəmənd istəyir.

 

İşlər plebeyvari, binalar kübar,

ömür teatrosu bürkülü boğça.

Həzrəti biznesin saksaulları

bütün girişləri kölgələyiblər.

 

Dəblər sərgilənib fontan bağında,

ağ maya qızların göbəyi üryan.

Sevdalı duyğular yatırım yığır,

baxışlar xərcləyir kredit kartını.

 

Yosma dalğaların çalısı çılğın,

qayğılar qumunda ağnayır şəhər.

izdiham takt tutur dalğa ritminə,

küləyin səsində söz dilimlənir.

 

Axşam dərin, Umay uzaq

Pəncərə ardında axşam,

sərin sularda sərinlik,

ürkək bulud ilxıları didik-didik.

sıralanıb göy üzünə acılardan bir alay.

Ay, Ay,

can soyudan Ay

sap sallayır qaranlığa,

bir anlığa mürgü vurarkən şəhər.

Kəhər kişnərtisi qulaqlarda

və uzaqlarda bozqır kabusu karvan.

yollar gedir, dayanır an,

gizli səma qapıları açılırlar taybatay,

dilimdə dua var, duamda Umay.

Necə məhrəmdir bu axşam,

şəfqət Ay sükutuna ilişik.

Uyqu qaçışında buza, duyğu yerişində pişik.

həzin bir müəzzin ovqatı sokaklarda,

və uzaqlarda bozqır kabusu karvan.

mənim axşam dualarım

                               girir gizli qapılardan.

eşit məni eşit Umay!

Ay, Ay,

can soyudan Ay

gizli qapılar üstündə fənər.

ulduz yanar acısında suların,

ulduz yanar səkkizqıraq.

axşam dərin, Umay uzaq.

***

Göy dağlardan köç gələndə,

burax məni yorğun şəhər,

arabamın yedəyində

yorğa günün tüstüsü var.

 

Daş binalar kurqan kimi,

yolların sinəsi yağır,

supermarket vitrinindən

yal oynadan ayğır baxır.

 

Sahil parkı, əski şarkı,

ilxıların kişnərtisi dalğalarda,

göy altında türk hamamı boyda dəniz,

su qızları ölən günü çimizdirir.

 

Arabamın yedəyində

yorğa günün tüstüsü var,

harın polis baxışları

həvəsimi çidarlamaz,

 

Burax məni yorğun şəhər,

köçəriyə sınır olmaz.

Yovşanların kövrək duşu,

ya yalqız berkut uçuşu

yaddaşımın tozlu küncündə yatır.

yarağını götür, yağmaya gedək, ey batır.

Bir gün İzidanı Bakıda gördüm

Yel yatıb, yelkən oynamır,

hava yorğa yerişlidir.

Darıxmalı dəqiqələr,

üç yüz altmış girişlidir.

 

Göyün gizli qapıları,

açılır duadan sonra.

Düşüncəmin uçuşunu,

asan eylə, ey Amon-Ra.

 

Həvəs gizlənib qəsrində,

İzida isirmir qınağı.

Şalvar deşən yançaqları,

döyür baxış mancanağı.

 

Ağ sinə Xeops ehramı,

duyğular olsa da səhra,

azdırmalar ilanını

dişlərinə sıxıb doğra.

 

İçini görünməzliyə aç,

nəfsinin bağla pultunu.

tanrıçaların gənəşi,

bəlkə silə insultunu.

 

Xançallanmış sevginin soneti

Ömür lotu gənəşidir,

hökm oxundu və uçdu qut.

Göyərçinlər ölən gecə,

xançala oturdu sükut.

 

Dar dalanlar qaray-qaray,

elliyi ürpətdi ləngər.

qara sevda davasında,

ard da səngər, ön də səngər.

 

Düdük çalır ov həvəsi,

ər doğulan durarmı dinc?

dörd tərəfdən şikar baxır,

qan iç, qan iç, qan iç, qan iç.

 

Daş və beton meşəsində,

yırtıcılar gəl-gəl deyir.

Cəngəlliyin yasası var -

zorlu basır, basan yeyir.

 

Gün keçir, təkər fırlanır,

arxivə suç yığır karma.

Yumruğunu düyünləyib,

qayğıları qapan qarma.

 

Gecəni şaman qamladı,

görünməzin bəyanı çin.

ruhlar qurban istəyirlər -

bir parç pivə və göyərçin.

***

Xəzərin sahilində Egeni düşünürəm,

üzümə sığal çəkir saçların kimi rüzgar.

Yalnızlıq məbədində zəng çalır ayrılıqlar,

ayrılığın sonunda xurma tamlı öpüş var.

 

Ulduzlu bir gecədə, fontanlı bir şəhərdə,

sevgidən şarkı yapdım sevgi olmayan yerdə,

mən Bakı bulvarında,

                        bəs sən nerdəsən, nerdə?

sorağını almasam inan ürəyim yatar.

 

Sənli düşüncələrim saçımda neçə dəndi,

aşiqlər ölkəsində iki can bir bədəndi,

yaman sənsizləmişəm,

                        zəngin gəlmir, nədəndi?

Yusif Səmədoğluna

Ortada şam var, göydə tolunay,

gedən ruhları, çimizdirir çay.

 

Gözlər yaşarmış, sözlərdə qınaq.

Surnay çaldırır, köhnə tapınaq.

 

Can varıb gedir, fanidir bəşər.

Ölümün xeyir, ölümə qənşər.

 

Aynada ləngər, yasində acı.

Son akkord vurur, ömür sayğacı.

 

Qohum-əqrəba, ehsan aşında.

Əzrail gəlir, qara maşında.

 

Can verib gedir, fanidir bəşər.

Ölümün xeyir, ölümə qənşər.

 

Gizli yolları, açır yaşıl şam.

Qam türküsünü, oxuyur axşam.

 

Şam budağında, əlvan çalama.

Mələk opdusu, durub salama.

 

Qucaq açıyor, işıqlı sahə.

Salam, Tanrı alp, salam, ilahə.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!