Modern ingilis poeziyası Elis OSVALD (Böyük Britaniya)
Elis Osvald 1966-cı il təvəllüdlü Britaniya şairidir, 2002-ci ildə T.S.Eliot poeziya mükafatını alıb.
Elis Osvaldın belə bir fikri onun şair naturasını anlamağa tam yardımçı ola bilər: ...Şair olmaq bacardığın qədər yaxşı insan olmaq kimi ciddi, uzun vaxt tələb eləyən və təbii bir prosesdir. Nəyisə ifadə etmək heç də yüksək təhsilin olmasına, yaxud poetik formaları beş barmağın kimi bilməyə dəlalət eləməz, bu, sadəcə, diqqət yönəltməkdir nəyəsə və orada ilişib qalmaq...
Haçansa yarı güldüm, yarı mən,
Görünmürdüm, yoxluğum güzgülərdə
yaşardı,
O görünməyən gül ki var... içimdə qalıb
həmişə,
Kor kimi əlləriylə gəzib itik düşəni,
Susub qalıb ömürlük, adına yorğunluq deyək, üzücü...
Haçansa yarı qarğı, yarı səsdim,
İçimdəki mağaradan çıxıb söz olmaq istəyirdim,
Həmişə,
Həmişə gözlərimi axan çaya zilləyib,
Başımı yana əyib,
Böyrü üstə uzanıb,
Baxır, baxır, susurdum...
Hə, nə vaxtsa yarı yara, yarı ahdım
Bir zamanlar nə o oldum, nə də bu,
Alovdum, su içində
Dərya kənarı - qəlbin tufanında
Sonuncu əksimi geyinib çıxıb getdim
Qəlbim damcı-damcı axdı qaranlığın təkinə
Yorğun, arğın, sustalmış... oturdum,
Gördüyüm yuxunun sahilində
Qan laxtası...
***
Bu gün ölmək istəmirəm,
Ancaq kiminsə ardınca gedib dünyaya
Qocaların gözüylə baxasan
Bilirəm ki, göylərdəki nöqtələr arasında
Orta əsrlərin
Varlıqları yaşayır...
Sakitcə hesab elə ki, gecə də bir sığınacaqdır
Qocalmış adamlar üçün,
hesab elə ki,
Bu olsa-olsa Kadillakın* örtüsüdü
Faraları Kembri işığıdı və
Roma İmperiyası kimi çökür
On yeddimin tamamında...
*Cadillac - amerikan avtomobil markası
İngiliscədən tərcümə etdi: Cavanşir YUSİFLİ
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!