Tradisionalizm nədir? - Rene Genon

Şərq düşüncəsinin əsas səciyyəvi xüsusiyyətlərini açıqlamağa cəhd edərkən bizim ənənədən, tradisional təlimlərdən və hətta tradisional dillərdən danışmağa əsasımız var və bu, doğrudan da qaçılmazdır. Ənənə nədir? Anlaşılmaz, yanlış fikirlərin ortaya çıxmaması üçün bəri başdan onu qeyd edək ki, biz “Ənənə” (tradition) sözünü müasir Qərb dini düşüncəsində ifadə olunan məhdud mənada işlətmirik...

Nəsnələrin hazırkı durumunda, baxmayaraq ki, ənənə dini, yaxud başqa cür olmasından asılı olmayaraq, hər halda o, iki təqdirəlayiq qoldan ibarətdir: yazılı və şifahi. Biz “ənənə” sözünun əsl mənası ilə təzadda olan “ənənəvi yazı”dan danışmağa tələsmirik. Həm də “ənənə” etimoloji mənasına görə bu və ya digər yolla “ötürülən” mənasına gəlir. Bundan başqa, “ənənə”yə təkrar olan, törəyən və mənşəyi müəyyən olan elementləri də daxil etmək vacibdir.

Bu cür nəzər salanda, ola bilər ki, “ənənə” “müəyyən bir zaman ərzində bir qrup insan üçün texnikanın, müəssisələrin bütün əsas tərkiblərinin, inam və məsləkin ümumi olması” kimi tərif verilən sivilizasiyadan fərqlənməsin. Lakin müəyyən edilmiş bu qənaət nə qədər dəyərlidir? Doğrusu, sivilizasiyanın bu sayaq xarakterizə edilməsi ilə razı deyilik. Bu təyinat müxtəlif sivilizasiyalarda mövcud olan əsas intellektual elementlər barədə heç bir izahat verə bilmir. Çətinliklərə düşməmək üçün  biz sivilizasiyanı sadəcə təsvirlə kifayətləndik: sivilizasiya daha çox, yaxud daha az insan qrupları üçün ümumi olan müəyyən mental baxışın (görüşün) məhsulu və ifadəsidir.

Sivilizasiyanın ənənəyə dayanması isə fundamental şəkildə haqlı sayıla, yol verilə bilən gerçəkdir. Hər bir Şərq sivilizasiyası əsaslı və ayrılmaz şəkildə ənənəyə bağlı, yəni tradisionaldır... Qərb sivilizasiyasına  gəldikdə isə, əksinə olaraq bu sivilizasiya hələ də onda qalmaqda olan dini elementlər istisna olmaqla bütün ənənəvi keyfiyyətlərdən təcrid edilmişdir.

İslam ənənəsində iki fərqli istiqamət (aspekt) mövcuddur. Biri dinidir - bütün sosial institutların əsas hissəsi bundan asılıdır. Digər istiqamət isə büsbütün Şərqidir, tamamilə Şərqidir, tamamilə metafizikdir. Əminliklə deyə bilərik ki, bura daxil olan bəzi şeylər Orta əsrlərdə Avropa sxolostik təlim formasında mövcud olmuşdur.

*  *  *

Tradisionalizm kəlməsi “ənənə”, “adət” kəlmələri ilə sinonim olaraq başa düşüldüyündə dərin bir anlamdan uzaqlaşaraq özünə nisbətdə çox bəsit dünyəvi qaydaları ifadə məzmununa gəlir, özünün dini-fəlsəfi mənasından uzaqlaşır.

Tradisionalizmin gerçək dərkinə mane olan daha ciddi bir məsələ də bundan ibarətdir ki, bu anlayış altında bəzən sırf insani, dünyəvi məsələlərin şərhinə cəhdlər olunur. Buna görə də nəzərə alınmalıdır ki, maddiliklərin fövqündə duran, insanüstü olan nəsnələri ehtiva etməyən heç bir şey tradisionalizm deyil. İstər dini, istərsə də tradisional bilgiləri sadəcə insani ünsürlərlə, maddiliklər müstəvisində şərh etməyə cəhd edənlər əsl həqiqətləri heç vaxt dərk edə bilməyəcəklər.

*  *  *

Metafizika hərfi mənasına görə, “fizikadan kənar”, “fizikadan yüksək”, “fizikadan o tərəfə” mənasına gəlir. “Fizika” sözünün qədim dövrlərdən bəri geniş yayılmış mənası isə “təbiət haqqında elmdir”. Fizika təbiətə dair bütün hadisə və qanunları öyrənən elm sahəsidir, metafizika isə digər tərəfdən təbiətdən o tayda olan, təbiətdən kənarda yerləşənləri öyrənən sahədir...

Təəssüf ki, məlumatsız olduqları metafizika haqqında hökm edə, fikir yürüdə biləcəklərini düşünən adamlar var. Belə ki, onlar metafizikanı insanların tam anlaya bildiyi, hamı üçün aydın olan elm və fəlsəfə kimi şüura daxil bilgi, məqsədyönlü məlumat, rasional hesab edirlər... Onların nəzərdən keçirdiklərində, həqiqətən də metafizika ilə əlaqəli heç nə yoxdur, bu, sadəcə təbiət qanunları barədə dünyəvi, yəni qeyri-dini və səthi biliklər məcmusudur. Bu qətiyyən bizim müzakirə etmək istədiyimiz məsələ deyil.

...Metafizika qismən xarakterizə edilə bilər, məsələn, söylənilə bilər ki, metafizika universal prinsiplər barədə elmdir, bilgidir, lakin bu, metafizikanın əsas məğzini açıqlamır. Bu fikri də əlavə edərək deyə bilərik ki, həmin prinsiplərin görüş sahəsi qismən və tamamlanmamış yolla gerçəkdən də metafizikanı öyrənir, lakin bəzi qərblilərin düşündükləri mənadan olduqca uzaqdır...

Əslində, insan gerçəkliyin bir tərəfində mövcud olub, digər bir tərəfində mövcud olmaya bilər. Oraya xüsusi informasiyalarla təmin edilən seçilmiş insanlar daxil ola bilər.

 Aristotel metafizikanı varlıq haqqında elm, bilgi hesab edərkən, o, metafizikanı varlıq fəlsəfəsi ilə eyniləşdirir. Şərq metafizikası üçün xalis varlıq nə birinci, nə də ən universal qanunlardır, onun üçün (Şərq metafizikası üçün) artıq müəyyən edilmiş qərardır. Beləliklə də varlığın o biri tərəfinə, o taya, varlıqdan kənara getmək vacibdir. Ən böyük zərurət budur. Buna görə də gerçək metafizik konsepsiyalar, təyinatlar ifadəolunmazdır. Bu məqamda və bu barədə ifadə oluna bilən hər şey heç bir məna kəsb etmir, bu, yalnız zahiri formadır...

Universal prinsipləri düzgün qavrama, zəkanın hüdudlarını aşmaq özü universal qayda olmalıdır: bu, fərdi vergi, xüsusi qabiliyyətdir, çünki insanın öz sərhədini aşıb öz varlığından kənara çıxa bilməsi, mövcud durumdan, hal və vəziyyətdən kənara addım atması fərdin bacarıq və gücü xaricindədir. Səbəb bütünlükdə, xüsusi insan qabiliyyətidir, amma, bu səbəbin o tayında yerləşən nəsnə isə gerçəkdən “insandan kənar”dır. İnsanın imkanları, düşüncə, istək və şəxsi bacarıqları xaricindədir. Məhz bu məqam metafizik olanı gerçəkləşdirir, mümkün olana çevirir. Və bu biliklər yenidən təsdiqlənməlidir ki, o, insani (yəni dünyəvi) bilik deyil.

Gerçəkdə əsl metafizika nə Şərq, nə də Qərb metafizikasıdır. Metafizika universaldır, mahiyyət etibarilə bütün formalardan və gözlənilməz vəziyyətlərdən yüksəkdə, uzaqda və kənardadır. Bu barədə məlumatlarımız metafizikanı izah etmək üçün zahiri forma barədə bilgilərimizdir və metafizikanı ifadə edə biləcək qədər ifadə edir; bu ya Şərq, ya da Qərb metafizikası ola bilər. Lakin onların müxtəlifliklərinin alt qatında hər zaman və hər yerdə eyni bünövrə dayanmaqdadır. Yəni metafizika mövcuddur və həqiqət birdir.

Belə olan halda sual oluna bilər ki, elə isə Şərq metafizikasından ayrıca danışmağa nə ehtiyac var? Məsələ ondadır ki, Qərb dünyasının indiki intellektual durumunda metafizika unudulmuş, ümumiyyətlə, məlum olmayan və büsbütün itirilmiş bir şeydir. Lakin Şərqdə effektli biliyin obyekti olaraq hələ də qalmaqdadır. Əgər kimsə metafizikanı öyrənmək istəyirsə, bu səbəbdən Şərqə dönməli, üzünü Şərqə çevirməlidir...

Şərq təlimlərinin köməyi, onların müqayisəsilə bu sahədə uğur qazanmaq olar, çünki onlar metafizikanı öyrənmək üçün bilavasitə araşdırılacaq yeganə nəzəriyyələrdir. Lakin buna nail olmaq üçün, tamamilə aydındır ki, bu nəzəriyyələr fərziyyələrə əsaslanan, bəzən də fantastik xarakterli izahlara meyil edilmədən şərqlilərin özünün tədqiq etdiyi kimi öyrənilib araşdırılmalıdır. Bu da tez-tez unudulur ki, Şərq sivilizasiyası hələ də mövcuddur və şərqlilər hələ də məsələnin gerçək təbiətini öyrənmək üçün müraciət edə biləcəyimiz nümayəndələrə malikdir. 

*  *  *

Əslində, hər bir təbir, hər bir açıq və kəskin ifadə zahirən çevrilən (anlaşılan) fikrin simvoludur; Bu anlamda dil özü simvolizmdən başqa bir şey deyil.

 İngilis dilindən çevirən:  Cavidə Məmmədova

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!