Tanrının önündə sözün daş yuxusu... - Tural TURAN - Esse

Azər Turana və çevrəmdəki bütün təbəssümlü, işıqlı insanlara...

 

Bütün dinlər sözdən aşağıda dayanır. Bu, üçgünlük yuxudan ayılarkən eşitdiyim son cümlə olmuşdu.

Sizə başıma gələn bir hadisəni danışmaq istəyirəm. 1999-cu ilin 14 avqustu idi. Axşam ailəlikcə evdə televizorun başına keçib xəbərlərə baxırdıq. O vaxt kəndimizdəki bütün televizorlar iki kanal tuturdu və cəmi birisi Azərbaycan dilində idi. Atamın təbirincə desək, "Günün ekranı"na baxırdıq. Saat 9-a təzəcə işləyirdi. Birdən işıqlar söndü. Özü də həmin vədələr kənddə-kəsəkdə işıqların tez-tez sönən, elektrik enerjisinin fasilələrlə  verilən dönəmləri idi.

Təkcə işığın söndüyünü xatırlayıram. Bir də o yadımdadır ki, dərhal mən də tükənməyə başladım. Gözlərim qaraldı. Haldan düşdüm. Başımı stolun üzərinə qoydum.

Arxasını atamdan eşitmişəm. Deyir ki, qısa sükutdan sonra anam "ləmpə"ni yandırır. Stolun üstünə gətirənə qədər məndən xəbərləri yox imiş. Görürlər ki, ağzım köpüklənməyə başlayıb. Gözlərimin isə qarası gedib, ağı qalıb. Anam həkim olduğundan həyəcanlansa da, özünü itirmir. Məni qucağına alıb yayın qorabişən bürkülü havasına çıxarır. Atam isə yerindəcə quruyub qalıbmış.

Əvvəlcə məni anamın təkidi ilə həkimə aparırlar. Kəndin həkimi Bakıda istirahətdə olduğundan Gəncəyə üz tuturlar. Dəmiryol xəstəxanasında ilk olaraq mənə ağrıkəsici, daha sonra soyuqdəymə iynəsi vururlar. 24 saat keçir, mən oyanmıram. Gəncədəki həkimlər qorxuya düşür. Deyirlər ki, bizlik deyil, Bakıya aparın. Paytaxta aparmağa isə pul tapılmır. Atam nə qədər əl-ayağa düşsə də, borca girmək mümkün olmur. Çar-naçar baxıcı, falçı yanına gətirirlər. Xanım falçı da bir şey baş açmır. Bircə cümlə deyir ki, bu uşaq böyük adam olacaq. Onunla bağlı stolunun üstündəki daşlar söz işarəsi göstərirlər. Nə atam, nə anam bir şey başa düşmür. Məni götürüb evə gətirirlər.

Üstündən bir gün də keçir. Üçüncü gün ayılıram. İndi isə özümdən danışım. İşıq sönəndən sonra iki yerə bölündüm. Mən və qarşımdakı mən. Sonra qarşımdakı uşaq sürətlə böyüməyə başladı. Saçları bir balaca çallaşdı. Üzündə seyrək tüklər peyda oldu. Elə indiki kimi... Sonra onunla söhbət etməyə başladım. Dedi ki, mən Tanrıyam, sənin sifətində sənlə danışmaq istəyirəm. Qorxdum. Tanrını görməyə çalışırdım. İçimdəki əsas maraq bu idi. Amma qorxumdan bunu Onun özünə deyə bilmirdim. Qayıtdı ki, Mən enerjiyəm. İşığam. Günəş də məndən qopan bir zərrədir, hava da, su da, elə sən də. Hər şey mənə bənzəyir. Mən istəmişəm ki, belə olsun.

Amma səs mənim deyildi. Qarşımdakı gah atamın, gah da çoban yoldaşı olduğum Cümşüd kişinin səsi ilə mənlə danışırdı.

...Sonra dedi ki, işıqdan qorxma. İşığın tükənməsini və qaranlığı görmək istəmirsənsə, durmadan oxu və düşün. Susurdum. Nəyi düşünəcəyimi anlamırdım. Söylədi ki, anlaşılmayacaq bir şey yoxdur, işığı düşün. Ən böyük enerji isə söz və təbəssümdür. Biz sənə birincisini verəcəyik. Həmin o birinci, yəni söz səni qaraqabaq edəcək, tez yoracaq. İkincini tamamlamaq üçün isə hər zaman öz çevrənə təbəssümündən yorulmayacağın adamlar axtar. Qadın və ya kişi fərqi qoymadan... Bir də onu dedi ki, söz və təbəssüm bütün dinlərdən aşağıda dayanır. Sonra qarşımdakı Mən yenidən özümə qayıtdı. Mənlə bütünləşdi. Tez-tez nəfəs almağa başladım.  Dəli bir enerji gəldi. Bir də baxdım ki, kəndimizin ayağındakı Daşlı dərə adlanan yerdə quzu otarıram. Yenə də on yaşındayam. Yerdən ayparaya və "üstəgəl"ə oxşar iki daş götürdüm. Günortaya qədər bu daşlarla oynayım, vaxt tamam olsun, quzuları arxaca aparım - deyə düşündüm. Birdən məndən böyük Mən yenə peyda oldu. Yenə də qəfil qaranlıq düşdü. Bu dəfə qorxmadım. Birdən heybətli və qorxulu səs eşidildi:

- O daşları tulla, sözlə oyna. Ölənə qədər, bütün daşlar sözdən aşağıdadır (atamın səsində).

Yuxudan oyananda stolun üzərində bir kağız parçası var idi. Xətt mənim idi. Anam uzatdı. Oğul, sən də atan kimi şair oldun, deyəsən. Özündə deyildin, şeir yazdın və yatdın.

Sonra pəncərənin arxasından atamın (tanış) səsi eşidildi:

- Bir də bizi belə qorxutma. Həkimlər əncam çəkə bilmədi ağzının köpüklənməyinə. Falçıya apardıq, dedi ki, bu uşaq daşla və sözlə oynayacaq.

Stolun üstündəki balaca kağız parçasında isə iki misra yazılmışdı:

Bütün işıqlar daşdan gəlir.

Bütün sözlər daş-daş gülür.

Bu mənim on yaşında yazdığım ilk misra idi. İndi də mənasını anlamıram. Bəlkə də elə bu misranı demək üçün gəlmişəmmiş...

23 may 2019 Bakı

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!