ƏDƏBİYYAT ÜZRƏ 1939-CU İLİN NOBEL MÜKAFATÇISI: Frans EMİL SİLLANPYAYA
(Finlandiya)
Fin yazıçısı. 16 sentyabr 1888-ci ildə Böyük Fin knyazlığında, Hyamyeenkyuryo yaxınlığındakı Kierkkala kəndində, kiçik torpaq icarədarı ailəsində dünyaya gəlib. Valideynləri də kəndli ailəsində doğulublar, lakin Fransın kasıb ailəsi uşaqlarının oxuduğu Tamperdəki liseydə təhsil almasına kömək edib. Sillanpyayanın təhsil illəri cəmiyyətdəki inqilab dövrünə təsadüf edib, öz dünyagörüşü və bilik səviyyəsi ilə liseydə, eləcə də şəhər həyatında fərqlənib. Təhsil aldıqdan sonra Sillanpyaya yerli fabrik sahibinin evində ailə müəllimi işləyib. Patronunun məsləhəti ilə universitetin tibb fakültəsinə qəbul olunub. Tibb sahəsi onu az çəksə də, həkim karyerası iqtisadi cəhətdən daha əlverişli olduğu üçün fəaliyyətinə davam edib. 1908-1913-cü illər arasında Helsinkidə tibb təhsili alarkən borc içində yaşayıb. Həmin ərəfədə yeni fəlsəfi cərəyan - dini dünyagörüş və yeni materialist münasibətlərlə maraqlanıb. Yan Sibelius, Yuhani Axo və Pekka Halonen kimi fin ziyalılarının bir çoxu ilə münasibət qurub. 1913-cü ildə doğma kəndinə qayıdıb.
Sillanpyayanın ədəbi debütü 1916-cı ildə "Həyat və günəş" romanının çapı ilə başlayıb. Ölkədəki ədəbi durğunluq illərində roman çox hərarətlə qarşılanıb. 1918-ci il inqilabı dövründə yazıçı siyasi proseslərə əhəmiyyət vermədən ailəsi ilə birlikdə Ala-Vaker kəndində yaşayıb, tərcüməçilik edib.
1919-cu ildə çap olunan "Mömin səfalət" romanı ilə onu artıq xaricdə, daha çox İsveçdə tanımağa başlayıblar. Həmin dövrdən etibarən Sillanpyayanın Nobel mükafatına namizədliyi irəli sürülüb. Tezlikə şöhrəti daha da artıb və kasıblıqdan qurtulub. "Vaxtsız ölü" (1931), "Kişi yolu" (1932) və "Yay gecəsinin adamları" (1934) romanları ilə ədəbi şöhrətini möhkəmlədib.
Frans Emil Sillanpyaya 1939-cu ildə "fin kəndlilərinin həyatına nüfuz etdiyinə və onların təbiət hadisələri ilə bağlı adətlərinin dərinliyini ustalıqla təsvir edə bildiyinə görə" Nobel mükafatına layiq görülüb.
Yazıçı hələlik fin ədibləri arasında ilk və yeganə Nobel mükafatçısıdır. F.E.Sillanpyaya 3 iyun 1964-cü ildə Helsinkidə vəfat edib. "Ədəbiyyat qəzeti" oxucularına yazıçının əsərlərindən bəzi sitatları təqdim edirik.
Sitatlar
***
Alt-üst olmuş idealları arasında oturmuş yaşlı nəslin nümayəndələrinə baxmaq çox ağrılı idi, deyəsən, onlar həmin ideallara gerçəkdən inanmışdılar. Gənclər isə xoşbəxt idilər, çünki lap başdan onlara inanmırdılar.
***
Deyəsən, Yuxe axır ki, həyatın nə olduğunu anladı. Bu, boğazda turşməzə xılt kimi bir şeydir, onu insana soxuşdurmaq istəyirlər və insan nə qədər ki, bunu həzm etmək gücündədir, həmişə düşdüyü vəziyyətdə boğulur. Sanki yekə bir tövləyə girib onlarla at arabasının daşıyıb gətirdiyi samanı boşaldır. Və beləcə ölənə qədər işləyir...
***
Yay səhəri ötüb-keçən gecədən xəbərsiz olur. Gecə ilə səhər işıqlanan və işıqlandıqca açılan səma fonunda qarşılaşır, bir gecə əvvəl yay gecəsinin pıçıldadığı tamamilə fərqli, yeni nəğməni zümzümə etmək, ya da şeiri demək istəyir...
***
Əgər qoca kəndlinin arvadı (lap elə pis olsa da) və böyük uşaqları varsa - başqa sözlə desək, əgər onun məişət qayğıları ilə yüklənmiş ailəsi varsa, nə qədər böyük təsərrüfatı olsa belə, o, hər zaman bütöv, dolu bir həyat yaşayır, kasıblıqdan başqa heç bir qayğısı olmur. Sanki bütün qayğılarını torpağa əkib üstündən addımlayır. Lakin bir gün yuxusuz gecə başlayır və o, dərk edir ki, artıq heç bir qayğısı qalmayıb. Son məqamda ölüm öz səxavətli əli ilə ona rahatlıq bəxş edir və bu yerdə rahatlıq qayğıya çevrilir. O, bir boşluq hiss edir, soyuq, ona azadlıq bəxş etmiş boşluq və öz istəyi ilə həmin boşluğa yuvarlanır. İnsan belə bir ağır əzaba öyrəncəli deyil. Əgər bu məqamda doğma ocağı insanı xilas edə bilmirsə, onun bütün səyləri daha da çılpaqlaşır. Əlbəttə, bu barədə daha əvvəl düşünmək lazımdır, tək-tənha öz doğma yurd-yuvandan aralı düşdüyün zaman, lakin o zaman bütün bu düşüncələr evlə bağlı olur: arvad, uşaqlar, mal-qara, - bir sözlə, ailə. Evin sənin həyatının və varlığının mənası olur və heç bir nizamsızlıq ona təsir edə bilmir. Bu, nə qədər balaca bir dayaq nöqtəsi olsa da, ora ailə üzvlərinin hamısının gücü toplanır: elə Tanrı da bura aiddir.
Tərcümə etdi: Əyyub QİYAS
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!