Rüstəm KAMAL
Həyatda elə peşə sahibləri var ki, mütləq bədii obraza çevrilməlidi. Çünki mahiyyətində mifoloji məna daşıyır. Stansiya gözətçisi, yol nəzarətçisi, yolayıran, qatar bələdçisi belə personajlardan biridir. Onlar iki dünya arasında, dünyaların sərhədində yaşayan mifik varlıqlardır. Bəlkə də ona görə də razyezdlərdə, dəmiryol stansiyalarındakı evlərdə yaşayan bu sirli varlıqların ətraf üçün məchul qalmaları bu üzdəndir? Onların çox kədərli gözləri olur. Çünki içlərində müthiş tənhalığı yaşadırlar.
A.S.Puşkin dahi şair fəhmi ilə bunu hiss etmişdi və "Stansiya gözətçisi" kimi "bir inci"ni (L.Tolstoy) rus nəsrinə bəxş etmişdi. Çingiz Aytmatovun "Gün var əsrə bərabər" romanının qəhrəmanı Edigey də, xalq şairi Nəriman Həsənzadənin "Nabat xalanın çörəyi" avtobioqrafik povestində Alməhəmməd kişi də bu qəribə personajlar sırasındadır!
Çingiz Aytmotovun Edigeyi Allahın unutduğu Sarı-Özək çöllərində, Boranlıda yaşayır: "Boranlı razyezdində yaşamaq üçün gərək hünər olsun. Ayrı cür mümkün deyil, yoxsa məhv olub, gedərsən! Çöl ucsuz-bucaqsız, adam balaca. Çölə heç bir şeyin dəxli yoxdur...".
Sarı-Özək çölünün razyezdində yaşayan Edigey də "bir işin qulpundan yapışmadımı, şəraitə uyğunlaşmadımı, burada kök ata bilmədimi, çətin ki, tablaya bilsin. Ötən vaqonlardan baxan bəzi adamlar heyrət eləyirlər ki, ilahi, insan da bu yerlərdə yaşaya bilər! Hara baxırsan çöldən-dərədən başqa heç nə görmürsən... ("Gün var əsrə bərabər").
Alməhəmməd kişi "yoldəyişən idi", yəni qatarların taleyini dəyişirdi! Yunan mifologiyasında Xaron qayıqla ölülərin ruhlarını yola salan kimi, o da, Səlim kişi də, Edigeydə qatarları "başqa dünya"ya yönəldirdi. Klassik psixoanalizdə qatar "o dünya" ilə bağlı simvolik obrazdır.
Alməhəmməd kişini qaranlıq şpalların üstü ilə yeriyən, qatarları yönləndirən mifik personaj kimi, onun budkasını isə sirli, mistik məkan kimi təsəvvür edirəm.
Maraqlıdır ki, povestdə Alməhəmməd kişinin obrazı daha çox gecə ilə, qara epiteti ilə bağlı təqdim edilir ki, bu da taleyin mistik işarətləridir. "Kişi gecədən durub işə gedərdi", yaxud: "Qaraca fəhlə... üst-başı mazuta bələnirdi...". "Nabat xalanın çörəyi"ndə Səlim kişinin son cümləsi Alməhəmməd kişi ilə bağlı son xatırlamasıdır. "Qiyam, sən anadan olanda Alməhəmməd kişinin budkasında oturub çay içmişik. Sonra adam yola çıxıb yolu yoxlamağa, mən də gəlmişəm evə...".
Alməhəmməd kişi, sanki ruhlar aləminə və yuxular səltənətinə qarışır.
Nəriman Həsənzadə atasının iş yoldaşının - dəmiryolçu Səlim kişinin portretini yaxşı xatırlayır. "Səlim kişi vağzal gözətçisinin köməkçisi işləyirdi. Enli kəmərindən daima səliqə ilə loğalaqlanıb qablarına qoyulmuş üç bayraq asılırdı. Onların yanından da eyni ilə qara zurnaya oxşayan bir dəmir tütək. Özü "rajoq" deyərdi. Fermanın çobanları tütəklə sürüləri necə otarırdılarsa, Səlim kişi də parovozları bu "rajoq"la elə otarırdı. İrəli get, geri dön, sağa burul, sola dön, dayan, çıx get... "Rajoq"ı necə çalırdısa, bunların hamısını parovozlar başa düşürdü. O bir dəfə də səsini çıxartmazdı.
Sərnişin qatarının gəlməsinə on-on beş dəqiqə qalmış çıxıb perronda zəngi çalardı. Qatarların vaxt cədvəlini Poylu camaatı saatla yox, Səlim kişinin zəngi ilə hesablayırdı".
...Dava təzəcə qurtarmışdı. Camaat acından qırılırdı. Babam Namaz kişi külfətini yığıb Rustaviyə gətirir. Onda şəhər təzə-təzə tikilirdi. Hərf tanımayan, dil bilməyən kişi birtəhər razyezdə işə düzəlir. Yoldəyişən vəzifəsini yerinə yetirir. Razyezd iki dəmir yolunun arasında alman əsirləri tərəfindən salınmış altı-yeddi otaqlı stansiya xidmət binasından, yolayıranın budkasından ibarət idi. Bir də hardansa, zavod tərəfdən, ya da kanaldan gələn su xətti vardı. Zavod rəhbərliyinin rəhmi gəlib su xəttini bağlamırdı. Burda bir neçə azərbaycanlı ailəsi məskunlaşmışdı.
Evin arxa tərəfindən Tiflisə, Bakıya sərnişin qatarları şütüyüb keçirdi. Bəzən sərnişin qatarı dayanmalı olurdu və səbirsiz sərnişinlər platformaya tökülüşürdü. Etnoqraf çöl təcrübəsi obyektini, sivil dünyanın unutduğu ekzotik yeri necə öyrənirsə, sərnişinlər də razyezdəki bu evi elə müşahidə edirdilər.
Gecələr evin qabağında dayanmış vaqonların qara kabus kölgəsi otaqlara düşürdü. Səhər fit verə-verə parovoz gəlirdi, maşinist kepkalı başını kabinədən çıxarıb evi salamlayırdı. Mazutlu neft çənləri, taxta-şalban, çınqıl və sement dolu vaqonlar xortumları ilə bir-birinə qoşulurdu və dinməz-söyləməz parovoz dalınca hərəkətə gəlirdi. Evin pəncərə şüşələri silkələnirdi.
Babam budkasından çıxıb tez yol dəyişirdi və qatar ehtiyat yolu keçirdi. Maşinist qatarın tüstü mesajını göylərə göndərib tində gözdən itirdi.
Babam dağ adamıydı. Parovozun qorxunc görünüşü, relslərin taqqıltısı onu vahiməyə salırdı. Razyezdin o biri başından da, bu biri başından da qatar eyni vaxtda çıxsa, kişi gerçəkdən təşvişə düşürdü. Xüsusən yolun hərəkət göstəricisində qırmızı işıq aramsız həyəcan səsi çalanda çox təntiyirdi.
Bir gün quzeylərdə qar üçün, güneylərdə sarı çiçəklər üçün, göylərin dəli gurultusu, alaçıqları döyəcləyən yağışlar üçün kişinin ürəyinin başı göynədi. Nənəmi kəndə qaytarmaq üçün nə qədər dilə tutdusa, xeyri olmadı.
Gecələrin birində Başkeçid dağlarına, Qarabulağa qayıtdı, yəni o gedən getdi. Nənəm və altı uşaq qaldı iki dəmir yolunun arxasında, razyezddə...
Frans Kafkanın yarımçıq, yığcam bir hekayəsi var. Hekayə "Kaldaya gedən yol haqqında xatirə" adlanır. Bu yol Kaldaya qədər çəkilməli imiş, amma hansısa səbəblər üzündən dayandırılır. Yolun ziyanla işləməsinə baxmayaraq, onu bağlamaq da istəmirlər.
Hekayənin qəhrəmanı Sibirdə, tikintisi yarımçıq qalmış birotaqlı stansiya binasında tək-tənha yaşayır. O, gün ərzində iki qatarın gedib-gəlməsini müşahidə edirdi. Yolun çəkilişindən qalmış şpalları da onun otağına yığmışdılar. Onun bir kimsəsi yox idi. İldə-ayda bir sərnişin azıb gəlməsə, hansısa avara, təhlükəli bir adam gecə qapısını döyməsə, tamam unudulardı. Ətrafdakı beş kəndin camaatı ilə (arabir ərzaq almağa gedirdi) əlaqə saxlamırdı. Başını qatmaq üçün tərəvəz əkmək istəyir, amma donmuş torpağı yazda əkməyə gücü çatmır. Toxum da cücərmir. Arada inək saxlamaq fikrinə də düşür.
Yalnız ayda bir dəfə inspektor onu yoxlamağa gəlirdi, qapını dizi ilə açırdı. Onun aylığını (maaşını) gətirirdi və qazandığını da əlindən alıb gedirdi. Həmişə qeydlər kitabında səhv axtarırdı. Yoxlama - təftişdən sonra araqdan vururdular, topcan üstündə ayı yuxusuna gedirdilər...
Nənəmin və babamın Borçalıdakı taleyini düşünəndə, nədənsə, Kafkanın həmin hekayəsini xatırlayıram...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!