Fərid Hüseyn - "Bir də heç vaxt" - “ÖZ ƏSƏRİNİ DANIŞDIR”

LAYİHƏ

- "Bir də heç vaxt" haqqında danışacağıq

-Bu, əgər sizlərin istəyidirsə, mənim üçün xoşdur. Sizlər deyəndə, oxucuları, müsahibə dərc olunacaq qəzeti və o mətni alnını turşutmadan oxuyacaq adamları  nəzərdə tuturam. Əks təqdirdə, mənim üçün kitabım haqqında danışmaq, başdan sona maraqsız olardı. Çünki mən İlahinin verdiyi istedadı inkişaf etdirmək, cilalamaq və onun vasitəsi ilə qalıcı, yaşarı şeirlər və yazılar yazmaq istəyirəm, istedadın dalınca düşüb onu divara-daşa vura-vura özümü gözə soxmaq, yazdıqlarını təriflərə sarı itələmək zəhlə tökən işdir.

-Bu seriyadan kitabınızın çıxmasını siz istəmişdiniz, ya təklif gəlmişdi?

-Təklif gəlmişdi, Seriyanın rəhbəri şair Səlim Babullaoğludu, qol çırmadığı əksər işlər, layihələr kimi bu kitaba peşə vicdanı, ədəbi ciddiyyəti ilə yanaşdı. Çox razıyam...

-Kitabın adı  - "Bir də heç vaxt"-necə yarandı?

-Mən sözlərdə və ifadələrdə "zərbəliliyi" sevirəm. İfadənin mənası ilə yanaşı "ağızda partlayışı" da mənim üçün vacibdir. Bu ifadə, yəni kitabın adı həm mənası ilə, həm də səsləniş qüvvəti ilə mənə doğmadı.

-Hər bir mətnin, kitabın doğma bir hekayəsi var, insan onu düşünür, xatırlayır. Yəni, kitabın araya-ərsəyə gəlmə hekayəsi, hazırlandığı zaman yaşadığınız hisslər, sonrakı sevinci... 

-Bu kitabı iki dəfə çapa hazırlamışam. Birinci dəfə çap etdirmədim, düşündüm ki, bir də oxuyaram, əlavə etmək istədiyim şeirlər vardı. Sonra əlavələri etdim. Nəhayətdə nəzərimdə tutduğum kimi alındı. Sevincim isə kitab çap ediləndən sonra oldu, çünki ali zövq sahibi saydığım yaradıcı insanlar, say-seçmə oxucular tərəfindən bəyənildiyini, ən əsası doğru qavrandığını görüb, müəllif kimi mənimlə bölüşülən fikirlərdən məmnun oldum.

-Əvvəlki kitablardan hansısa şeirlər salınıbmı bu nəşrə?

-Əvvəlki kitablardan 5-10 şeir daxil etdim, qalanları yeni şeirlərdir. Son dörd ildə yazılanlar...

-Necə bir duyğuydu məhz bu kitabın çap olunmasını gözləmək?

- Xoş duyğudur, ancaq məndən daha çox anam kitabın çap olunmasını gözləyirdi, o şeirlərimi oxumuşdu, deyirdi ki, kitabını şəklində çap elətdir. Kitab çıxan ərəfədə gəlmişdi Bakıya, dedim, yaxın günlərdə çıxasıdı, getmədi, gözlədi... Mənə əsas onun sevincindən pay düşdü...

-Deməli, bu kitabı bir də ananıza ən gözəl hədiyyə adlandırmaq olar. Şeirlərinizə yanaşması necədir ananızın? Məqamı düşmüşkən bu barədə danışın...

- Anam rayonda yaşayır,2-3 aydan bir gəlir yanıma. O, mənim bütün yazı arxivimi səliqəylə yığır. Şeirləri, esseləri, tərcümələri, müsahibələrimi və sair. Hər birini ayırıca qovluqlarda saxlayır. Səsləndirilən şeirlərim telefonunda var. Mən kitabları oxuduqca rayona göndərirəm, burda az kitabım var. Orda kitabxanamı formalaşdırıb, tez-tez onların tozunu silir, hazırlayıb, kataloqlaşdırıb ki, nəyin harda olduğunu bilim. Eyni zamanda cehizlik servantının şüşə gözlərini çıxartdırıb, yerinə taxta vurdurub kitab şkafı  mənədüzəltdirib. O məni anlayır, dəyərləndirir, və bu mənim ədəbiyyata sevgimi daha da artırır. Bakıya gələndə kitablardakı qeydlərimi iki təsnifat üzrə dəftərlərə köçürür

- Yeri gəlmişkən, yaradıcı insanın ruhunun sakitliyi ona doğma adamlardan gələn gözəl hisslərə də borcludur, razısınızmı bununla?

- Ədəbiyyat adamlarının çoxu aqressivdirlər, deyirlər oxucular bizi anlamır, ailəmiz yazdıqlarımızı başa düşmür. Və bu, insanda eqo yaradır, ən zəif yazan da elə bilir onu anlamırlar. Ancaq etiraf edək ki, ailədə insanı dəyərləndirən olanda cəmiyyətin biganəliyi də o qədər köksyandıran olmur. İnsanları qınamıram, yazanların sayı dəhşətli dərəcədə çoxdur, adamların vaxtı yoxdur onları seçsinlər, sosial şəbəkələr isə bu seçim imkanını lap məhdudlaşdırır, qarışıqlığı artırır, mübarizə üsulu yoxdur, nəticədə Ali ilə axmaq eyni çərçivənin arxasındaymış kimi görürlər. Ona görə də böyük ədəbiyyatla məşğul olanlar içəridən sınır, ailə tərəfindən qəbul edilməyəndə isə faciəsi lap qaçılmazlaşır. Eyni dildə danışıb, eyni evdə yaşayıb, eyni qabdan yeyib illərlə bir-birinin kim olmasından xəbərsiz adamlar, ailə üzvləri var.

- Kitabınızda birbaşa ananıza ünvanlı şeir varmı?

- Bu kitabda yoxdur, "Qandalı görməsin" adlı kitabımda "Özüm öz ölmümə qara kağızam" adlı bir şeirim Anama həsr olunub.

-..."Mən şeirlərimi reseptlərdən sonra yazdım
o zaman ki, dərmanlar kar etməmişdi ağrılara"...
Hansı ağrılar var ki, şeirlər onları ovundurur?

-Şeir ağrıları xatirəyə çevirir.  Ədəbiyyatın gücü bundadır Allah övlad dağını heç kəsə göstərməsin, çünki başqalarının timsalında görmüşəm ki,  o ağrıyla barışmaq olmur, bir də bədən üzvlərinin itirilməsiylə. Yerdə qalan ağrılarla hardasa uyğunlaşma, kənardakılara baxıb təsəlli tapmaq, gələcəyə bel bağlayaraq toxdamaq olur. Əksərən ciddi şeirlər, ağrılı sətirlər, təsirli düşüncələr hamısı dərd-bəladan doğulur. , çatışmazlıqların ifadəsindən vücud tapır. Ağrılarım keçib, ta danışmayaq onlardan, "özümü dərdin yadına salmaq" istəmirəm...

-"Şəkillər yanır", adamlar "sevirəm" deyə bilməyə "vaxt tapmadan ölür", "qapılar bağlanır"... Bəlkə də bunlar unudulardı, amma baş verməsi unudulmur... "Xatirələr əzab verir"mi? Axı "Xatirələrin içimdə qəlpə kimi gəzindiyini" görmüsünüz...

- Heç nə unudulmur, hər şey öz adıyla əzaba dönür: Sevgi sevgi adıyla, nifrət nifrət üzüylə. Unudulmaq deyilən şey yoxdur bəlkə də, xatırlamamaq, yaxud gec-gec anmaq var. Ürək xəstəliklərinin çoxu tam sağalmır, sadəcə tutmalar gec-gec olur, yaxud ağrının dərəcəsi azalır, yaxud hansısa bir xəstəliyə çevrilir, adı, ünvanı dəyişir. Görünür, ürəklə bağlı heç nə təsadüfü deyil....

- Sizin şeirlərinizi mənə sevdirən hiss onlarda nifrətin olmamasındadır... Hər kəsi anlamaq-atıb gedənləri də qalıb incidənləri də... Allahın yazdığı alın yazısına üsyansızlıq, ancaq və ancaq ruhun təmizliyini qorumaq,"bir -iki dəyərli şeir" kimi təmənnasız və sadəcə yaşamaq... 
Bir də baxarsınız ki, uzaq bir şəhərdə tanımadığınız " bir qarının gəlinlik donunda dilənməsi" sizi dəli edə bilər...

- Sağ olun, dəqiq müşahidənizə görə. Bunun belə olmasının əsas səbəbini odur ki, mən hamının bir-birini bağışlamasının tərəfdarıyam. Bu yaşımayaraşmaz müdriklik-filan deyil, sadəcə belə düşünürəm. "Bağışlamaq" şeirində fikrimi imkan daxilində ifadə etməyə çalışmışam:

Tanrıya sevgi tövbəni pozmamaqdı,
bəndəyə sevgi hər dəfə bağışlamaqdı.
Kürəkdəki dost yarasın unudub,
yar bıçağın çıxardıb,
gülərüzlə onlara meyvə doğramaq gərək.

Səni aldadanın da,
səni ağladanın da taleyidir günahı.
Ürəyini açmalı, əlini uzatmalı,
özgənin günahına öz suçuntək ağlamaq -
bağışlamaq hamını, hər dəfə bağışlamaq...

-Amma bir yandan da əvvəl də dediyimiz kimi: "Mən hamını unudub sonra yazmaq istəyirəm" ancaq gücünüz çatmır...  və buna görə də yazdıqlarınız da "soyutmur ürəyinizi"... Yəni, bəlkə də Qahirədə bir dünyadan o biri dünyaya beş xırda pulla keçmək olar, amma daha ömür tərəfə keçmək olmur...
Fərid Hüseynin səyahətlə arası necədir?

- Dünyanın müxtəlif ölkələrində olmuşam. Xeyli şəhərləri həm qatarla, həm gəmiylə, həm də maşınla gəzmişəm. Elə ölkə olub ki, 10 şəhərini gəzmişəm. O şəhərlərin bəziləri haqqında şeirlər yazmışam və onların hər biri təsvir yox, mahiyyət ağırlıqlıdır. Məni dünyada heyrətə gətirəcək şeylərdən biri də budur ki, izdihamlı küçələrdə gedərkən qəfildən düşünürəm: sənin reallığınla, dininlə, düşüncənlə yaşamayan gör nə qədər adam, tale var və onlar necə yaşayır, nə düşünür və s. Dünyanın böyüklüyü, say və tale çoxluğu məni heyrətləndirir. Çalışıram hansı ölkəyə gedirəmsə mütləq reportajlar, yazılar və əgər ürəyim diktə edirsə şeirlər yazam. Beləcə, istirahət üçün getdiyim səfərlər də yaradıcı səfərə çevrilir çox vaxt.

- Ən çox hansı şəhəri sevmisiniz?

- Sankt-Peterburq, Praqa, İstanbul...

-Şerlərinizin  adi adamların yanından xəbərsizcə keçib getdiyi şeyləri duyduğunu  oxudum. Keçmiş, bu gün, gələcək, nigaranlıq... Bir də harda olursunuz olun içinizlə daşıdığınız şeylər... "Bəzən böyük şəhərlərə" "hansısa xatirənin ardıyca" da gedilir, onun  "balığının üstünə limon sıxmağa da", "onu" axtarmağa da...

-Hə bəzən xatirələrinin dalinca getmişəm hansısa şəhərə. Harda ki, bir ömürcə məni təqib edəcək xatirələr var, o yerlər mənim xatirə marşurutu seçmişəm özümə. Gedəndə o yerləri eyni yolu tutub gəzirəm, düşünürəm...

-Fərid Hüseyn şəhərləri dolanır. Baxır, düşünür, axtarır...  Suallar verir... Məsələn soruşur ki-Müəllim kimdir? Və budur o-"Suallara cavabı olan"... Lakin bir yandan da "Hər şeyin doğrusunu Allah bilir" deyərək öz həqiqətini gizlətmək stəyir... Həqiqət nədir? O hansı məkanda gizlənib?

- İnsan yanılır, çünki xeyirli bildiyi məlum olur ki, onun ziyanına imiş. 40 il yaradıcılıqla məşğul olub axırda oxunmamaq, unudulmaq nə deməkdir? 40 il aldanmaq deyil? 40 il doğru hesab edib yanılmaq deyil? Ona görə də Allaha təslim olmağı - nəticəni qiymətləndirməyi seçirəm. Duaların birində belə bir məqam var: "İlahi, mənə hər iki dünyada xeyirli olacaq ruzi bəxş et". Çünki ola bilər ki, bu dünyada xeyirli bildiyin ruzi, o dünyada zəqqumun olsun. Mən axirət dünyasına inanıram deyə, bu fikri qəbul edirəm. Həqiqət nədir, Ölüm nədir? Belə suallara cavab vermək mənimçün çətindir, çünki insanın bir ömür düşünməli olduğu məsələyə 15 dəqiqəyə cavab verə bilmərəm. Bir gün Şopenhaur bir bağın yanından keçir, gözəl gül sataşır gözünə, əyilib dərmək istəyəndə, bağban qışqırır: Sən kimsən? Filosof cavab verir ki, mən ömrüm boyu bu sualın cavabın düşünmüşəm. Yəni "mən kiməm?" sualının cavabını.

- Gözəl cavabdır, çox sağ olun. Kitabda növbəti bölüm "Zindan şeirləridir" Adı belə çox ağırdır... Üstündən xeyli zaman keçib həmin hadisələrdən, hələ də yazılırmı "zindan şeirləri"?

- Kitabda yer alan "Həbsxana haykuları" silsiləsi yenidir. Bilirsiz ki, haykular təbiət təsvirli şeirlərdir və məlum ölçüsü var. Mən o silsilədə həbsxananın "təbiəti"ni canlandırmışam         

-Şair üçün zindan haradır?

- İki əsas zindan var: düşüncənin səni saldığı, saxladığı yer, bir də qorxularının qalası. Bunlar ən dəhşətliləridir. Ancaq bizim bildiyimiz mənada  həbsxana da usandırıcıdı, xüsusən, qürbət ölkədə.  Bəlkə də inanmırsınız, həbsxanada mən ən çox məni sevənlərin dərdini çəkirdim ki, niyə onlara bu nisgili, ağrını yaşatdım. Sağ olsun dövlət başçısı da, dövlətimiz də, bu xüsusda çalışanlar da, azadlığımızı istəyənlər də, ürəyi yananlar da..

- Bəli, sağ olsunlar həqiqətən. Mən o günləri yaxşı xatırlayıram, sarsılmışdıq, dostlar nəsə etməyə çalışırdılar,  narahatlıq ifadə edilirdi...  Şükür ki, keçdi... Zindan sizə həm də gözəl mətnlər qazandırdı. İndi o günləri düşünəndə dediyiniz olurmu heç-kaş nə o zindan olaydı, nə də bu mətnlər?

- Əlbəttə, o fikirdəyəm. Dostoyevski deyirdi ki, heç bir müharibə qələbəsi bir uşağın göz yaşına dəyməz. Əsər yazmaq üçün bəlaya sevinmək olmaz. Onda biz müharibələrə görə sevinməliyik ki, nə yaxşı müharibələr olub,  Remark o cür əsərlər yazıb. Bu səhv qənaətdir. İnsan və sakit həyat çox qiymətlidir.

-Zindan həm də o yerdir ki, orda ancaq insanlar var. Talelərini zindana daşımış, ya da talelərinin zindana gətirib çıxardığı insanlar. Başqa heç nə yoxdur, nə küçə, nə ev, nə çöl, nə dəniz...  Ancaq və ancaq insanlar və sizin  qeyd etdiyiniz kimi, taleləri izləyirsiniz...  Təsvir edirsiniz... Üstəlik, orda, o zaman içərisində deyil, sonradan da... Bu da bir cür xatirələrin əzab verməsidirmi?

-Talenin içində hər şey var: həç peşimanlıq, həm nəticə, həm günahkarlıq duyğusu, ən əsası da dərk. Ona görə kənar təsvirlərə ehtiyac görmürəm. Çünki azadlıq orda təxəyyüldür. Təxəyyül təsvirdir, reallıq yox. Reallığın təsvirə ehtiyacı var ancaq.

-Fərid bəy, kitabda elə kitabdan gələn şeirlər var. Məlum, geniş məlumatlı müəllifsiniz, dünya ədəbiyyatına yaxşı bələdsiniz. Görünür bu mətnlərinizdə öz izini qoyur. Lermontov, Tostoy, Axmatova, Svetayeva, Nizami Gəncəvi, Məhəmməd Hadi, o. Henri,  Nazim Hikmət...  Bunlar həm də sevdiyiniz müəlliflərdir-demək olarmı?

-Oxuduqlarim da mənim həyatimin bir hissəsidir, onlar haqqında düşündüyüm vaxt da ömrümdür, deməli bütün sadaladıqlarım həyatımdır. Kitablara da həyatımın bir hissəsi kimi baxıram, onlar da həyatla əlaqəlidir.

-Məlum, ədəbiyyatda "həyatdan gəlmə" və "kitabdan  gəlmə" söz-söhbəti səngimir. Buna əhəmiyyət verməyə dəyərmi? Məncə siz "yox" cavabını seçəcəksiniz, kitabınız da buna cavab ola bilər

- Həyatdan və kitabdan gəlmə anlayışı müasir qavramda yanlışdır, var ürəyi ilə rabitəni itirənlər və itirməyənlərin yazdıqları. Bizə mətnləri süni göstərən, əslində, şeiri düşünərək, yəni ürəkdən xəbərsiz  yaratmaqdı. Süniliyin baiskarı kimi nədənsə həmişə barmağımızı kitablara tuşlayırıq. Ürəyi ilə əlaqəni itirənlərə, obrazları robotları xatırladanlara, "alternativ dünya" adı ilə senton, qurama mətn yaradanlara kitabdan gəlmələr deyilir. Fikrimcə, ədəbiyyat ifadə edə bilmək sənətidir mənə görə. Ürəyindəki bütün sözlər dilimizə gəlirmi? Xeyr, eləcə də düşündüklərini istədiyi kimi yazmaq, həyati, canlı təsvir etmək hər adama müyəssər olmur. Bunu yalnız təbii istedadı olanlar, ürəyi ilə rabitəsi qırılmamış qələm adamları edə bilir.

- Oxuduqlarınız yazdıqlarınıza nə dərəcədə əks olunur?

- Mən oxuduğum mətnləri həyatla, günlə, düşüncəmlə əlaqələndirirəm, düşüncələrimi yazıram, birbaşa təsir və ya fikir təlqinindən söhbət gedə bilməz. Gündə ən azı 6-7 saat mətn oxuyan bir adam kimi - işlə bağlı və mütaliə - kitablar, əsərlər ömrümün bir hissəsidir, təkcə mənim yox, başqa yaradıcılarda da belədir. Həm klassik ədəbiyyatı, həm də müasir dünya ədəbiyyatını bilməyi, öyrənməyi isə əsas məqsədlərimdən biri hesab edirəm.

-  "Qəlbin tərbiyə dərsləri"...  Dərin anlam ifadə edir. Bu bəlkə də elə "şair adam" olmaqdır, çox az şair həm də "şair adam" ola bilir. Siz razılaşırsınızmı "şair adam" olmağınızla?

- Razıyam... Şairlik şərəf gətirən bir peşədir, həyat tərzidir. Ürəyinlə rabitəni itirməməkdən böyük səadət barədə düşünə bilmirəm. Bu səadəti isə mənə şairlik bəxş edib.

-  Marağımı kitabınızdakı başqa bir bölmə çəkdi: "Liriklər və antiliriklər"....

- "Bir də heç vaxt" kitabında sevgi, ayrılıq, nisgil ilə bağlı şeirlər adını çəkdiyiniz bölmədə cəm olub. O şeirlərdə mənimlə birgə böyüyən sevgi hissinin ayrı-ayrı yaş dövrü əks olunub.

- Və "Müharibə şeirləri"... Həyatınızda müharibənin hansı izləri var? Nədir sizin üçün müharibə?

- Birinci sinfə gedəndə məktəbin dəhlizində gördüm ki, çoxlu şəhid şəkilləri, adları yazılıb. Hər ay ya soyqırım, ya işğal günüdür, matəm tarixçələri ilə doludu həyatımız. Müharibəni uşaqlığıma düşmən hesab edirəm. Çünki müharibə olmasaydı Azərbaycan tamam başqa cür olardı. Əminəm ki, poeziyamızın mövzuları da fərqlənərdi. Beyninin bir tərəfində daim düşməninin varlığını bilmək, insanın rahatlığını əlindən alır. Qarabağ işğal olunmasaydı, 20 Yanvar hadisələri olmasaydı, heç o günlərdə toplanmağa da ehtiyac qalmazdı, o barədə yazmağa da. Müharibə gözəlliklərin ikinci plana keçməsidir. Kaş əbədi sülh, firavanlıq olardı, bu qədər ağrını yaşamazdıq. Düşünün, əzəldən sülh və xoşbəxtlik içində yaşayan, dinc bir xalq...

-Ölüm əbədi mövzudur...

- Ölüm haqqında çox düşünürəm. Qəbiristanlığa yaxın evdə yaşayıram deyə istədim, istəmədim gedib-gələndə yolum o son dayanacağın yanından keçir. Baxıram məzarlara, deyirəm, İlahi, bunlar da bizim kimi, yeyib, içib, gəzib, gülüb, arzuların ətəyindən yapışıblar. İndi də mərmərdən boylanırlar. Ölüm insana hər şeyin axırını düşünmək şansı yaradır.

- Bir tərəfdən də "Allah bizə azmaq fürsəti verir ki, azmayaq"...  Qısa, bütöv, həqiqəti ən yaxşı nişan verən qənaətə gəlmək...  Bu haqda danışmağı sizin öhdənizə buraxıram...

- Qoyulan bütün qadağalar azmamağımız üçündür, ancaq qadağalar insanın rahatlığını zəbt edir. İnsan ucalır qadağalarla, ancaq riayət etməyə iradəsi çatmır bəzən. İmtahanları ağırdır dünyanın, cavanlıqda vicdanın sümükləri bərkiməmiş onlarla mübarizə çətindir, axı həyat gözəldi, cazibəlidi...

- "Tanrını əlinizdən ala bilməzlər" və ancaq buna görə "adamlara minnətdar olmağa dəyər"...  Buna görəmi "bağışlamaq hamını, hər dəfə bağışlamağa" dəyər?

- Bağışlamaq lazımdır. Yalnız bağışlayanda xilas ola bilirik. Əgər "çarmıxa çəkilməyə bir nəfər lazımdır desələr" heç kəs İsa Məsihi ideal saymayacaq.  Tarix göstərir ki, "cəzalandırılmağa ən layiq olan" məsumlarmış. İsa Məsihi xatırlayaq...

-Belə bir sual yarandı içimdə, sizi, şair olaraq nə əsəbləşdirə bilər?

- Yaradıcı insanı ən çox əsəbiləşdirən şey yazdıqlarının səhv başa düşülməsi və təhrif olunmasıdır. Yalançı tərif isə həm şəxsiyyətə qarşı əsl münasibətin, həm də yazdıqlarına formalaşmalı olan həqiqi dəyərin təhrifi deməkdir.

- Şeirlərinizdə peşmanlıq duyğusu görünüb-itir... Peşman deyilsiniz ki?

- Mənim beynim qəfil qərar verə bilmir, verəndə də səhv edirəm. Mən ən adi şey haqqında bəzən iki gün düşünürəm, əslində, səbirli adamam. Ancaq nə baş verirsə, əksərən xeyirliyə baş verir.  Nizami deyir ki, "nə atəş bilir ki, yandırıcıdır, nə də su bilir ki, dirilik saçır". Yəni insan, əslində, ona verilən missiyadan çox vaxt xəbərsiz olur. Nə mənim ürəyimcə deyilsə, onu edirəmsə, xeyir tapmıram. Ağlımın ümidinə qalsaydım bəlkə də riyakarın yekəsi olardım, şükür ürəyim mane olur mənə və  nə yaxşı ki, ürəyimin bir dediyini iki eləmirəm. 

Söhbətləşdi:
Hədiyyə Şəfaqət


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!