"Segah" havası var, hava nəmlidi...
"Segah" havası var bu yazılarda! Dünənin ruhundan qopub gəlirik, sabaha düşürük bu yazılardan:
Ruhumu cənnətdə gördüm,
Pəncərədən baxırdı.
İlahi, mən içdən öldüm,
Bu nə uğursuz axırdı?!
Əbülfət Mədətoğlunun "Bir qadına" kitabında yer alan misralardı; səmimiyyəti, duyğusallığı ilə bir arada. Sözlər göz yaşıtək süzülüb gəlir...
Əsas olan fikrin şairanə, gözlənilməz ifadəsidi. Əsas olan oxucunun bu səmimi misranın təskinliyilə barınmasıdır:
Seçdiyim yolu geyindim
Ymid adına, adına...
Xalq yazıçısı Elçinin əhatəli və maraqlı ön sözü ilə açılır Ə.Mədətoğlunun "Bir qadına" adlı şeirlər toplusu. Annotasiyada deyildiyi kimi, "bu, bir sevgi kitabıdı...". Oxunan hər misra, hər bənd, hər deyim eyzən sevgi dərsi verir adama. Özü də daha çox, daha huzurlu... Təbiidi və "bu şairin iti uclu poetik texnikası var... O, sərbəst şeirdə də, hecada da, destruktiv şeirdə də, qoşmada da, gəraylıda da professionaldır". Eyni zamanda "Əbülfət Mədətoğlunun lirik qəhrəmanın ruhla bağlılığı elədir ki, onun kədərində oxucunun hiss etdiyi, duyduğu həmin poetik ruh olmasa, o da bir bədii surət kimi məhv olacaq" (Elçin).
Bu maraqlı fikirləri Ə.Mədətoğlunun oxunduğu andaca yaddaşa hökm edən, zövqü oxşayan könül nəğmələri izləyir eyzən:
Bu səhər yenə də mənsiz açıldı,
Sən öz tellərini say ki, gün keçsin...
Sayıb qurtarmağa səbrin çatmasa,
Sinənin üstünə yay ki, gün keçsin!..
...Oğul istəyirəm dərdi yeridə,
Yuyub göz yaşında, asa şəridə!
Ruhum uzaqlarda, cismim bəridə -
Sayılsın hər həftə, ay ki, gün keçsin!
Belə uğurlu, yaddaqalan deyimlər, mətləblər təqdim olunan kitabda sıx-sıx yer alıb. İstinad edəsi olsaq gərək bütöv bir kitabın üzünü köçürək yazımızın bu yerinə. Amma dadını-tamını bilmək üçün dəryanı içməzlər ki... Tək bircə bu şeir bəs eləyir ki, Əbülfət haqqında qəlbən yazasan:
Elə istəyirəm qovuşsun yolum,
Bir az önə çıxım, öndə dayanım.
İndi ki, kölgənəm - qoy özün olum,
Mən də günə çıxım, gündə də yanım...
...Allahın hər cürə payı içində
Əbülfət gün görmür ayı içində.
İtim adamların sayı içində -
Çıxıb adamlıqdan, gendə yaşayım!
Poeziyada isə daha çox fərdiyyətə hesablanıb Əbülfət Mədətoğlunun yolu. Uğurunu çoxdan diləyiblər. Biz bəhərini görür, bəhərindən barınırıq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!