“Ədəbiyyat qəzeti” yeni layihəyə start verir. “Ömrümün keçdiyi sahildən uzaqlaşdıqca”. Bu layihədə tanınmış qələm adamlarının yaxınları onlar haqqında xatirələrini bölüşəcəklər. İlk həmsöhbətimiz şair Əliağa Kürçaylının oğlu Ülfət Kürçaylıdır.
- Ülfət bəy, layihəmizin formatına uyğun olaraq gözəl şairimiz Əliağa Kürçaylı haqda xatirələrinizlə oxucularımızı tanış edəcəyik. Maraqlıdır, sizin üçün xatirə nədir?
- Xatirə... Bu, əslində itirdiklərimiz, daha həyatda heç vaxt əlimizin çatmayacağı anlardır. Xüsusən, sənin üçün əhəmiyyət kəsb edən nə iləsə əbədi vidalaşmaq, əlbəttə, insanı ağrıdır. Düşünəndə ki, bir saat, bir dəqiqə, hətta bir an əvvəl gördüyün, iştirakçısı olduğun hadisə, etdiyin söhbət bir də heç vaxt eyni ilə təkrarlanmayacaq, üzülürsən. Yəqin elə buna görə xatirələr bizim üçün qiymətli və şirindir. Əliağa Kürçaylı "Turac" şeirində dediyi kimi:
Gəl səninlə səhər-səhər
Seyrə çıxaq biz bir qədər.
Ömrümüzdən keçən günlər
Bir də dönmür dala, Turac!
Bunlar şirin xatirələrdir. Amma bəzən həyəcan, itki, məhrumiyyətlərlə dolu yaşadığın günlərdə xatirindən silinmir. İstəsən belə bunlardan qurtula bilmirsən.
- Uşaqlıq illərinizin atanızla bağlı ən işıqlı xatirələri hansılardır?
- Ən işıqlı xatirələr deyəndə, atamla bağlı əlbəttə ki, hər şey yadımdadır və bunlar, sözssüz, mənim üçün çox əziz anlardır.
- Məsələn...
-Məsələn, 60-cı illər idi. Yadımda deyil, məktəbə gedirdim, yoxsa yox. Amma o yadımdadır ki, Azərbaycanda Rusiya Poeziya günləri keçirilirdi. Moskvadan Rusiya yazıçı və şairlərindən ibarət böyük bir nümayəndə heyəti gəlmişdi. Poeziya gününün formatına uyğun olaraq hər gün haradasa bir tədbir keçirilirdi. Rusiyalı yazarları Azərbaycanın ən səfalı, ən gözəl yerlərinə aparıb qonaq edirdilər. Səhv etmirəmsə, nümayəndə heyətinə SSRİ Yazıçılar İttifaqının sədri, məşhur Sovet yazıçısı Konistantin Fedin başçılıq edirdi. Bir gün nümayəndə heyəti, tədbir iştirakçıları Astaraya yola düşdülər. Atam məni də özüylə apardı. Yadımdadır, Astaranın füsunkar təbiəti ilə yanaşı zəngin mətbəxi də qonaqları valeh etmişdi. Güclü yemək-içməkdən sonra hamı yatmağa getdi. Səhər atamla durub gördük ki, Fedin tək-tənha, bir əli belində, o biri əlini alnına dayaq edib, Astaraçay kənarında dayanıb ətrafı seyr edir. Ona sarı getdik. Birdən Fedinin gözü çayın hər iki tərəfində sahilə yığışmış qadınları aldı. Onlar körpələrini baş üzərinə qaldırıb bir-birinə göstərir, "sabahın xeyir" deyir, hal-əhval tuturdular. Bu mənzərəni xeyli nəzərdən keçirən Fedin nəhayət üzünü Kürçaylıya tutdu:
- Aliağa, bu iranlılarla bir -birinizi nə yaxşı anlayırsınız. Bayaqdan baxıram, qadınlar bir-biri ilə çox rahat danışırlar.
Kürçaylı çox ciddi tərzdə, aramla, belə cavab verdi:
- Konistantin Aleksandroviç, onlar iranlı olmaqla yanaşı, həm bizim soydaşlarımızdır, həm də bu tay astaralılarla qohum-əqrəbadırlar, dillərimiz də birdir.
- Bəs onlar o taya necə düşüblər?- deyə görünür tariximizdən bixəbər olan Fedin sadəlövhlüklə soruşdu.
- Onlar elə ömrü boyu orda yaşayıblar, Konistantin Aleksandroviç, sadəcə bizim xalqı, Araz boyu, Astaraçay boyu iki yerə bölüblər, - deyə anlatdı Kürçaylı.
-Sluşay, kak vı terpite! -söyləyən Fedin məsələni bir az da qəlizləşdirdi.
Bu yerdə Kürçaylı doluxsundu. Üzünü yana çevirib qeyzlə dodaqaltı öz-özünə dedi: Terpet eləməsəm, gərək səni yıxıb, təpiyimin altına salam!..
Araz, Astaraçay axır lal kimi,
Onlara çatırmı sözlərim mənim?
Gəzib-dolaşmaqdan sahil boyunca
Pozur bir-birini izlərim mənim!
Atamın bir çox Cənub həsrətli şeirləri də elə o vaxtlar qələmə alınmışdır.
-Uşaqlıq xatirələri heç bitməz, tükənməz...
- Elədir. Bir dəfə də, yadımdadır, məktəbin aşağı siniflərində oxuduğum vaxtlar idi. Ailəliklə hamımız atamı Moskvaya yola salırdıq. Qatarın yola düşməsinə az vaxt qalırdı. Kupedə oturub, söhbət edirdik. Elan olundu ki, ötürənlərdən xahiş olunur qatarı tərk etsinlər. 5 dəqiqdən sonra qatar yola düşəcək. Kürçaylı qalxdı ki, bəs yavaş-yavaş gedin, məndən nigaran qalmayın.
Elə o an qəfil soruşdum ki, ata, bəs, birdən kimsə yaddam çıxıb qalsa, onda nə olar?
Atam güldü, məni qucaqlayıb dedi:
- Qaqaş, bu dəfə tək getməliyəm. İnşallah, gələn dəfə səni də apararam, söz verirəm.
Gözlərindən və səsindən hiss olunurdu ki, özü də bizdən asanlıqla ayrıla bilmir... Ürəyi bizimlədir. Lap "Ürəyim" şeirində olduğu kimi:
Fit verib yoluna düzəldi qatar,
Qaldı bütün şəhər, dostlar, tanışlar....
...Gərib sinəsini tufana, qara
O gedir arxada qoyub düzləri
Ürəyim səssizcə düşüb yollara
qayıdır geri...
- Əliağa Kürçaylı sizin üçün ata olmaqdan əlavə kim idi?
- Qüdrətli şair, Vətənini hədsiz məhəbbətlə sevən vətəndaş və ləyaqətli bir kişi. Mən lap erkən yaşlarımdan onun gözəl şair olduğunu anlamışdım. Bunu o, özü də yaxşı bilirdi. Qəribədir, əsl şair, ömrünün elə bir çağına yetişir ki, özündə bunu etiraf etməyə ehtiyac duyur. Puşkin deyirdi: Mən şeirimlə özümə heykəl ucaltmışam". Böyüklüyünü duyan Sabir də bundan yan keçməyib: "Bənzərəm bir qocaman dağa ki, dəryada durar..." Kürçaylı isə bu hissi belə ifadə edib:
Yox, təvəzökarlıq tutmur bu yerdə,
Şairəm, özü də yaxşısındanam.
Bunu yüz yol deyib tənqidçilər də,
Lap heç deməsinlər, məgər nadanam?!
Gücümü, qüvvəmi görmürəm məgər,
Məgər mən görmürəm yaxşını, pisi?
Öz zövqüm, mənimçün dünyaya dəyər
gəlsə də dünyanın min tənqidçisi....
Odur ki, atamı oğul kimi sevməklə yanaşı, ona vicdanlı şair və ləyaqətli insan kimi də hörmət bəsləmişəm. Ləyaqət, Kürçaylı üçün çox vacib məfhum idi. İnsan münasibətində bunu vacib kriteriya kimi qəbul edirdi. Əksər kitablarında "Ləyaqət" başlığı altında xüsusi bölmənin olması təsadüfü deyil. Ləyaqət və bütövlük. Bütövlük adında hətta Dövlət mükafatına layiq görülmüş, yaradıcılığının mühüm bir mərhələsini ehtiva edən, bir növ yekun, hesabat xarakteri daşıyan kitabı da var. Əlbəttə, bu iki anlayış Kürçaylı üçün xırda məişət çərçivəsini aşaraq geniş məna daşıyırdı.
- Ülfət bəy, ötən günlərə qayıdanda atanızın sizi daha çox əzizləməsi, yoxsa tələbkarlığı yada düşür?
- Əslində o, məni nə çox əzizləməz, nə də mütləq nəyisə tələb etməz, sıxışdırmazdı. Əlbəttə, uşaqlıqda mən də əzizlənmişəm, amma müəyyən dövrə qədər. Həddi-buluğa çatdıqdan sonra, oğlan uşağı olduğumdan mənimlə daha çox yoldaş, dost kimi davranır, söhbət edir, zəhmətə alışdırmağa çalışırdı. Lakin o da moizə şəklində yox, şəxsi nümunəsi vasitəsi ilə. Məsələn, bağda ağacları mənim yanımda budayır, peyvənd edir, dibini belləyir, meynələri lağanda edir, qoyunu kəsir, soyur, manqalı, samovarı qalayırdı. Deməsə də, bilirdim ki, istəyir bunları mən də öyrənim. Əlbəttə, indi evdə çox işin öhdəsindən özüm gələ bildiyim üçün ona minnətdaram. Amma bilirdim ki, üzdə bildirməsə də, məni çox istəyir və hər arzumu yerinə yetirər.
-Bəs uşaq şıltaqlığınız necə, olurdumu?
- Yox, mən onun qəzəbli olmasını heç yadıma gəturə bilmirəm. Şıltaqlıq isə olurdu, məsələn, bir gün bağda tutdum ki, bizi ova apar. Əvvəl razılaşmadı, dedi ki, a bala, Goradildə nə ov, rayona gedərik apararam. Baş beynini o qədər apardım ki, axırda dedi, yaxşı, get onda Sadıq əmiyə, Gəray əmiyə de, uşaqları hazırlasınlar (Sadıq Murtuzayev və Gəray Fəzli bağ qonşularımız idi). Xülasə, beş-altı oğlan uşağını maşınlara doldurub düzəldilər yola. Quş-zad nə gəzirdi. Maşınları boşuna ora-bura sürürdülər. Amma mən əl çəkmirdim. Axır o qədər dirəndim ki, atam məcbur olub maşından düşdü və işıq dirəyindəki sığırçınlara güllə atdı. O gün görüb-götürdüyümüz elə o oldu. Mən yenə əl çəkmədim. Maşınları dənizə tərəf sürdülər. Dənizdə çoxlu sayda ördək vardı, amma uzaqda idilər. Atam sahildə ölü bir qağayı gördü. Tez tüfəngi göyə tutub atəş açdı. Gəray Fəzli o başdan qaça-qaça gəlib soruşdu ki, Əliağa, vurdun? Atam yerdə ölü qağayını qaldırıb Gəray əmiyə göstərdi. Gəray Fəzli sevindiyindən bilmədi nə etsin. Sonralar Kürçaylı həmin əcaib ov günündən zarafatla "Heydərbabaya salam" üslubunda 10-15 bəndlik şeir yazdı. Hamımız əzbərləmişdik və məclislərdə uşaqlar həvəslə oxuyardılar. Heyif ki, indi yalnız iki bəndi yadımda qalıb:
Heydərbaba, Goradilin havası,
Sularında üzür ördək topası,
Adam istər əl uzadıb tutası
bizsə orda vurduq ölü qağayı
Bu əhvalat sevindirdi Gərayı.
O dedi ki, görən necə quşdu bu,
Hansı yerdən bu yerlərə uçdu bu,
Sağ idimi, yoxsa vurulmuşdu bu?
Bizim yerdə buna ördək deyirlər,
Soymayırlar, tüklü-tüklü yeyirlər...
Gördüyünüz kimi zarafatla, uşaqları əyləndirmək üçün yazdığı şeir də kifayət qədər mükəmməl alınıb.
- Əliağa Kürçaylının ətrafı geniş olub, deyirlər. Bəs dostları ilə münasibəti necə idi?
- Dostlarının sayı-hesabı yox idi, düz deyirlər. Sıralarında qələm dostları da çox idi. Qapımız qonaq üzünə həmişə açıq olub. Kürçaylı onların gəlişinə həmişə sevinirdi. Mənə elə gəlir ki, ümumiyyətlə, bizim evdə olan məclislər qonaqların sayına və deyib-gülmək əmsalına görə heç bir evdə olmayıb. Kürçaylı dost üçün canını verərdi, dost yolunda hər cür fədakarlığa hazır idi, amma qarşı tərəfdən də bunu həmişə umurdu. Biz bəzən hansı dostununsa müəyyən məqamda fikrimizcə, səhv etdiyini dilə gətirəndə, həmişə sözümüzü kəsir, onlar haqqında artıq-əskik danışmağa imkan vermirdi. Məncə, o birilərdən nisbətən az görüşsə də, ən ürək qızdırdığı, çətin məqamda ürəyini aça bildiyi dostları Sadıq Murtuzayev, eloğlusu Qəzənfər Hümmətov, Arif Məlikov və prokuror Hacı Rəhmanov idi.
Həyətdə kimi görsəydi, söhbət edər, zarafatlaşardı. Kürçaylını ümumuyyətlə zarafatsız təsəvvür etmək mümkün deyil. Danışsam, çox vaxt aparar, bunu hamı bilir. Hətta Təzə Pirin mollasıyla da zarafatı var idi.
- Yəqin oxucu-şair münasibətləri olub...
- Yox, danışım biləcəksən. Demək, atam səhər alaqaranlıqda durub yazılarını şüşəbənddə yazardı. Saat da gözünün qabağında olardı. Bəzən görürdü ki, sübh namazından beş-on dəqiqə keçib, mollanın səsi gəlmir. Təzə Pir bizdən iki-üç tin yuxarıdadır axı. Aradakı evlər isə alçaq, bir-iki mərtəbəlidir. Yəni məscid qarşıda aydın görünür. Mənzilimiz 5-ci mərtəbədə olduğu üçün ordan da şüşəbəndimizi yaxşı görmək olur. Kürçaylı pəncərəni açıb, əlini ağzının yanına qoyub səhərin sakitliyində bərkdən "ıhı" edib səs salırdı. Molla buna adət etdiyi üçün, işarəni anlayır və tələsik minbərə qalxıb azan verməyə başalyırdı. Bir dəfə dedim ki, ay ata, sən kişini lap səksəkəyə salmısan. Dedi belə lazımdır, zalım hər gün bizə saatda kəf gəlir.
- Ülfət bəy, atanızı dost kimi, qonşu kimi, ata kimi xatırladız, bəs ailə başçısı kimi yaddaşda necə qalıb?
- Kürçaylı əsl Azərbaycan kişisinə xas olan bütün xüsusiyyətlərə malik adam idi. Bizim üçün səməndər quşu kimi özünü oda-közə vururdu. Darıxmağa qoymurdu. Bizi teatr tamaşalarına, kino-festivallara, gəzintilərə aparırdı. Hər yay bizi öz maşınında səyahətə çıxarırdı. Gürcüstanı, Şimali Osetiyanı, Abxaziyanı, Nalçiki, Soçini qarış-qarış gəzdirib. Maşınını uzaq Ukraynaya sürüb - Odessanın, Xarkovun, Kiyevin görməli yerlərində, səfalı meşələrində, göl kənarlarında bizə aylarla istirahət təşkil edib. Xüsusən, bacımın bir sözünü iki eləməzdi. Həm evin kiçiyi, həm qız uşağı olduğu, həm də gözü qaşı eyni ilə ona oxşadığı üçün. Bir də... Uşaq anadan olandan talesizlik onu qarabaqara izləyirdi.. Doğulanda həkimlər dartıb qıçını çıxarmışdı. Yaşıdları çiçəkləyən zaman uşaq bir qıçı gipisdə yerdə çabalamalı olmuşdu. Elə ona görə də gec ayaq açdı yeridi. Atam bizi İlisuya aparmışdı. Orda uşağı epilepsiya tutdu. Sonra boğazında zob tapıldı. Bir gün də Kürçaylı bizi Qara dənizdə böyük bir gəmiyə mindirdi. Gəmi Sevastopola tərəf üzürdü. Gecə yarısı uşağın kor bağırsağından güclü ağrılar tutdu. Təsəvvür edin, iki min sərnişinin üçində təkcə onda... Kürçaylı bütün gəmini ayağa qaldırmışdı. Nəhayət, kapitanla uzun çənə-boğazdan, savaşdan sonra gəminin kursunu oradan ən yaxın liman olan Yaltaya çevirməyə nail oldu. Sahilə enən kimi təcili yardım maşnı dərhal bizi xəstəxanaya apardı. Əməliyyat başladı, atam məni içəri buraxmadı. Xəstəxananın həyətində oturub gözlədim. On beş-iyirmi dəqiqədən sonra qapıda atamı gördüm. Bir neçə saatın içində başı tən ortadan gül kimi ağarmışdı... Odur ki Kürçaylı uzun illər bacımı uşaq kimi çiynində, boynunda, qucağında gəzdirir, ömrünün sonuna kimi əzizlyirdi. Evdə bir-birləri ilə quş dilində danışırdılar. O, fitlə nəsə deyir, bu anlayırdı. Bu fit çala-çala nəyəsə işarə vurur, bu başa düşürdü. Biz isə heç nə başa düşmürdük. Evdə hər gün bir-birlərinə kiçik məktublar yazırdılar. Bu qəbildən: "Sevimli qızım, İttifaqa getdim, tez qayıdacağam, darıxma". Və ya: "Dədə, bu gün dərsimiz az olacaq, bizi gəzməyə apararsan".
Bir gün bağda qonaqlıq idi. Bir azdan uşaqlar süfrədən çəkilib kənarda oynamağa başladılar. Bacım artıq təxminən yeddinci, səkkizinci sinifdə oxuyurdu. Oyunun ortasında uşaqlardan aralanıb qaça-qaça atamıza sarıldı. Atam da onu öpüb oxşamağa başladı. Atamın dostu Ramazan Rəcəblinin həyat yoldaşı Tahirə xalanın o anda anama söylədikləri indiki kimi qulağımdadır:" Şəhla, Əliağa düz eləmir, böyük qızdı, Sabah ondan necə ayrıla biləcək?!".
Elə də oldu.... Atamın son nəfəsindən yarım saat keçməmiş Ülkər özünü həlak elədi...
Bu haqda ilk dəfədir ki, uzun uzadı danışıram. Xeyli vaxt anamdan gizlicə dolabın qapısını açıb bacımın paltarlarını iyləmişəm. Özümü inandırmışdım ki, bacım harasa uçub gedib, bir müddətdən sonra qayıdacaq. Bir evdə, ailədə 4 nəfər olasan və bir anda ikisini itirəsən... Buna dözmək çox çətindir...
- Ülfət bəy, xatirələriniz çox kövrəkdir, atalı, bacılı, analı günlərə qaytardım sizi, özüm də üzüldüm... Mövzunu bir qədər dəyişək. Deyin, Əliağa Kürçaylı bu qədər dostcanlı, həyatsevər olmasına rəğmən, qanıqara, yazıçı dostlarından incik olduğu vaxtlar olurdumu?
- Yox, Kürçaylı tez-tez inciyən, küsən insanlardan deyildi. Yalnız böyük-böyük məsələlərdə umduğu qələm dostlarında ləyaqətsizlik, yaxud səbatsızlıq, milli heysiyyətsizlik görəndə heyifslənirdi. Bunlara çox vaxt şeirlərində münasibət bildirirdi:
Bir zamanlar vardı ki,
Mərd idin, insan idin.
Sözünlə, söhbətinlə
ürəyə dərman idin.
...Sən riyadan, məkrdən
yalandan çox uzaqdın.
Saymaqla qurtararmı?_
Sən beləydin, beləydin
Bircə şeyə yanıram
Kaş o zaman öləydin...
Yaxud
Şair var, naşirə hər kəlmə başı
"Dərdin alım" deyir qadınlar kimi.
Baxıram gövdəsi dəyirman daşı,
Hərlənir sənətdə payı var kimi.
Kürçaylının bu misralarda kimlərə işarə etdiyini hamı bilirdi. Onlar özləri də bundan paylarını götürürdülər. Ümumiyyətlə, Kürçaylıya zarafatla "qırmızı Əliağa" deyirdilər. Həm yanaqlarındakı qızartıya, həm də sözü üzə dediyinə görə.
- Heç küsdüyü, incidiyi birisi olmayıb?
- Olub. Bütün mehribanlıqlarına baxmayaraq, qonşusu, qələm dostu şair Qabillə tez-tez küsüb barışırdılar. Özü də çox xırda şeylərin üstündə. Bir gün atamla Salam Qədirzadə bizim balkonda oturub yeyib-içirdilər. Bir azdan Qabil də çıxıb öz balkonlarında oturdu, başladı çay içməyə. Mənzili bir mərtəbə aşağıda, sağ tərəfdə idi. Qəti bu tərəfə boylanmır, sanki heç bunları görmürdü. İş Salam Qədirzadədən keçdi. Xeyli təbəssümlə Qabili nəzərdən keçirtdi. Sonra, "buna bax, heç bu yana baxmır, neyləyək, Əliağa?", - dedi. Üçü də həmişə bir yerdə yeyib içərdilər. Üçü də bir-biri üçün darıxardı. Amma barışıq üçün üçün heç biri ilk addımı atmaq istəmirdilər. Nəhayət, atam məni çağırdı. Qabil nə üçünsə otağa keçmişdi. Gəldim. Kürçaylı Qabilin balkonunun küncündə düzülmüş balonları göstərib dedi: "Daşatanla o balonlardan birini vura bilərsən?"."Əlbəttə", - dedim. "Get onda gətir, vur" - dedi atam. Daşatanı gətirib nişan alıb, vurdum. Göyəm turuşusu olan balon aşağıdan deşilmişdi. Bənövşəyi su şorhaşorla yerə axmağa başladı. Salam Qədirzadə ilə atam gülməkdən uğunurdular. Salam əmi gülə-gülə dedi ki Qabili od götürəcək, sakuskası əldən getdi. Bir-iki dəqiqəyə balonda ancaq qupquru göyəm qaldı.Bir azdan Qabil balkona çıxdı. Balonu görüb diqqətlə, maddım-maddım baxdı. Sonra: - Bəyim, bu atdı ki" - deyib həyat yoldaşını çağırdı. Amma atamla Salam Qədirzadənin yuxarıdan gülərək ona baxdıqlarını görəndə özü də gülməyə başladı və əclaflar, sizin işinizdi, - dedi. Kürçaylı əl işarəsi ilə onu bizə çağırdı. Bir azdan üçü də əvvəlki kimi bir yerdə yeyib-içir, zarafatlaşırdılar..
Söhbətləşdi:
Faiq Balabəyli
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!