Samirə ƏŞRƏF
Müsəlmanın dünənində yazıçı Etimad Başkeçidin "Min yol mənə söylər" adlı kitabını bitirib kənara qoydum. Oxucu vəzifəmi tamama yetirəndən sonra əhval-ruhiyyəmdə qəribə bir yüngüllük, rahatlıq hiss etdim. Ədəbiyyatın və sözün gücünə olan inamım daha da artdı.
Kitabın əvvəlindən boylanan "Min yol mənə söylər" romanı kitabda yer alan hekayələrə nisbətən daha ağır, həyati təcrübələrlə daha zəngin roman təsiri bağışladı.
Əvvəlcədən onu qeyd edim ki, müəllifin dili olduqca koloritli, lakonik və xeyli baməzədir. Hadisələrə öz baxış bucağından yanaşan yazıçı "Min yol mənə söylər" romanında əsasən gənclik, tələbəlik illərində Rusiyada yaşadığı dövrün təcrübələrini bölüşür, həm də bu dövrdən o dövrə güzgü tutmuş olur. Yazıçı 80-ci illərin sonu, 90-cı illərin əvvəlində sovet ittifaqının dağılmasını, vətənimizin paytaxtı hesab etdiyimiz Moskvada baş verən xaotik qarşıdurmaları və burada onun bir qafqazlı, qara millətin nümayəndəsi kimi nələr, hansı çətinliklər yaşadığını göstərir. Digər tərəfdən isə o, öz mətni ilə ayıq, düşüncəsi qüvvətli olan oxucunu həmişə inandığı həqiqətə yenidən inandırır. Həmin həqiqət isə bundan ibarətdir. Dünyanın harasında olursa-olsun, kimliyindən, irqindən, millətindən və dinindən asılı olmayaraq bütün insanlar eynidir. Onların bir-birinə insani münasibəti, bu münasibətlərin davamlılığı da yalnız hər bir fərdin təbiətindən, mədəniyyətindən, dünyagörüşündən asılıdır. "Min yol mənə söylər" romanının qəhrəmanı Edikin qarşılaşdığı adamlar dil, ənənə, yaşayış etibarilə ona yad olsalar da, tanışlıq, yoldaşlıq, dostluq münasibətlərində yaxın, hətta doğmadılar. Edikin ayıltma məntəqəsində tanış olduğu ölümcül xəstə Yura və onun yaşlı anasının öz kədərli talelərinin fonunda qəhrəmana olan mehriban, yüz ilin tanışı kimi isti münasibətin şahidi oluruq. Bu münasibətin yaranmasında, təbii ki, Edikin dünyagörüşü, ədəbiyyatçı, yazıçı olması, ailəsindən gördüyü tərbiyə, başqalarına qarşı humanist dəyərlərə dayanan münasibəti də rol oynayır.
Moskvadan uzaqda yaşayan keçmiş alim Yura Edikin qəribliyinə, kənar ölkədəki kimsəsizliyinə nə qədər kövrəlirsə, Edik də Yuranın gec-tez amansız xəstəlikdən dünyasını dəyişəcəyinə görə bir o qədər əzab çəkir.
Yurayla tanışlığa qədər qəhrəmanımız kirayə qaldığı evin sahibəsi olan yaşlı qarının evindən onun istəyilə getməsi, pulsuz-parasız, küçələrdə qalacağı halda qarının mənəvi sakitliyinə qarşı duyduğu hörmət hissi Edikin yüksək duyumundan, həssas situasiyalarda başqasının hisslərinə, duyğularına hörmət etməsindən xəbər verir.
Ümumilikdə "Min yol mənə söylər" romanını yüksək dəyərlərlə yazılmış ən maraqlı ədəbi nümunələrimizdən biri hesab etmək olar.
Son illər az qala hər gün gördüyümüz, yaşadığımız məişət əhvalatları rəngarəng, fərqli dil məziyyətləri kitabdakı dörd hekayə vasitəsilə oxucuya təqdim olunur. Hər hekayə adi məişət qayğılarından başlanır və özündə olduqca dəyərli həyat faktlarını, hadisələrini ehtiva edir.
"Devri-aləm və bir gün" hekayəsinin qəhrəmanı da yazıçıdır. Onun daxili səsi ilə ironik zarafatları, öcəşmələri oxucunu ara-sıra pıqqıltı ilə gülməyə, sonra isə müəlliflə bərabər özünü yığışdırmağa sövq edir. Müəllif oxucusunu heç bir ağır həyat hadisəsinin, faciəsinin təsiri altına salmadan hər gün tez-tez rastlaşdığımız gündəlik əhvalatları sadə və rəvan dillə təqdim edir.
Oxucu dayanacaqda iki avtobus ötürən, basabas ucbatından yolda qalan, baş verənləri isə yüngülvari, gündəlik qayğı kimi qəbul edən qəhrəmanla birlikdə öz həyatına da ötəri nəzər salır.
Az qala hər gün metroda, yolda, avtobusda qarşılaşdığımız insan aqressivliyinin fonunda Etimad Başkeçidin qəhrəmanı olduqca səbrli, sayğılı, hətta nümunəvidir.
Edik adlı qəhrəmanını romandan hekayəyə ötürməsi, loru dildə desək, kitab boyu gəzdirməsi tanış üsul olsa belə, Etimad Başkeçidin üslubunda olduqca cəlbedici alınıb. Bu baxımdan oxucu "Min yol mənə söylər" romanındakı Edikin "Veyil dərəsi" hekayəsində hansı sərgüzəştlər yaşayacağını maraqla gözləyir.
Edik bu dəfə də rusdillilərin əhatəsindədir. O, yaşadığı bölgəni gözdən iraq yer hesab edərək özü kimi orda yaşayan insanların çıxılmaz talelərini əks etdirir. Bu şəhərdə insanlar yerin altında işləyir, ömürlərinin böyük qismini qaranlıq qazmalarda keçirirlər. Həyat şərtləri, çörəkpulu ehtiyacı, yaşamaq onlardan bunu tələb edir. Torpağın altında işləyən şəhər sakinləri, sanki yerin dəlmə-deşiklərində yaşayan siçovulları qəzəbləndirirlər. Şəhəri başına götürmüş iri sümüklü, yağlı siçovulların evlərə, insanlara, sanki insanlar yerin altına, gəmiricilər isə üstünə tövrü ilə hücum edirlər.
Edikin işlədiyi qəzetin redaktoru Pavel baş verənləri Kamyunun "Taun" romanı ilə eyniləşdirməyə çalışsa da, müəllif özü bu fikirdən çox-çox uzaqdır. O, taunu başqa yerlərdə, nəsnələrdə, xəstə təfəkkürlərdə axtarır. Və təəssüf ki, yazıçı intuisiyası onu aldatmır. Müəllif öz axtarışlarının məyusedici nəticələrini görür.
Edik Pavellə getdiyi kənddə siçovulları ac saxlamaqla bir-birini yeməyə məcbur edilməsini və bunun gəmiricilərin ən asan yolla məhv olunmasını hesab edən insanlara qarşı ikrah hissi duyur, iyrənir, taunun onların qəlbinə yeriməsindən insan kimi xəcalət çəkir. Bu xəcalətdən, iyrənmədən xilas olmanın isə bircə yolu var. O da geriyə, doğma vətənə qayıtmaqdır. Orada onu katarsis gözləyir.
Etimad Başkeçidin sonuncu hekayəsi "Velosiped" olduqca həzin və doğma xatirələrə sığınaraq yazılmış hekayədir. Həmin hekayəni oxuyan zaman oxucu özünü bir az Əkrəm Əylisli, bir az İsi Məlikzadə, bir azca da Saday Budaqlı yaradıcılığına tərəf yavuqlaşan görür.
Müəllim işləyən ata oğluna velosiped almamaqda israrlıdır. Çünki o, hələ balacadır, uşaqdır. Dərslərindən yayına bilər. Amma oğlan inadkardır. Öz inadını yerinə yetirməyin yollarını əmisi Məmiş ona müəyyən fəndlərlə başa salsa da, ata bundan dərhal duyuq düşür. Beləcə balaca Mehdi oturub boyunun çıxmasını, heç olmasa yay tətilinin ötməsini gözləməlidir.
Anasının həkimə getməsi, atasının onu Məmiş əminin avtomobili ilə həkimə aparmasının şahidi olan Mehdi və hekayənin nəqlçisi digər qardaş yolboyu əminin onların anasını xəstəxanaya aparmaq üçün atalarından aldığı iyirmi beş manata görə təəssüf hissi keçirirlər. Onların uşaq qəlbi əmidən incik düşür. Hər ikisinin gözündə dəlisov, maraqlı, müasir baxışlı əmi birdən-birə doğma qardaşından pul qoparan mənfəətpərəst adam təsiri bağışlayır. Gecənin qaranlığında əmiləri ilə geri qayıdan uşaqlar yolda subaşına çıxmaq üçün avtomobildən düşəndə Mehdinin yol kənarından tapdığı təptəzə, yağ içində olan iyirmi beş manatlıq velosipedi oxucunu məsələdən agah edir. Əminin atadan "qopardığı" pulun hansı arzuya xidmət etdiyini anlayır.
Etimad Başkeçid gəncliyinə tuş gələn dövrün ab-havasını, insanların həmin dövrə uyğun olaraq bir-birinə münasibətini, ən əsası isə qəhrəmanları vasitəsilə insanın istənilən şəraitdə insanlığını, mənəviyyatını qoruyub saxlaya bilmək bacarığını "Min yol mənə söylər" kitabı vasitəsilə çatdırmağa müvəffəq olur. Bu isə ədəbiyyatın boynuna atılan missiya yox, yazıçı qəlbinin hələ biz oxuculara min yol söylədiklərindən biri, bəlkə də, birincisidir.
May 2019
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!