Elnarə AKİMOVA
Müstəqillik illərinin əvvəllərində - həmin o qarışıqlıq və xaos dövründə Heydər Əliyevin söylədiyi bir ibrətamiz fikir onun bütün fəaliyyət xəttini dəqiq xarakterizə edir: "Elmimizlə, mədəniyyətimizlə, mənəviyyatımızla çox ehtiyatlı, çox diqqətli davranmaq lazımdır. Bu işləri bazar iqtisadiyyatının ixtiyarına vermək olmaz!" Heydər Əliyev yalnız milli müstəqilliyi qazandığımız 1990-cı illərdə deyil, eləcə də hakimiyyətdə olduğu sovet epoxası daxilində ədəbiyyatı nəinki iqtisadiyyatın, eləcə də siyasətin, gücün ayağına vermədi. Bütün fəaliyyəti dövründə ədəbiyyata, onun müxtəlif dövrlərində yaşayıb-yaratmış ədiblərinə qədirşünas mövqedən yanaşan Heydər Əliyevin rəhbər kimi özəlliyi, bəlkə də, elə buradan başlayır. Bu mövqe Heydər Əliyevin ədiblərlə şəxsi görüş və söhbətlərində, onlar haqqında imzaladığı fərmanlarda, təşkil etdirdiyi yubiley tədbirlərində, ucaltdığı abidələrdə, açdığı ev-muzeyləri, məqbərələrdə və yaradıcılıq evlərində sərgilənməklə mənalanmır, həm də onlara can yanğısının izharında özünü göstərirdi.
Necə ola bilirdi ki, Heydər Əliyev sovet hakimiyyətinin rəsmi tribunasından sözünü öz xalqına ünvanlayırdı, onun dəyərlərini qoruyurdu, milli heysiyyatını uca tuturdu?! Axı kim dana bilər, toxunduğu bütün məsələlərdə liderin fəaliyyəti o zamanın dalğasından azadlıq anlayışının oyanışı kimi keçir.
Bəzi təfərrüatlara varaq. Məsələn, Bəxtiyar Vahabzadənin "Gülüstan" poeması dünyanı olmasa da, özünü dünyanın məhvəri sayan nəhəng Sovetlər İmperiyasını silkələməyə müvəffəq olmuşdu. Ona qədər heç bir əsərdə milli dil, milli varlıq və kimlik məsələsi bu qədər kəskinliklə qoyulmamışdı, bu qədər cəsarətlə sərgilənməmişdi. Bu əsərdə yaddaşı oyatmağa yönəlik olan missiya vardı və bu missiya XX əsrin birinci yarısının aydınlarının əsərlərindən sonra ilk dəfə məhz Bəxtiyar Vahabzadə poeziyasında bu çalarda, bu miqyasda şeirə gətirilirdi. Amma bir anlıq düşünək, "Gülüstan" poeması yalnız daxili azadlığın təzahürü idimi? Düşünmürəm. Poema 1958-ci ildə yazılmışdı. Heydər Əliyev bu zaman Dövlət təhlükəsizliyi orqanlarında çalışırdı. Vəzifəsindən irəli gələn səlahiyyəti isə millətin milli-mənəvi dərdlərinin tərcümanı olmağa, onun ehtiva olunduğu məqamları qorumağa imkan verirdi. Onun çıxışlarında bu məqamlara aydın işarələr kifayət qədərdir: "Mən hələ Dövlət Təhlükəsizliyi Komitəsində işləyən zaman Bəxtiyar Vahabzadənin həbs olunması məsələsi meydana çıxmışdı. "Gülüstan" poemasını yazmışdı. Ondan ötrü o zaman həbs etmək məsələsini qoymuşdular. O vaxt mən onu xilas etdim, qoymadım həbs olunsun. Nəinki qoymadım, onunla dəfələrlə söhbətlər apardım, öz məsləhətlərimi verdim. Belə bir insan o vaxtlar böyük fəlakət qarşısında idi. Nəyə görə? Heç bir cinayət yox idi. Ona görə ki, millətini sevirdi, millətin qayğıları haqqında yazılar, şeirlər yazırdı".
Bu fikirlər həm də Heydər Əliyev şəxsiyyətinin bütövlüyünə dəlalət edir. Heydər Əliyev ədəbiyyata qayğı və diqqətini elə Sovet İmperiyasının daxilində - ən yüksək postda əyləşərək, ən əzəmətli kürsüləri bölüşərək, ən mötəbər tribunalardan səslənərək gerçəkləşdirirdi. Xalqın itirilən milli-mənəvi yaddaşını özünə qaytarmaq məramı uğrunda vuruşurdu. Heydər Əliyev sovet ideologiyasının müdaxilə etdiyi, incə bir siyasətlə həyata keçirdiyi məsələlərin - xalqın öz soy-kökündən, milli müəyyənliyindən, inancından qoparılması kimi gerçəklərin mahiyyətinə enir, buna qarşı elə həmin siyasətdən istifadə edərək, əksinə, milliləşmə strategiyasını həyata keçirirdi.
1970-ci illərdə ümumən respublikamızda klassik mədəni irsimizin öyrənilməsi baxımından tamamilə yeni mərhələ başladı. Həmin mərhələ bilavasitə xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. "Kitabi-Dədə Qorqud" abidəsinin millətə qaytarılmasında Heydər Əliyevin gördüyü işlərin miqyası ölçüyə gəlmir. Eləcə də böyük Azərbaycan şairi İmadəddin Nəsimi ilə bağlı Heydər Əliyevin gerçəkləşdirdiyi işlər bu şairin irsinin yeni təfəkkür qatına, milli şüur və yaddaşa bədii-estetik çalar qatmasını izləməyə imkan verir. Bildiyimiz kimi, bu il Prezident İlham Əliyevin Sərəncamı ilə İmadəddin Nəsimi ili elan olunub. Belə böyük qədirşünaslığın əsası Heydər Əliyev zamanından başlayır. Heydər Əliyevin Sərəncamı əsasında 1973-cü ilin 13 sentyabrında İmadəddin Nəsiminin 600 illik yubileyi keçirilmişdi. Elə həmin il Həmid Araslının tərtibatı ilə Nəsiminin divanı çap olunmuş, Nəsiminin ölkə miqyasında tanınmasına və təbliğinə yol açılmışdı. Heydər Əliyev Nəsiminin yubileyinin təkcə Bakıda deyil, Moskvada da keçirilməsinə nail olmuşdu. 1980-ci ilın fevral ayında Bakının mərkəzi parklarından birində Nəsiminin abidəsi qoyulmuş və heykəlin açılış mərasimində şəxsən özü iştirak etmişdi.
Nizami Gəncəvinin irsinə də Heydər Əliyev münasibəti konseptual səciyyə daşımışdır. O, 1979-cu il 6 yanvar tarixli qərarı ilə bu istiqamətdə kompleks vəzifələr irəli sürərək, Nizami irsinin və ümumən orta əsrlər Azərbaycan mədəniyyətinin sistemli araşdırılması üçün geniş perspektivlər açmış, 1981-ci ilin avqust ayında Nizami Gəncəvinin anadan olmasının 840 illiyi haqqında qərarı ilə isə nizamişünaslıqda əsaslı dönüş yarada bilmişdir.
Habelə 1976-cı ildə Məhəmməd Füzulinin qəbrinin qorunması və məqbərəsinin bərpası ilə bağlı İraq səfirliyi ilə apardığı aramsız mübarizə, 1982-ci ildə Şuşada tikdirdiyi Vaqif məqbərəsi, elə həmin il Hüseyn Cavidin nəşinin Sibirdən vətənə gətirilməsi Heydər Əliyevin milli məfkurədən müstəqil dövlətə gəldiyi yolun addımları idi.
Türkiyənin tanınmış ictimai xadimi Kamal Akın qeyd edir ki, "Heydər Əliyev Sovet İttifaqının tarixində uzun illər sovetlər rejiminin, Kremlin zirvəsində oturmuş yeganə türkdür". Bir aydınlatmaya ehtiyac var, zənnimcə, həm də türk kimi türk olub Heydər Əliyev. Milli müstəqillik dönəmində bu, bəlkə o qədər də cəsarət tələb edən nəsnə deyildi. Amma sovet epoxası daxilində bu mövqenin özündə böyük millət sevdası, vətən fədailiyi ehtiva olunurdu. Həmin illərdə Heydər Əliyevin həyata keçirdiyi çoxyönlü gerçəklər sırasını, həmin fədailiyin miqyasını bu böyük şəxsiyyətdən bəhs edən bütün şəxslər etiraf etmişlər. Yazıçı Hüseynbala Mirələmovun "İşığın izi ilə" tarixi-ədəbi essesində oxuyuruq: "Heydər Əliyev ömrü boyu sərt və prinsipial mövqeyindən çəkinmədən sovet qoşunlarının diktaturası şəraitindən özünəməxsus ustalıqla bəhrələnərək xalqını qorumaqla onu dirçəltmək, onun inkişafını təmin etmək yolu tutmuşdur. Əslində, qeyri-real kommunizm ideallarının uğrunda mübarizəni real Azərbaycan uğrunda mübarizəyə çevirmişdir".
Heydər Əliyev imperiya siyasəti ilə çarpışırdı. Elə imperiya ki, vaxtilə "parçala, hökm sür" tezisi üzərində qurulmuşdu. Elə hakimiyyət ki, varlığı millətlərin, xalqların milli kimliyini əlindən almaq, yadlaşdırmaq, manqurtlaşdırmaq məqamı üzərində bərqərar olmuşdu. Heydər Əliyev isə içindən çıxdığı xalqın öz dəyərlərinin böyüklüyünə əmin idi, onların nədə ehtiva olunduğunu bilirdi. Şəxsiyyətlərini tanıyırdı. Dövləti güclü edən amillərin söykəndiyi bütün çıxış nöqtələri ona məlum idi. Ədəbiyyatşünas alim Azər Turan 2000-ci ildə "Azərbaycanın gücü" məqaləsində yazır: "O illərdə Azərbaycanda hadisənin daha başqa və bənzərsiz forması təzahür etmişdi. Azərbaycanda mövcud ictimai şəraitə, sistemə, quruluşa rəğmən, dissident siyasəti tətbiq olunurdu (kursiv mənimdir - E.A.). Cəmiyyət həmin siyasətlə idarə olunurdu. Tabular və bütlər, ehkamlar və sxolastika hər gün zərər çəkirdi: Nərimanov Lenini, Mustafazadə Xrennikovu, Bəhlulzadə Deyneykanı... əvəz edirdi. Kütlənin ümumi rəyi formalaşdırılırdı. Moskva Azərbaycana uzaqdan baxmağa və köks ötürməyə məcbur edilmişdi".
Bəli! Heydər Əliyevin 1969-1982-ci illər ərzindəki fəaliyyətini bu iki sözün birləşməsi uğurlu və dəqiq ifadə edir: Dissident siyasəti! Azərbaycanın dəyərlərini ona tanıtdırmaq və 1937-ci ildə ziyalılığın sındırılmış vüqarını dirçəltmək, reabilitasiya etmək Heydər Əliyev diplomatiyasının çıxış nöqtəsini təşkil etmişdir. Nə qədər gerçəkləşə bildi bu missiya? Zənnimizcə, bütün hallarda bənzərsiz fədakarlıq nümunəsi meydana qoyuldu. İstər ölkə daxilində gedən siyasi proseslərə, məhəlli ziddiyyətlərə, istərsə də dünya siyasətində Azərbaycana qarşı aparılan əks təbliğatlara, mürəkkəb diplomatik çəkişmələrə baxmayaraq və onlara önəm verməyərək, Heydər Əliyev ölkə dəyərlərindən, ölkə maraqlarından çıxış etməyi meyara çevirməyi bacardı.
Təsadüfi deyil ki, həmin illərdə milli poeziyada Bəxtiyar Vahabzadənin, Xəlil Rzanın və b. sovet dövründə yazılan əksər şeirləri millilik, türklük ruhu üzərindədir və bu şairlərin müstəqillik illərində yazdığı şeirlər əvvəlkilərdən poetik ovqat baxımından fərqlənmir. Bu ovqatı poeziyaya qazandıran qüvvə nə idi bəs? Əlbəttə ki, Heydər Əliyevin dissident siyasətinin gücü. Yaşar Qarayev doğru yazır ki, "60-cı illərə qədər Azərbaycanda da şeirlərin "dissident" olmaq "imkanları" var idi. 1969-cu ildən sonra bu imkan aradan qaldırıldı. Bəziləri təəccüb edir ki, niyə Azərbaycanda "altmışıncıların" sandıqdan, yasaqdan çıxan əsərləri olmadı? Çünki sandığa ehtiyac olmadı. Hətta Moskvada, mərkəzi jurnallarda çap edə bilmədikləri əsərlərini yazıçılar Bakıda çap edirdilər".
Akademik İsa Həbibbəyli doğru olaraq, "XX əsrin yetmiş-səksəninci illərindən etibarən Azərbaycanda milli istiqlal ədəbiyyatının yeni mərhələsi yaranmışdır", - yazır. Xalq yazıçısı Anar - "Xatırlayıram ki, yalnız Moskvanın deyil, hətta Pribaltika kimi sərbəst, müstəqil fikrə alışmış regionların belə, ziyalıları bizim bəzi kitabları oxuyanda, tamaşa və filmlərimizi görəndə onların yasaqlanmamasına təəccüb edirdilər", - deyə heyrətini gizlətmir. Nizami Xudiyev mətbuatda çıxışında bu məqama toxunmağı vacib bilir: "Keçmiş sovet məkanında "dissident ovu" aparıldığı illərdə, əslində, ən böyük dissident Azərbaycanın rəhbəri Heydər Əliyev olmuşdur". Bunu Heydər Əliyevin özü də bilirdi və bəyan etməkdən çəkinmirdi. Anarın "Azərbaycanın ədəbiyyatı, incəsənəti, mədəniyyəti" kitabında belə bir epizod yer alıb: "Qurultayda Heydər Əliyevin çıxış etdiyi iclası mən aparırdım və belə bir replika atdım: - Heydər müəllim, bir dəfə "Ən böyük dissident elə mən özüm olmuşam" - dediniz.
- Tamamilə doğrudur, - dedi Heydər Əliyev və: - Düzdür, mən şeir yazmıram, roman və ya hekayələr yazmıram. Ancaq 1969-cu ildən başlayaraq 1987-ci ilə qədər Kommunist Partiyasında ən böyük dissident mən idim, - deyə əlavə etdi".
Fransız politoloqu Aland de Eskarın Heydər Əliyevə ünvanladığı bir fikri var: "Cənab Əliyev! 1982-ci ildə Sizin Kremlə gəlişinizlə Sovetlər Birliyinin Yaxın Şərqdəki siyasəti kökündən dəyişdi, ona yeni impuls verildi". Bu, bir qərblinin qurucu lider haqqında söylədiyi həqiqətdir. Belə ki, Heydər Əliyev tarixə adını bu dönüşün müəllifi kimi yazdıra bildi. Mədəniyyət və Ədəbiyyatda yeni mərhələ yaratmağı bacardı.
Heydər Əliyev - milli ədəbiyyatımızın şərəfli tarixidir, faktıdır, əhəmiyyətli və gərəkli məxəzidir. Bu məxəz bütün estetik ruh halı ilə fərqli duyumun, fərqli yaşamın şəklidi. Heydər Əliyev ruhunun ədəbiyyatda gerçəkləşən şəkli... Və siyasətdə göründüyü qədər həm də ədəbiyyatın obrazıdır!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!