Ədəbi qeydlər
IV hissə
Qeydləri ancaq özüm üçün etmişdim. Bəziləri elə bu boyda doğulur. Bəziləri isə böyüyə bilmir, bu kiçiklikdə də qalır. Yarımçıq yazıdan bir qəlpə kimi... Bəziləri hansısa bir kitabı bitirdikdən sonra başlayan sükut dolu dəqiqələrin diqtəsiylə yazılan yazılır. Ya da bir axşam Günəşin qürubunu izlərkən ürəyimə daman məqamlardan süzülür. Bəzən soyuq bir mühakimə, bəzən isə qaynar bir duyğu... Bəzən ədəbiyyat, bəzən cəmiyyət, bəzən isə yalnızca özüm. Amma hər zaman qeydlərdir, hisslərin, düşüncələrin stenoqramması...
Son günlərdə ancaq astronomiya haqqında filmlərə baxıram. İnternet əsrinin uşaqlarıyıq, pis öyrənmişik. Kitab-zad da oxumuruq, xüsusən də elmi ya da tarixi (tarix elm idi ya yox - burasını dürüst xatırlamıram deyə vergül qoydum) mövzularda maraqlandığımız mövzularda sənədli filmlərə baxırıq. Həm vaxta qənaətdir, həm də mövzunun bütün tərəflərini, mütəxəssislərini sənin evinə gətirir. Amma qənaət elədiyimiz vaxtı neynirik, bu başqa söhbətin mövzudur.
Karl Saqanın sözüdür, deyir astronomiya ilə məşğul olmaq insanı təvazökar edir. Doğrudan da, astronomiya kitablarına baxırsan, Günəş sistemində Yerin vəziyyətin görürsən, sən də onun bir qitəsinin bir ölkəsinin bir sakini. Lap uzaqdan Yerin bir fotosu vardı, mavi nöqtə kimi görünürdük. O şəklə baxanda insan nəinki öz kiçikliyini, eləcə də Yer planetinin cılızlığına baxıb köks ötürür. Baxıb, deyirsən ki, alçaq dağları yaratsalar belə, bu kiçik adamlar kimdir axı... Altı milyard kilometr uzaqdan çəkilib o foto. Dildə asan görünür e. Altı milyard. Yer kürəsi ən yoğun yerində 30 min kilometrdir.
Nəsə... Marsı deyəcəkdim. Alimlərin bir çoxu şübhə etmir ki, yaxın onilliklərdə orda insan koloniyaları olacaq. Bəli, problemlər çoxdur. Texnoloji problemlər. Yüksək temperatur, radiasiya... Yolun uzunluğu. Təsəvvür edin ki, ora getmək doqquz aydır. Orda da astronavtların bir neçə ay qalacağını düşünsək, bu qədər qidanı, suyu eləcə də kosmik gəminin yanacağını ora aparmaq müşkül məsələdir. Bunun üçün yollar axtarılır. Misal üçün, alimlər Marsda su istehsal etmək istəyirlər. Ordakı astronavtlar öz qidalarını özləri istehsal edəcəklər. Mars buna imkan vermir, amma bunun üçün xüsusi parniklər hazırlanıb. Hətta yanacağın da orda istehsal olunacağı nəzərdə tutulur. Marsdakı təbii ehtiyatlardan da istifadə edəcəklər. Özləri orda oksigen də düzəldəcəklər. Hələlik uçuşu gözləyirlər. Amma araşdırmalar davam edir. Böyük büdcə lazımdır. Bir neçə yüz milyard. Ora mütləq gedəcəyik. Yada salın, 30-40 ildir heç hara getmirik. Ay burdan buradı, ora belə yolumuz düşmür. Amma Marsa mütləq gedəcəyik. Buna getdikcə əmin oluram.
Deyirlər, Mars çox istidir. Yer üzündəki ən quraq səhra belə Marsın ən rütubətli yerindən də rutubətlidir. Bu öz yerində. Kəskin temperatur fərqləri var. Hava bir anda yüz dərəcə dəyişir. Dədə-babamızın "Mərrix" adlandırdığı bu qonşu planetin dərdi bununla bitmir ki. Günəş işığı da ora çox az düşür. Təqribən bizim alatoran kimi olur bütün günü. Vəziyyət budur.
Ən ədəbisi isə hələ qabaqdadır. Demək, Marsa getməli olan astronavtları xüsusi hazırlayırlar. Qida yetişdirməkdən tutmuş elmi biliklərə qədər. Orda ki, Google yoxdur ki, açıb baxasan. Astronavtlar qarşılarına çıxması mümkün olan bütün təhlükələr barədə məlumatlandırılır. Ən kədərlisi isə Yer həsrətidir. Tarkovskinin "Solyaris" filmi yadınızda? Orda kosmosdakı alimlərin arxasınca psixoloq göndərirlər. Elə Marsda yaşayacaq astronavtların da Yer həsrəti çəkəcəyi güman olunur. Bütün kimi yer altında qurulan bunkerlərdə yaşamaq, daim alaqaranlıq görmək onları dərin depressiyaya sala bilər. Psixoloqlar buna "Yer həsrəti" deyir. Məncə, ən dəhşətli budur. Depressiya şalğam deyil ki, əvvəlcədən əkəsən. Onunla mübarizə aparmaq üçün yollar axtarılır.
Hə, bir də, astronavtlara çoxlu miqdarda Günəş kremi lazımdır. Bunu da orda özləri düzəldəcəklər ki, yanmasınlar. Marsda qatıq yoxdur ki, yanmış bədəninə sürtəsən. Qatıq dedim, yadıma inək düşdü. Astronavtların biri Marsa inək aparmağı təklif edib. Hesablayıb görüblər ki, inəyin özü bir yana dursun, onun yeyəcəyi otu hazırlamaq mümkünsüzdür. Üzü astarından bahadır. Hə, bir də. Pivə də olacaq Marsda. Astronavtlar özləri hazırlayacaq pivəni. Əsl Mars pivəsi. Yer həsrətinin dərmanı. Darıxanda Yer planetinə baxıb içəcəklər. Saçaqlı pendir olmasa da olar. Noxud əkəcəklər amma. Düzdür, onlar pivəni noxudla içmir. Di gəl ki, bura Marsdır e. Biz noxudla pivə içməyi astronavtlara təklif edə bilərik. Hətta etməliyik.
Çoxmu heyrətamiz gəlir? Bunlar hamısı bir gün gerçək olacaq. O vaxt "pah atonnan" deməmək üçün indidən bilmək yaxşıdı.
Marsda canlı yaşayıb-yaşamaması ilə bağlı müxtəlif mülahizələr var. Doğrudur, nəhəng buzlaqlar var. Alimlərin bir qismi güman edirlər ki, Marsda mikroorqanizmlər var. Bəs bizim kimi şüurlu canlılar orda olsa necə? Məncə, bu fakt ədəbiyyatın qarşısında üfüqlər açacaq. Hələ insanı kəşf edə bilmirik. İndi də marslılar...
* * *
İntellektual görünmək də bir dərd olub. Bir zamanlar hamı nə qədər kəndli olduğunu israrla sübut etməyə çalışırdı. Romanda, hekayədə dialekt sözlərdən istifadədən tutmuş mövzulara qədər. Qoyunun otuz adını bilmək az qala yazıçılığın əlahiddə şərti sayılırdı. Ya da çarığın camış yoxsa inək gönündən tikilməsi ədəbiyyatın birinci məsələsinə çevrilmişdi. İndi elə deyil axı. "Kafka tənha olub", "Nitsşe atı qucaqlayıb ağlayıb", "Sartr ekzistensionalist olub". Bunları öyrəndilərsə kifayət edir. Özlərini çox çətinə salırlar. Terminlərin altında əzilirlər. Halbuki mütaliə uzun illər tələb edən prosesdir. "Sehrli xalat"dakı Elşən kimi üçcə günə bütün kitabları oxuyub alim olmaq istəyirlər. Halbuki belə olmur. İnsan gərək uşaq ikən mütaliəyə başlaya. Məlikməmməd nağılına heyrət edə. Anderseni oxuyub könlündə dərin məkanlar kəşf edə. Düyməciyi tanıya uşaqlıqdan, Koroğlu dastanının sehrinə düşə. Kapitan Qrantın uşaqlarına qoşula. Tom dayının daxmasında gecələyə. Leqri döyüləndə sevincdən ağlaya. Mauqli ilə gəzib-dolana. İllərlə damla-damla toplana. Heyrətini, təəccübünü itirməyə. Üç qoşma, beş gəraylı əzbərləmək, iki detektiv roman oxumaqla olmur bu işlər.
İntellektual olmaq ayıb deyil. Heç intellektual olmamaq da. Amma nadan ola-ola intellektual görünmək ayıbdır. Əsas da bir şeyə görə. Çünki intellektual olmamaq uzaqdan görükür. Nadanlıq uzaqdan görükür. İki roman oxuyub Kafka haqda danışmağa nə var? Dostoyevski çox təsir edib misal üçün Kafkaya. Bunu anlamaq lazımdır. Necə təsir edib. Bunu kitablarda dürüst yazmazlar. Yazsalar belə, fərq etməz. Sən özün üçün ayırd etməlisən bunu. Yəni, beş dənə sitat əzbərləməklə olmur. Ordan-burdan eşitməklə olmur.
Ağır prosesdir bu. İllər tələb edən. Və ən əsası. Bunun üçün daxili tələbat olmalıdır. Ürəyinin səsini eşitməlisən. Ürəyin səni kitaba aparmalıdır. Bu yazıçı dəb olsa da, olmasa da. Mütaliə modaya çevrilsə də, günah sayılsa da. Fərq etmir. İmpulsu daxildən almaq gərəkdir. İçində o ehtiyacı hiss etməlisən. Susamış kimi. Həqiqətə təşnə kimi. Daxildən gələn qarşısıalınmaz istək kimi. Kiməsə acıq vermək, kiməsə gözdağı vermək, üç sitatla intellektual görünmək naminə deyil. Zatən dediyim kimi qıraqdan görünür hər şey. Çox da şey eləmək lazım deyil.
P.S. Bu söhbəti dostum Səlim Babullaoğlunun söhbətindən əxz eləmişəm.
* * *
Üçüncü qrupun qəbul imtahanının ədəbiyyat suallarına baxıram. Özüm də III qrupun abituriyenti olmuşam, elə birinci cəhddə BDU-nun tələbəsi olmaq adı qazanmışam. İndi elə çətin gəlir ki. Yox, oxuduqlarım hamısı yadımdadır. Onsuz da məşğul olduğum sahədir. Amma suallar əzbərçilikdir. Ədəbiyyatın mahiyyətini uşaqlara bu cür öyrədiriksə, sabah oxucu azlığından şikayət etməyə haqqımız yoxdur. Hər şey ortadadır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!