"Fəhmin fəthi" silsiləsindən
Gözəllik də istedad kimi Allah vergisidir. Gözəllik Allah əmanəti olan insan ruhunun sifətdə, simada, hüsndə bioloji təzahürüdür. Hürufilər deyirdilər ki, insan həqdən qopmuş nur parçasıdır. O adama gözəl deyilir ki, üzündə-zahirində və daxilində - mənəviyyatında Allahın nuru təcəssüm olunub. Buna süni atributlar əlavə etmək olmaz, gözəllik təbii olmalıdır. Allah nuru ən təmiz, ən şəffaf və ən cazibədar işıqdır. O, heç bir yenilik, əlavə bəzək qəbul etməz. Gözəli səhər yuxudan duranda bəyənərlər. Əsl gözəl yatanda Aya, duranda Günəşə bənzəyir, Ay kimi batıb, gün kimi çıxmalıdır. Ən təmiz nəfəs südəmər körpənin nəfəsidir. Gözəlin nəfəsi bəbək nəfəsi kimi təmiz, ətirli olur. Gözəllik nəfəsi insanın içini, ruhunu təzələyir, ona səmaların və çəmənlərin rayihəsini bəxş edir. Gözəlin nəfəsini həmişə yanında duymaq, onunla nəfəs almaq cənnətə düşmək qədər xoşbəxtlikdir. Dünyada ən möhtəşəm musiqi uşaq qığıltısı, bir də gözəlin dilindən söylənən "sevirəm" etirafıdır.
Mən əlli ildir ki, sözlə, dillə, poeziya ilə, ədəbiyyatla məşğulam. Gözəl insanın və gözəl sözün aşiqiyəm. Əlli yaşım tamam olanda yazmışdım: qalın-qalın kitabları oxuyub alim oldum, fəqət, həyatın mənasını mənə Eşq anlatdı. Eşq gözəlliyi duymaq, ona qovuşmaq hakim olmaq, onu öz ömrünə qovuşdurmaq səlahiyyətidir. Gözəl Sözün və gözəl qızın şahzadəsi olmaq ən böyük hakimiyyətə sahib olmaq deməkdir. "Tanrı özünün kimliyini sübut etmək üçün təbiəti, insan öz kimliyini təsdiq üçün sənəti yaradıb"(Y.Qarayev).
Ən böyük möcüzələr təbiət və sənətdə təzahür tapıb. Təbiətdə gözəl olmayan heç nə yoxdur. Burada ən kamil harmoniya hakimdir. İnsan ürəyinin döyüntüsü həmin harmoniyanın göstəricisidir. Bu harmoniya pozulanda ölüm və təbii fəlakətlər baş verir. Sənətdə estetik (idraki!) zövq verən poetik ritmin sözün, səsin, rəngin, rəqsin - oyunun insan qəlbinin döyüntüsü ilə həmahəng olmasıdır.
Təbiət gözlə görünən, təfəkkürlə dərk olunan gözəllik, sənət (və söz) isə insanın bütün orqanlarından ziyadə hiss olunan, duyulan - fəhm olunan gözəllikdir. Səslə söhbət musiqini, sözlə söhbət ədəbiyyatı və fəlsəfəni yaradıb. "Ölüm həyatın, musiqi isə sənətin sonudur" (H.Hegel) Hürufilər yeni din yaratmaq, insanlığı (bəşəriyyəti!) bu dinlə birləşdirmək istəyirdilər. Bütün insanlar bir Allahın nurundan yarınıb ideyası bu düşüncənin (təkcə hürufiliyin yox!) məhsulu idi. Mənim fikrim belədir: "Biz insanları bir-birindən ayıran adamları müqəddəsləşdirib adını peyğəmbər qoymuşuq. Bu fikir "Müdriklər bunları deməyib" kitabçasında yazılıb. İnsan mühitində (Hürmüz və Əhrimən) xeyir və şər, işıq və zülmət, fəzilət və qəbahət, ülviyyət və rəzalət həmişə bir yerdə və həmişə də mübarizədədir. Bunun birinci tərəfində gözəllik, əks tərəfində isə eybəcərlik dayanır.
Gözəllik var-dövlətlə, fərmanla, ən yaxşı kosmetik vasitələrlə yaranmır. Gözəl sifət, gözəl saçlar və gözlər, gözəl nitq, uca və yaraşıqlı boy-buxun... və sevgi ilə döyünən geniş ürək Allah əmanəti, Tanrı mükafatıdır. Mən bu ahıl yaşımda bu qənaətə gəlmişəm ki, gözəlliyin yanında olmaq, daima onun ilıq nəfəsini duymaq əbədi səadətdir. Sevmək Allaha sadiq olmaq deməkdir, sevmək Allah əmanəti olan Ruhu sevindirməkdir.
İnsanı hərəkətə gətirən onun ehtirasıdır. Ehtiras olan yerdə idraka imkan yoxdur. Ehtiras eşqin və sənətin cövhəridir. "Ehtirassız dahiyanə heç nə yaradılmır" (Hegel). Sənətdə ehtirasın bədii ifadəsinə pafos deyilir. Ehtiras sənətkarı, ümumən, şəxsiyyəti ucaldır, dahiyə çevirir. Şəxsiyyət fövqəl düşüncə və geniş ürək sahibidir. Azadlıq şəxsiyyətin cəmiyyətə bəyan etdiyi mesaj, ictimai ehtirasın ifadəsidir. Ehtiras insan ruhunun nüvəsi, enerji mənbəyidir. Ehtiras sevinc və kədərlə, qəmlə təzahür edir. sevinc təbiətə və cəmiyyətə açıq olmaq deməkdir, onu hamı görür, sevir və əylənir. Qəm dərində olur, hamıya aydın və açıq deyil. Qəm könül yavrusudur. Düşüncənin, əqlin imkanları tükənəndə qəm təzahür edir.
Dahi "qəlb şairi" Füzuli qəmdən ayrı düşməyi faciə hesab edir, farsca şeirlər divanının dibarəsində yazırdı: "Bilirəm ki, sən dərdli yaranmısan. Dərd isə şairliyin əsas sərmayəsidir".
Ciyərdə dağı, könüldə məlalı olmayan
Sözündə sanma, ola zövq oxşayan qüdrət
Fərəhlə eyş sözə zövq bəxş edə bilməz
Sözün canı sayılır qüssə qəm, kədər, möhlət.
Şairin məşhur bir qəzəlindən iki beyti misal verək:
Eşqdən canımda pünhan bir mərəz var,
ey həkim!
Xəlqə pünhan dərdim izhar etmə, zinhar,
ey həkim!
Var bir dərdim ki, çox dərmandan artıqdır mənə,
Qoy məni dərdimlə, dərman eyləmə, var,
ey həkim!
Sevinc ötəri, qəm əbədidir. Ən mənalı qəm eşqdən yaranan qəmdir. Belə qəmlə fövqəl gücə sahib olmaq mümkündür:
Olsaydı məndəki qəm Fərhadı - mübtəlada
Bir ah ilə verərdi min Bisütunu bada.
Fövqəl qəmi yaradan gözəllik, hüsn və eşqdir. Qüdrətli qəm aşiqin gözəlliyə hüsni-təvəccöhündən, eşqindən yaranır:
Hüsnün olduqca füzun eşq əhli artıq zar olur,
Hüsn nə miqdar olursa, eşq ol miqdar olur.
Hüsn nə qədər kamil olsa, eşq o qədər böyük olur, eşq nə qədər böyük olsa qəm o qədər dərin olur. Ən kamil hüsn Yaradanın hüsnü, ən mükəmməl eşq Allah eşqi, ən ilahi qəm Allah sevgidən və ona çatmamaq əzabından yaranan dərddir. Bu dərdə mübtəla olmaq isə səadətdir. Dərd tənhalığın müsahibidir. Dərd xariqələr və xatirələr yaradır.
Gözəlliyin qüdrəti eşqi yaradır, eşqin qəmi insanı kamala yetirir, onu filosofa, dahiyə çevirir: "Kəmali-eşqəm, dəxi özgə kəmali neylərəm" - deyirdi söz və sevgi dahisi Mövlanə Füzuli.
Bizim "ana kitabımız", ən möhtəşəm türk eposu "Kitabi-Dədə Qorqud"da Tanrı haqqında deyilir: "Ucalardan ucasan, kimsə bilməz necəsən". Bəs insanlar üzünü görmədiyi Tanrının hüsnünün gözəlliyini necə təyin edirlər? Əvvəla budur ki, qədim türklər Günəşi Tanrı sifəti hesab edirdilər, belə düşünürdülər ki, Günəşdən gözəl və parlaq heç nə yoxdur. İkincisi isə, mənim fikrimcə, Allahın yaratdığı gözəllərin timsalında! Bəzən həyatda elə gözəllərə rast gəlirsən və deyirsən.
Səni bu hüsnü-camal ilə, kamal ilə görüb,
Qorxdular haqq deməyə,döndülər insan dedilər...
Nəsimi
Türk şeirinin mövlanəsi Füzuli isə yazırdı:
Ey mələksima ki, səndən özgə heyrandır sana,
Həqq bilir, insan deməz hər kim ki,
insandır sana.
Çünki hər iki dahi şairimizə görə, insanın üzündə Allahın kəlamı yazılıb, adı həkk olunub, nuru ifadə edilib. Nəsimi gözəllikdən istifadə edib Allahı insanlaşdırır.
Həqq-təalanın kəlamı surətin təfsiridir,
Kirpikin, qaşın, zülfün həqq kitabıdır, vəli
Ol kitabın kim, mən indəhü ümmül-kitab
Füzuli gözəlliyə dayaqlanıb insanı Allah mərtəbəsinə qaldırırdı. İnsan gözəlliyi ilahi təsirə malikdir. Bu təsirin ülvi adı eşqdir. İnsanın Allaha eşqi insanın insana (gözələ!) olan eşqindən başlanır. Bizim müasirlərimiz də bu fikirdədir ki, "Gözəl qadın milli sərvətdir..." (Anar). Bu sərvətə sahib olmaq cahanda ən böyük səadətdir. Ancaq təəssüf ki, gözəl qadınlar çox zaman gözəlliyi duymayan, fəhm istedadı olmayan naşı adamlara qismət olur. Bu ən acı paradoksdur. Gözəllik də çiçək kimidir, naşı münasibət ətrini itirir, laqeyd baxışlardan - ürəksiz insan nəfəsindən solur.
***
Sənətin - həm poeziyanın, həm də incəsənətin (xüsusən musiqi və rəssamlığın!)" cövhərində gözəllik və məhəbbət dayanır. Bu iki amil istedadı xariqələr yaratmağa sövq edir. Şairlik ilahi vergisidir, sənət-peşə deyil, oxumaqla şair yaranmaq olsaz "Şair sözü müqəddəs sözdür" (V.Belinski).
Bu barədə ən mötəbər (və doğru!) fikri Azərbaycan və bütün türk şeirinin Mövlanəsi Molla Məhəmməd Füzuli həzrətləri söyləyib: "Söz yaradanın mədhi - sənası, nəğməsidir ki, o, qeybin gizli aləmlərində həqiqətlər cəvahirindən ətək-ətək şabaş edib qeyri-məhdud xəzinələr yaratmış, məhdud hərflərin dəyişməsilə hər xəzinəyə bir açar ixtira etmişdir... İlahi feyzdən bir xəzinədir söz... Şeir fəziləti də ayrı bir elmdir və kamal növlərindən mötəbər bir növdür... Şeir yazanın adı şeir vasitəsilə aləm səhifəsində əbədi olaraq qalır". Belə rəvayət edirlər ki, bir müdrik adam şeir peyğəmbərlərinin adını çəkir: Cəlaləddin Rumi, Hafiz Şirazi, Əlişir Nəvai, Məhəmməd Füzuli... Dinləyənlərdən biri səbirsizlik edib ona deyir - bəs Nizaminin adını çəkmədin? Müdrik ona belə cavab verir: "Mən peyğəmbərlərdən danışıram, Allahdan yox...".
Allah peyğəmbərə vəhy, dahi şairlərə fəhm bəxş edib. Yaradanla yaşadanlar insanlığın xəzinəsidir.
Obrazlılıq, məcaz, metafora və müəmma şeirin məziyyətləridir. "Şeir sadə olmalıdır" demək şeiri gücdən salmaq deməkdir. Şeir hamı üçün kütləvi deyil, şeiri (söz!) anlayanlar, duyanlar üçündür. Şeir Allah əmanəti olan insan ruhunun söz də ifadəsidir O, ən demokratik janrdır. M.Müşfiq deyirdi: "Məncə, həqiqi şeir divanədir... Onu zəncirləmək nahaqdır. Burax onu! Burax, istədiyi kəlmə qəliblərinə girsin...". Şeir (və sənət!) İlahi pərisinin əlində şairin hüzuruna - beyninə və qəlbinə bayram xonçası kimi, gözəllik aləmindən gəlir. "İlham pərisinin büllur gərdişinə istibdad zənciri salınmaz, ipək saçlarına istiqlal çələngləri durular" (İsmayıl Hikmət). Gözəlliyin yaratdığı duyğunun sözlə ifadəsi olan şeir azadlıq çiçəyidir, onu dərmək hər adama nəsib olmaz, o, yalnız istedadlı adamların qismətidir. "Şeir xəyalla yazılmış bərabər vəznli və qafiyəli kəlamdır" (Nəsirəddin Tusi). Yaxud: "Şeir vəznli, qafiyəli və xəyal edilən kəlamdır" (Xətib Təbrizi). Şeir gözəlliyin poetik sözlə qafiyəli və vəznli ifadəsidir. Şeirin ən zərif növü - rübabi şeir, lirikadır. Lirik şeir bəstələnməmiş nəğmədir.
Sənət dünyanı gözəllik qanunları ilə ifadə etmək üçün yaradılıb, bəşəriyyət hələ bu səviyyəyə gəlib çatmayıb.
Gözəlliyi duymaq təkcə zövq məsələsi deyil, xüsusi bədii-fəlsəfi təfəkkür hadisəsi və mənəvi-psixoloji qabiliyyət əlamətidir. İnsan gözəlliyə təşnə ilə özünə gözəl həyat aurası-haləsi, könül xoşluğu imkanı yaradır. "Gözəl" sözü "göz" və "əl" birləşməsindən yaranıb. Məfhumi mənası gözlə görülən və əllə toxunulan anlamındadır. Gözəlliyi göz təyin edir, duyğu, hiss ona sahib çıxır. Gözəllik xəyalla - təxəyyüllə sözə, sənətə çevrilir. İnsan gözəlliyin yaratdığı xəyalla bizi əhatə edən görünən - vizual aləmi - eyni dərk etdiyi kimi, görünməyən aləmi - qeyb aləmini də fəhm edə bilir. Gözəlliyin doğurduğu xəyal insana hər iki cahanı seyr və səyahət etməyə imkan verir.
Sənətin əsasında duran obraz (obrazlılıq!) həm bədii təfəkkürün, həm də bədii təxəyyülün sənətkarın şəxsiyyətin də əlbir fəaliyyətinin məhsuludur. Obrazlı desək, obrazın atası həqiqət, anası xəyaldır. Xəyal və həqiqət bədii obrazda estetik gözəlliyin rəhnidir. "Gözəllik ideyanın hər cür hissi təzahürünün zəruri şərtidir" (V.Belinski).
"Əsl şeir dil ilə musiqi arasında xüsusi bir sənətdir. Şeir dilin musiqisi, musiqinin dilidir. Şeirdəki bəşəri hisslər və fikirlər bu dilin musiqisi və bu musiqinin dili ilə ifadə olunur. Şeir dilinin musiqisi də onun müxtəlif vəzn növləri ilə, ahəng ölçüləri ilə büruzə verir" (Əkrəm Cəfər). Şeirdə dilin, musiqidə səslərin, rəssamlıqda rənglərin harmoniyası gözəllik yaradır. Sənət təbiətə onda olmayan gözəllikləri əlavə edir. "Sənət çəməndə olmayan çiçəklər bitirməli, Ayı al sapla göydən yerə endirməyi bacarmalıdır" - deyirdi.
***
Oskar Uayld: Cahanda da, sənətdə də gözəlliyin gücü səmimiyyətindədir. Lakin çox zaman gözəl qadınlar təkəbbürlü olur. Şairlər buna naz deyirlər. Nazsız gözəl duzsuz xörək kimidir. Naz gözəlliyə dad verir. Gözəllik ruhun azadlığıdır. Gözəlliyi və gözəli sevgi ilə fəth etmək lazımdır. Belə fəthə eşq, bu fatehliyə aşiqlik demək olar. Böyük filosof N.Q.Çernışevski Hegel estetikasına qarşı yazdığı "Sənətin varlığa estetik münasibətləri" kitabına "gözəl nədir?" sualına yüzlərlə şəhr verir. Əsərin sonunda iki sözlə bu suala cavab verir:
"Gözəl - həyatdır". Bu, materialist düşüncənin gəldiyi qənaətdir. Mən isə idealist düşüncəyə malikəm. Gözəllik gözəgörünməz meyarlarla ölçülən bir əyardır. Dünyada ən kamil gözəllik qadın gözəlliyidir. Ondakı cazibənin sirrini axıradək hələ heç kim kəşf edə bilməyib. Gözəlliyin gözəlliyi də məhz dərkolunmazlığındadır. Dahi U.Şekspir, səhv etmirəmsə, "Kral Lir" dramında təlxəyin dili ilə belə deyir: "İnsan, sən öz varlığındakı bütün sirləri açmayınca mənim əlimdən qurtula bilməyəcəksən!". Fəqət nə Şekspirdən əvvəlki filosof sənətkarlar, nə də ondan sonra gələnlər insan varlığındakı sirlərin mində birini də aça bilməyiblər. İnsan bir sirri-xudadır... Bu barədə bir qədər sonra!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!