Yenidən qovuşmaq üçün..."Bizi kim apardı" şeirində oyun estetikası - Ülvi BABASOY yazır - Ülvi BABASOY

Ülvi BABASOY

Faiq İsmayılovun "Bizi kim apardı" şeiri müəmma, sirr estetikasına əsaslanır. Hər misra axtarışdır. Kəşf olunmaq istəyidir. Faiq dostu Azər Turana müraciət edir və cavab axtarır. Həmişə  dərin və mənalı cavablar sükutla qarşılanan sualların bətnində gizlənir. Şeirin sonuncu bəndindəki  "Dostum, bizi kim apardı?" sualı bir ömrün, taleyin və münasibətlərin cavabı kimi yaranır. Faiqin ömrü ilə Azər Turanın həyatının... kəsişən və bir daha qopmayan ardıcıllıq tezliyində əbədiyyət illüziyasına qapı açılır. Əbədiyyən var olmaq çabası şeirin gözəllik duyumunda və təsəlli axtarışında davam edir. Keçmişdən (davamedici zamandan) bu günə və gələcəyə doğru bir  hədiyyədir bu şeir. "Bizi kim apardı" Azər Turanın və Faiqin bitməyən münasibətidir:

Uca-uca dağ başından,

anan, atan, qardaşından,

qohumundan, tanışından

dostum, səni kim apardı.

 

Sakit axan çayqırağı,

çayın daşı, çay balığı,

qonşumuzun gül yanağı,

səni saxlaya bilmədi, -

dostum, səni kim apardı?

"Bizi kim apardı" şeiri "Yoldaş, səni kim aparır?" oyunu ilə oxşardır. "Yoldaş, səni kim aparır?" mütəhərrik oyundur. Qrup şəklində oynanılır. Gözləri dəsmal ilə bağlanan qrupun üzvlərini digər komandadan iki nəfər aparır. Aparılan şəxsləri yoldaşları səsləyir: "Yoldaş, səni kim aparır?". Doğru tapsa mükafat, yanlış desə cəza gözləyir onları. Faiq dünyasını dəyişsə də, hələ də Azər Turan onunla sirr və dərd yoldaşıdır. Mükafatın adı: Faiq hələ də yaşayır, yaşadılır.

"Dostum, bizi kim apardı?" ritorik, bədii sualdır. Həmçinin təxtəlşüur hadisəsidir. Həsrətdir. Qovuşmaqdır. Ayrılıqdır. Yenidən qovuşmaqdır. Bu dəfə virtual görüş yeridir. İnterpsixoloji məqamdır. "Ölüm süvarisi" suala cavab verir: Biz səfərdəyik. Yoxluq və varlığın sərhədlərində dayanan bir yoldayıq. O yolu keçib gəlmişik. Heç nə və heç kəs özünə çəkə bilmədi bizi... Məni də, səni də, bizi də sevgi apardı, aparır, aparacaq. Ernest Breleurun "Arzusu müəmma" tablosunu yenidən xatırlayıram. İnsanın arzusu yaşamaq, mövcud olmaq qovğası deyilmiş. Sevgiymiş. Müəmmaya, naməlumluğa bürünüb bizdən uzaqlaşan sevgi. Və Faiq sənətlərarası əlaqə və qısa ömrü intervalında "Ölüm süvarisi"dir. Ancaq kosmos və xaosu birləşdirən şeir sənətində və bitməyən  dostluq tezliyində sevgi süvarisidir. Çünki:

Aya baxdım, Ay çəkmədi,

suya baxdım, su çəkmədi.

Sən gedən yollara baxdım,

yollar yaman çəkdi məni, -

dostum, bizi kim apardı?

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!