Minacat...Sona Vəliyevanın "Dünya Tanrı biçimdədir" kitabı haqqında - Əyyub QİYAS yazır - Əyyub QİYAS

Əyyub QİYAS

 

Sona Vəliyeva ilə ilk dəfə 1988-ci ilin fevralında, İncəsənət İnstitutunun tələbə heyəti ilə qastrola gedərkən Naxçıvanda qarşılaşmışdım. O vaxt Sona xanım ali təhsilini bir neçə il əvvəl başa vurub musiqi məktəbində işləyirdi. Sonrakı illərdə onun şeirləri, müxtəlif mövzulu yazıları, ümumiyyətlə, ictimai fəaliyyəti və milli mətbuatımızdakı xidmətləri ilə maraqlanır, açığı, qürur duyurdum, çünki Sona Vəliyeva İncəsənət İnstitutunu bitirmiş Adil Babayev, Əli Vəkil, Əli Kərim, Sabir Sarvan kimi istedadlı yazarların sırasını davam etdirir. Həmin ali təhsil ocağının məzunu olduğum üçün qürur duyurdum. Növbəti dəfə Sona xanımla təxminən 30 il sonra, 2017-ci ilin mayında, Muğam Mərkəzində, "Qızıl Kəlmə" mükafatının təqdimatında üz-üzə gəldim. O vaxt ayrı nominasiyalarda ikimiz də bu mötəbər mükafata layiq görülmüşdük. Bir-birimizi təbrik etməklə keçindik. Səhv etmirəmsə, "Dünya Tanrı biçimdədir" kitabı da məhz həmin ərəfədə çapdan çıxmışdı. Sonra bir müddət kitab yazı masamda qaldı, redaktədən, tərcümədən yorulanda oxudum oradakı şeirləri. Minacat kimi ruhuma toxtaqlıq verdi, dua kimi pıçıldadım...

Ömrüm özüm biçimdə,

Sevgim, duam içimdə,

Yol başladım içimdən,

Qapına gəldim, İlahi!

Bu kitabda dua kimi şeirlər çoxdur. Bu kitabda bəzən pıçıltıyla, bəzən də ucadan, hayqıraraq oxunacaq şeirlər də çoxdur, amma bu kitab başdan-başa İlahi Eşqin tərənnümünə həsr olunub.

Şeytan

min hiylə qurdu

bu ayrılığa...

İlahi, tək bir bəhanə göndər

təzədən rastlaşmağa,

təzədən qovuşmağa!

Şeirdən söz düşəndə tez-tez Federiko Qarsia Lorkanın "Poetik obraz hər zaman mənanı ifadə edir" fikirlərini xatırlayıram. Şeir mənanı dolğun ifadə edə bildiyi zaman ürəyə yol tapır. Təsadüfi deyil ki, insanlar sitat gətirmək, fikirlərini dolğun ifadə etmək üçün dahi şairlərin - Nizaminin, Şekspirin, Puşkinin - misralarına müraciət edirlər və mən qətiyyətlə deyə bilərəm ki, "Dünya Tanrı biçimdədir" kitabında oxucuya fikri dolğun ifadə edə bilmək üçün geniş meydan açılıb.

Bəxt yazısın yazan varmış,

Çox istəyən azdan olmuş,

Ömür almasız nağılmış,

Gəlmişik qulaq asmağa...

 

İçimdə söz-söz də mənəm,

"Ol"dan əvvəlki sözdənəm,

Söz ölməsə, mən ölmərəm,

Gəldim sözlə sağ qalmağa.

Sona Vəliyevanın şeirlərində təsvir yaratmaq ustalığı açıq-aydın hiss olunur. Belə məqamlarda sözlə rəsm çəkmək ifadəsi son dərəcə yerinə düşür, bəzən sözlərin səsini eşitmək olur. Kitabda mövzu qıtlığı yoxdur, rəngarənglik, sərbəstlik, peşəkarlıq adamı alıb aparır. Məsələn, üzərinə şeh qonmuş ağac aşağıdakı kimi təsvir olunur:

Qurumur gözünün yaşı,

Necə ovudum kirisin?

Üz-gözünü şeh yuyubmuş,

Ağlamağı bilinməsin,

və burada, oxucu bir anlıq dünyadakı şehli budaqların, çiçəklərin, otların hönkürtüsünü eşidir. Yaxud "Yallı" şeiri:

"Yallı" çalınır.

Yaddaş oyanır.

Bu, oyun deyil,

təvafdır, təvaf.

"Ya Allah, ya Allah...".

Təvaf Həcc ziyarəti zamanı Kəbə evi ətrafında saat əqrəbinin əks istiqamətinə dövrə vurmaqdır. Bu ayin müsəlmanlığın ən izdihamlı imitasiya məqamıdır. Şeiri oxuyarkən həm gözlərim önündə yallı gedən insanları gördüm, həm musiqi eşitdim, həm də mənə elə gəldi ki, insanlar əl-ələ verib yallı gedərkən kütləvi şəkildə Allaha doğru dartınırlar. Bəlkə də, "Yallı" əcdadlarımızın bizə miras qoyduğu kütləvi imitasiya formalarından biridir, kim bilir...

Sona xanımın şeirlərində qadın mövzusu mühüm yerlərdən birini tutur və bu da təbiidir. O, həm bir ictimai fəal, həm mətbuat adamı və həm də bir qadın, bir ana kimi qadın problemlərini gözəl bilir. Ona görə də kitabda yer almış bu səpkili şeirlərdə olan ağrı-əzab - sevgi-sevinc paralelləri son dərəcə səmimi, dolğun və inandırıcıdır. Qadın mövzusu Sona xanımın yaradıcılığında özünü azad hiss edir, özünü çəkinmədən, sərbəst, inamla ifadə edir.

Göz yaşların gecələr

ömrünü yudu,

səhərlər bəxtəvər görünəsən deyə,

göz yaşının parıltısını -

dözüm mükafatını

qulağından, boynundan

asdın,

göz yaşının nəmi

kiflətdi bəxtini...

ya da:

Asılır ümiddən aldanan qadın,

Göz yaşı taleyin fəryadın çəkir.

Yalan sevdaların ağır yükünü

Min kişi çəkməzdi, bir qadın çəkir.

Ümumiyyətlə, hər bir ziyalı, hər bir yaradıcı adam həm də ictimai mühitin bir parçası, cəmiyyətin mühüm fiquru hesab edilir. Bu baxımdam şair və yazıçıların üzərinə daha ağır yük düşür, çünki insanlar çətinə, dara düşdükdə çıxış yolunu birbaşa xalqın, millətin ziyalısında, ən çox da qələm adamlarında axtarırlar. İşlər düz getməyəndə daha çox yazarlar qınaq obyekti olur, hətta cəmiyyətdəki əksər neqativ hallara görə insanlar şair və yazıçılardan küsür, inciyir. Yəni şairlər (məşhur olub olması fərq etmir, bu proses, hətta ailə içində, qohum içində, ən qapalı mühitdə belə, işləkdir) hər zaman üzərlərində ictimai nəzarət hiss edən fərdlərdir. Aktyor, müğənni (təbii ki, hamısına aid etmək olmaz) əxlaq normalarını, davranış qaydalarını pozsa belə, cəmiyyət çox vaxt buna ya adi qınaqla reaksiya göstərir, ya da ümumiyyətlə, üstündən sükutla ötüb-keçir. Lakin qələm adamlarının belə bir şansı yoxdur, hətta ailə içində nəsə bir yanlış edirsənsə, o anda sənin ziyalılığın, yazarlığın tərəziyə qoyulur. Bu mənada Sona Vəliyevanın üzərinə çox ağır yük düşür və o, bu yükün mahiyyətini dərk etdiyi üçün bu gün olduğu yerdə son dərəcə sadə və səmimi görünür.

Sona xanımın ictimai mövzulu şeirləri içərisində "Qardaşım Kefli İsgəndərə birinci məktub" və "...ikinci məktub" adlı şeirləri öz ictimai ağırlığına görə xüsusilə seçilir.

...Əziz qardaş, xəbərin var?

Xudayar bəy kəndxudalıqdan

milyoner olub.

Neylədi, latın əlifbasını

öyrənə bilmədi,

indi kitab yazdırıb

professor olmaq eşqinə düşüb.

Dərd elə köhnə dərddi...

ya da:

Deyirlər, o gün pirdə

o kəndin qadınları

nəzir paylayıb

dua edirmişlər:

"Allah, balalarımız yazıqdır,

bizim kişilərə bir də

çox pul vermə".

Bu parçalarda Mirzə Cəlil harayını, Sabir ironiyasını duymamaq mümkün deyil. Sona xanım "dərd elə köhnə dərddi" deməklə yüz illər boyu xilas ola bilmədiymiz dərdlərə güzgü tutur. Qarabağ harayı və şəhidlik zirvəsi "Qaçqın yataqxanası" şeirində ürək sızladan ağrı ilə verilir. "Gözəl Qarabağdan, görmədiyi yerlərdən inşa yazacaq, görəsən, neçə alacaq" kimi sətirlər xəncəl kimi adamın ürəyinə saplanır.

"Dünya Tanrı biçimdədir" kitabındakı şeirlərin ruhunda, mayasında olan səmimiyyəti bütövlükdə dua və minacat toplusu adlandırmaq olar. Bu şeirlər ruhu oxşamaqla yanaşı, həm də düşündürür, düşündürdükcə dünyanı adamın gözündə saflaşdırır, saflaşdırdıqca adam mənən təmizlənir, durulur və sadəcə, dua etmək istəyir.

Qalacaq ruhumun yükü sözümdə,

O məndən doymadı, doymadım ondan.

Mən "Ol"la gəlmişəm, "Ol"la gedirəm,

Yaşamaq ümidim başlayır sondan,

- deyən şairin, yazıçının, mətbuat fədaisinin və çiynində ağır ictimai yük daşıyan bir qadının, ananın kövrək pıçıltıları, layla kimi nəğmələri, harayı, üsyanı ilə baş-başa qalmaq üçün "Dünya Tanrı biçimdədir" kitabının səhifələrinə dalın, yazarla birlikdə minacat edin. Təsadüfi deyil ki, haqqında söz açdığım kitab artıq bir neçə dilə tərcümə olunub. Mənsə kitab haqqında fikirlərimi öz ənənəvi duamla bitirirəm: "Eşqlər və uğurlar!".

25 mart 2019

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!