Hər bir azərbaycanlının mütləq baxmalı olduğu 3 filmdən biri "Qəm pəncərəsi"dir. Filmin ssenarisini xalq yazıçısı Anar yazıb, həm də filmin quruluşçu rejissorudur. "Qəm pəncərəsi" filmi əsasən Mirzə Cəlilin əsərləri əsasında çəkilib. Bu film xalqımızın müsbət və mənfi cəhətlərini özündə əks etdirir. Bəzən Azərbaycanın klassik yazıçılarını daha bəşəri, daha böyük miqyaslı əsərlər yazmamaqda günahlandırırlar. Məgər Nobel mükafatçısı İvan Bunin rus kəndlisindən yazmırdımı? Ancaq bir həqiqəti də danmaq olmaz ki, XIX əsr Rusiya ədəbiyyatında, həmçinin Fransa ədəbiyyatında hadisələr daha çox kübar ailələrdə yaşanırdı. Bunun səbəblərindən biri də həmin yazıçıların yüksək təbəqə nümayəndələri olması idi. Onlar kübar ailələrdə doğulmuş, elita tərbiyəsi görmüşdülər. Biz Cek Londonun "Martin İden" romanında, Balzakın "Bəşəri məzhəkə" epopeyasında kübar cəmiyyətin tənqidini görə bilərik. Qərb yazıçıları xilası daha çox elitadan gözlədiyi halda, biz Qurbanəli bəydən, Novruzəlidən yüksək bacarıq, savad umuruq. Kim haqlıdır, bizmi, onlarmı? Axı zaman onların haqlı olduğunu sübut etdi. Biz Novruzəlidən intellekt tələb etdiyimiz və onu rus uşaqlarının gözündə gülüş obyektinə çevirdiyimiz halda, Cek London bütün kübar ailələrinin saxtakarlığını ifşa edən "Martin İden"i yaratmışdı. Axı Qoqol "Taras Bulba"nı yazmışdı. O Taras Bulba ki, düşmən qızını sevən oğlunu "səni mən yaratmışam, mən də öldürürəm" deyərək qətlə yetirir.
Yazıçını yazmadıqlarına görə qınamaq olarmı? Ümumiyyətlə, klassikləri tənqid edə bilərikmi? Tənqid olunmaz şəxsiyyət yoxdur, heç kimi bütə çevirmək olmaz. Amma kimisə tənqid edərkən ictimai-siyasi şərtlər, dövrün siyasi mənzərəsi mütləq mənada nəzərə alınmalıdır. Məncə, mövzudan çox yayınmasam yaxşıdır.
"Qəm pəncərəsi" filmində biz köhnə fikirlə yeni düşüncə axını arasında yaranmış konfliktin şahidi oluruq. Köhnə nəsil ənənəvi düşüncəni mühafizə etmək tərəfdarı olsa da, onların övladları, nəvələri yenilik tərəfdarıdır, onlar Kefli İsgəndəri qəhrəman sayırlar. Bəs Kefli İsgəndər qəhrəman idimi? Mən deyəndə ki, Cəbiş müəllim, Kefli İsgəndər nümunəvi obraz deyil, məni qınayırlar. Cəbiş müəllimə öz arvadı inanmırdı, arvadı qonşu kişi ilə əlbir olub Cəbiş müəllimdən sabun bişirməsini istəyirdi. Bu fikirlərlə razılaşmayan adamlar deyirlər ki, Kefli İsgəndərin, Cəbiş müəllimin günahı yoxdur, cəmiyyət onları o günə qoyub. Əgər cəmiyyət, savadsız kütlə intellektə qalib gəlirsə, demək ki, o intellektin həyatda qalmaq şansı yoxdur. Bütün xalqlar aydınlanma mərhələsi keçir və bütün xalqlar aydınlanma mərhələsini könülsüz şəkildə keçir. Məcburən, döyülərək, tənqid olunaraq. Bu mövzuda məni tənqid edən adamlar Alfons de Lamartinin Hüqonun "Səfillər" əsəri haqqında yazdığı tənqidi oxumayıb. Lamartin deyir ki, Hüqo elə xalq kimi davranır, xalqda həmişə günahkar axtarır. Lamartin yazır ki, Hüqo "Səfillər"dəki obrazların əzablı həyatına görə bütün cəmiyyəti günahkar çıxarır. Lamartin Fantinanın saçlarını, dişlərini satmasını həddən artıq pafoslu sayır. Lamartin yazır ki, bu səhnələrdəki dramatiklik şişirdilmiş səviyyədədir.
Mirzə Cəlil səmimi-qəlbdən xalqımızın inkişafını istəyirdi. Ən çətin zamanda, ən çətin şərtlər altında "Molla Nəsrəddin"i yaratmışdı. Təbii ki, tək yaratmamışdı. Dostları, xüsusən də Ömər Faiq Nemanzadə ona çox dəstək olurdu. Amma hər birimiz ciddi mənada düşünməli və bu suala cavab tapmalıyıq. Novruzəli, Kefli İsgəndər bizi inandıra bildimi? Axı şüurun qəbul etdiyi reallıqlar var. Uğursuz adamların dilində səslənən həqiqəti heç kim ciddiyə almır. Kefli İsgəndər cəhalətlə savaşmaq, insanları inandırmaq üçün müxtəlif variantlar düşünüb tapmaq əvəzinə, öz hücrəsinə qapanırsa, ona inanan uşaqlar kimdən güc alsınlar, kimə inanıb təhsil almaq istəsinlər? Əslində, Mirzə Cəlilin "Poçt qutusu" hekayəsini yazmaqda məqsədi Novruzəlini və ya xalqı aşağılamaq deyildi. Əslində, qutuya atılan da məktub deyildi. Qutuya ana dilimiz və milli təfəkkürümüz atılmışdı. Və həmin rus uşaqları da milli düşüncəmizdən, ana dilimizdən uzaqlaşdığımıza, böyümək istəmədiyimizə görə Novruzəliyə - əslində, bizə gülürdülər.
"Qəm pəncərəsi" filmində ən çox ifadə olunan məsələlərdən biri də qadın azadlığı problemidir. "Danabaş kəndinin əhvalatları"nda, "Məhəmmədhəsən əminin eşşəyinin itməkliyi"ndə bu mövzular obrazlı şəkildə təsvir olunub. Bu filmə baxarkən Mirzə Cəlilin yaşadığı iztirablar, keçirdiyi ürək ağrıları gözlərim önündə canlandı və kədərləndim. Özümdən asılı olmadan gözlərim doldu. Üzeyir Hacıbəyov haqqında yazılan xatirələri oxuyarkən də beləcə kövrəlmişdim. Biz bundan sonra əzab çəkməsək də olar. Üzeyir bəy hamımızın yerinə əzab çəkib. Filmdə kəndlilərin qudurğan Xudayar bəyə münasibəti insanı dəhşətə salır. Kəndlilər Xudayar bəyin şallaq zərbələrinə sevinir. Bu filmdə biz kütlə psixologiyasının təsvirini görürük. Ancaq film təkcə mənfilərdən ibarət deyil. Mirzə Cəlil bizə bir ümid parıltısı, gələcəyə inam qığılcımı verdiyi kimi, onun həyat və yaradıcılığına həsr olunmuş bu filmdə də Kefli İsgəndərin ətrafına toplaşmış kefsiz uşaqlar cəhalət girdabında boğulan xalqın gələcəyinin parlaq olacağına inam hissi yaradır.
Xudayar bəyin özbaşınalığı o dövrün xanlarının, bəylərinin rəiyyətə münasibətini əks etdirir. Xudayar bəyin zalım hərəkətlərinə, qəddar davranışına səbəb kənd camaatının avamlığıdır. Xudayar bəy savadlı deyil. Sadəcə, hiyləgərdir. Ancaq Xudayar bəyin öz dostunun arvadına göz dikməsi o demək deyil ki, bu xüsusiyyət bütünlükdə xalqımıza məxsusdur.
Hər bir azərbaycanlı bu filmi izləməlidir. Bu film həm də bizim yaddaşımızı səsləyir və bizi fəaliyyətə, faydalı işlər görməyə həvəsləndirir.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!