Hər insan bir mikrokosmosdur. Sufizmin əsaslandığı vəhdəti-vücud fəlsəfəsinə görə, bir qum dənəsi kainatın, yaxud bir damla su dəryanın mahiyyətini ifadə edir. Dənizin suyunun şor olduğunu bilmək üçün dənizi içmək lazım deyil, bir damla kifayət edər. Bir insan da bütün insanlığı, bəşəriyyəti təmsil edir.
İnsan duyub dərk etdiklərində, fikirlərində və əməllərində yaşayır. Qədim bir məsəl var: "Danış görüm, sən kimsən". İnsan öz kimliyini nitqi və əməli ilə ifadə edir. Əməl və əsər insan varlığının vizual şəklidir. Yazıçı əsərində, bəstəkar nəğməsində, rəssam tablosunda, dülgər taxtada, bənna daşda görülür. Lakin müəllim və həkim insan şəxsiyyətində özünü tapır. Onların predmeti, iş materialı insandır. Həkim insanın fizioloji varlığı ilə, müəllim isə onun mənəvi dünyası ilə məşğul olur. Savadsız həkim bir adamı, savadsız müəllim bir milləti məhv edir. Bu mənada müəllim peşəsi çox çətin, məsuliyyətli və şərəflidir. Dünyanın bütün dahiləri, sənətkarları, filosofları və siyasətçiləri uşaq vaxtı müəllimdən dərs alıb, ondan bir qulaqburması da görüb. Dünyada ən qəzəbli şahın da müəllimi olub. Həm müəllim, həm də yaradıcı sənətkar-filosof olmaq xoşbəxtlikdir. Mən Əli Vəli oğlunu belə müəllimlərdən biri hesab edirəm. Sözümə bəraət üçün bəzi faktları qeyd etməliyəm: qədim soykökünə malik Əli Vəli oğlu 1940-cı ildə Qərbi Azərbaycanın Mehri bölgəsinin Nüvədi kəndində, sənətkar ailəsində dünyaya gəlib. Azərbaycanın bu il 100 yaşı tamam olan ilk universitetinin filologiya fakültəsində təhsil alıb. Müəllim və jurnalist kimi əmək fəaliyyəti göstərib. Yazıçı və publisist kimi "Mənim dan ulduzum", "Qəzəllər", "Ömrümüzə işıq düşür", "Halal çörək", "Bu minvalla dünya belə qalammaz", "Vətən boyda dərd göyərtdim, qəm yedim", "Ağıl dəryasından incilər", "Məndən elə qalanlar", "Nüvədi və nüvədililərin tayfa şəcərəsi", "Nüvədi antologiyası və Nüvədi şairləri", "Göylərə yazmışam şikayətimi", "Zirvələrdə izim var" kitablarını yazıb. Bu kitabların, yüzlərlə şeir və fəlsəfi publisistik məqalənin müəllifi Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, bir neçə ədəbi mükafatın sahibidir. Sadəcə, onun kitablarının adı ilə tanışlıq kifayət edir ki, Əli müəllimin əsl vətənpərvər, ziyalı kimi necə ömür sürdüyünü, hansı dərdlərlə yaşadığını dərk edəsən. Əsir düşmüş vətən dərdi, düşmənlərimizə nifrət və qəzəb, didərgin salınmış elin faciəsi Əli Vəli oğlunun əsərlərinin həm mövzusunu, həm də bədii fəlsəfi yükünü təşkil edir. Buna onun yarım əsrdən artıq müəllimlik fəaliyyətini, vətəndaş yetişdirdiyini də əlavə etsək qarşımızda əsl fədakar insan görərik. Azərbaycan ədəbiyyatının klassiki görkəmli romantik və uşaq yazıçısı Abdulla Şaiq deyib ki, "mən yazıçılığıma görə müəllimliyimə borcluyam". Bu sözləri zahirən Abdulla Şaiqə çox oxşayan Əli Vəli oğlu haqqında da tərəddüd etmədən demək olar. Əli müəllim sinifdə şagirdlərə söylədiklərini evdə kağızlara köçürüb və bu vətənpərvərlik ədəbiyyatı - yazılı dərslər yaranıb. Vətən üçün, xalq üçün, millətin gələcəyi üçün bu qədər iş görən adam bir dəfə də olsun öz haqqını tələb etməyib, bir gün övnə sinfə girib sonra fəxri ad iddiasında olanlar Əli Vəli oğlunun nəhəng yazıçı-pedaqoq fəaliyyətindən utanc götürməlidirlər. Əli müəllim təmənnasız ziyalı nümunəsidir, şəxsiyyət və mənəviyyat örnəyidir. Əli Vəli oğlu dərd, qəm nə olduğunu bilən, ağıl və idraka tapınan, vətəni və yaddaşı itməyə qoymayan idraklı bir düşüncə sahibidir. Əslində, məni bu yazını yazmağa sövq edən Əli Vəli oğlunun "Mənim mənalı dünyam - Ovqat ayələri" ("Bakı, Alatoran yayınları - 2013") kitabı oldu. İri formatda 336 səhifədən ibarət bu nəhəng kitaba müəllifin 80 illik həyatı (gələn il onun 80 yaşı olacaq) ərzində yaşayıb gördükləri, eşidib duyduqları, düşünüb yazdıqları haqqında kəlam və aforizm toplanıb. Bu kəlamlar acılı-şirinli yaşantıların müəllim və yazıçı idrakından zərrə-zərrə süzülənlərdir.
l Mən həyatın bütün gözəlliyini insanlarin xoşbəxtliyində görürəm;
l Gözəlliyin məhək daşı əxlaqdır;
l Allah insanı yaratdı, insan Allahı kəşf etdi;
l Qəlbi qocalara məhəbbətdən söz açmayın. Onlar doymuş məhlul kimidirlər;
l Korlar dünyanın ən əzabkeşləridir. Əsalarını yerə döymələri talelərindən Allaha şikayətləridir;
l Sabahla ayaqlaşmayan əsər tədavüldən çıxmış pul kimidir;
l İnsan ömrü hadisələr silsiləsidir;
l Nöqtə cümlənin bitmiş ömrünün məzarıdır;
l Ana - məhəbbətdən, sevgidən yoğrulmuş əbədi hərarətli atəşgahdır, Günəşin tayı olan bir varlıqdır;
l İlk körpə doğulan andan subay qızları müqəddəs "ANA" adına yüksəldib Tanrıya tay qoşur;
l Gecələrimi yuxularımla şam kimi işıqlandırıram;
l Həsrət və nisgil insan ömrünü doğrayan qayçılardır;
l Qələm fikrin qandalı, vərəq fikrin həbsxanası;
l Ən ədalətli adam həqiqəti qoruyan və etirazı bacarandır;
l Ehtiras məhəbbətə çevrildikdən sonra sevgi yaranır;
l Həyatı sevməyən adam toyda ağlayan uşağa bənzəyir;
l Tonqalda yanan ocağın parlaq alovunu gördükdə, çiçəkləri yadıma düşdü;
l Gecə dağda arxac yerində közərən ocaq, dedim bəs gecənin köynəyi deşilib;
l Darvazamdan qəbiristanlığa da bir yol gedir.
Beləcə, kitabı bura köçürmək istəyirsən. Bunlar mənalı yaşamının izləri, müəllifin dünya mənzərəsindən gördükləri və fərz etdikləridir. Bu kəlam və aforizmləri Əli müəllimin kitablarının birinin adı ilə də adlandırmaq olar. "Ağıl dəryasından incilər". Şübhəsiz ki, ən uzunömürlü və təcrübəli adam istəsə də bu tərzdə hadisələri ümumiləşdirib nəticə çıxara bilməz. Bunun üçün alim zəkası ilə bərabər, istedadın ifadəsi olan bədii təxəyyül lazımdır. Əli Vəli oğlunun bir sıra ifadələri halal duyğularının məhsuludur. Müəllif onları ovqat ayələri adlandırıb. Bu fikirlərin iki əsas obrazı var: kədər və ümid. Şəxsən mən ümidə ümid olmuram, ümid ən şirin və cazibədar yalandır. Əli müəllimin ümid obrazı simvolik xarakter daşıyır. Gələcəyə inam ifadə edir. Kitabdakı kədər obrazı vətəndən didərgin düşmüş əqrəba torpaqlara düşmək, tapdaq altında qalmış bir vətəndaş ziyalı və qəlb ağrısından doğulur. Buradakı aforizmlərdən biri belədir: "Məsuliyyət hissi insanı gözəlləşdirir". Bu çox tutumlu deyimdir, onda həm qeyrət, həm cəsarət, həm də dərin təəssübkeşlik ifadə olunur. Mən yazılarımda bir şeir demişəm: Gözəllik (hüsn) eşq doğurur, eşq ən böyük azadlıqdır. Məsuliyyət azadlığın təməl daşıdır. "Mənim mənalı dünyam": ovqat ayələri kitabı tizfəhmlə yazılmış kəlamlar toplusudur. Ariflər üçün yazılıb, kamil oxucunun şəxsiyyətinə və yaddaşına ünvanlanıb. Burada Azərbaycan xalqının həyatı və mənəviyyatı fikir tarixi və düşüncə tərzi sərgilənib. Hər bir deyim aforizm və kəlam asanlıqla yaddaşda bərqərar olur. Onu oyadır, cilovlayır, korşalmağa qoymur, həyatı asanlaşdırmaqla, insanı çaşmamağa, həyatdan, gözəllikdən ürəkdolusu zövq almağa xidmət edir. Bu kitabda Əli Vəli oğlunun mənəvi dünyasından, idrakından süzülən ovqat ayələrində türkün həyat təcrübəsi, Azərbaycan ruhu, bir də Xaliqin varlığına möhkəm inam mürgüləyir. Onu oyatmaq biz oxucuların mənəvi borcudur.
Bu əsər barədə daha geniş şərh yazmaq olardı. Amma xatırladım ki, akademik Dorn Abasqulu Bakıxanovun "Gülüstani-İrəm" əsəri barəsində cəmi bir abzas fikir yazıb. Və bu fikir həmin əsər haqqında yazılmış ən qiymətli fikir kimi tarixdə yaşamaqdadır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!