Xanım Beket - Braziliya...Cinayət ekzotikası... Və poeziya - Nəriman Qasımzadə

2006-cı ilin yaz ayları idi. Qeyri-hökumət təşkilatları fəallarından biri mənə dedi ki, Yunanıstandan məşhur bir xanım Bakıya gəlib, Azərbaycanda islami araşdırmalarla məşğul alimlərdən biri ilə söhbətləşmək arzusundadır və istərdi  onu mənimlə görüşdürsün. Açığı, o qədər də həvəsli deyildim, ancaq xahiş edən də xanım, görüş istəyən də. Sözlərini yerə sala bilməzdim…

Sonradan öyrəndim ki, qaldığı mehmanxanada söhbət etdiyim şəxs əfsanəvi yunan qızı Mariya Beket imiş. 1967-ci ildə Yunanıstanda hakimiyyəti ələ keçirmiş "qara polkovniklər"in qənimi Mariya Beket. Nüfuzlu tribunalardan xuntaçıların beynəlxalq təcridinə səsləyən alovlu nitqləri, əleyhlərinə gizli yollarla partizan hərəkatının təşkilində göstərdiyi xidmətlər onu öz ölkəsində xeyli məşhurlaşdırıbmış. 1974-cü ildə xunta hakimiyyəti devriləndə yeni iqtidar xanım Beketə Birləşmiş Millətlər Təşkilatında səfir vəzifəsini təklif etsə də, o bundan imtina etmişdi. Xeyli müddət ictimai fəaliyyətə baş vurandan sonra həyatının son dövründəki işləri ekoloji problemlərin dünya ictimaiyyətinin diqqətinə gətirilməsi və bu istiqamətdə yunanların beynəlxalq nüfuzunun qaldırılması yolunda nəhəng tədbirlərin təşkil edilməsi olmuşdu. Onun təşkilatçılığı ilə Egey dənizi, Qara dəniz, Dunay çayı, Adriatik dənizi, Baltik dənizi, Amazon çayı, Qrenlandiya Antarktidası və Missisipi Deltası sularında möhtəşəm gəmi flotiliyasında dünyanın görkəmli ictimai-siyasi, din və elm xadimlərinin iştirak etdiyi "Din, elm və ətraf mühit" başlıqlı möhtəşəm simpoziumlar keçirilib. Beş il öncə dünyasını dəyişib. Allah rəhmət eləsin...

Bakıya gəlişindən məqsəd belə tədbirlərin birini Xəzərdə keçirmək idi. Danışdıqlarından anladım ki, yunan pravoslav kilsəsi ilə Rusiya pravoslav kilsəsi arasındakı ziddiyyətlər həmin simpoziumun Xəzər sularında keçirilməsinə Moskvanın qısqanclığı üzündən siyasi müstəvidə problem yaratmışdı. Məndən islam dini baxımından hazırkı dünyamızın ekoloji çağırışlara münasibətimi soruşdu. Bu mövzuda Azərbaycan dilində məqaləm olduğunu söylədim. Maraqlandı, həmin yazının tərcüməsini istədi. İngiliscəyə çevirib ona göndərəcəyimi vəd etdim. Məqaləni razılaşdığımız tarixdə göndərdim. Təşəkkür edib yazdı ki, Bakıya yenidən gəlmək və mənimlə bir daha şəxsən görüşmək istəyir.

Bir aydan sonra gəldi. Evimizə nahara dəvət etdim. Dünyanın hər üzündən, hər şeydən danışdıq, dərdləşdik. Ailə üzvlərimin iştirakı ilə nahar arxasında keçən bir neçə saatlıq səmimi söhbətimiz bizi xeyli doğmalaşdırdı. O qədər ki, axırda lap açılışıb şikayətlərini də mənimlə paylaşdı: görüşdüyü aparıcı din xadimlərimizin ekoloji problemlərə biganəliyindən danışdı, Xəzərdə keçirilməyi nəzərdə tutulan tədbirə dəvət almaqdan ötrü mühüm dövlət postunu tutan bir vəzifəli məmurumuzun ondan, yəni xarici vətəndaşdan (?!) cənab Prezindentə şəxsən müraciət etməsi xahişini əcaib bir jest kimi qarşıladığını dedi… Və təəssüflə əlavə etdi ki, görüşdükləri şəxslərin arasında ingiliscə fərli danışan da olmayıb daha ciddi və ətraflı müzakirələr apara bilsin. Söhbətimizi naəlac başqa səmtə yönəltməyə məcbur oldum… Sonra çay süfrəsi açıldı. Qızılgül mürəbbəsi ovqatına bir nostalji gətirdi, dedi özünü lap uşaqlıq çağında olduğu kimi, sanki doğmaları arasında hiss edir, anası da eynən bu mürəbbədən bişirərmiş, uşaqlığından bəri indi ilk dəfədir ki, eyni ətirdə və dadda olan qızılgül mürəbbəsini dadır. Görüşümüz uzun çəkdi. Sonra onu İçərişəhərdə Meridian otelinədək ötürdüm.

Məktublaşdıq, məktubda İran tərəfinin də Xəzər sularında nəzərdə tutulan həmin tədbirə siyasi qısqanclığından yazırdı. Və az sonra Braziliyaya rəsmi bir dəvət aldım. Xəzərdə baş tutmayan simpoziumu Amazon çayına keçirməli olmuşdular. Açığı, belə bir dəvəti heç gözləmirdim də, çünki xanım Beketlə söhbətlərimizdən gəldiyim nəticə bu idi ki, həmin simpoziumlarda adətən titullu, vəzifəli şəxslər iştirak edirdilər. Amazon sularındakı tədbir BMT-nin Baş Katibi Kofi Annanın himayəsi və yunan pravoslavlarının lideri 1-ci Bartolomeyin rəhbərliyi altında keçirilirdi. Həmin tarixi simpoziumun gedişatı, oradakı görüşlərim, təəssüratlarım barədə vaxtilə rus və Azərbaycan dillərində ətraflı yazmışam. O yazılanları xülasələndirib qeyd edim ki, xanım Beket məni - müsəlman aləminin yeganə təmsilçisini - Amazon çayında 10 kiçik gəmi flotiliyasının müşayiətində üzən möhtəşəm İborstar gəmisində Bartolomeylə qonşu kabinədə yerləşdirdi, Quran ayələrinin diliylə etdiyim çıxışımı açılış sessiyasına - Roma Papası 2-ci İohann Pavelin video-çıxışından sonraya saldırdı, bir həftə ərzində dünyanın parlaq ictimai xadimləri və alimlərinin sırasında ən yüksək protokol qaydasınca mənə xüsusi qayğı göstərdi…

Bu beynəlxalq səfərdə texniki səbəblər ucbatından yaşadığım bir macəra da baş verdi. Deməli, Bakıdan Lissabona uçmalıyam ki, orada Avropadan olan iştirakçılara qoşulum və onlarla birgə çarter reysi ilə Braziliyanın Manaus şəhərinə yollanım. Təyyarə biletim Bakı-İstanbul-Milan-Lissabon marşrutuna alınıb. İstanbul aeroprtunda deyirlər son mənzilin Braziliya olmasına baxmayaraq bir Avropa şəhərindən o birinə uçursansa əlavə şengen vizan da olmalıdır. Bileti də alanda bunu xatırlatmayıblar. Pərt vəziyyətdə bilmirəm nə edim, beynəlxalq səviyyəli tədbirin önəmindən söz salıram, İtaliya aeroportunda tranzit sərnişin kimi 1 saat qalıb onsuz da Lissabona uçacağımı söyləyirəm, xeyri olmur. Xahiş-minnət də fayda vermir. Dispetçer deyir cumhür başkanı olsan da, mümkün deyil ki, səni təyyarəyə buraxaq, qanun hamı üçün qanundur. Razılaşıram, əlbəttə. Ancaq pərtlik də məndən əl çəkmir. Gecənin bir yarısıdır, şüşə köşkün qabağında fikirli-fikirli var-gəl edirəm, çıxış yolu axtarıram, vaxt darısqallığı da bir yandan məni sıxır. Nəhayət, düşünürəm vəziyyəti internetlə xanım Beketə yazıb üzrlərimi ifadə edim və Bakıya dönüm. Elə bu vaxt şüşə arxasından halımı müşahidə edən və şengen vizam olmadığına görə uçuşuma qadağa qoyan xanım məni səsləyib "bey efendi, Lisbona direkt bir uçuş imkanınız var, kullana bilirsiniz" - deyir. Sevincək təyyarənin oraya çatış vaxtını, biletin qiymətini soruşuram. Vaxt uyğun gəlir, Portuqaliyadan Braziliyaya uçacaq təyyarənin qalxmasına qırx dəqiqə qalmış Lissabona çatmalıyam. Səfər xərcləri bütövlükdə təşkilatçıların üzərində olduğundan özümlə cib xərcliyi kimi götürdüyüm nəyim vardısa verib və bileti alıb qeydiyyat növbəmi gözləyirəm...

Təyyarə Lissabona vaxtında enir, tələm-tələsik gəlib iştirakçılara qoşuluram. Aralarında Yunanıstanın Brazilyadakı səfiri də var, ona hansı problemlə üzləşdiyimi bildirirəm, qayıdanda da çətinliyim ola bilər deyə onu xəbərdar edirəm. Deyir "narahat olma, problem yoxdur, bir çətinlik olsa, yoluna qoyarıq..."

Bir həftə keçir. Arxada biri-birindən gözəl təəssüratlarım qalıb: Amazoniya cəngəlliklərində gəzintilər, sularda bitən meşəliklər içində qayıq səyahəti, Amazon sularının din xadimləri tərəfindən dualandırılma mərasimi, "Quran ayələri və ətraf mühitlə davranış etikası" mövzusunda çıxışımın iştirakçılar arasında rəğbətlə qarşılanması və tirajlanaraq yayılması, maraqlı müzakirələr, mükalimələr, mənalı istirahət saatları, gündəlik ziyafətlər, yeni dostlar və s. və i.a. Son günümüzdür, vida tədbiri keçirilir. Avropa istiqamətində, Manausdan Lissabona çarter reysilə uçuşumuza 2 saatımız var. Xəbər gətirirlər ki, bəs iştirakçılardan biri şengen problemi olduğuna görə təyyarəyə minə bilməz, təyyarəçi etiraz edir, həmin şəxsi təyyarəyə buraxmayacağını deyir. Söhbət də təbii ki, məndən gedir. Bir həftə öncə məni arxayın salan yunan səfirinə yaxınlaşıram, vədini xatırladıram ki, viza məsələsini həll edəcəkdi. Yenə də deyir "narahat olma, bir şey fikirləşərik".

Hamılıqla üz tuturuq Manaus aeroportuna. Təyyarəçi ilə danışıqlar başlayır, ona haqqımda yüksək sözlər deyirlər, Bartolomeyin qarantiyası altında olduğumu və s. xatırladırlar, faydası olmur. Bir növ "rüşvət" - yəni bu adda ki, mənə görə təyyarəçini cərimələyə bilərlər deyə ona müəyyən məbləğdə nəqd pul da təklif edirlər. Pulu da götürmür. Hamı mənə görə dilxorçuluq keçirir. Yunan səfiri pərtdir, təyyarəçi onun rəsmi şəkildə təqdim etdiyi diplomatik qarantiya məktubunu saya da salmır. Məktubda yazırdı ki, Lissabonda yunan səfirliyinin əməkdaşları aeroporta gəlib pasportuma şengen vizasını vuracaqlar və mən oradan Milana, sonra da İstanbul-Bakı reysimə davam edəcəm. Təyyarəçinin tərsliyinə hamı mat qalıb. Yunan səfiri Portuqaliyanın Braziliyadakı konsuluna telefon açır. Konsul da aeroporta, həmin təyyarəçiyə faksla ismarış göndərir ki, N.Qasımoğlunu Portuqaliya hökuməti öz himayəsinə götürür: təyyarə Lissabona enən kimi Portuqaliyanın Xarici İşlər Nazirliyinin əməkdaşları gəlib onu qarşılayacaq, viza məsələsini yerindəcə həll edəcəkər. Təyyarəçi  bu dəfə də rəsmi dövlət sənədinə etinasızlığı nümayiş etdirib inadından əl çəkmir ki, çəkmir. Şengen tələb olunmayan istiqamətlər üzrə bilet axtarışlarına baş vururlar. Bu da alnmır. Nəhayət, hamı əlacsız qalır, bir-bir yaxınlaşıb mənimlə vidalaşırlar, təyyarəyə minib yola düşürlər. Geriyə dönüş biletim batır.

Qalanlardan bir mənəm, bir yunan səfiri, bir də tədbir təşkilatçılarından ibarət bir neçə gənc. Qərara gəlirlər ki, məni bir-iki günlüyə Manausda saxlayıb Sao-Pauloya yollasınlar. Orada Yunanıstanın konsulluğu var, bir neçə gün qalaram, sonra da məni Avropa istiqamətinə bir yol tapıb Azərbaycana göndərərlər. Təhkim olunduğum yunan gənci də əhli-kefin biri. Deyir "fikir eləmə, bizimlə qal bir az, istirahət elə, hara tələsirsən?!". Deyirəm "məmnuniyyətlə qalardım, ancaq necə qalım, pulum da qurtarıb". Cibindən 800 dollar çıxarıb verir ki, Sao-Pauloda mehmanxana və qidalanma xərclərimi ödəyə bilim.

Manausda bahalı kurort otelində qaldığım iki gün ərzində də qulluğumda durur, fürsət düşdükcə yemək-içməyə dəvət edir. Arabir də məsləhər görür özümü boş buraxım, sıxılmayım, hər şey düzələr. "Düzələr" sözü heç məni açmır. Orta məktəb illərində tez-tez zarafatla işlətdiyimiz şıltaq bir ifadəni xatırladır: "Fikir eləmə, düzələr". Uşaqlardan kiminsə problemi olardısa və nədənsə şikayətçi idisə, bir-birimizə göz vurub yerli-yersiz bu ifadəni işlədərdik. Təbəssümlə düşünürəm ki, indi bu vecsiz yunan gəncinin məni arxayın salmaq istəyi də deyəsən həmin o "düzələr"dəndir.

Xülasə, məni Manausdan yola salırlar Sao-Pauloya. Braziliyanın şimalından cənubuna. 4-5 saatlıq uçuşdur. Təyyarədə səfər duyğularımı ifadə edən aşağıdakı misraları xanım Mariya Beketə ithafən düzürəm qeyd dəftərçəmə:

Canım bədən, gözüm bədən,

daşıyıb gətirmişəm Amazoniyaya

sürüyə-sürüyə,

sallada-sallada

səni, zavallı bədəni.

Bu, Tanrı həftəsidi,

Tanrı göndərmiş məni.

İndi sən dəmi

nə əcəb, nə gözəl,

altından çaylar axan bu yerlərdə

ağaclarla danışırsan,

dindirirsən otları, çiçəkləri.

Vəhymi daşıyır sənə

lal gecənin səssizliyi,

çəkirsən yorğan-yorğan yarpaqları üstünə,

anırsan mələkləri.

Könlün nəğmə oxuyur

ruhların lisanında,

yuyunursan qəfil yay leysanında,

yüngülləşir, yüngülləşirsən,

uçur, uçursan,

ruhlaşır, ruhlaşırsan.

İndi sən Həvvadan öncəki hal,

mən Adəmdən.

Baxırıq yer üzünə

Amazoniya göylərindən.

Nə möhtəşəm bir əhval!

Fəqət yenə o ağac,

yenə nəfsimiz,

yenə müqəddəs günah,

yenə ali tənə,

yenə mübarək izdivac,

yenə yola düşürük

cənnətlərdən vətənə.

Bitmiş Tanrı həftəsi.

Sərgilənir göylərdə

bir qoşa ruhun əksi,

düşür, düşür, qarışırcənnətlərdə suların

qarışdığı bir çaya.

Əlvida, Amazoniya!

Əlvida, Amazoniya!

Sao-Paulo aeroportunda məni yunan konsulu qarşılayır. Pulum azdır deyə qərarlaşırıq ki, bahalı olmayan bir otelə yerləşim. Yol boyu söhbətləşirik, bu nəhəng metropoliyadan danışır, deyir əhalisi rəsmən 10-12 milyon olsa da, qeyri-rəsmi 20 milyona yaxındır. Xəbərdarlıq edir ehtiyatlı olum, şəhərdə cinayət baş alıb gedir, nə badə axşam saatlarında küçəyə çıxım. Ölkədə cinayətkarlığın yüksək həddə olduğundan Braziliyaya gəlməmişdən də məlumatlı idim. Hətta bunu da eşitmişdim ki, varlı iş adamları gəlirlərinin altmış faizə qədərini özlərinin və əmlaklarının təhlükəsizliyinin qorunmasına xərcləməli olurlar. Qardaşım Xansuvar da demişdi oralarda şəhərə təklikdə çıxanda köynəyinin ön cibinə 10-15 dollar həcmində xırda əskinazlar qoy, qarşını kəsən olsa, heç nə demədən ver getsin, yoxsa üstündə qiymətli bir şey tapmasalar, əsəbləşib xətər yetirərlər. Bunu da ağlabatan məsləhət kimi qəbul etmişdim.

Oteldə yerləşib konsulluqdan ismarış gözləməkdəyəm ki, ardımca gəlib məni vətənimə yola salsınlar. İki gün keçir, bu müddətdə yalnız günortalar oteldən azacıq aralanıb şəhərin küçələrində sərgərdanlıqla vaxt keçirirəm. Konsulluğun bir əməkdaşı xəbər göndərir ki, hazırlaşım, elektron biletin sifariş verilib, filan saatda səni Sao Paulo-Paris-İstanbul-Bakı reysi ilə uçan təyyarəyə mindirəcəklər.

Konsulluğun sürücüsü ilə aeroporta gəlirəm. Ona da tapşırıblar məni yola salmadan qayıtmasın. Sənədlərimi təqdim edib yoxlamadan keçmək istəyirəm ki, deyirlər "uça bilməyəcəksən, uçuşuna qadağa qoyulub". Səbəbini soruşuram, demirlər. Qayıdıram otelə. Səhəri gün yenə də konsulluqdan əlaqə saxlayırlar ki, "hazırlaş, Sao Paulo-Madrid-İstanbul-Bakı reysi ilə uçacaqsan".

Gedirik aeroporta, yenə də həmin əhvalat, uçuş qadağası ilə üz-üzəyəm. Yenə də nə izahat verirlər, nə mən bir şey kəsdirə bilirəm. Ürəyimə minbir şübhə dolur. Gah düşünürəm, bəlkə hansısa beynəlxalq terror şəbəkəsinin hədəfindəyəm, yaxud hansısa xarici xüsusi xidmət orqanlarının mənimlə bağlı planları var və s. və i.a. Bu qəbildən beynimi gəmirən digər şübhələr də məni rahat buraxmır, Manausda məni təyyarəyə buraxmayan pilotun tərsliyi ilə bu uçuş qadağaları arasında beynimdə məntiqi əlaqə qurmağa çalışıram. Nə isə, içimi didən şübhələrdən xilas ola bilmirəm ki, bilmirəm...

Aeroport macəram isə bitmir, ertəsi gün Frankfurt üzərindən nəzərdə tutulan reyslə də bağlı həmin əhvalat baş verir. Gülməli vəziyyət yaranıb. Çalışıram yumor hissimə meydan verməklə azacıq toxdayım. "İtalyanların Rusiyada ağlasıgmaz macəraları" komediyasının bir qəhrəmanını xatırlayıram. Filmin əvvəlindən axırına kimi həmin qəhrəmanı pasportsuz qaldığına görə Roma ilə Moskva arasında uçuşlarda nə Moskvaya, nə də Romaya buraxırlar, o da eləcə qalmalı olur təyyarənin içində, bir müddət həyatı burada keçir. Yaşadığım otel də məndən ötrü artıq həmin təyyarə bənzəri bir şeyə çevrilib. İçində qalıb ümidlə taleyin hökmünü gözləməliyəm. Hiss edirəm daha vəziyyətim yumorluq deyil. Oteldən aralansam, cinayətkarlara tuş gələ bilərəm xəbərdarlığına da əməl etməkdəyəm.

Yaxınlıqda bir internet-kafe tapıb qızım Humaya e-mail yazıram  məndən ötrü dua etsin... İnternet poçtumda iki nəfərdən məktub da var. Biri portuqaliyalı alimdir, vəziyyətimi soraqlayır,  məni Manausda təyyarəyə buraxmayan pilotun hərəkətinə görə centlmencəsinə üzrxahlığını ifadə edir. Demə, həmin o təyyarəçi portuqaliyalı imiş. Digər məktub münasibətlərimizin sonradan böyük dostluğa çevrildiyi Liverpulun yepiskopu Ceyms Consdandır, mənə görə Tanrıya dua etdiyini yazır...

Ertəsi gün konsulluqdan xəbər gözləyirəm, ancaq deyəsən unudulmuşam, heç axtarıb-eləyən də yox. Yunan gəncin Manausda verdiyi pulları hər ehtimala qarşı qənaətlə xərcləyirəm. Və qəfildən özümə təskinlik verirəm bu narahatlığımı boş buraxım getsin, hər şey yaxşı olacaq, Sao Paulonu ziyarət ələ düşəsi fürsət deyil, işimdə olum, necə deyərlər. Oteldə xanım Beketə ithafən yazdığım şeirin redaktəsi ilə məşğul oluram. Günortadan sonra qara eynəkdə, ağ cins şalvarda, başım dibindən qırxılı, cibimdə xırda əskinaslardan ibarət 40-50 dollarlıq məbləğlə çıxıram bayıra, düşürəm şəhərin canına. Öz-özümə zarafatla deyirəm "Amazon hövzəsinin ekzotikasını görmüsən, indi də yeri var, zəhmət çək, di buralara gəlmişkən, cinayət ekzotikası ilə də tanış ol..."

Şəhərin dar küçələri ilə gəzə-gəzə bir barın yanında ayaq saxlayıram, qapı üzərində reklam yazısına göz atıb keçirəm içəri. Bar da zirzəmidə, pillələrlə enirəm aşağı. Aralarında 3-4 qız olan oğlanların səsi aləmi götürüb. Mən içəri  girincə hamı susur. İçəridəkilərin şübhəli baxışlarına tuş gəlirəm, bir-birinə göz vururlar, yəni, nə əcəb bu adamdan, deyəsən xamdı, beləsini bayırda axtarırdıq, öz ayağı ilə gəlib qənşərimizdədir. Yeni bir macəra yaşamalı olacam fikri ilə məsələnin nə yerdə olduğunun fərqindəyəm. Ancaq içimdə nədənsə həyəcan-filan da yox. Özümü artistliyə vururam, kovboycasına və yapma amerikan ləhcəsi ilə barmeni salamlayıb bir fincan məşhur Braziliya qəhvəsi sifarişini verirəm, 4 dollar əvəzinə 5 dollarlığı da laqeyd-laqeyd uzadıram ona. Hamının gözü məndə. Yanımda sifətindən özündənrazılıq yağan birisi əyləşib. Qarşısındakı boş pivə şüşəsini görüb barmenə deyirəm ona da bir şüşə pivə versin. Gülümsəyir, görürəm bu jestim xoşuna gəlib. Stəkanını qəhvə fincanımla cingildədib içir. Söhbətə başlayır. İngiliscəsi bərbaddır, nə demək istədiyini anlaya bilmirəm. Özü də bunu hiss edir. Sonra da qırıq-qırıq ifadələrlə və əl jestləri ilə birtəhər başa salır ki, bəs məktəbdə ingilis dilindən kəsilirmiş…

Söhbət qızışdıqca mövzular dəyişir, hiss edirəm danışmağa xeyli həvəslidir. Danışan da əsasən özüdür. Ona, necə deyərlər, züy tutub yola verməkdən başqa çarəm yox zatən. Bir qədər sonra təşəbbüsü ələ alırcasına deyirəm "Edson Arantes do Nasimento Pele yekdir, ondan dünyada yoxdur". Güman edirəm, bu braziliyalı "həmdəmim" futbol kralı Pelenin adından yəqin xoşlanar. Əksinə, peşman oluram adını çəkdiyimə. Bağıra-bağıra deyir "no, Pele, no Pele… Zidan, Zidan!" Mübahisə etmirəm də ki, "insafın olsun, Pele hara, Zidan hara". Susuram. Barmenə təkrar sifarişimi edib deyirəm "dostumun" stəkanını doldursun. Nə isə, söhbətimiz davam edir. Kefi yuxarıdır. Artıq Azərbaycandan olduğumu, ölkəmizin harada yerləşdiyini-filan demişəm və onu da demişəm ki, dilimiz ingilis dili deyil, öz dilimiz var. Azərbaycan dilində nə isə deməyimi istəyir ki, eşitsin danışığımız necə səslənir. Deyirəm "imkan ver fikirləşim". Heç bir gərginliyim-filan yox, yanımdakı ilə artıq "dostlaşmışam". Onu da əyləndirdiyim yetər, bir az da öz kefim açılsın deyə  şeir havasına köklənib gülə-gülə düşünürəm bir də nə vaxtsa bəxtimə Braziliya auditoriyası düşə, ya düşməyə. Arada baxıram digərlərinin gözləri bizdədir, biri isə məni lap müştəri gözü ilə süzür. Cibimdən kağız-qələm çıxarıb tələsik aşağıdakı sətirləri yazıram və təzə "dostuma" bunları Sao Paolaya həsr etdiyimi deyib şair ədası və intonasiyası ilə oxuyuram:

Tənhalıq çulğayıb Qasımoğlunu,

kofeli bir adadır Qasımoğlu.

Vurduqca köpüklü dalğalar onu

pivə okeanında şeir doğulur.

 

Əlində bir fincan, dilində şeir,

oxuyur, oxuyur öz lisanında.

Klaralar da pivələnib irişir

mat-mat baxan pedroların yanında.

 

Bakal tutan əllər qalxmış yuxarı -

bu, Qasımoğluna təslim pozası.

Təslim olmuş ona burda axırı

Latın Amerikasının prozası...

Oxuduğuma başqalarının da qulaq kəsildiyini hiss edirəm. Sözümü bitirib soruşuram "necədir, xoşuna gəldi, ya yox". Elə bunu demişdim, bağırır "viva Azerbaycan, viva Azerbaycan!". Mən də ona qoşulub "viva Braziliya, viva Braziliya!" çığırıram. Məni qucaqlayıb başa salır  buraların ağası odur, heç kim mənə toxuna bilməz, yəni onun şəxsi himayəsindəyəm. Bu zaman bayaqdan gözünü məndən ayırmayan həmin o bir nəfər ona nə isə deyir, bu da onun üstünə səsini qaldırıb arabir mənə baxır, onun səmtinə da sözlərini acıqlı-acıqlı tolazlayır. Sonra qayıdıb anladır "qolundakı saata həmin o tipajın gözü düşüb. İstəyir səndən alsın, amma narahat olma, heç kim sənə bir şey edə bilməz". Yox, deyəsən məsələ qəlizləşir. Nə əcəb saatımı oteldə qoyub gəlməmişəm deyə düşünürəm. Köhnəlmiş saatım  qiymətdən düşsə də, mənim üçün çox əzizdir, otuz illik yol yoldaşlığı etdiyim bu əşya bir növ talismanıma çevrilib, heç cür və heç kimə onu güzəşt edən deyiləm. Bunu "dostuma" da deyirəm. O da bildirir narahat olmayım. Ünvanlarımızı bölüşürük və belə danışırıq ki, sabah bu barda yenə görüşərik. Bardan çıxıb otelə qayıdıram və yolda öz-özümə gülə-gülə deyirəm "bu da sənə cinayət ekzotikası ilə tanışlıq, yaxşı qurtarmısan".

Ertəsi gün səhər yunan konsulluğunun bir əməkdaşı otelə gəlib axşam tərəfi Sao-Paulo-London-Bakı reysi ilə uçacağımı deyir. "Arxayınsanmı uça biləcəm?" deyə ciddi-ciddi onu sorğuya tuturam. Arxayın salmağa çalışır. Yenə də inanmağım gəlmir. Nahar edib Sao Pauloda Britaniya Hava xətləri şirkətinə baş vururam, uçuşuma problem olub-olmayacağını soruşuram. Sualım onlara qəribə gəlir. Başıma gələnləri danışıram. Deyirlər "arxayın ol, heç bir problemin yoxdur". Onda şirkətin məsul əməkdaşlarının birindən xahiş edirəm bir kağız parçasına öz əli ilə yazsın ki, uçuşuma heç bir maneə yoxdur və Londona səfər təminatımı imzalasın. O isə mənə elektron biletdən əlavə rəsmi möhürlə bilet də təqdim edib soruşur "bəlkə elə bu sənəd səndən ötrü yetərli ola?" Təkid edirəm öz xətti və imzası ilə səfərimə təminat verildiyini təsdiqləsin. Gülə-gülə xahişimi yerinə yetirir.

…Yola hazırlaşıram. Bir azdan konsulluğun əməkdaşı sürücüsü ilə gəlib məni hava limanına aparmalıdır. Qənaət etdiyim 300 dollar pulumu da hər ehtimala qarşı otağımda saxlamayıb vermişəm adminstratora. Bunu da onların əvvəlcədən xəbərdarlığına görə etmişəm. Deyiblər otaqdakı pulların itməyinə cavabdeh deyillər, nəyiniz varsa, adminstratora etibar edin, oteldən gedəndə götürərsiniz. Pulumu geri istəyirəm, adminstratoru əvəz edən gənc deyir adminstrator yerində yoxdur, hara isə gedib, nə vaxt gələcəyi məlum deyil. Bunun da fırıldaq olduğunun fərqindəyəm, səsimi qaldırıb hədə gəlirəm ki, pulu qaytarmasalar, burada beynəlxalq skandal olacaq, özləri bilsinlər. Heç ikicə dəqiqə çəkmir pullarımı mənə uzadır. Bu "ekzotikanı" da belə sovuşdururam…

Konsulluğun əməkdaşı aeroport yolunda əvvəlki reyslərlə nəyə görə uça bilmədiyimin səbəbini mənə açıqlayır. Məsələ, demə, sadə imiş: mən Azərbaycan vətəndaşı, Manausdan çıxışım baş tutmayıb, gəlmişəm Sao Pauloya, buradan da bileti özüm almıram, mənə Yunanıstan vətəndaşı bilet alır və ödəniş də tamamilə ayrı bir ölkədə yerləşən bank vasitəsilə həyata keçirilir. Və bütün bunlar kompyuterləşdirilən sistemdə o nəticəni verir ki, beynəlxalq terrorizmlə mübarizəni hədəfləyən proqram belə  sərnişini problemli hesab edir. İndi isə yeni biletin alınmasında bu uyğunsuzluqların bir qismi aradan qaldırılıb. Yəni rahat uça bilərəm.

Yolda avtomobilimiz bir işıqforun qırmızı işığında dayanmalı olur. Gözlərim böyrümüzdəki avtomobil sürücüsünün yarıçılpaq bədəninə sataşır. Başdan-başa çalpaşıq tatuirovkaların mini-sərgisidir ki var... Yaşıl işıq yanır, tərpənirik, bu "ekzotikaya" da əlvida deyirəm…

Ancaq Sao Paulodan Londona 13 saatlıq uçuşda fərqindəyəm ki, ən təsirli və mənalı vidalaşma anları yuxarıda qeyd etdiyim bu misraların içindədir:

Bitmiş Tanrı həftəsi.

Sərgilənir göylərdə

bir qoşa ruhun əksi,

düşür, düşür, qarışır

cənnətlərdə suların

qarışdığı bir çaya.

Əlvida, Amazoniya!

Əlvida, Amazoniya!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!