İxtisarla
Dünya şöhrətli şotland yazıçısı, şair, tərcüməçi, tarixçi və hüquqşünas Valter Skott 1771-ci ildə Şotlandiyanın Edinburq şəhərində doğulub. Otuz illik ədəbi fəaliyyəti dövründə iyirmi səkkiz roman və doqquz poema, bir neçə povest, ədəbi tənqidi məqalələr yazıb. Ballada janrında yazdığı ilk əsəri "Ayvenqo" poemasıdı. "Sonuncu divanənin nəğməsi" (1805), Avropa ədəbiyyatında nəzmlə yazılmış ilk roman sayılan "Marmion" (1808), "Gol qızı" (1810), "Rokbi" (1813) əsərləri ona dünya şöhrəti gətirib.
Valter Skott daha çox tarixi roman janrının banisi kimi tanınır. "Kventin Dorvard" (1823) romanı XI Lyüdoviqin hakimiyyəti dövrünü əhatə edir. "Talisman" (1825) əsərində isə Aralıq dənizi sahillərində baş vermiş səlib yürüşündən bəhs olunur.
Dahi yazıçı 1832-ci ildə Ebbotsfordda vəfat edib.
1825
21 noyabr
... Musiqidə naşıyam və heç bir notu səsləndirə bilmirəm. Xoş təsir bağışlasa da, ağır musiqi mənə nizamsız gəlir. Lakin mahnı və sadə melodiyalar, xüsusilə də onların sözlə, düşüncəylə bağlı olanları, əksər insanlarda olduğu kimi, məndə də yaxşı təəssürat yaradır. Hansısa bir mahnını hissiz, həyəcansız ifadə edən cavanlara dözə bilmirəm. Hansısa səsin mənə yaşatdığı hisslər fortepiano və ya ovçu şeypurundan duyduqlarımdan seçilmirsə, heç onu da bəyənmirəm. İncəsənətin istənilən növündə insanın ilkin həyat tərzinə uyğun nəsə ruhi bir şey var və onu heç ən səriştəli araşdırmaçı da yoza bilməz. Siz onun yoxluğunu hiss edirsiniz, amma çatmayan nədir - təsvir edə bilməzsiniz. Bir dəfə cənab Coşua, yoxsa bilmirəm hansısa dahi bir rəssam tabloya baxırmış, onu yaradan isə böyük əzablar çəkibmiş. "Nə deyim... - tərəddüdlə söyləyib o, - çox ağıllı... əla çəkilib... Heç bir çatışmazlıq görmürəm. Amma bununla belə onda nəsə çatmır: onda... lənət şeytana! Onda bax, bu yoxdu!.." - deyə o əlini yuxarı qaldırıb, çırtma çalıb...
23 noyabr
Murun yazılarıyla öz qeydlərimi tutuşdurandan sonra zavallı Bayron barədə yürütdüyüm bəzi köhnə fikirlərimdə qaldım. Məsələn, o mənə Russo kimi çox şübhəli görünürdü və düşünürdüm ki, onun mövqeyini yalnız son dərəcə düzlük və səmimiliklə anlamaq olar. Uil Rouz mənə danışmışdı ki, bir dəfə Bayronla oturanda, qeyri-ixtiyari gözünü onun ayağına zilləyib. Onun bir ayağının necə şikəst, eybəcər olduğunu isə hamımız bilirik. Qəfil gözlərini çəkib başını qaldıranda, o, Bayronun dərin narazılıq dolu baxışlarını öz üzərində görür. Amma Rouzun üzündə heç bir narahatlıq, təlaş olmadığını sezincə Bayron sakitləşir. Marri bununla bağlı Rouza başa salıb ki, lord Bayron insanların onun qüsuruna diqqət yetirməsinə qarşı çox həssasdı. Mur həm də başqa yayılmış bir fikri - Bayronun məhz pis zarafatları sevdiyini təsdiq edirdi. Bir dəfə Mur ona məktub yazaraq "Liberal" jurnalının yaradılmasında P.B.Şelli və Hant kimi adamlarla birgə iştirak etməkdən çəkinmək lazım gəldiyini bildirib, özü demişkən, onları rüsvay edib. Bayron isə bu məktubu həmin adamlara göstərib. Şelli Mura təmkinli, amma kifayət qədər təsirli etiraz məktubu yazıb. Hər iki xüsusiyyət - hər şeyə son dərəcə şübhəylə yanaşmaq və pis zarafatları sevmək, sözsüz ki, bu qüdrətli dahinin xarakterinin bəzi məqamlarına kölgə salan hansısa bir xəstəliyin təzahürüydü. Amma çox güman, vergili bir insanın (mən təxəyyülün gücündən asılı olan istedadı nəzərdə tuturam) belə bir xəstəliyə tutulmaması mümkün deyildi. Təkərlər tez fırlansın deyə onlar həddən artıq dəqiq uyğunlaşdırılmalıdı, əks halda sürtünmə hərəkət gücünü zəiflədər.
Bayronun digər bir xüsusiyyəti - mistifikasiyaya vurğunluğuydu, əlbəttə, bu, onun pis zarafatlara olan sevgisindən irəli gəlirdi. Onun danışdıqlarına hansı məqamacan inanmaq lazım olduğunu adam heç vaxt dəqiq bilmirdi. Məsələn, Kem Hobhausa yazdığı həddən artıq təmtəraqlı və tərif dolu ithafa görə Benks onu qınayanda, Bayron demişdi: "Kem bu ithafdan ötrü o qədər yalvar-yaxar elədi ki, axır ona bildirdim: yaxşı, qoy sən deyən olsun, ancaq bir şərtlə - ithafı mənim adımdan özün yazacaqsan" və o, bu təmtəraqlı ithafı Kem Hophausun özünün yazdığına inandırmışdı. O zaman mən Uil Rouza istinad edib, Benksin ona danışdığı bu məsələni Marridən soruşdum. Mari inandırdı ki, ithafı lord Bayron özü yazıb və sübut üçün onun əlyazmalarını mənə göstərdi. Rouza yazdım ki, bu barədə Benksə məlumat versin, çünki əgər bu məsələ bizim çevrəmizdə üzə çıxıbsa, onun xoşagəlməz nəticələri ola bilər. Bayron güman edirdi ki, yaradıcılıq fantaziyası olan bütün insanlar öz nəsrlərinə (və ya poeziyalarına) uydurma şeylər qatmağa meyillidi. O, dəfələrlə əminliklə bəyan edirdi ki, haqlarında Russodan olduqca maraqlı söhbətlər eşitdiyi, yüksək zümrələrə mənsub məşhur venesiyalı əxlaqsız qadınlarla tanışlıq zamanı onların adicə pinti, yarsız-yaraşıqsız qızlar olduğu məlum olub. Düşünürəm ki, o, öz şəxsi sevgi macəralarına əhəmiyyətli dərəcədə rəng qatırdı və çox mənalarda le fanfaron de vices qu'il n'avoit pas (etmədiyi əxlaqsız hərəkətlə öyünən - frans.) idi. Xoşu gəlirdi ki, onu qorxunc, sirli, qapalı bir insan hesab etsinlər və o, bəzən özünün hansısa yaramaz əməllər törətdiyinə də işarə vururdu. Məncə, bütün bunlar onun çox çılğın olduğundan və qarşısıalınmaz fantaziyalarından xəbər verirdi.
Böyük dühalığından başqa, Bayronda ən çox xoşuma gələn onun ruhunun ucalığı, eləcə də səxavəti və ədəbiyyatda tərbiyəçilikdən süniliyə qədər hər cür yalançı hay-küyə nifrət etməsidi...
22 dekabr
Dünən sıx-sıx yazıb altı səhifə doldurmuşam - bu da təxminən iyirmi dörd çap vərəqidi. Həm də, mənə elə gəlir, əla bir şey alınır. Bəhs olunan məsələ özlüyündə o qədər maraqlıdı ki, kitabın uğur qazanacağına şübhə etməmək olar. Əlbəttə, bu kitab səthi olacaq, amma mən buna da getməyə hazıram. Ehtiyac duyulmasa da mövzunun dərinliyinə varmaqdan ötrü müəllifin addımbaşı yarımçıq qoyduğu, üzücü, darıxdırıcı əhvalatlarla dolu əsər yazmaqdansa, məlum və qəbul edilmiş faktları özündə birlləşdirən səthi yazılmış bir kitab daha yaxşıdı.
Gözəl bir yerdə maraqcıl bir naturalistlə, botaniklə və ya mineraloqla gəzintiyə çıxmaq qədər adamı heç nə yormur: o, daim diqqətinizi heyranedici təbiət mənzərələrindən yayındırır, hansısa otu, daş parçasını göstərir. Doğrudu, o, hər şeylə maraqlanan bir tarixçi kimi öz sahəsi üzrə faydalı məlumatlar verir - bu fikir isə ön sözdə əla görünəcək!
Qara ciyərim sakitləşib. Əminəm ki, o məni didib-tökən narahatlığıma görə özündən çıxmışdı. Bədənlə ruh arasında necə də gözəl əlaqə varmış!..
28 dekabr
...İlk dəfə anlayanda ki, ədəbiyyatçı olmağa məhkumam, bütün gücümü o xəstə hissiyyatdan, açıq deyək, şairlər tayfasını bədbəxt və gülməli günə qoyan şöhrətpərəstlikdən qurtulmağa yönəltdim. Həmişə tərif və komplimentdən ötrü yanan şairlərə məxsus hissləri içimdə məhv etməyə çalışdım.
1826
3 fevral
...Ceyms Ballantaynın kəskin ittihamı "Vudstok" romanımda guya missis Redklifi yamsılamağımla bağlıdır. Onunla çoxları razılaşacaq, mənsə hesab edirəm ki, o, haqsızdır. Əvvəla, başqa müəllifin uğurla yaratdığı hər hansı süjetə mən uyuqdan qorxan və tarlaya yaxın dura bilməyən bir quş kimi yanaşıram - əgər o uyuq olmasaydı orada əla dənlənib doya biləcək bir quş kimi! İkincisi, aramızda böyük fərq var: mən heç də oxucuda fövqəltəbii qüvvə önündə dəhşət yaratmağa cəhd eləmirəm, sadəcə, belə bir qorxunun romanın qəhrəmanına təsirini göstərirəm; bu qəhrəmanlardan biri - ağıllı, dəyanətli, o biri - vicdan əzabından zülm çəkən, üçüncüsü - küt, heç nəylə maraqlanmayan və kobud, dördüncüsü - təhsilli və ləyaqətli, amma mövhumatçı bir keşişdir. Üçüncüsü, roman bu əsaslar üzərində qurulub, bunlarsız keçinmək mümkün deyil...
9 fevral
Bayron adətən yazıçılarda təmtəraq və jarqonu elə nifrətlə rədd edib acılayırdı ki, bunu, o zirvəyə çatmış, tanıdığım məşhur ədiblərdən hələ heç kim etməmişdi. Onu da deyim ki, o ucalıqda bir məqama yetmiş insan tanımırdım; yüksək məqama nifrətimi bildirməyi özümə rəva görməmişdən öncə, başqalarını da buna inandırmağa ümid bəsləyirdim ki, sən üzüm salxımına gözünü zilləmiş bir tülkü oyunu oynamırsan, o ucalığa özün yetişməlisən. Mur mənə onun haqda bir neçə gözəl əhvalat danışmışdı. Onlardan biri belədi: Bir dəfə onlar Venetsiyada Bayronun sarayının pəncərəsi önündə dayanaraq qürubun gözəlliyini seyr edirmişlər. Təbii ki, Mur istəyib bu gözəllik barədə nəsə desin, Bayron ona mənim asanca təsəvvür etdiyim bir tərzdə cavab verib: "Of, lənət şeytana, Tom! Belə poetik danışma!" Başqa bir gün yenə Murla həmin sarayın eyvanında dayananda, yaxınlıqdan içində iki nəfər ingilis olan - onları dərhal görkəmlərindən tanımaq mümkünmüş - kayutlu bir qayıq keçib. Onlar dalğın halda eyvanı süzərək, üzüb gediblər. Bayron qollarını qoynuna qoyub, sürahıdan əyilərək deyib: "Ah, Tanrı bəlanızı versin! Əgər bilsəydiniz ki, baxdığınız bu iki cavan kimdi, gözünüzü çəkmək istəməzdiz!" Bu adam beləydi - şıltaq, qəribə, gülməli və eyni zamanda dahi. O, heç vaxt yazmağa özünü məcbur etmirdi, həmişə ilhamın diqtəsiylə yaradırdı; buna görə Berns və Bayronu nəinki öz dövrümün, hətta məndən əvvəlki əlli ilin də ən səmimi poeziya dahisi hesab edirəm. Əlbəttə, bizdə poetik vergisi kifayət qədər yetərli olan insanlar çoxdu, amma məncə, belə bir tükənməz və əbədi çağlayıb axan çeşmə yoxdu...
12 fevral
Dünən axşam "Vudstok"un ikinci cildini bitirdim, bu gün səhər artıq üçüncüyə başlamaq lazımdı. Amma hadisəni açıqlama nöqtəsinə qədər gətirmək haqda zərrə də təsəvvürüm yoxdu. Eynən ötən illərdə naməlum bir diyarda azıb sərgərdan qaldığım vəziyyətdəyəm. Həmişə ən canayatımlı bir yol ilə gedərdim, ya o qısa olardı, ya da mənə elə gələrdi. İşdə də eləyəm - heç vaxt plan tuta bilmirəm, tutsam belə, heç vaxt ondan yapışıb qalmıram: yazanda bəzi epizodlarım genişlənib böyüyür, bəziləri isə kiçilir, ya da tamamilə yoxa çıxır; qəhrəmanlarım əsas ideyadan asılı olmadan, məndə necə alınırsa o cür - ya vacib, ya da əksinə, əhəmiyyətsiz bir rol oynayırlar. Çalışıram yazdıqlarım maraqlı və məzəli olsun, qalan şeyləri taleyin ümidinə buraxıram. Hərdən məni tənqidçilərin xüsusilə ciddi işlənmiş bəzi epizodlar tapmaqları məşğul edir; həqiqətdə əllərim onları yorulmadan yazıb, gözlərimsə bir daha korrektə edəndə oxuyub. Şeirlərimin üzünü mən iki, bəzən də üç dəfə köçürürəm. Yaratmağın bu üsulu ispanca dar donde diere (necə alındı - alındı) adlanır, bizim dildəsə başdansovdu - yəni, necə gəldi; bunun təhlükəli bir üsul olduğunu etiraf edirəm, amma heç nə edə bilmərəm. Öz təsəvvürlərimi ağlın gücüylə ərsəyə yetirmək istəyəndə, - bu isə məntiqi bir düzüm deyil - məncə, günəş göy qübbəsini tərk edir, öz əllaməliyimlə bütün canlıları və ilkin düşüncələrin dirçəlməsini məhv edirəm, nəticədə soyuq, darıxdırıcı, cansız bir şey alınır. Bu, eynən yazılı nitqlə, natiqin sinəsindən gözlənilmədən qopan azad ifadələr arasındakı fərqə oxşayır; sonuncuda həmişə az da olsa bir şövq, bir ilham var. Amma istəməzdim ki, gənc müəlliflər mənim başdansovdu olmağımı yamsılasınlar. Consilium non currum care. (Sürətə deyil, düşünməyə cəhd elə - lat.) Dəqiq tərcüməsi isə belədir: cəng arabasını deyil, məsləhəti qəbul et...
Uil Davenantdan bir neçə səhifə oxudum, onun şayələrdən çox xoşu gəlirdi, guya Şekspir anasıyla intriqa aparırmış. Düşünürəm ki, buna Fildinqin məzhəkəsindəki Faetonun iddiası kimi yanaşmaq lazımdı:
Uşaqlar sataşırlar - ayıb və rüsvayçılıq:
"Rədd ol get cəhənnəmə! Yoluq balası yoluq!"
Pah! Mən bu sətirləri "Vudstok"a yerləşdirəcəm! Onlar Şekspirin köhnə pərəstişkarının dodaqlarında yaxşı səslənər. Axı onlar hələ o zaman yazılmamışdı. Nə xeyri? Yoldan keçənin biri anaxronizmi faş edə bilər - bu, böyük bəla deyil. Buna görə bəyan etmək olar ki, onlar artıq yazılıbmış və Fildinq o sözləri rəvayətdən götürüb...
13 fevral
İncəsənət növlərinin hər birinin əsl məqsədi və ali hədəfi insan hisslərinə təsir etmək və ya insan ruhunun narahatlıqlarını müvəqqəti də olsa yumşaltmaq, aradan qaldırmaq, həm də təəccüb, dəhşət, məmnunluq və bu kimi hisslər oyatmaqdır. Həmin incəsənət əsərlərinin yaranıb meydana gəlməsində, məsələn, Homerdə olduğu kimi, əsas qayələr elə mükəmməlliklə təcəssüm edir ki, sonrakı nəsillərə əlçatmaz olur. Amma özünüifadə etmək də vacib şərtdi; şairlər və musiqiçilər onu yaradıcılıqlarında cilalamağa, öz əsərlərinə sələflərinin qaba üslubda yaratdıqlarından daha çox gözəllik bəxş etməyə çalışırlar. Poeziyada - mürəkkəb qaydalar, musiqidə - qəliz kadensiyalar və harmoniyalar, ritorikada - incə mərhələlər hökmranlıq etməyə başlayır. İfadəyə daha çox diqqət ayrılsa da, təəssürat yetərincə olmur. Amma bu zaman, incəsənətin nəcib məqsədi - xalqa xidmət - unudulmur; hərçənd bəzi əsərlər geniş oxucu kütləsi üçün hədsiz elmidi, hədsiz qəlizdi (fransızca - recherches), buna baxmayaraq zaman-zaman insanların iliyinə işləyən musiqilər, bəlağət, toplumu silkələyən, göyün yeddinci qatına qaldıran poeziya yaranır. Rəsmdəsə məsələ bir az ayrı cürdü; onun necə sirli olduğunu bu sahəyə yaxşı bələd olan az-az mütəxəssis bilir. Onların məqsədi bütün bəşəriyyətdə təəssürat oyatmış rəssamların yaratdıqlarını tərifləməmək, amma müvafiq olaraq incəsənətin tətbiqi qaydalarıyla təsnif etməkdi. İzləmək üçün, söz yox, qaydaları öyrənmək mütləq vacibdi. Amma hər halda onlara uca və son hədəfə - tamaşaçıya - güclü təsir etməyə aparan bir yol kimi baxılmalıdı. Bu işin biliciləri elə bir tənqid tərzi mənimsəyiblər ki, hətta, bu, Mikelancelonu papalardan birini misgin varlıq adlandırmağa məcbur edib: həmin müqəddəs zati-ali böyük heykəlin ümumi görünüşünə fikir vermədən cübbənin naxışlarını tənqid edəndə, bu hadisə baş verib. Məncə, bu gözəl incəsənət növünün, xüsusilə də onun tarixi mövzuları əhatə edən sahəsinin tənəzzülü belə tənqidi yanaşmalara görədi. Bunu özüm üçün yazdığıma görə əlavə edə bilərəm ki, rəsm əsərləri, məsələn, təbii hisslər oyada bilən hər şeyə mənim kimi həssas, təhsilli bir insanın qəlbinə nəsə təlqin edəndə mükəmməl ola bilər. Amma çox nadir hallarda məni riqqətə gətirən nəyəsə rast gəlirəm! (...)
14 aprel
...Məşhur Denis Davudovdan - Qara Kapitandan məktub aldım. O, Moskvadan geri çəkilərkən partizan müharibəsində çox fərqlənirdi. Ondan bir neçə hadisənin tarixçəsini qopara bilsəydim, özüm üçün bunu əla bir qənimət sayardım!..
4 iyun
İnsanlar həmişə işdə ardıcıl sistemlilik haqqında hay-küy salırlar və həqiqətən bu üsul bəzən işgüzar olanlara kifayət qədər fayda və böyük üstünlüklər verir; amma məncə, metodiki üsula üstünlük verən, qələmini təyin etdiyi saatda əlinə götürən və ya yerə qoyan yazıçılar kifayət qədər miskin varlıqlardı. Xanım Luiza Styuart mənə danışmışdı ki, Tasso və Ariostonun tərcüməçisi, necə deyərlər, qızılı qurğuşuna çevirmək ustası, Ost-Hind kampaniyasında idarə xidmətçisi işləyən cənab Xul, qırcıvalı uzun manjet və tütün rəngli kostyum geyirmiş, hərdən atasına baş çəkmək üçün onlara gəlirmiş. O, deyəndə ki, nə az, nə çox - hər gün eyni sayda beyt işləyir, bu, Luizanın marağına səbəb olub; deməli, o, buna vərdiş edibmiş və onun üçün asan imiş, əvəzində isə, oxucu zülm çəkirdi...
16 iyun
Dünən iki qravüra hədiyyə almışam: bunları Henri Rebern özünün çəkdiyi, həm də, sözsüz ki, pis alınmamış portretim əsasında işləyib (zavallı!). Mən bu qravüralardan birini 1812-ci il hadisələrinin məşhur Qara Kapitanı - gənc cənab Davudova dayısına çatdırmaq üçün verdim və bundan məmnunluq hissi keçirdim.
Maraqlıdı ki, o, tamam başqa sahədə məşhurluq qazanmış bir insanın rəsmini istəmişdi. Məncə, poeziyamda və ya nəsrimdə yaxşı olan hər şey, bilavasitə, əsgərlərin və dənizçilərin, qətiyyətli cavanların xoşladığı səmimiyyətdi. Mən budaqların kölgəsinə qısılmış nə bir aşiq, nə də:
"Yazda qamışlıqda səslənən
Zərif-zərif nəğmələrin" - müəllifi deyiləm.
29 sentyabr
...Beş səhifə yazdım - demək olar ki, öhdəliyimi ikiqat yerinə yetirdim, hərçənd bağ-bağçanı seyrəkləşdirmək üçün əlimdə balta üç saat əlləşmişəm. Bu da xeyirlidi. Hiss edirəm ki, qəlbimə sabitlik verir. Deyirlər, qadınlar kişilərdən kifayət qədər daha az dəli olurlar. Əgər doğrudan da belədirsə, bu, ondan irəli gəlir ki, qadınlar daim xırda əl işləriylə məşğuldular, bu isə, divar saatının hərəkətini kəfkir nizamladığı kimi müəyyən dərəcədə onların düşüncə axınını yönləndirir. Bilmirəm, haqlıyam ya yox, amma düşünürəm gəzməkdən və ya nəyləsə məşğul olmaqdan təcrid edilərək təkadamlıq kamerada məhbus olsaydım, dəliyə dönməyimə, yaxud gicə çevrilməyimə altıca ay bəs edərdi.
18 oktyabr
Məni təqlid edənlərlə bağlı qeydlərimlə yenidən məşğul olmağa başlamışam. Bu cənabları təqlidçi adlandırmağım, inanıram ki, qəlblərinə dəyməyəcək və yazılanları yaxşıca izləmələrini ürəkdən arzulayıram; bu isə mənə bir güzgü kimi səhvlərimi, əgər belə demək mümkünsə, üslub səhvlərimi üzə çıxarmaqda kömək edər. Onsuz da onlardan bircə üstünlüyüm olduğunu güman edirəm: belə ki, onlar özünü nəvazişlə, incə şəkildə gicliyə qoyurlar, mən isə Endryu Eqyuçik kimi təbii olaraq. Biliklərini artırmaq üçün onlara köhnə kitabları oxumaq, qədim kolleksiyalardan baş açmaq, güclü axtarıb-aramaq gərəkdi, mənsə o kitabları çoxdan oxuduğuma və güclü yaddaşa malik olduğuma görə yazıram. Nəticədə onların qələmə aldıqları tarixi detallar tükdən asılı qalır, süjetin inkişafıyla düz gəlməyən geniş təsvirlər isə oxucu marağını öldürür. Bəlkə də günah özümdədi; həqiqətən də, Beys demişkən, məndən ötrü süjet - kitabı maraqlı şeylərlə doldurmaqdan ibarətdi; təsvirə münasibətdə süjet sanki bir kuklaoynadan əlində ipdi və onun köməyi ilə kralları, kraliçaları, Vaterlo yanındakı döyüşü, Bonapartın müqəddəs Yelena adasındakı savaşını, Nyumarketdəki cıdırı və Cemminin qovaraq şəhərdən çıxardığı Ağbaş Bobu dartır, qaldırır və nümayiş etdirirəm. Bütün bunları, əlbəttə, etmişəm, əvəzində isə sonra peşman olmuşam. Tarixi şəxsiyyətlərin vasitəsilə hadisələrin inkişaf etdiyi ən yaxşı əsərlərimdə isə, onları mümkün qədər sıx təmasda vermişəm, bundan sonra da bu işə böyük diqqət yetirəcəm. Fon əsas fiqurlara kölgə salmamalı, çərçivə isə rəsm əsərini sıxmamalıdı.
Digər üstünlüyüm: müasirlərim həddən artıq açıq-aşkar oğurlayırlar. Cənab Smit "Brembltay-hauz"da Defonun "Londonda yanğın və vəba"sından bir neçə səhifə yerləşdirib.
"Oğurlamaq!" - Tfu! Alçaq sözdü bu!
Müdriklərsə deyər "bacarıqdı" bu!
Mən hansısa bir epizodu və ya buna bənzər nələrisə "bacarıb" yazıma gətirəndə, izləri bütünlüklə elə itirməyə cəhd göstərirəm, sanki bundan ötrü məni Old-Beyldə cinayət məsuliyyətinə cəlb edəcəklər.
Amma bu təqlidçilərin ucbatından belə şeylər onsuz da zəhləmi tökür, məni hər tərəfdən elə sıxışdırır ki, bezmiş bir tülkü kimi bütün təqibçilərimi azdırmaq üsulu axtarıram, çalışıram yeni hiylələr qurum, külək qoxumu başqa səmtə aparsın, izim itsin.
Əlbəttə, yeniliyə nail olmaq üçün də vasitə var: məharətlə qurulmuş maraqlı fabulada uğurun əsasını qoymaq olur. Amma bədbəxt canım! Bundan ötrü düşüncə lazımdı, fikir lazımdı, ciddi işlənmiş plan üzrə yazmaq gərəkdi, mənsə o cür bacarmıram, çünki yazanda epizodlar əvvəlcədən nəzərdə tutulmuş tərəfə deyil, tamamilə qeyri-bərabər şəkildə başqa səmtə üz tutub genişlənir, - lənət şeytana! - mən onu axıra qədər heç vaxt düşünüb tapa bilmərəm. Bununla belə mən bütün təqlidçiləri ötüb keçməklə dünyanı heyrətə sala bilərəm! Biz hələ özümüzü göstərəcəyik.
Azadlıq uğrunda döyüşə girəcəyik.
Ya ölüm, ya qələbə!..
12 noyabr
Şükürlər olsun ki, düşüncələrimiz gözlə görünmür, heç kimin onlara əli çatmır. Aşkarda olsaydı, hər kəsin qəlbində nələr baş verdiyini görərdik, insan icmalarından qaçıb daldalanmaq üçün özümüzə yuvalar, mağaralar axtarardıq! Etdikləri möhtəkirliyin necə iflasa uğradığını gözləyən xəyalpərəstin təlaşını, şəhvətpərəstin başına gələn sərgüzəşti necə lənətlədiyini, simicin itirdiyi qızıl pula görə ürəyini necə üzdüyünü, hər şeyi, hər şeyi - boş-boş ümidlərə qapılanları və təəssüf edənləri görə bilərdik! İnsanların ürəyinin qara pərdələr arxasında necə oda atıldığını seyr etmək üçün bizə Vatekin arxasınca cəhənnəmə getmək lazım olmazdı. Rəbbim, bizi yolumuzu azmaqdan qoru, çünki heç vaxt özümüz özümüzün yolgöstərəni ola bilmərik!..
20 noyabr
... Maliyyədən danışanda, qeyd etməliyəm ki, səyahət xərclərim çox artıb. Mən artıq yoxsulluqla barışmaq, özümü qısaraq əlli funta qənaət etmək üçün kifayət qədər qocalmışam. Əvəzində ruhumdakı yenilikləri, yeni düşüncələrimi, məqsəd və baxışlarımı həmişə qənaətlə xərcləmişəm. Hər iki paytaxta səfər edərəkən ürəyimə yatmış bir çox məsələlərə görə özümə hörmətim artıb (bu isə, güman ki, səbəbsiz deyil) və özümü indi daha inamlı hiss edirəm. Artıq Şotlandiyada işləyəsi və iqtisadiyyatı yönləndirəsi olacam.
11 dekabr
...Qoy sənin şöhrətin davamlı olsun və ruhun bu dünyada dinclik tapsın, Rob Berns! (Robert Berns (1759-1796) - Şotland şairi, folklorşünas. - tərc.) Məni bürüyən hissləri bəyan etmək istəyəndə, lazım olan sözləri ya Şekspirdə tapıram, ya da səndə. Qanmazlar çərənləyirlər ki, guya mən Şekspirə oxşayıram... Mən heç onun ayaqqabılarının ipini də bağlamağa layiq deyiləm!..
1827
1 yanvar
...Özümü Vordsvorotla (Uilyam Vordsvorot (1770-1850), romantik ingilis şairi - tərcm.) təxəyyül cəhətdən heç bir halda müqayisə etmirəm: mükəmməl təbii incəlik yalnız ona məxsusdu. Amma mən də buludlarda qəsrləri, buxar maşınının tüstüsündə cinləri və daş kömürün alovları içində gözəl Persepolu (Persopol - fars şəhəri, Əhəmənilər imperiyasının paytaxtı olub, e.ə. 330-cu ildə Makedoniyalı İsgəndər tərəfindən yandırılaraq dağıdılıb. - tərc.) heç kimdən pis görmürəm. Bütün ömrüm belə yuxuları aşkarda görməklə keçdi. Amma bununla fəxr eləmirəm. Bəzən Russonun özünə müraciətlə dediklərini yada salmaq lazımdı: "Tais-toi, Jean-Jacques, car on ne t'entend pas! - (fran.)" ("Jan Jak, sussana! Axı səni başa düşmürlər!")
15 fevral
Baron fon Hötedən məktub aldım; onu mənə oxudular, hərçənd almanca bilirəm amma yazı şriftlərini unutmuşam. Özümə belə bir qayda tətbiq etmişəm ki, xaricdə yaşayan qələm dostlarımdan aldığım məktubları nadir hallarda oxuyum və onlara heç vaxt cavab yazmayım. Axı bundan kompliment oyunbazlığından başqa heç nə hasil olmur. Ancaq Höte - bu, başqa məsələdi. Çox gözəl insandı. O, eyni zamanda həm Ariostodu və həm də Almaniya üçün, demək olar ki, Volterdi. Otuz il bundan öncə kim deyə bilərdi ki, mən "Gets fon Berlihingen"in müəllifiylə yazışacam və onunla az qala ayaqlaşacam? Başıma gələn yüzlərlə macəradan kim xəbər verə bilərdi axı?
6 mart
... Teatra getmişdik. Con Kembelin qardaşı Benedikti oynayırdı. Xarici görünüşü gözəldi və yaxşı aktyordu, amma elə də üstün deyil. Həmişə məhz oynadığını duyursan. Gücü çatmadığı Benediktimə girişməyə onu şeytan yoldan çıxarıb! Onun rol haqda zərrə də anlayışı yoxdu. Xüsusilə də Benediktin az qala faciəvi bir ucalığa qalxdığı şahzadə və Klavdio ilə savaş səhnəsində özünü necə aparmalı olduğunu bilmir. Lap çoxdan qoca Tom Kinq yüngülxasiyyətlikdən necə qurtulmağı və özünü hissiyyatlı bir insan kimi necə mükəmməl göstərməyi nümayiş etdirmişdi. Xüsusilə, o, şahzadə və Klavdionun ölçüyəsığmaz, həm də düşük şənliyini pozduğu "ədalətsiz davada əsil şücaət olmaz" kimi yüksək əxlaqi hissləri sərt ifadə etməsi ilə yadımda qalıb...
7 may
Qofman haqda məqaləni birtəhər bitirdim. O xoşuma gəlmir, amma əvvəl narazı qaldığım şeylərin sonradan uğur qazandığı çox olub. Əsərlərimiz öz zəhləmizi ona görə tökür ki, eyni düşüncələri beynimzdə dəfələrlə götür-qoy edirik. İlk dəfə rast gələnə isə gözəl bir yenilik kimi görünür. Kaş elə belə də olaydı. Bacarsam, həvəslə həmin zavallının köməyinə çataram, çünki mən özüm də zavallıyam.
8 may
... Qofman barədə yazdığım məqaləmdə düzəlişlər etdim, ancaq axıra çatdıra bilmədim. Defonun əsərləri haqda yazdığım məqaləni bitirdim. Onun əsas üstünlüyü qeyri-adi tərzdə həqiqətəuyğun yazmasındadı. Mən bunu missis Villin tarixçəsi timsalında göstərdim.
24 may
Ağlıma yaxşı bir fikir gəlib - balaca Conni Lokart üçün Şotlandiyanın keçmişinə aid "İngiltərə tarixindən hekayələr"ə bənzər şeylər yazmaq istəyirəm. Amma mən bu cür hekayələri Kroker kimi sadə yazmayacam. Yaxşı əminən ki, uşaqlar və aşağı sinfin oxucuları onların imkanlarına hesablanmış kitabları görməyə gözləri olmur, əksinə, böyüklər və təhsillilər üçün nəzərdə tutulmuş mürəkkəb əsərləri sevirlər. Müyəssər olsam, elə bir kitab yazacam ki, körpələr də başa düşəcək, gözlərinə sataşanda, böyüklər də oxumaq istəyəcəklər. Doğrudu, bundan ötrü üslubun sadəliyi lazımdı, bu isə mənə o qədər də xas olan bir şey deyil. Böyük və maraqlı olanlar sözlərdə deyil, fikirlərdə cəmlənir...
4 avqust
Yanıma general Yermolov təşrif buyurmuşdu. O, tanımadığım həkim Noks adlı birinin məktubuyla gəlmişdi. Əgər bu, həmin Vitsesimusdusa, onunla iyirmi beş il əvvəl görüşmüşük və bizimki tutmayıb. Əvəzində general Yermolovun adı xoşbəxtlikdən mənə tanışdı. Bu insan, ömrünün çiçəkləndiyi dövründə - otuz yaşdadı, gözəl, özünə inamlı və çılğındı; o, poeziyanın və incəsənətin bütün növlərinin ehtiraslı vurğunudu. Yermolov Moskva hadisəsində və bütün sonrakı mərhələlərdə iştirak edib, hərçənd, əlbəttə, o zaman çox gənc olub. O, Moskvanı Rastopçinin yandırmasına qəti şübhə etmir və deyirdi: fransızların hücumu öncəsi sakinlər şəhəri tərk edərkən şayiə yayılmışdı ki, Moskvanı məhv etmək üçün orada müəyyən adamlar saxlayıblar. Mən soruşdum ki, bəs nəyə görə birinci növbədə barıt anbarını yandırmayıblar? Cavab verdi ki, onun fikrincə, anbarın partladılması geri çəkilməkdə olan ruslar üçün təhlükəliymiş. Bu, inandırıcı görünmür. Rus kolonları Moskvadan kifayət qədər uzaqda idi və onlara ziyan dəyə bilməzdi. Mən ondan israrla Kutuzov əməliyyatının nəyə görə ləng getməsinin səbəblərini soruşanda, o, açıq etiraf etdi: ruslar fransızların geri çəkilmələrinə elə sevinib və elə təəccüb etmişdilər ki, qazanılmış üstünlüyün ölçüsünü dərhal anlaya bilməmişdilər...
4 oktyabr
Ömrüm boyu kifayət qədər gördüyüm, ən yüksək adlandırılan cəmiyyət indi məni ancaq əyləndirir, çünki yaşım və laqeydliyim sayəsində özümü onun bir hissəsi hesab eləmək vərdişimi yadırğamışam; məndə belə bir hiss yaranıb ki, artıq bu cəmiyyətdə iştirak etmirəm, yalnız kənar bir müşahidəçiyəm və mənim barəmdə rolumu yaxşı, ya pis oynadığımı deyə bilməzlər, çünki, ümumiyyətlə oynamıram. Haqqımda düşünülənlərin zərrə qədər də fikrini çəkmirəm və başqalarının oyununu müşahidə etməyə kifayət qədər vaxtım var...
7 noyabr
Son günlər əqli və fiziki tələskənliyimin nəticələrinə görə keçirdiyim yaşantılardan sonra bu sabah sakitləşməyə başlamışam. Bir maqələ - yəni "Kuorterli revyu" üçün dekorativ bağçılıq haqda oçerk yazmağa girişmişəm. Kitab çatışmazlığına görə, tezliklə dirənib qaldım. Ancaq mən özümə istirahət rəva görmürdüm, fikirlərimə sərbəstlik verərək dərhal "Kenonqeyt xronikası"nın ikinci seriyasına başladım, çünki birinci uğur qazanmışdı. İkinci dəfə baş vurub, qoca bir səfeh kimi ötən dönəmləri xatırlayıb çox kövrəldim, bütün gecəni fasiləsiz şeir oxumaqdan və göz yaşları tökməkdən başqa nəhayət ki, heç nəyə yaramırdım. Bu, kədərli işdi. Qəbirlər öz ölülərini geri qaytarır, zaman otuz il əvvələ yuvarlanır, tamamilə əhvalımı pozur. Yetər artıq! Mən təqib olunan maral kimi özümü, təbii saflığımı itirirəm, amansız və təhlükəli oluram. Amma bu barədə yaxşı bir hekayət danışmaq olar və qorxuram gözəl günlərin birində o danışılacaq! Və o zaman, heç şübhəsiz, iki-üç illik yuxuda, aşkarda gördüklərim əbədiləşəcək. Amma ölülər ağrı hiss etmirlər. (...)
7 dekabr
...Tipik bir xüsusiyyətim var: məsələn, eyni zamanda mütaliə ilə məşğul olanda, öz əsərim üzərində daha yaxşı işləyirəm, dəqiq desək, düşünə bilirəm. Görəndə ki, pis yazıram və dalana dirənmişəm, yüngül bir kitab, - roman və ya buna bənzər nəsə götürürəm, sadəcə azacıq mütaliə etməyim qalır ki, bütün çətinliklərim aradan qalxsın, yenidən işləməyə hazır olum. Başımdan eyni anda iki düşüncə axını keçməlidi; ola bilər, qadınların əyirmək və toxumaq kimi kifayət qədər yüngül məşğuliyyətlərinə oxşar işlər şüura sabitlik, sarsılmazlıq bəxş edir, düşüncənin yayınmağına mane olur, beləliklə, ağlın daha dərin imkanlarına şərait yaratmağa xidmət edir. "Nə edirsənsə bir dəfəyə et" sözlərini eşidəndə, həmişə məni gülmək tutur. Bütün ömrüm boyu onlarla işi bir dəfəyə görmüşəm...
12 dekabr
Yenidən ədəbi reputasiyamın düşməsinin mümkünlüyü haqda düşünüb-daşındım. Tənqidə və tərifə o qədər biganəyəm ki, məni özümə qapılmağa vadar edə biləcək böyük uğurlarım heç vaxt təkəbbür doğurub gözümü kor etməyib. Buna görə, mənim hisslərimə gəlincə, bu hadisələri sarsılmaz dəyanətimlə qarşılamaq iqtidarındayam. Əgər ədəbi reputasiya hansısa bir üstünlük gətirirsə, onsuz da buna malikəm, amma onun itkisi məni zərrə də narahat etmir.
Mənim tac daşıdığımı heç kim inkar edə bilməz. Üzərimə götürdüyüm işgüzar öhdəliklərim baxımından məhz indi işi bir kənara qoymağa məcbur olmağım tamamilə yersizdi və bu, ədəbi fəaliyyətimi dayandırmamağımın yeganə səbəbidi; uzaq başı bu uğursuz işə - romanlar yazmağa davam etməyəcəm. Qınaqlara səbəb olan yazılarımı geri götürəcəm, amma bu, o demək deyil ki, onların üzünü yenidən köçürəcəm. (...)
Fiv sakini olan iki nəfər alim yanıma gəlmişdi və uzun məsləhətləşmədən, müzakirədən sonra getdilər. Onlar işdə fasilə verməyimi qətiyyətlə pislədilər, bunun tam uğursuzluğa gətirib çıxaracağını dedilər. Mən inad etdiyim halda üzləşəcəyim çətinlik və təhlükələr barədə öz düşündüklərimi söylədim, izah etdim ki, kütlə boşluğu dərk eləyənəcən, altı aya və ya hətta bir ilə də olsa, fəaliyyətimi bərpa edə biləcəm. Onlar, bildirdilər: bu müddət ərzində gözləntilər o qədər artıb çoxalacaq ki, heç bir Tanrı bəndəsi camaatı razı sala bilməyəcək. Cıdırda irəli sıçrayan, amma öz üstünlüyünü axıracan saxlaya bilməyən bir at kimi məni tamamilə sıxışdıra biləcək şeylər haqda bu alimlərin susduqlarını da nəzərə alamaq lazımdı. Axırda qərara aldıq ki, indi yazdığım kitabı başladığım kimi də davam etdirim və təkcə onların etirazlarını bildirdikləri girişdəki bəzi yerləri çıxım. İzləyici zövqünün gözəl örnəyidi bu və sözsüz, yaxşısı budu, onlarla razılaşıb, güzəştə gedəsən. Ancaq mənim mövqeyimin - düz, onlarınkının isə səhv olduğuna tam əmin deyiləm, təkrar edirəm, tam əmin deyiləm. Bununla belə, indiki şəraitdə onların həddən artıq tənqidi mövqedə olmalarından qorxmuram, hər ikisi sağlam düşüncəlidi, kimisə tənqid atəşinə tutmaqla nəsə qazanmağa meyilli deyillər...
28 dekabr
... Mənim yeganə məharətim, darıxdırıcı təfərrüatlardan maraqlı, heyranedici süjetlər tapıb çıxarmağımdadı. Darıxdırıcı və maraqsız kimi tanınan əsərləri eşələdikdə, o qədər xoşagələn və ibrətamiz şeylər rastıma çıxır ki. Siz mənə fakt verin, təxəyyülüm kifayət qədərdi...
1828
1 yanvar
Mən 1825-ci il 20 noyabr tarixindən, yəni artıq iki il, iki aydı gündəlik tuturam. Bundan ağlımın artdığını və ya yaxşı nəsə əldə etdiyimi deyə bilmərəm, ancaq əmin olmuşam ki, bir dəfə verdiyim qərarın üstündə durmaq qabiliyyətinə yiyələnmişəm. Görünür, burada sevinməli bir şey yoxdu; deyəsən, bu, göstərir ki, mən daha çox metodiki adamam, nəinki, orijinal; məndə artıq müntəzəm yazdıqlarımla uyuşmayan canlı fantaziyalar yoxdu. Ancaq, əgər məsələ məhz bundan ibarətdisə, ona sevinməliyəm ki, birini itirmişəmsə, heç olmasa o birini tapmışam.
14 yanvar
Kuperin yeni "Qırmızı dəniz qulduru" romanını oxudum; hadisələr sırf okeanda cərəyan edir. Dənizçilik terminlərinin artıqlığı hər şeyə kölgə salır. Ancaq oxucu təkcə təsvirlə maraqlanırsa, onlar başa düşmədikləri çox şeyə göz yummalı olacaqlar. (...) Kuper böyük istedad sahibidi, insan qəlbinin mahir bilicisidi və onu əks etdirməyi bacarandı. Amma görünür onun da ağlına başqalarının düşündükləri gəlir. Dor ağacının gözəl forması və yelkən iplərinin naxışları göy üzünün fonunda kifayət qədər tez-tez rast gəlinən şeylərdi.
28 yanvar
...Kuperin "Çöl" romanını oxudum və məncə, bu əsər, bir dəfə də olsun sahilə çıxılmayan, hadisələri tam dərk etmək üçün isə kifayət qədər dəniz terminlərindən xəbərdar olmağın lazım gəldiyi "Qırmızı dəniz qulduru"ndan yaxşıdı.
5 aprel
Biz qüdrətli sehrbazın məzarını ziyarətə getmişdik. Qəbirdaşı Birinci İakov dönəmində zövqsüz şəkildə düzəldilib, amma buralar necə də füsunkardı! Ətrafda unudulmuş, bu gün tanınmayan nəsillərə aid əzəmətli abidələr var. Ancaq sən təkcə Şekspirin abidəsini görürsən, başqası heç yadına da düşmür. Ətrafda hər şey Şekspirə aiddi... (...)
Tərcümə etdi: Zahid Sarıtorpaq
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!