Mirzə Fətəlini Tiflisdə işə kim düzəltmişdi... - Şahbaz Şamıoğlu

Ədəbi-bədii, elmi-mədəni, ictimai-siyasi fikir tariximizdə müstəsna xidmətləri olan böyük Mirzə Fətəli Axundzadənin mükəmməl elmi bioqrafiyasının hazırlanmasında onun özü tərəfindən 1874-cü ildə fars dilində qələmə alınan və ilk dəfə 1887-ci ildə "Kəşkül" qəzetinin 43-45-ci saylarında ixtisarla hissə-hissə dərc edilən "Bioqrafiyayi, yəni sərgüzəşti-kolonel Mirzə Fətəli Axundzadə" qiymətli mənbə hesab edilir. Görkəmli ədəbiyyatşünas F.Köçərlidən başlayaraq bütün tədqiqatçılar ədibin tərcümeyi-halını yazarkən istər-istəməz həmin mənbəyə istinad etmişlər. Öncədən qeyd edək ki, "Kəşkül"də dərc olunan avtobioqrafiya ixtisarla verildiyindən ilk dövrlərdə bəzi məsələlər tədqiqatçılar üçün qaranlıq qalmış, həmin ixtisardan xəbərsiz olan mühacir ədəbiyyatşünaslar (o cümlədən Ə.Cəfəroğlu, M.B.Məhəmmədzadə) isə əllərində olan həmin tam olmayan mətndən çıxış etdiklərindən müəyyən səhvlərə yol vermişlər. M.F.Axundzadənin vəfatının 50 illiyi ərəfəsində şəxsi arxivinin Tiflisdən Bakıya gətirilməsi ilə bioqraflar kifayət qədər zəngin material əldə etdilər və ortaya əhəmiyyətini bu gün də qoruyub-saxlayan xeyli araşdırma çıxdı. Hələ sağlığında ikən qiymətli saydığı hər bir əlyazmasının qeydinə qalan, bədii və elmi-fəlsəfi əsərlərinin mümkün qədər surətlərini çoxaldan, dostları ilə yazışmalarında gələcək nəsillərə çatması naminə məktublarını qorumağı tövsiyə edən M.F.Axundzadə bizim günlərimizə zəngin və səliqəli bir arxiv çatdıra bilmişdir. Apardığımız müşahidələr və təhlillər göstərir ki, nə qədər əvəzsiz və əhəmiyyətli olsa da, hər halda həmin arxiv ədibin bütün əlyazmalarını əhatə etmir, bu və ya digər səbəblərdən arxivdən kənarda qalan materiallar vardır. Böyük ədibin bioqrafiyasını yazmaq üçün bizə onun bədii əsərləri, zəngin epistolyar irsi - müasirlərinə göndərdiyi ictimai-elmi əhəmiyyətə malik məktubları da mötəbər məlumatlar vermək gücündədir. Çox maraqlıdır ki, M.F.Axundzadə bir çox hallarda istər ədəbi-bədii, istərsə də epistolyar irsində vacib hesab etdiyi bəzi məqamlar barədə nədənsə açıq və ətraflı danışmamış, sadəcə, bizlərə həmin məqamların parollarını ötürməklə kifayətlənmişdir. Bu da "sirli Mirzə Fətəli"nin daha bir manerasıdır. Belə "parol"lardan birinə ilk qələm məhsulu sayılan "Zəmanədən şikayət" qəsidəsində rast gəlirik. Bioqraflar həmin qəsidəyə əsaslanaraq gənc Fətəlinin arzusunda olduğu Tiflisə gəlib rəsmi dövlət qulluğuna girməsində görkəmli şair-mütəfəkkir, həmin dövrdə Qafqaz canişinliyində tərcüməçi işləyən polkovnik A.Bakıxanovun xüsusi rolunu qeyd edirlər. Bu, nə qədər əsaslı fikirdir? Parol "Bakıxanov"dur? M.F.Axundzadənin bioqrafiyasında önəmli detal olduğundan məsələ üzərində bir qədər ətraflı dayanmağı zərurəti sayırıq.

... M.F.Axundzadənin ilk əsəri hesab edilən "Zəmanədən şikayət" qəsidəsini görkəmli ədəbiyyatşünas alim Məmmədağa Sultanov taparaq üzə çıxarmış, fars dilindən Azərbaycan dilinə tərcümə edərək, 1954-cü ildə Azərbaycan SSR Elmlər Akademiyasının "Məruzələr"ində "M.F.Axundovun yeni tapılmış bir şeiri haqqında" adlı mükəmməl ön sözü ilə çap etdirmişdir. Əlyazmasında sərlövhəsi olmayan qəsidəni M.Sultanov əsərin ruhuna uyğun olaraq "Zəmanədən şikayət" adı ilə dərc etdirmişdir. Bundan sonra qəsidə dəfələrlə M.F.Axundzadənin çap edilmiş külliyyatlarına salınmışdır. Klassik Şərq şeiri ənənəsi əsasında yazılmış avtobioqrafik səciyyəli qəsidənin şərti olaraq birinci hissəsində qəhrəmanın - gənc müəllifin əhval-ruhiyyəsi təsvir olunur. Gənc şairin könlü dərdli, ürəyi nalan, şərabı göz yaşları, badəsi gözünün peymanəsidir. Bu da səbəbsiz deyildir. Kiminlə ünsiyyət qurursa, ondan pislik görür, vəfa umduqlarından cəfa çəkir, ümidlə baxdığı dostlarının xor baxışları ilə üzləşir. Həyatdan bezdiyi anlarda daxili bir səs ona bu qəm yuvasından qaçıb uzaqlaşmağı, Tiflisə getməyi məsləhət bilir. Bundan sonra qəsidənin şərti ikinci hissəsi başlanır...

Ədib "Səbuhi" təxəllüsü ilə yazdığı bu qəsidənin şərti ikinci hissəsində Tiflisdə yaşayan bir nəfəri mübaliğəli şəkildə mədh etmişdir. M.Sultanov həmin şəxsin kimliyinin hələlik bəlli olmadığını yazmışdır: "Lakin şübhə etməmək olar ki, bu şəxs Mirzə Fətəlinin həyatında çox böyük rol oynamış və onun sonrakı yüksək mövqeyə çatmasına yaxından yardım etmişdir". Görkəmli axundzadəşünas Feyzulla Qasımzadə də həmin "bilikli bir fəzilət sahibi və alim"dən bəhs etsə də, onun kimliyi barədə dəqiq heç nə deməmişdir. M.F.Axundzadənin həyat və yaradıcılığına dair qiymətli tədqiqatlar aparmış Nadir Məmmədov isə qəsidədən çıxış edərək qəti bir inamla hökm vermişdir: "Ədəbiyyatşünaslarımızın yekdil olaraq göstərdikləri kimi, gənc Fətəlinin təsvir və təqdir etdiyi bu ziyalı həmin illərdə Tiflisdə dövlət qulluğunda olan görkəmli Azərbaycan alimi və şairi A.Bakıxanovdur". Tədqiqatçı Çingiz Qacar da tədqiqatlarından birində gənc Fətəlinin 1834-cü ilin noyabrın birində məhz A.Bakıxanovun təqdimatı əsasında canişinlikdə işə başladığını yazmışdır Beləliklə, ədəbiyyatşünasların əsər üzərində təhlillərindən belə bir mənzərə yaranır: birincisi, müəllifin qəsidədə mədh etdiyi ("görüşdə Rumidən artıq, məqamı Şəmsdən yüksək, fənni-hikmətdə İbn-Sinadan böyük, Səbhanı xəcalətdə, Xaqanini heyran qoyan") şəxs həmin dövrdə canişinlikdə qulluqda olan A.Bakıxanovdur; ikincisi, gənc Fətəli canişinlikdə işə A.Bakıxanovun təqdimatı əsasında götürülmüşdür.

Qəsidədə mədh olunan şəxsin A.Bakıxanov ola biləcəyini yəqin edən, yaxud bunu birmənalı şəkildə təsdiqləyən tədqiqatçıların, əlbəttə, öz arqumentləri vardır. XIX əsrin otuzuncu illərində Tiflisdə yaşayan azərbaycanlı ziyalılardan bəhs edərkən göz önünə tam təbii olaraq dərhal A.Bakıxanov gəlir. M.Ş.Vazeh və İ.Qutqaşınlı Tiflis ədəbi mühitinə daxil olana qədər bu mühitin bütün mənəvi yükünü A.Bakıxanov təkbaşına daşımış, gürcü və yenicə formalaşmaqda olan rus ədəbi-mədəni mühiti ilə əlaqələri o, qurmuşdur. O, canişinlikdə yeganə azərbaycanlı olaraq məsul vəzifə tutmaqla yanaşı, məşhur şair, tərcüməçi, filosof kimi tanınmış, böyük nüfuza malik olmuşdur. A.Bakıxanovun bütün bu keyfiyyətləri və göstəriciləri, qəsidədəki mədhlərin ona tamamilə yaraşması, şübhəsiz ki, bu məsələdə tədqiqatçıların diqqətini birinci növbədə onun üzərinə yönəltməlidir və yönəldir. Lakin tamamilə əks-arqumentlər də vardır və bunlar tədqiqatçıların qənaətlərini və mülahizələrini qüvvədən salmaq gücündədir. Nədənsə tədqiqatçılar bu vaxta qədər qəsidədə A.Bakıxanova aid ola bilməyəcək bir neçə misraya diqqət yetirməmişlər. Məsələn, "Qəza həqdən gətirmişdir ona qaziliyə fərman" (seçmə bizimdir - Ş.Ş.) misrası qəsidədə söhbətin, ümumiyyətlə, A.Bakıxanovdan getdiyini şübhə altına alır. Üstəlik diqqət yetirəndə aydın olur ki, Səbuhi bu misrada həmin şəxsin dini vəzifəyə təyin olunması ilə bağlı verilmiş fərmana işarə etmişdir. A.Bakıxanov isə heç vaxt dini vəzifəyə təyinat almamışdır... Yaxud aşağıdakı beytə nəzər salaq:

"Bütün qazilər ondan bil, alarlar təfsirin dərsin,
Ona Qaziyyi-Beyzavi olar şagird-əlif, beyxan".

Beytdən görünür ki, həmin şəxs kifayət qədər dərin dini bilgilərə malik olmuşdur ki, müəllif hətta Beyzavini onun "şagird-əlif"i adlandırmışdır. Tədqiqatçıların diqqət yetirmədikləri bu beytdə adı çəkilən əl-Beyzavi əbd Allah bin Omar (?-1291) Quranın görkəmli müfəssiri olmuş, Atabəy Abubəkr dövründə (1226-1260) yaşamış Fars böyük qazısının oğlu olub, Şirazda qazılıq etmiş, sonra Təbrizə köçmüş və orada vəfat etmişdir. O, "Ənvar əl-tənzil və əsrar əl-tavil" kimi çox məşhur əsərin müəllifidir və həmin əsər uzun illər Şərq və Qərb alimlərinin diqqət mərkəzində olmuşdur. Beləliklə, aşkar görünür ki, Səbuhi (Fətəli) qəsidədə məhz "qaziliyə fərmanı həqdən gələn" bir din xadiminə işarə etmişdir. Odur ki, Fətəlinin mədh etdiyi, tədqiqatçıların yazdığı kimi, sonralar onun həyatında mühüm rol oynayan bu xeyirxah insanı din xadimləri arasında axtarmaq zərurəti yaranır. Diqqət isə istər-istəməz həmin dövrdə Tiflisdə yaşayan Məhəmmədəli Hüseynzadənin üzərinə yönəlir. Çünki həmin dövrdə Tiflisdə Məhəmmədəli Hüseynzadə səviyyəsində ikinci bir müsəlman din xadimi tanımırıq. Odur ki, qəsidədə adı çəkilməyən həmin şəxsin Qafqazın birinci şeyxülislamı Axund Məhəmmədəli Hüseynzadə (1760, Salyan-1852, Tiflis) olduğunu söyləyə bilərik. M.F.Axundzadənin Tiflisə ilk dəfə getdiyi zaman (1834) Şeyxülislam Axund Məhəmmədəli Hüseynzadə bu şəhərdə kifayət qədər böyük nüfuza malik idi. Tiflisdəki Şah Abbas məscidinin rəisi və baş axundu olan Məhəmmədəli Hüseynzadə Bağdad Universitetinin ilahiyyət və tarix fakültələrini bitirmişdi. Tədqiqatçıların yazdığına görə, onun Şeyx Şamillə dostluq əlaqələri olmuşdur. Qafqazı yenicə fəth etmiş çarizmin diyarda sözü keçən, müsəlmanlar arasında xüsusi hörmət və ehtirama malik şəxsləri yaxına çəkməyə ehtiyacı vardı. Odur ki, Qafqazda dini məsələləri nəzarətdə saxlamaq üçün 1823-cü ildə yaradılmış şeyxülislam postuna Axund Məhəmmədəli Hüseynzadə gətirilmişdir. Bizcə, qəsidədə "Qəza həqdən gətirmişdir ona qaziliyə fərman" misrası da həmin təyinata bir işarədir. Qəsidə həmin təyinatdan cəmi bir neçə il sonra yazılmışdır. Axund Məhəmmədəli Hüseynzadə 1846-cı ilə qədər Qafqazın şeyxülislamı olmuşdur (1872-ci ildən rəsmən Ruhani idarəsi yaradılmışdır - Ş.Ş.). O, böyük ilahiyyatçı olmaqla yanaşı, milli təəssübkeşliyi ilə də seçilmişdir. M.F.Axundzadənin mənəvi atası Axund Hacı Ələsgərin də dövrünün nüfuzlu ilahiyyat alimi və din xadimi olduğunu nəzərə alsaq, onun şeyxülislam Axund Məhəmmədəli Hüseynzadə ilə şəxsi tanışlığının mümkünlüyünü, üstəlik, gənc Fətəlini baron Rozenə məhz şeyxülislamın (Bakıxanovun yox!) təqdim etdiyini söyləmək olar. Baron Rozenin tanımadığı Axund Hacı Ələsgəri və gənc Fətəlini dərhal və ehtiramla qəbul etməsini qətiyyən təsadüfi saymaq olmaz. Ədibin tərcümeyi-halındakı bu cümlələr çox şeylərdən xəbər verir: "Bilmirəm hansı bir dil ilə bu sərkarın, yəni baron Rozenin yaxşılıqlarını zikr edib, şükrgüzarını yerinə yetirim. Mələk xasiyyətli bu əmir ikinci atamın iltimasını fövrən qəbul edib, iltifat və mərhəmətlərini mənim haqqımda zahir qıldı ki, onları vəsf etməkdə acizəm".  Bu ehtimalı qüvvətləndirən başqa nüanslar da vardır. Məlumdur ki, A.Bakıxanov 1832-ci ildə ikiillk məzuniyyət götürərək Avropa və Rusiyaya səyahət etmişdir. 1834-cü ilin iyulunda A.Bakıxanov Peterburqdan Odessa yolu ilə Tiflisə qayıtmış və Qubaya getmişdir. Deməli, M.F.Axundzadə ilk dəfə Tiflisə gəldiyi dövrdə A.Bakıxanov ümumiyyətlə, şəhərdə olmamışdır. Digər tərəfdən, baron Rozen A.Bakıxanova olduqca soyuq münasibət bəsləmiş, demək olar ki, ona inanmamış, hətta barəsində Peterburqa müvafiq idarələrə yazılı məlumatlar göndərmişdir. Hətta onun A.Bakıxanovun "Gülüstani-İrəm" əsərinin çap edilməsinə əngəllər törətdiyinə dair məlumatlar da vardır. Bəlkə də, elə bu cür münasibət A.Bakıxanovun ömürlük məzuniyyətə çıxmaq barədə qərar qəbul etməsinə gətirib çıxarmışdır.
Beləliklə, yekun olaraq qeyd edə bilərik ki, "Zəmanədən şikayət" qəsidəsində mədh olunan anonim şəxs Qafqazın ilk şeyxülislamı Axund Məhəmmədəli Hüseynzadə olmuşdur. Axund Məhəmmədəli Hüseynzadə üçüncü şeyxülislam, M.F.Axundzadənin yaxın dostu və sirdaşı Axund Əhməd Hüseynzadənin (1812-1887; şeyxülislamlığı: 1862-1884) əmisi və qayınatası idi...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!