Hər bir yazıçının həyatında uşaqlıq dövründə baş verən hadisələr böyük rol oynayır. Onun formalaşmasında, gələcək əsərlərinin yazılmasında iz buraxan belə dövrlər unudulmazdır. Uşaqlıq qayğı ilə əhatə olunubsa, yazıçı sevgi və həyat eşqli romanların qələmə alınmasına geniş yer ayırır. Hər halda sonu pozitivliklə bitən belə əsərlər uşaqlıq illərinin xoş keçməsi ilə bağlıdır. Belə saf dövrdə hər hansı xoşagəlməz hadisələr baş veribsə, bu, yazıçının yaradıcılığına təsirsiz ötüşmür. Elə romanlarından və həmin əsərlərə çəkilən kinofilmlərdən üşəndiyimiz Stiven Kinqi götürək.
Dəhşət dolu əsərlərin kralı olan 69 yaşlı Stiven Kinq həm də unikal insandır. Onun sərbəstliyi, açıq danışığı bəzən qəzetlərin manşet xəbərlərinə çevrilir. Kinq həm də kobuddur. Təbii ki, ona kobud olanlara qarşı belə münasibət göstərir. Təsadüfi deyil ki, tez bir zamanda məşhurlaşmaq istəyən gənc yazıçılar onu tənqid atəşinə tuturlar. Qoca qartal isə onlara gülür. Çünki bunun ucuz reklam olduğunu yaxşı bilir. Elə ona görə də yaradıcılıq müzakirələrində özünün necə çətinliklə məşhur olmasından danışır. Sitat: "Gənclər məni tənqid etməyə ayırdıqları vaxtları ərzində yaxşı bir hekayə yaza bilərlər. Bu daha maraqlı məşğuliyyət olar". O, hələ tələbə illərində evlənmişdi. İndi onun 3 uşağı, 2 nəvəsi, 3 evi var. Vergi ödəyir və bütün amerikalıları qanuna əməl etməyə çağırır.
Beləliklə, onun uşaqlığına bir daha nəzər salsaq, görərik ki, doğrudan da həmin illər yaradıcılıqda öz təsirini büruzə verir. Bəzi faktlar var ki, onu əksər insanlar bilmir. Hansı ki, həmin faktlar Kinqi formalaşdırıb, yaradıcılıq xəttini müəyyənləşdirib. Hələ Stiven Kinqin 2 yaşı olarkən atası mistik şəkildə yoxa çıxıb. Əlbəttə, ilk vaxtlar onun yoxa çıxmasını mistika ilə əlaqələndiriblər. Onda qardaşı Devidin 4 yaşı varmış. Ataları siqaret almaq adı ilə evdən çıxıb və geri qayıtmayıb. Balacalar öz aralarında atalarının meşədə azmasına, canavarlar tərəfindən yeyilməsinə dair ilkin ehtimallar irəli sürüb ağlayıblar. Yalnız böyüyəndən sonra CBS telekanalının əməkdaşlarının araşdırmaları nəticəsində məlum olub ki, ataları braziliyalı qızla ailə həyatı qurub və 1980-ci ildə vəfat edib. Həmin araşdırma nəticəsində o da aydınlaşdı ki, atasının ikinci ailəsində 4 uşaq doğulub və onlardan bir az aralıda yaşayıblar. Anası isə oğlanları sakitləşdirmək üçün "atanızı Mars planetindən gəlib aparıblar" - deyə sakitləşdirib. Bu yalançı sözlər Stivenin qəlbində yadplanetlilər mövzusunun təşəkkül tapmasına yardımçı olub. Ona elə gəlib ki, atasını doğrudan da Mars planetinin sakinləri aparıblar və indi yuxarıdan ona baxır. Yeri gəlmişkən, Devid Stivenin doğma qardaşı deyil. Vaxtilə onun atasına "sonsuzluq" diaqnozu qoyulduğundan Devid övladlığa götürülüb. Lakin 2 il keçməmiş həkimlərin diaqnozu səhv çıxıb, dünyaya Stiven gəlib. Bəzi parapsixoloqlar Stivenin doğuluşuna "taleyin hikməti" adını veriblər. Oğlanların dili ilə desək, atalarının mistik şəkildə yoxa çıxmasından sonra anaları çox az məvaciblə müxtəlif işlərdə çalışıb. Amma uşaqlara aclıq yaşatmayıb, atasızlığın nə olduğunu hiss etdirməyib.
Bəs gələcəyin yazıçısının qorxunc əsərlər yazmasının əsas səbəbi nə olub? Elə bu da uşaqlıqla bağlıdır. Stiven xəstəhal uşaq imiş. Tez-tez qızdırmanın baş qaldırması, immunitetin zəifliyi ucbatından xəfif mehdən də naxoşlaması adi hala çevrilib. Onun uşaqlıq xatirələrində ancaq xəstəliklər qalıb. Beş yaşında keçirdiyi ağır xəstəlik həyatına son qoyacaqmış. Üstündən 50 il keçəndən sonra o, xatirələrində qeyd edir ki, "öz qışqırığı hələ də qulağındadır". Xəstəlik davam edir, uşaq darıxırmış. Belə darıxdırıcı günlərin birində komikslər yazıb. Və elə həmin vaxtdan etibarən ədəbi fəaliyyətinə start verib.
Stivenin ilk oxucusu anası olub. Məhz ilkin komiks cızma-qarasından sonra anası onu hekayələr yazmağa həvəsləndirib. Bunun əsas səbəbi oğlunun darıxmaması xatirinə edilib. Ana görüb ki, oğlu ilk komikslərini yazdıqca halı yaxşılaşır, üzü gülür. Stiven 4 hekayə yazaraq anasına göstərib, o da əvəzində hər birinə 25 sent verib. Sonrakı xatirələrində yazıçı gülə-gülə deyir ki, "bu mənim öz zəhmətimlə qazandığım ilk dollar oldu".
Ötən əsrin 50-ci illərin sonunda Amerikada "Filmlandiyanın məşhur monstırları" uşaq jurnalı dərc edilirmiş. Onun redaktoru Forrest Akkerman idi. Akkerman ədəbiyyat agenti rolunda bu sahənin görkəmli bilicilərindən saylııb. O, fantastika janrını xoşladığından məhz belə yazıları məmnuniyyətlə dərc edirmiş. Həmin jurnalı oxumaq balaca Stivenin sevimli məşğuliyyətinə çevrilib.
Sonralar Akkerman daha bir jurnalı dərc etmək üçün çalışıb və zəhməti hədər getməyib. Yeni jurnal "Kosmonavt" adlanıb. Stiven hekayəsini həmin jurnala göndərib. Uşaq həsrətlə jurnalın saylarını evlərinin yanındakı kiçik köşkdən alıb baxsa da, özünün ilk hekayəsini görməyib. Günlər keçdikcə həmin hekayəni unudub. Stiven Kinqin tərsliyini növbəti cümlədən hiss edəcəksiz. Düz 20 ildən sonra məşhur yazıçı yenidən həmin hekayənin üstünə qayıdaraq onu genişləndirib və yeni qəhrəmanlarla zənginləşdirib. Və həmin hekayə oxucuların istifadəsinə roman şəklində təqdim olunub.
1962-ci ildə Stiven Kinq və onun qardaşı yaşadıqları şəhərdə qəzet buraxıblar. Səhər tezdən evdən çıxar, qəzetləri ucuz qiymətə satarmışlar. Qazanc az olsa da, sevinərmişlər ki, analarına yardımçı olurlar. Həm də getdikcə qadın qocalır, əvvəlki iş qabiliyyətini itirirmiş. Yaradıcılığa gəldikdə, o illərdə istedadın nümayişi üçün indiki qədər şərait yox imiş. Həmin illərdə bəzən mətbuatda hər hansı əsərin dərci xeyli vaxt apararmış. Həm də hələ ictimaiyyətin tanımadığı Stivenin yazısı kimə lazım idi. Mütərcimlər məşhur yazıçıların əsərlərini dərc etməklə oxucuların sayını artırmağa ümid ediblər. Bunu görən yazıçı qardaşı Devidlə "Stiven Kinqin əsərləri" seriyası adı altında ilk kitabını oxucuların ixtiyarına verib. Bu, məktəbli dəftəri formasında, demək olar ki, kustar üsulla hazırlanmış kitab olub. Kitabın satışını qardaşı ilə bərabər küçə və meydanlarda təşkil edib.
Stiven Kinqin ailə həyatı da uğurlu alınıb. O, gələcək həyat yoldaşını hələ kollecdə oxuyarkən tanıyıb. Üç il ərzində 3 uşaqları doğulub. Ailəsini dolandırmq üçün Stiven kimyəvi təmizləmə xidmətinə işə düzəlib. Lakin pul ehtiyacı onu yenidən yazmağa yönəldib. Məhz ağır günlərdə "Gecə növbəsi" və "Bəzən onlar qayıdırlar" əsərlərini yazıb bitirib. Məşhurluğa aparan yolda isə "Kerri" romanı böyük rol oynayıb. Həmin romanı 1974-cü ildə yazıb. Maraqlı məsələ bundan ibarətdir ki, yazıçı vaxtilə həmin əsəri zibil qutusuna atıbmış. Həyat yoldaşı həmin qutudakı kağız yığnağını atmayaraq saxlayıb. Stiven fikrini dəyişərək əsərin qaralamasına yenidən nəzər salıb və dəyişiklik edib. Bu romanın yazılıb başa çatmasında həyat yoldaşı Tasbitanın böyük zəhmətinin olması stivensevərlərə məlumdur. O, ərini həmin romanı yenidən yazmağa həvəsləndirib. Göründüyü kimi, yazıçının yazması üçün yaxınları çox əziyyət çəkiblər. Həmin günlərdə "Uzun gəzinti" və "Qaçan adam" romanları qələmə alınıb.
Çox maraqlıdır ki, ona şöhrət gətirən "Kerri" romanını Stiven Kinqin özü sevmir. O, müəllif kimi baş qəhrəmanı başa düşmür və digər surətlərin səmimiyyətinə inanmır. Yeri gəlmişkən, Stiven Kinq öz romanlarını dəhşətli dərəcədə tənqid edənlərdən bəlkə də birincisidir və KİV nümayəndələri qarşısında bunu etiraf etməkdən çəkinməyib. Düzdür, o illərin tənqidçiləri bunu Kinqin "əsərlərə görə satış hiyləgərliyi" adlandırsalar da, hər halda yazıçı digərlərindən özünün səmimiliyi ilə seçilib. "Kerri" romanını dərc edən nəşriyyat yazıçıya 2500 ABŞ dolları ödəyib. Bir az sonra həmin nəşriyyat "Kerri" romanının müəlliflik hüququnu digər məşhur nəşriyyata 400 min ABŞ dollarına satıb. Həmin məbləğdən Stiven Kinqə 200 min dollar çatıb. Külli miqdarlı maliyyə məbləği ailəni kasıblıqdan qurtarıb. Sonralar eyni adlı film də çəkilib. "Kerri" filmi kassa filmləri seriyasına daxil olmaqla, ölkə büdcəsinə xeyli gəlir gətirib.
Stiven Kinqin əsərlərində yazıçının həyat tərzindən bəzi elementləri müşahidə etmək mümkündür. Məsələn, onun 1987-ci ildə yazdığı "Mizeri" romanında şizofreniya xəstəliyinə tutulan, özünü anormal aparan tibb bacısının yazıçını girov saxlaması əks edilir. Stiven deyir ki, həmin səhnəni yazanda alkoqol və narkotikin təsiri altında olub. 1970-ci illərin ortalarından etibarən yazıçı alkoqol və narkotika aludəçisinə çevrilib. Hətta, iş o yerə çatıb ki, bəzi romanların məhz özü tərəfindən yazılmasına şübhə ilə yanaşıb. Bu hələ son deyil. O, narkotika aludəçisi olmasını inkar edərkən, yaxınları yazıçının istifadə etdiyi iynələri və narkotik preparatları mənzilin döşəməsinə tökərək bunu sübut ediblər. Stiven Kinq vəziyyətin dözülməz olduğunu başa düşüb. Məşhur həkimlər Kinqi bəladan xilas ediblər. 1980-ci illərin sonundan etibarən yazıçının romanları ayıq başla qələmə alınıb.
Yazıçının əsərlərində şəxsi həyatını izhar edən digər element onun qəzaya məruz qalması ilə bağlıdır. 1999-cu ildə oxucular Stiven Kinqi itirə bilərdilər. Yazıçının əyləşdiyi avtomobilin üzərinə sərxoş vəziyyətdə idarə edilən avtomobil şığıyıb. Zərbənin gücündən Stiven arxa oturacağa düşüb. Onu xilas edərək normal həyata qaytarıblar. Halbuki qəzadan sonra həkimlər onun aktiv həyata qayıda bilməyəcəyini deyib dururmuşlar. Sonralar həmin sərxoş sürücü Brayan Smit əsərlərindən birinin qəhrəmanına çevrilib.
Qorxunc romanlar yazıçısını həm də rok musiqinin aşiqlərindən hesab edirlər. O, hətta uzun müddət "Rok-Bottom-Rimenders" qrupunda gitara çalırmış. Adıçəkilən qrup nəinki tamaşaçılar qarşısındakı çıxışları ilə şöhrət qazanıb, həm də xeyli gəlirlə fəaliyyət göstərib.
Beləliklə, təkcə Stiven Kinqin həyatına nəzər salmaqla görmək olur ki, şəxsi həyatda baş verən istənilən hadisə yazıçıların yaradıcılığına bu və ya digər dərəcədə öz təsirini göstərir. Kinq xəstəhal olub, əsərləri də dəhşət saçır.
İndi 69 yaşlı yazıçı yenə də iş başındadır. Şəhərləri gəzir-dolanır, beynəlxalq kitab yarmarkalarında iştirak edir, mühazirələr söyləyir. Bir sözlə, hər bir yazıçının arzuladığı həyatı yaşayır. Əsas da odur ki, onun əsərləri hələ uzun illər dünya sakinlərinin kitab rəflərində saxlanacaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!