Seyid İmadəddin Nəsimi - əbədiyyət üfüqündə doğan günəş... - Səyyad Aran

Cümlə-cahana sığmayan haqq şairi, haqqın şairi

 

Altı yüz ildir ki, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin adı Yaxın Şərqdə mərdlik, fədakarlıq və iradə rəmzi kimi hörmətlə çəkilir. Altı yüz ildir ki, öz ideyaları uğrunda mübarizə aparan, hətta son nəfəsində də sözündən dönmədiyinə görə dara çəkilərək dərisi soyulan bu tarixi şəxsiyyətin irsi öyrənilir. Ümumiyyətlə, sənətkar haqqında daha obyektiv fikir, adətən, illər keçdikdən sonra söylənilir. Bu mənada, 600 il bundan əvvəl Nəsiminin cismən yox edilməsi, əslində, onun mənəvi qələbəsi idi. Və bu qələbə bu gün də yolumuza işıq tutur, örnək təşkil edir.

Doğrudur, Nəsimi məsləyi, ideyaları uğrunda canından keçən, düşmən qarşısında əyilməyən nə ilk, nə də sonuncu şəxsiyyət idi. Ancaq birmənalı şəkildə deyə bilərik ki, bu əqidə qəhrəmanları arasında onun müstəsna yeri vardır. Həyatı boyunca haqsızlığa, ehkamçılığa, nadanlığa, zülmə, ədalətsizliyə əsərləri ilə üsyan edən dahi sənətkarın Azərbaycan milli ədəbi dilinin zənginləşdirilməsi, həmçinin saflaşdırılması yönündə mühüm xidmətləri olub. Dərin dini-fəlsəfi biliyə malik olan Nəsiminin ədəbiyyatımızın inkişafında ən böyük xidmətlərindən biri də onun Azərbaycan dilində fəlsəfi qəzəlin banisi olmasıdır. Həmin dövrdə ana dili ilə yanaşı, ərəbcə və farsca əsər yazan ilk Azərbaycan şairi də Nəsimi olub. Şairin yaradıcılığının başqa bir özəlliyi odur ki, o, bütün əsərlərini əruz vəznində yazıb. Məlumdur ki, bu vəzn dilimizə ərəb dilindən keçib və Nəsimi onu dilimizə tətbiq edərək Azərbaycan dilinin təkmilləşdirilməsinə, türk əruzunun formalaşmasına mühüm töhfələr verib. O, Azərbaycan ədəbiyyatında ana dilində ilk dəfə müstəzad, mürəbbe və tərcibəndlər yazmış ilk şairdir. Onun rübailərində hürufiliyin müddəaları, şairin fəlsəfi görüşləri, həyat və kainat haqqında düşüncələri ustalıqla ifadə olunub.

İnsanın qüdrətini tərənnüm edən Nəsiminin poeziyasında mübarizə ruhu vardır. O, şeirləri ilə haqqa qovuşan kamil insan olmaq uğrunda inadla mübarizə aparır. Şairin fikrincə, ilahi varlıq səviyyəsinə yüksələn, böyük mənəvi sərvət olan kamil insan ədalətli cəmiyyət yaratmağın da real əsasını təşkil edir. Nəsimi yaradıcılığında ilhamla vəsf olunan kamil insan obrazı Orta əsr Azərbaycan şeirində bədii sözdən yoğrulmuş əzəmətli insan heykəlidir. Bu baxımdan, "Məndə sığar iki cahan, mən bu cahana sığmazam" misrası ilə başlanan "Sığmazam" qəzəli kövnü-məkana, cism ilə cana, dəhrü-zəmana və cahana sığmayan qüdrətli Azərbaycan şairinin ən mükəmməl avtoportreti, onun şəxsiyyətinin və idealının açar sözləri hesab olunmalıdır.

Nəsiminin poeziyasında libas dəyişkənliyin, ötəriliyin simvolu, dünyəvi yalanın təzahür formasıdır. O dövrdə müsəlman Şərqinə xas olan düşüncə belə idi ki, geyim bədənin maskasıdır. Buna görə də çılpaq bədən qarşındakını aldatmaq iqtidarında deyil. Seyid İmadəddin Nəsimi isə ömrü boyu özündən ayrılmaq, qopmaq arzusunda idi və bu, heç də qəribə görünməməlidir. Çünki özündən kənarlaşıb özünə baxmaq, öz gözlərindən öz daxilinə boylanmaq, öz bədəninə nüfuz etmək, orada rahatlanmaq, "ərimək", "qərq olmaq" - hal əhli üçün xarakterik xüsusiyyətdir.

Təəssüf ki, Sovet dövründə bu kimi fəlsəfi düşüncələr o vaxtkı ideologiyanın qoyduğu məhdudiyyətlər və çərçivələr içərisində Azərbaycanda birtərəfli şəkildə təqdim olunurdu. Nəticədə isə Nəsimi, az qala, ateist kimi qələmə verilirdi. Halbuki onun bütün əsərlərində "Qurani-Kərim"ə və hədislərə istinadlar var. Nəsiminin ilk mənbəyi də müqəddəs kitabımız idi, hətta öz fikirlərini "Qurani-Kərim" əsasında yayırdı. Nəsiminin insana böyük dəyər verməsinin əsasında da məhz inancını yaşadığı İslamın təməl prinsipləri dururdu. O çox gözəl bilirdi ki, Allah-Taalanın yaratdığı ən uca, ən kamil varlıq insandır. Böyük şair insan sifətinin Allah qələmi ilə çəkilən gözəlliyini vəsf edir və "ənəlhəqq"i ("haqq məndədir") sözün həqiqi mənasında deyil, məcaz kimi qəbul edir. O, insanı ülviləşdirir. Nəsimi öz şəxsində insanın bəşəri keyfiyyətlərini açır, onu mənalandırır, poetik səviyyəyə yüksəlir. Şairin fikrincə, insan bütöv aləmdir, insan kainatdır, hətta ondan da böyükdür, o, kainata da sığmayan varlıqdır. Nəsiminin fəlsəfəsinə görə, yalnız kamil insan Allahı dərk edə bilərdi. Buna görə də kamil insanın Allahı dərk edərək ona qovuşacağına inanır, bütün süfilər kimi, Nəsimi də bu dünyanı fani, müvəqqəti hesab edirdi. O, nəinki "Qurani-Kərim"i yüksək səviyyədə bilib, hətta qədim dini və fəlsəfi təlimlərdən xəbərdar olub, "İncil"i və "Tövrat"ı dərindən mənimsəyib. Çünki onun əsərlərinin hamısında səmavi dinlərə və digər təlimlərə istinadlar vardır.

Təəssüf ki, sovetlər dövründə Nəsimi ideyası sufizm ilə düşünülmüş şəkildə İslama qarşı qoyulmuş, irfandan kənar elan edilmişdi. Halbuki irfan elmi və dahi mütəfəkkirin yaradıcılığı ilə yaxından tanış olan hər kəs bilir ki, Nəsimi ideologiyası irfan elmi ilə tam bağlılıq təşkil edir. İrfanı anlayanlar bilirlər ki, onun ana xətti olan Allahı tanımaq və Ona qovuşmaq dörd mərhələdən keçir: Şəriət, Təriqət, Mərifət, Həqiqət. Mərhələ isə yeddi pillədən ibarətdir: Tələb, Eşq, Mərifət, İstiğna, Tövhid, Heyrət, Fəna. Zaman və məkan çevrəsində isə hərəkət beş inkişaf xəttinə əsaslanır: Kəsrəti-Vücud, Kəsrəti-Mövcud, Vəhdəti-Vücud, Vəhdəti-Mövcud və Suhud. Sufi təfəkkürü bəndəni daim Allaha yaxınlaşdırır. Bu təlimə görə, ruh məkansızdır, dünyaya sığmır, ələst aləminə qalxaraq Allaha qovuşmağa can atır.

Fikrimcə, şairin İslama sevgisini, irfana bağlılığını göstərmək üçün ən bariz doğru yol onun yaradıcılığına nəzər yetirməkdir. Məsələn, Nəsimi deyirdi:

Ey könül, Mənsur ənəlhəq söylədi,

Həqq idi, həqqi dedi, həq söylədi,

Mərifət sirrini mütləq söylədi,

Arif amənna vəsəddəq söylədi.

Təəssüf ki, vaxtilə bu beytə görə onu Mənsurun özünə Allah deməsinə haqq qazandırmaqda qınayıb kafirlikdə suçlayıblar. Hətta bu tendensiya günümüzdə də bəziləri tərəfindən davam etdirilir. Ancaq irfandan xəbəri olanlar çox gözəl bilirlər ki, burada fikir tamamilə başqadır. Nəsimi burada Mənsura Allah demir, onun - həqq olduğunu, yəni düzgün, haqlı, dürüst olduğunu, həmişə həqiqəti dediyini göstərir. İkinci beytdəki "mərifət" isə İslamda haqqa, Allaha qovuşmağın pillələrindəndir. "Mərifət sirrini mütləq söylədi" deməklə, o, Mənsurun Uca Yaradana qovuşmağın sirlərinə bələd olduğunu, İslamı bildiyini, sevdiyini vurğulayır.

Başqa bir nümunəyə baxaq:

Şol meyi kim, günəş anın camıdır,

Şol ki, buyurmuş: "və səqahüm xuda.

...

Kim ki, bu meyxanəyə basdı qədəm,

Bisərü pa olduvü sər, ya nə pa?

Birinci beytdə "Allahın buyurduğu qədəhi, Günəş olan şərabı tök", ikinci beytdə isə "Bu meyxanəyə ayaq basan başsız, ayaqsız qaldı, nə baş, nə ayaq?" - deyilir. Məlumdur ki, sufizmdə şərab ilahi eşq mənasındadır, yəni şair deyir ki, mənim qəlbim Allah eşqi ilə doludur. "Başsız", "ayaqsız" sözləri sufizmdə əlaqələrin kəsilməsi "meyxanə" sözü isə Tanrının hüzurudur. Nəsimi demək istəyir ki, ilahi eşqi içən hər kəs öz iradəsini Allaha təslim etməli, "başsız", "ayaqsız" olmalıdır. Məgər özünü Allaha təslim etmək elə İslamın əsas şərti deyilmi? Bu düşüncənin sahibini necə kafir adlandırmaq olar?

Başqa bir beytə nəzər salaq:

Tovhid içində nöqteyi-əsrar bulmuşam,

Sahibnəzər gərək ki, bu halə xəbir ola.

Şair burada bütün sirlərin mənasını tövhid içində tapdığını və bunu hər düşüncə sahibinin dərk edə bilməyəcəyini deyir. Məlumdur ki, Tövhid İslamın sütunlarından biridir və Allahın təkliyini, vahidliyini göstərir.

Surətin lövhində endirdi kəlamı Cəbrəil,

Ey camalın həq kitabı, innəhü-şeyün-əcib.

İslama görə, Allahın kəlamları, buyurduqları Peyğəmbərimizə (s) mələk Cəbrayıl tərəfindən çatdırılıb. Bu beyt isə bir daha göstərir ki, şair İslama yaxından bələd olub. Belə ki, o, yer üzündə bütün gözəlliklər kimi, sevgilisinin gözəlliyinin də Allah tərəfindən yaradıldığını, bu gözəlliyi Yaradanın böyüklüyünə heyran qaldığını ifadə etməklə, əslində, Yaradanın ucalığını göstərir.

Çün hüsnünə xətm oldu bu gün dövrü-məlahət,

Ey fitnələrin xatəmi, şəqqül-qəmər eylə.

Bu beytdə isə Nəsimi özünü saxta peyğəmbər (xatəm) elan edənlərə qarşı çıxaraq deyir ki, bacarırlarsa, onlar da peyğəmbərimiz kimi möcüzə göstərsinlər - Ayı iki yerə bölsünlər (İslam rəvayətlərində qeyd edilir ki, Məhəmməd peyğəmbərin (s) möcüzələrindən biri də onun Ayı iki yerə bölməsi, sonra isə birləşdirməsi olub).

Münkirin iqrarı yoxdur həqqə, ey sahibnəzər,

Həqqə iqrar eylə sən, münkirdən iqrar istəmə.

Bu beytlə dahi mütəfəkkir bildirir ki, ey düşüncə sahibi olan insan, Allahı tanımayanda inam olmaz, ona inanma, ondan yardım diləmə, yalnız Allaha inan, Ondan kömək dilə. İslam da bəndələrə yalnız Allahdan kömək diləməyi buyurur. Çünki mütləq ədalət və hidayət sahibi yalnız Odur. Buradan aydın görünür ki, Nəsimi yaradıcılığında Allahdan, yaxud İslam əxlaqından kənar olan heç nə yoxdur. Əksinə, onun düşüncəsinin nüvəsində İslam və Allah sevgisi dayanır.

Qaziyə nəsnə verməriz rüşvət üçün bu dəvidə,

Qaziyi-həqq qatında çün adil imiş şühudumuz.

...

Mau məindən, ey fəqih, əsrəyübən iki demə,

Çünki yeganədəndür varid ilə vürudumuz.

Bu beytlər də Nəsiminin İslama bağlılığını göstərən nümunələrdəndir. Birinci beytdə şair deyir ki, "Biz davada qazıya rüşvət vermirik, çünki Haqq qazı yanında şahidlərimiz ədalətlidir". Bu isə tamamilə İslamın bəyan etdiyi məsələdir. Belə ki, "Quran"a görə, axirət günü mələklər, qulaq, göz, dəri Allahın hüzurunda sağ ikən etdiyimiz hərəkətlərə görə şahidlik edəcəklər. Nəsimi də bildirir ki, bu cür dürüst şahidlər var ikən, qazıya rüşvət vermək çifaydadır. İkinci beytdə isə şair deyir: "Su gətirənimiz də, gələn suyumuz da, o Yeganədəndir, yəni Allahdandır". "Su" dedikdə o, bədəni, "su gətirən" dedikdə isə ruhu nəzərdə tutur. Məlumdur ki, insan vücudunun əksər hissəsi sudan ibarətdir. Dahi şair də bu beyt ilə Allahın vahidliyini bəyan edir, cismimizi və ruhumuzu Onun yaratdığını vurğulayır. Məgər özünü Allah adlandıran şəxs Onun vahidliyini bu dərəcədə qəbul edə, bədən ilə ruhun vəhdətini bəyan edərdimi?..

Zülfi rüxsarini görməklik üçün leylü nahar,

Oxuram səbül-məsaini ilə Quran, bəri gəl.

Beytdəki "Səbül-məsaini" "Quran"ın ilk surəsi olan yeddi ayəli "Fatihə" surəsidir. Yarının rüxsarını görmək arzusuna çatmaq üçün ümidini müqəddəs Kitabımıza bağlayan, onun Sahibindən nicat uman, gecə-gündüz "Fatihə" oxuyan insanı allahsızlıqda ittiham etməyin nə dərəcədə böyük ədalətsizlik olduğunun hökmünü, fikrimcə, tarix özü verib və verməkdədir.

İmadəddin Nəsiminin ölməz irsi Azərbaycan xalqının milli-mənəvi varlığının və böyük ideallarının, duyğu və düşüncəsinin zəngin və tükənməz xəzinəsidir. Təsadüfi deyil ki, bu gün Bakı şəhərinin rayonlarından biri onun adını daşıyır, paytaxtımızın mərkəzində  heykəli ucaldılıb, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu Nəsiminin adınadır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında" 15 noyabr 2018-ci il tarixli Sərəncamı görkəmli şairin Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus rola malik olduğunu bir daha təsdiq edir. Bundan başqa, ölkə başçısının 11 yanvar  2019-cu il tarixli Sərəncamı ilə 2019-cu ilin "Nəsimi ili" elan edilməsi şairə dövlət səviyyəsində verilən dəyərin, hörmət və ehtiramın ən yüksək ifadəsidir. Eyni zamanda bu Sərəncam Azərbaycan mədəniyyətinin, zəngin tarixi-mədəni irsinin təbliğinə də çox böyük töhfədir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!