Avropada Azərbaycan... - Orxan Aras yazır

 

Bu yaxınlarda internetdə kəndimizin şəklini gördüm. Uzun torpaqlı yolun üzərində yarıyıxıq evlər... Tökülmüş palçıqlı suvaqdan başlarını çıxardan kərpic parçaları və çürüməyə başlamış qovaq ağacları ürəyimdə incə bir sızıltıya yol açdı. "Yolun sağ tərəfindəki ev Məhbub əminin evidir", dedim öz-özümə. Uzunboylu, mavigözlü, sarıbəniz, ağsaçlı bir adamdı. Beş qızı olduğundan oğul həsrətilə yanıb tutuşurdu. Bəlkə də, buna görə uzun ramazan gecələrində bizə danışdığı nağıllardakı padşah qızlarını özünə bənzəyən igid qəhrəmanlarla evləndirirdi. O nağıllarla bəlkə, heç bilmədən körpə ürəklərimizə eşqin, igidliyin, vəfanın toxumlarını əkirdi.

Bunları yada saldıqca qeyri-ixtiyari iki damla göz yaşım köynəyimin yaxasına süzüldü, içimdə, sanki bir vulkan oyandı. Bu yol, bu evlər, bu toz, bu torpaq və qürbətdə ürəyi həsrətlə yanıb qovrulmuş mən... Bu yollar kimi gördü əcəba? Kimlər keçdi buradan? Kimlərin ayaqları bu yollarda toz aldı?

Sol tərəfdəki ev Musa əminin evi idi. O qapının önündə çox gözləmişdim. Orada dostum Bəylər yaşayırdı. Qapıdan çıxarkən üzünə qonmuş saf uşaq təbəssümü hələ də gözümdən getmir. Yox, yox, məqsədim kəndimizdən yazmaq deyil. Məqsədim vəfadan, insandan və bizim olan bir çinardan yazmaqdır. O çinar hər kitabında bizim yurddan bəhs edən Nizaməddin Onkdur.

Keçən həftə Şimali Almaniyanın gözəl şəhərlərindən olan Bilefelddən bir dəvət aldım. Bizim iğdırlı "Ayazi" təxəllüsüylə gözəl şeirlər yazan Ayaz Ərdəm adında səksən yaşlı şairimizin kitabının təqdimat mərasimi keçiriləcəkdi.  Həm də artıq "hocaların hocası" olan ağsaqqalımız Nizaməddin Onkla da görüşəcəkdim. Şeirlərini hələ uşaqkən oxuduğum, Azərbaycan folkloru üçün Türkiyədə çox dəyərli kitablar, məqalələr çap etdirərək bizə sevdirən Nizaməddin Onku uzun illərdən bəri tanımağıma rəğmən çoxdandır görəmmirdim. Buna görə də bir az həyəcanlı idim.

Bilefeldlə Kölnün arası təxmini iki yüz kilometrdir. İki saatlıq yolçuluq müddətində fikrim hey Quzugüdəndə və İğdırdaydı. İğdır Türkiyədə Azərbaycanın, sanki kiçildilərək bir şəhərə sığışdırılmış halıdır. Küçələrdə Azərbaycan türkcəsinin şirin ləhcəsi duyular.

İğdırda yaşayarkən, daha doğrusu, məktəbə getdiyim illər orası biz uşaqlar üçün, sanki İstanbul idi. Halbuki tək əyləncəmiz kinoteatr idi, çox zaman pulsuzluqdan heç oraya da gedə bilmirdik. Bir az böyüdük, oxumaq, bilgilənmək nədir, ağır-ağır öyrənməyə başladıq. Elə o zamanlar Nizaməddin Onk kimi "məchul" müəllimlər qarşımıza çıxmağa başladı, bizi Azərbaycanla, Türk dünyası ilə tanış edərək ürəyimizdəki sevgini dağa döndərdilər.

İğdır liseyinə yaxın küçədə bir kafe vardı. O kafenin liseydə müəllimlik edən Turqut Öcala aid olduğunu deyərdilər. Utana-utana oraya gedərdik. Kimlər gələrdi o kafeyə! İbrahim Bozyel! İğdırın simpatik, gülərüzlü, qızıl ürəkli vəkili və ya biz gənclərin diliylə İbrahim abisi... Teatrı, Hüseyn Cavidi o bizə sevdirmişdi. Ondan başqa, Zeynəlabdin Makas, din alimi mərhum Həmzə Göləli, Haqqməmməd kəndindən bir aşıq... Bizim kimi bir neçə ədəbiyyat sevdalısı orta məktəb şagirdləri kafenin qapıya yaxın bir küncündə oturar, ədəblə edilən söhbətlərə qulaq asardıq.

O kafedə nələr söylənərdi, söhbət mövzularını indi xatırlamıram. Amma orada danışılanlar şəlalə kimi ruhumuzu coşdurardı. Orada olmaqdan xoşbəxt olardıq, o kiçik çiyinlərimizlə adam olardıq, qarşıda yüksələn Ağrı dağına dönərdi ümidlərimiz...

Kafedə tez-tez Nizaməddin Onkdan bəhs olunardı. Onu, nədənsə, orada heç görməmişdim. Amma adı həmişə anılardı. Almaniyada yaşadığını söyləyərdilər. Tarix, İğdır, Azərbaycan mövzusu açılsa, onun adını çəkərdilər. 1970-ci illərdən bəri xalq ədəbiyyatı haqqında yazılmış araşdırmaları əldən-ələ gəzərdi. Məsələn, Turqut Öcalın 1970-ci ildə qələmə aldığı "İğdır folkloru və etnoqrafiyası" elmi əsərilə özünü tanıdarkən, Nizaməddin Onk da 1971-ci ildə "İğdırda dini mərasimlər" adlı məqaləsilə dərgilərdə yer alırdı. Təbii ki, dövr internet dövrü deyildi. Bu cür məqalələr, araşdırmalar bizdən çox əvvəl yazılmışdı, belə ki, köhnə jurnalların səhifələrində idilər. Biz onları ancaq böyük qardaşlarımızın kitabxanalarından min xahiş-minnətlə alıb oxuya bilirdik.

Çox keçmədən eyni jurnalların birində ustadın nağıl tərtibi mövzusuna da əl atdığını gördüm. "Kəllə göz" adlı İğdır nağılını alıb "Qars eli" jurnalında çap etdirmişdi. Nağılı bilsəm də, sanki yeni nağıl kimi maraqla oxumuşdum. Amma onu hələ də görməmişdim.

O zamanlar sərhədlərin bağlı olduğu və həsrət duyduğumuz Azərbaycan bizim üçün Tanrı dağı kimi müqəddəs bir yer idi. Azərbaycan adı gəlincə, hansımız həyəcandan ağlamazdıq ki! Toylarda oxunan Şeyx Şamil şeiri hansı birimizi şimşək kimi atlara mindirib Arazın o biri tayına götürməzdi ki! Ah, bir kəs onu görüb Azərbaycanı onun dilindən eşitsəydik, Azərbaycanı görən gözlərinə biz də baxsaydıq deyə neçə dəfə heyifsilənmişdik! Amma o yoxdu. Harada olduğunu da bilmirdik.

Bax o sirli ölkəni, yəni Azərbaycanı zaman-zaman Turqut Öcaldan dinləyər, kimi zaman da Nizaməddin Onkun yazdığı məqalələrdən oxuyar və tanımağa çalışardıq.

Bir neçə il keçdikdən sonra mən Almaniyaya gəldim. Qürbətin kədərli bir günündə bir şeir kitabı əlimə keçdi. "Ümid damlaları". Üzərində Ağrı dağının rəsmi vardı. İçindəki şeirlərdə İğdırı, Azərbaycanı, eşqi oxudum. Kitab Nizaməddin Onkun idi. Şeir kitabından sonra daha bir kitabı çap olundu: "Göyçəli aşıq Ələsgər". Bu dədə aşığı hansı azərbaycanlı tanımaz ki! Hansı aşıq ruhlu bir insan aşıq Ələsgərdən bir misra bilməz ki! İğdır və ya Azərbaycanda aşiq olub yarına onun dililə xitab etməyən varmı əcaba?

"Səndən ayrı şad olmuram gülmürəm

Canımdan bezmişəm ölə bilmirəm

Nə müddətdi qulluğuna gəlmirəm

Bağışla, taqsırım səhv eyləmişəm".

Aşıq Ələsgər kitabından sonra Nizaməddin Onkun Almaniyanın Bilefeld şəhərində yaşadığını öyrənmişdim. 1990-cı il idi. Azərbaycanda müstəqillik hərəkatları başlamışdı. Sonradan "Azadlıq" meydanı adını alacaq o meydanda yüz minlərlə insan toplaşdıqca, biz də Avropada toplaşır, Azərbaycan adıyla təşkilatlanırdıq. Abbas Bozyel, Məhmət İrmak, İsmayıl Nəfis, İlhan Alim, Gündüz Varol kimi dostlarla, sanki bir dövlət də biz qururduq Avropada. Elə həyəcanlı, elə ümidliydik ki! Fransadan, İsveçrədən, Hollandiyadan, Belçikadan Azərbaycan sevdalısı iğdırlılar səsimizə səs verir və dünyada ilk dəfə Avropa-Azərbaycan Federasiyası qurulurdu.

O həyəcanlı günlərdə dostum Məhmət İrmak məni yaşadığı şəhərə - Bilefeldə dəvət etdi. Bilefeld  Almaniyanın şimal-şərqində üç yüz minlik nüfuzu olan qədim şəhərdir. Dağın yamacında qurulmuş bu yaşıl şəhərdə gəzərkən nəhayət, Nizaməddin Hoca ilə tanış oldum. Ortaboylu, əsmər, qaşları qalın, bığlı bir kişi idi. Simpatik və istiqanlıydı. Atam yaşındaydı, o da 1937-ci il doğumlu idi. İlk tanışlığımızda çox qısa söhbətimiz oldu. Utanaraq ona ilk kitabım "Azərbaycan davamız"ı hədiyyə etmişdim. 

Sonralar yenə də Məhmət İrmak vasitəsilə Nizaməddin Onkla bir neçə dəfə görüşdük. Onu hər gördüyümdə İğdırı, Turqut hocanın o kafesini, orada İbrahim abini, Şeyx Həmzəni xatırlayır və gözlərim dolurdu. O görüşümdən sonra Nizaməddin Onkun dalbadal kitabları çap olundu. "İğdır və ətrafındakı erməni məzalimi", "Qafqaziyadan Anadoluya qədər İğdır tarixi", "Araz boyu saz şairləri", "İğdırın qurtuluşu", "Zəlimxan Yaqub", "Qaraqoyunlu 2000", Azər Turanın "Əzəl axır dünya - türkün dünyası".

Yenə Bilefeldə gedərkən durmadan yazan, tələbə yetişdirən bu dəyərli ustad ilə görüşümün həyəcanı yenidən ruhumu sarmış və məni kəndimə, uşaqlığımda getdiyim o ədəbiyyat dolu kafeyə gətirmişdi. Sanki Nizaməddin müəllimi görüncə hər şey yenidən geriyə dönəcək və mən sevdiyim insanlara yenidən qovuşacaqdım.

İki saatlıq yoldan sonra Bilefeldə vardığımda onu dərnəyin qapısında dimdik dayanarkən gördüyümdə gözlərimin önündə Məhbub əmi, İbrahim Bozyel, Turqut Öcal və digər iğdırlı dostlar canlandılar. Tez qaçıb əlindən öpdüm. Elə bil dünən ayrılmışıq kimi səmimiyyətlə məni qucaqladı. Bir neçə il əvvəl həyat yoldaşı vəfat etmişdi, könlü yaralı idi. "Necesen, ustad?" deyə soruşduğumda qırıq bir təbəssüm yayıldı dodaqlarına... Qalın qaşlarını çatıb göy üzünə baxdı. O, daha cavab vermədən nə dediyini başa düşmüşdüm. Əlini iki əlimin arasına alıb:"Daha çox kitablar yazacaqsan", - dedim. Sevindi. Bir qoca çinarla yan-yana dayandığım üçün mən də sevinirdim. İğdır, Ağrı dağı, Azərbaycan buradan çox-çox uzaqlardaydı, amma Nizaməddin Onklar var olduqca, o uzaqlar yaxınlaşır və yurdlarımızı Avropanın ortasına gətirirdi. Çünki belə ustadların nəfəsi, səsi, sözü, şeiri ocaq deməkdir, yuva deməkdir, vətən deməkdir...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!