Mirzə Cəlilin hekayələri ilə Litva müəlliflərinin yaradıcılığındakı tipoloji paralellər - İrena ALEKSAYTE

İrena ALEKSAYTE Litva Yazıçılar Birliyinin üzvü,Litva Respublikası Mədəniyyət Nazirliyi və Ədəbi Tərcüməçilər İttifaqının müqəddəs Hieronim mükafatı laureatıdır.

 

Cəlil Məmmədquluzadənin hekayələrini Litva dilinə Mahir Həmzəyevlə birgə böyük məmnunluqla tərcümə etdim. Bu əsərlər xalis ədəbiyyatdır. (....) Tərcümə zamanı istər-istəməz  C.Məmmədquluzadənin əsərlərini və o vaxtkı Azərbaycan mədəniyyətinin ümumi vəziyyətini XIX əsrin axırları və XX əsrin əvvəllərindəki Litva həyatı ilə müqayisə etməyə başladım. Həm Azərbaycan, həm də Litva çar Rusiyasının tərkibində olublar və bu, ölkələrimizi ağır nəticələrə gətirib çıxarıb. Sonralar hər iki ölkədə milli şüur formalaşmağa başlayıb, peşəkar ədəbiyyat yaranıb və inkişaf edib. Bu baxımdan C.Məmmədquluzadənin yaradıcılığını peşəkar Litva ədəbiyyatının təşəkkül tapması prosesi ilə müqayisə etmək olar.

Aradan uzun illər keçdikdən sonra, zaman İmperiyanın ucqarlarında məskunlaşmış və dirçəliş dövrünü yaşayan millətlərin sosial və siyasi problemlərini aşkarlayıb üzə çıxardı. Və bunu o vaxt məhz yazıçılarımız öz əsərlərində ən gözəl şəkildə açıqlayıb təqdim etdilər.

Bir satirik yazıçı və publisist olaraq C.Məmmədquluzadənin yaratdığı bəzi hekayələr ("Niyə məni döyürsünüz?", "Nigarançılıq", "Bəlkə də, qaytardılar"), XIX əsrin sonları Litva milli dirçəliş hərəkatı ideoloqlarından biri olmuş bəstəkar, Litva dövlət himninin müəllifi, nasir, şair, publisist və "Varpas" ("Zəng") qəzetinin redaktoru Vintsas Kudirkanın (1858-1899) bir sıra əsərləri ilə ("Litva körpüsünün xatirələri", "Naçalniklər", "Senzura məsələsi üzrə", "Canavarlar") yaxından səsləşir.

XIX əsrin axırı XX əsrin əvvəlləri Litva ədəbiyyatının məşhur təmsilçisi, nasir və ictimai xadim Yonas Bilyunasın (1879-1907) "Oxladım" əsərində olduğu kimi, C.Məmmədquluzadənin "Buz" hekayəsində də mənfi duyğular vasitəsilə əxlaqi, mənəvi təcrübənin əldə edilməsi məsələsi qabardılıb.

Litva milli oyanış hərəkatının öncüllərindən biri, ədəbi klassik, demokrat yazıçı və maarifpərvər xadim Yuliya Jemaytenin (1845-1921) "Ərə getməyin xoşbəxtliyi", "Gəlin" adlı əsərlərində və Azərbaycan ədibinin "Fatma xala", "İki ər" başlıqlı hekayələrində qadınların o zamankı vəziyyəti və acınacaqlı taleyi ilə bağlı problemlər bu və ya digər dərəcədə oxşar vətəndaş yanğısı ilə qələmə alınıb.

Litva ədəbiyyatında ilklərdən biri olaraq şəhər mədəniyyəti, siyasi və sosial bərabərsizliklə bağlı mövzuları işləmiş tanınmış şair və inqilabi xadim Yulyus Yanonisin (1869-1917) əsərlərində olduğu kimi, C.Məmmədquluzadənin yaradıcılığında da eyni motivləri sezmək olar ("Konsulun arvadı", "Xanın təsbehi" və s.).

Təbii ki, fərqlər də vardır. C.Məmmədquluzadənin yaradıcılığındakı ən mühüm fərqlərdən biri müəyyən adətlərin daşıyıcıları, əxlaq normaları və yaşam tərzinin təmsilçiləri olan insanlar haqqında geniş səhnələrin verilməsidir ("Poçt qutusu", "Dəllək", "Pirverdinin xoruzu", "Quzu" və s.). Belə bir hala o zamankı Litva ədəbiyyatında tez-tez rast gəlinmir.

Mirzə Cəlil dərindən dərk etmişdi ki, qəflət yuxusunda mürgü döyənləri oyatmaq, mütləq təhsilə və elmə səsləmək lazımdır. Belə ki, milli oyanış epoxasında dərin yuxu içində yatmaqda davam edən insan heç cür normal yaşaya bilməz (məsələn, "Niyə məni döyürsünüz?" hekayəsi). 

Qeydlərimi C.Məmmədquluzadənin Litva dilində nəşr edilmiş "Nigarançılıq" adlı kitabına akademik İsa Həbibbəylinin yazdığı giriş məqaləsindən götürdüyüm sözlərlə bitirmək istərdim: "Bu toplu Mirzə Cəlilin Litva oxucularına təqdim olunan ilk kitabıdır. Ümidvaram ki, oxucular və geniş ədəbi ictimaiyyət onun əsərlərini müsbət rəylə qarşılayacaqdır".

P.S: İrena Aleksayte bu məqaləni Cəlil Məmmədquluzadənin Litva dilində nəşr edilmiş "Nigarançılıq" ("Nerimas") adlı kitabın 2017-ci il martın 10-da Vilnüs Universitetində keçirilmiş təqdimat mərasimi münasibətilə yazıb.

Vilnüs, yanvar 2019-cu il

Litva dilindən tərcümə edəni: Mahir HƏMZƏYEV

Litva Azərbaycanlıları Cəmiyyətinin sədri, Litva Respublikası Hökuməti yanında Milli İcmalar Şurasının üzvü

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!