Sən hardasan, ilahi? - Nəzakətin "Yurd dediyim bu torpaq" şeirlər kitabı haqqında - Əsəd Cahangir yazır

 

"Bizi ancaq Allah xilas edə bilər" - Martin Haydegger

Füzulinin "Şəbi-hicran yanar canım..." beytinin metafizik (batini!) anlamı bir gecə qəribə vaqeə sonucunda mənə agah (!) olanda və dahinin sirlə dolu dünyasına nazik işıq zolağı düşəndə ilk dəfə bildim ki, şairin hansısa sözü onu anlamaq üçün açar ola bilər. Elə ki o açarı tapdın, sim-sim açılır,  şeir gözəli öz üzündən pərdeyi-nazı bir anlıq kənar edib, yenə tez-tələsik bürünür. Amma onsuz da sən artıq içəridəsən, məna otaqlarından bir-bir keçib, axırda qırxıncıya çatır, sirrə vaqif olursan, yəni bilirsən ki, şair, əslində, nə yazırmış.    

O vaqeədən (hadisə demirəm!) 25 il keçir və indi hər hansı şairi oxuyanda açar sözün gəlib məni tapacağını gözləmədən özüm onu gəzirəm. Şairə Nəzakətin "Araz" nəşriyyatında, Z.Şahsevənlinin redaktorluğu, filologiya elmləri üzrə fəlsəfə doktoru S.Vəliyeva və şair B.Vüsalın ön  sözləriylə işıq üzü görən "Yurd dediyim bu torpaq" kitabını oxumağa da bu axtarışdan başladım.

Nəyisə axtarırıqsa və daxili qulağımız eşidir, daxili gözümüz görürsə, çevrəmizdə olan hər kəs və hər şey bizimlə intuitiv dialoqa girir, dilsiz bir dil, səssiz bir səslə bizə nəsə deyir. Bu yazıyla bağlı son işarəni rus rejissoru F.Bondarçukun insanın ölümü və ölməzliyini göstərən, fantastik  "Cazibə" (2017) filmindən aldım.

Bir dəfə bir redaktor rusdilli gənc şairlə klassik Şərq şeiri arasında analogiya apardığımı görüb, - "Axı, Şərq hara, bu şair hara?", -  deyə həmin hissəni yazıdan çıxarmağı lazım bildi. Onun məsələyə üzdən yanaşması göz qabağında olsa da, bərkini tutmadım, çünki görürdüm ki, onsuz da nəyisə başa sala bilməyəcəm. Bunun üçün redaktorun içindəki əzəli ilahi bilgi (mərifət!) oyanmalı, həqiqət ona öz içindən açılmalı və o, məsələyə ağlı və məntiqi yox, qəlbi və ruhunun gözüylə baxmalıydı. Bu isə insanın iradəsi dışında olub, yüzdə yüz Allahın əlində olan bir iş - sirri-ilahidir.

Olsun ki, indi də aranızda, - "Rus rejissoru hara, Azərbaycan şairəsi hara?", - deyə sual edənlər olsun. Və əgər  belədirsə, onlar da fərqində deyil ki, hər cür fərqin o üzündə, sadəcə, insan, bir az da dərinə getsək, ruh var. O ruh varlığın bir zərrəsidir və mən o zərrədə küllü axtarıram. Ölüm əndişəsi, yaxud ölməzlik arzusu dünyanın hər yeri, tarixin istənilən anında ruha eyni dərəcədə aiddir və rus rejissoru kimi Azərbaycan şairəsinin də ruhunun kitabında iki açar söz var - ölüm və ölməzlik:

Ürəyimdən boylanan

Hər misra dərd-sərimdir.

Ömür boyu yazdığım

Ölüm-şah əsərimdir.

"Şah əsərim"

Ölüm haqda düşünməklə biz daş-qaya, kol-kos, qurd-quş olmaqdan qurtulub insan oluruq. N.Hikmət demişkən, ölümdən qorxmaq və ölüm haqda düşünmək eyib deyil. İndi sözüm ayrıdır: Nəzakət xanım cavandır; bir ailə ocağının gəlini, oğul-qız anasıdır; hər hansı xəstəliyi, fiziki qüsuru, güzəran sorunu yoxdur... B.Vüsalın poema kimi oxuduğum "Sözdən düşən işıq, yaxud ağrıyan ruh" adlı ön sözündən isə görünür ki, o, bir şair, insan, "Yada düşdü" jurnalının baş redaktoru kimi bəsdi deyincə sevgi, sayğı da qazanıb:

Bu xanım (şair!) öyülməyə layiqdir.

Sevilməyə layiqdir!

Anam kimi, bacım kimi, şair kimi, naşir kimi!

Mən bu qadının yüksəldikcə yüksəlməyini istəyirəm. Çünki çoxlarının əlində tutub yüksəltdiyi Azərbaycan bayrağı onun ürəyində dalğalanır!".

İndiyəcən bizdə kiminsə bir başqası haqda bu qədər ürəklə (vəcdlə!) yazdığı ikinci yazı oxumamışam. Nəzakət bu sözlərə, doğrudan da, layiqdir və bunu təkcə Barat yox, çoxları etiraf edir. Bəs, bütün bunlardan sonra şairənin poeziyasındakı kədərin səbəbi nədir?  Onun könül rübabının simləri niyə qan ağlayır?  Niyə o, fəsillərdən məhz payızı və qışı ("Payız", "Qar yağır"), güllərdən bənövşəni ("Bənövşə"), ulduzlardan meteoru ("Göydən bir ulduz axdı") seçir? Çünki bənövşə boynubüküklüyə, payızla qış ölümə, meteor sönməyə işarədir. Bu obrazları özündə birləşdirən bir şey var -  fanilik! Bunlar Nəzakətin Ölüm adlı "şah əsər"inin fəsilləridir - gül fəsli, payız fəsli, qış fəsli, ulduz fəsli.  İnsanın əlavə olunmasıyla bu əsərə ölməzlik  daxil olur. Ölməz ruhun daşıyıcısı necə ölə bilər? Yox, insan ölmür, sadəcə, dünyaya baxıb (dünyadan çıxıb!) gedir:

Ölümün Tanrıya aparan yolmuş,

Çiçək arzuların açmadan solmuş.

Şəklinə baxıram gözləri dolmuş,

Dünya pəncərəymiş, baxıb getmisən.

"Getmisən", Alim Məhərrəmliyə

Şairənin illər boyu amansız xəstəliklə çarpışan, ölümlə nəfəs-nəfəsə dayanan Zəlimxan Yaquba, ömürlərinin səksən yaşla bağlı kövrək məqamlarını yaşayan Musa Yaqub və Nahid Hacızadəyə yazdığı şeirlər də eyni fatalist dünya duyumundan doğur.  Mən bu şeirlərin əsl (sətiraltı!) anlamını tamam başqa - "Tale  qapısı" şeirindən oxuyuram:

Əcəl zəngi asılıb

Hər alın yazısından.

Bir gün çıxıb gedərsən

Taleyin qapısından.

***

"Ata" şeirindən görünür ki, ölümün şairəyə doğmalaşması onun atasını çox erkən yaşda itirməsiylə bağlıdır. Eyni travmatik daxili dramı ağır qəza nəticəsində anamı itirən gün mən də yaşamışam. O gün inanmışam ki, Allah haqdır, axirət var və hamı orda yenidən görüşəcək! Bu inam mənə ruhumdan qəfil baş qaldıran, ürəyimi ümidlə dolduran, bütün düşüncəmi işıqlandıran daxili həqiqət kimi açılıb. Əzizlərimizin ölümü bizim  üçün axirətə açılan ruhi pəncərədir. "Etüd" şeiri isə göstərir ki, Nəzakətin təkcə ruhu yox,  evinin də pəncərəsi haqq dünyasına açılır:

Pəncərəm açılır qəbiristanlığa,

Gördüyüm mənzərə gözümə batır.

Məəttəl qalıram uca Tanrıya,

Alimi cahillə yanaşı yatır.

"Etüd" qəbiristanlıq şeirləri üçün səciyyəvi olan meditativ lirika örnəyidir. Amma bu ümumbəşəri ağı üçün sentimentalizmdən daha çox,   müdriklik səciyyəvidir. Etüd adətən evdə, yolda, işdə, ümumən hardasa edilən çaparaq qeydlərə deyilir. Nəzakətin etüdünün isə müşahidə (pəncərə) və təsvir (qəbiristanlıq) məkanı dəyişməzdir. Burda dəyişən müəllifin qəbiristanlıq mənzərələri ilə bağlı intensiv fikirləridir. Bura hamının eyni statusda (ölü!) yatdığı yerdir. Burda hamı ilkin maddi başlanğıca - torpağa çevrilir! Bura hər şeyin bir şeyə çevrildiyi vəhdət vadisidir!  Bura maddi aləmin (və maddiyyatla bağlı hər cür şərin!) sonudur! Hər şey son həddə çatanda öz əksinə döndüyü kimi, bu vadidə də dünyanın ən böyük paradoksu baş verir - şərin limiti bitir və o, xeyrə çevrilməyə başlayır. Şeirin finalına doğru üzə çıxan optimist işartılar da bu dönüşdən doğur:

Ömürlük sakindir bu son mənzildə,

Adı əməlində yaşayan kəslər.

Dünən bir haqq işi tərsə çəkənin

Məzarı hər kəsi düzlüyə səslər.

Bu dönüşdən etibarən dünyanın son (və ən böyük!) yalanı kimi ölüm qorxusu bitir, ölməzlik istəyi baş qaldırır. Bu istək "Gözün yaddaşı" şeirində öz əksini Tanrının camalını görmək (seyri-süluk!) sevdasında  tapır. Həzrət Məhəmmədin meracının mənası ondan ibarətdir ki, o bir gecə ərşə qalxaraq haqqın camalını hamımızın yerinə seyr edib, ölməzliyə əmin olub və ordan yerə insanın ölməyəcəyi müjdəsiylə enib. Lakin  bu, hər bir insan kimi, Nəzakətin də haqqın camalını görmək arzusuna mane olmur:

Gözlərim göylərə dikilib qalıb,

Nə gördü yaddaşa hörsün qayıtsın?

Əllərim yetməyən, ünüm çatmayan

Tanrını bircə yol görsün, qayıtsın.

Biz Allaha niyə inanırıq? İnsan ruhunun ən dərin fitri qatından gələn bu inama (imana!) ehtiyac nədən  doğur? Çünki Allah bizə ölməzlik (cənnət!)  vəd edir. Biz ölməzliyi onun simasında axtarır və onu seyr etməklə öz ölməzliyimizə yəqinlik hasil edirik. Axı, Allah bizi öz surətində (ən gözəl surətdə!) yaradıb.  Nəzakət də şair dostu, ağır xəstəliklə mübarizədən qalib çıxan Fərqanəyə yazdığı "Bir dosta" şeirində məhz bunu deyir - Allaha inam  bizi ölümdən xilas edir:

Qəzalar, qədərlər ötər bir anda,

Mələklər hay salıb oxşar boyunu.

Haqdan üzülməsə ömür dediyin,

Neylər Əzrailin ölüm oyunu.

Allah ölməzliyin ali subyekt-ünvanıdır. Nəzakətin şeirlərində ölməzliyin obyekt-ünvanının (cənnət!) da obrazı var. S.Vəliyeva kitaba yazdığı ön sözü "Ruhun poetik yaddaşı" adlandırır və doğrudan da, Nəzakət cənnəti ruhən xatırlayır. "Bağımız" şeirində dərin nisgillə yad olunan Vişnyovkadakı bağ mənə cənnətin yer üzündəki təcəssümü kimi göründü. Burda quyu - kövsər bulağını, əncir ağacları və üzüm tənəkləri - cənnət meyvələrini, beşdaş, xan-vəzir oynayan uşaqlar - huri-qılmanları   işarələyir.  Vişnyovkadakı bağ cənnətin yerə düşmüş kölgəsidir (Platon) Lakin bu, mövcud yox, itirilmiş cənnətin  (Milton) obrazıdır.

Niyə görən qum yollara

döşəyiblər asfaltları,

hörüblər daş hasarları?

Əncir, üzüm ağacların

kəsib, küknar əkibdilər.

Bu günümlə dünənimin arasına

göünməz sədd çəkibdilər.

Boylanıram dünənimə yana-yana.

Hər nə varsa mənə yaxın, mənə doğma.

Təkcə məndən ayrı düşən,

xatirimdən, gözlərimdən silinməyən

uşaqlıqdır, bir də əziz ata, ana.

Şeirin misraları arasından Müşfiq küləkləri əsir, "yenə o bağ olaydı" arzusu boylanır. Lakin Müşfiqin cismani ehtiraslara malik ("cumub alaydım səni dalğaların əlindən, yapışaydım belindən") gənc qəhrəmanlarından fərqli Nəzakətin cənnətindəkilər məsum çocuqlardır. Onlar hələ mələkdir, hələ adam olmayıb, kişiyə, qadına bölünməyib, günaha batmayıblar. Və bu məsumluqlarıyla ingilis yazıçısı Frensis Eliza Börnetin "Sirli bağ" povesti və polyak rejissoru Aqneşka Xollandın bu povest əsasında ekranlaşdırdığı eyniadlı filmin (1993)  çocuq qəhrəmanlarını xatırladırlar.

***

İnsan ölümə iki  yolla qalib gəlir: cənnətə getməklə ruhən; yer üzündə nəslini davam etdirməklə cismən. Birinci halda insanın ruhu, ikincidə bədəni ölməzlik qazanır. Birinci istiqamətdən biz artıq danışdıq. İkinci istiqamətin əsasında keçmişdən gəlib gələcəyə gedən irsi-genetik xəttin kəsilməzliyi durur. Nəzakətin bu mövzu ilə bağlı şeirlərini üç qismə bölmək olar: keçmişlə, bu günlə və gələcəklə bağlı olanlar.

Əslən Güney Azərbaycanın Ərdəbil şəhərindən olan şairənin "Ərdəbilim" şeiri məsələnin keçmişinə işıq salır. Şeirdə söhbət Güney mövzusu ilə bağlı ənənəvi ikiyə parçalanma  problemindən zahirən kənara çıxmır:

Babam deyib, o taylıyam,

doğulduğum, böyüdüyüm o yerlərdə

qalıb izim.

Bu izləri öpmək üçün

atam gəzib xəyalında

dizin-dizin

Ərdəbilim!

Lakin şeirin misraları arasından Səfəvi şeyxlərinin məzarları yerləşən bir şəhərlə irsi bağlılığı olan şairənin poeziyasındakı neosufizmin genetik kodu da göz vurur.

"Ata", "Darıxıram, ay ana", "Anam", "Tənha qadın" kimi şeirlər məsələnin bu gününə işıq salır. Valideynlərinə yazdığı bu şeirlərlə şairə onların adını, xatirəsini yaşatmaq istəyir. "Bacıma", "Bacımın yaddaşı", xüsusən də "Sən var ikən" şeiri isə göstərir ki, Nəzakət bacısının simasında həm özünün oxşarı, həm də valideynlərinin təcəllasını görür:

Əhsən sənin varlığına,

Bu uçulmuş qəlb evimi

Sənsən quran, sənsən tikən.

Ta qorxmuram ata-ana yoxluğundan

sən var ikən!

Nəhayət, "Mən zabit anasıyam"  şeiri məsələnin gələcəyinə işarə edir. Şeirdə  müəllif-ana milli ordunun zabiti olan oğlu Ramillə duyduğu qürur hissini ön plana çəkir. Lakin şeirin mətninə düşməyən, amma onun ruhi özülündə duran bir məsələ də var - oğlunun simasında ana öz gələcək varlığını (ölməzliyini!) görür, fərdi və milli bir araya gəlir:

Şükür, sənin yanında alnım açıqdır, Vətən!

Bir cəsur, bir qəhrəman

            oğul böyütmüşəm mən!

Bir qarış torpaq üçün canını fəda edən,

Bayrağına, himninə, şərəfinə and içən

Zabit anasıyam mən!

Fərdi və milli taleyin birləşməsi özünün daha görümlü, birbaşa, çılpaq ifadəsini "Şəhid qızı" şeirində tapır. Şeirin müəllifi erkən itirdiyi atasını şəhid, özünü isə şəhid qızı ilə paralel müstəvidə qavrayır:

Ağlama, şəhid qızı,

Dərdin mənə tanışdır.

Ürəyim paramparça,

Qəmim naxış-naxışdır.

Ağlama, şəhid qızı,

Mən də ata itirdim,

Atamı itirəndə

Elə sən yaşda idim.

"Şəhid qızı" Nəzakətin şeirləri ilə Xocalı faciəsinin 25 illiyinə həsr olunmuş "Şəhid zirvəsi" poeması arasında bir körpüdür. Bu körpünün bir tərəfində  ölüm, o biri tərəfində ölümsüzlük durur. Şairəni ta uşaqlıqdan - atasının vəfatından üzü bəri düşündürən ölüm ağrısı (və ölməzlik arzusu!) bu poemada özünün  son və geniş ifadəsini tapır.

***

Öz tipinə görə lirik-fəlsəfi poema olan "Şəhid zirvəsi" epik təsvirdən daha çox, lirik tərənnümlə səciyyələnir. Burda hadisənin yox, onun doğurduğu fikir və duyğuların süjetilə  üzləşirik. Poema proloq, beş hissə və epiloqdan ibarətdir. Amma daxili məna planına varsaq, biz onu üç fəslə bölər və bu fəsillərə ölüm, körpü  (sirati-müstəqim!) və ölməzlik   adı verərdik. Başqa sözlə, bunlar cəhənnəm, əraf və cənnətdir.

Nəzakətin cəhənnəmi düşmənin at oynatdığı torpaqlarımızdır. Bu torpaqlarda məkan, zaman və insan ölüm məxrəcinə gəlir, ölüm total ontoloji mahiyyət qazanır: "bulaqlar ağı deyir", "fəsillər matəm rənginə bürünür", "güllələr ölümün ayaq səsləri kimi dillənir". Bədii təsvir vasitələri içində orijinal səslənənlər də az deyil: "...dağlar igidlərə başdaşı kimi ucalır"; "beşiklər ölüm sayğacına dönür";  "ümidin üz-gözünü mamır basır"; "hünər körpə kimi iməkləyir":

Mərmi alovunda yanan torpağın

Hər daşı, qayası "qisas", - deyirdi!

Xəyanət kəsmişdi bəndi, bərəni

Hünər körpə kimi iməkləyirdi!

Yaddaqalan təşbehlərdən birinə şairə proloqun elə ilk misrasındaca üz tutur: "Elə bil səngərtək qazılıb sinəm...". Bu təşbehin ən azı iki məna qatı var: poema müəllifinin sinəsi kədərdən səngər kimi yarılıb və o, şəhidli-qazili bütün əsgərlərə qəlbində  yer verməyə hazırdır; şairə öz sinəsində qazıntı aparan arxeoloq, onun Qarabağla bağlı tarixi-kulturoloji ekskursu (Pənah xan, Vaqif, Vidadi və Bülbülü yad etməsi!)  isə bədii arxeologiyadır.

Biz də poetik düşüncəmizin  arxeoloji qatlarına enək. Səngərin ən dərin bədii-fəlsəfi anlamı klassik divan şeirindəki "yaxa cırmaq" ("çaki-giriban"!) anlayışına uyğundur. Sufi-təriqət  şairinə görə yaxa cırmaq, abır-həya (ağıl!) köynəyini çıxarmaq  ilahi eşq yolçuluğunun - məcnunluğun başlanğıcıdır. İyirminci yüzilin romantikləri artıq Tanrı yox, vətən üçün yaxa cırırdılar - onların "sevgili məhbubu"  vətən idi. Sovet dönəmi şairləri nəinki Tanrıdan üz çevirir, vətənə də deformativ yanaşır, "böyük" vətən deyəndə "dörd hərfli SSRİ-ni" göz önünə alırdılar. 60-cılar ümumən  vətən anlayışından üz çevirib, Tanrı axtarışına başladılar, unutdular ki, imana gəlmək üçün öncə vətənə gəlməlisən. Doxsanıncılar nəinki vətən, hətta 60-cıların Tanrısından da üz çevirdilər. Sovet şairlərinin Tanrısı, 60-cıların vətəni "yoxuydu". 90-cı illərdə poeziya həm Tanrısız, həm də vətənsiz (ruhsuz və bədənsiz!) qalmışdı.

Özündən uzaqlaşmanın limiti bitmişdi və bircə yol qalırdı - özünə qayıtmaq! Peyğəmbər deyirdi: "Vətənə məhəbbət imandandır" ("Hübb-ül-vətəni min-əl- iməni!"). Təsadüfi deyil ki, o, merac gecəsi öncə Qüdsə getmiş, irsən bağlı olduğu bu şəhərdə Allaha ibadət etmiş, yalnız bundan sonra haqqın dərgahına yüksəlmişdi. Haqqa gedən yol vətəndən, ruha gedən yol bədəndən keçir. Buna görə ruh Tanrı hüzuruna bədən torpağa tapşırılandan sonra qalxır. Torpaq (Vətən!) ölümdən ölməzliyə gedən yolda bir körpüdür.  "Şəhid zirvəsi" poemasının əsasında məhz bu ideya - insan, vətən və Tanrının vəhdəti durur:

Yurd dediyim bu torpaq

Ən ulu hikmətimdi.

Dağı, daşı, ağacı

Tanrıyla ülfətimdi.

Poemanın qəlbi olan "Yurd dediyim bu torpaq" şeirini əraf (təmizlənmə!) adlandırmaq olar. Çünki dörd başlanğıc ünsürün (ənasiri-ərbəə) hər biri kimi, torpağın da təmizləyici özəlliyi var. Siz hələ "ölüdən diri doğuran" bu torpağın möcüzəsinə baxın - o heyvani ekskrementi gülə çevirir! Torpağa qarışmaqla bizim cismimiz də günahlardan arınır (təyəmmüm!), qalır Tanrının hüzurunda ruhun təmizlənməsi.  Şəhidlər isə istisnadır, al-qan içində olan Həbib Nəccar ("Quran", "Yasin" surəsi) kimi, onların da ruhları anındaca cənnətə daxil olur və ölməzlik statusu qazanır:

Adın qəhrəmandır, ucadır soyun,

Haqqın dərgahıdır məzarın, şəhid!

Bəzənib Allahın məhəbbətilə

Əbədiyyət adlı gülzarın, şəhid!

Bu misralarla şairə şəhidlərin əbədiyyətinə sarsılmaz imanını, Vişnyovkadakı bağlarında yoldaşlarıyla beşdaş oynayan  qızcığaz isə atasının cənnətə daxil olmasına gümanını bildirir. Hər iki amili nəzərə alanda poemanın üçüncü  hissəsinə  cənnət (ölməzlik) adı vermək olar.

Burda Bondarçukun filmini bir daha yada salmalı olacam. Filmdə ölməzlik fantastik, poemada isə real plandadır. Film əbədiyyət planetindən gəlmiş məxluqdan danışır və buna inananlar da, inanmayanlar da ola bilər, çünki vur-tut insan sözü, rejissor fikridir. Şəhidlərin ölməzlik planetinə (cənnətə!) yüksəldiyini isə "Quran" özü təsdiq edir. Bu, artıq fantastika yox, "əsl həqiqət"dir. Bunu insan yox, Allah, hansısa filmin yox, varlığın rejissoru deyir: "Allah yolunda  öldürülənləri heç də ölü zənn etmə. Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət!) əta olunur ("Ali-İmran", 169).

Amma biz burda konseptual mənada reallıqdan danışırıq, yəni elə bir şey ki, duyğu orqanları vasitəsilə yox, Anri Berqson deyən intuitiv yolla dərk olunur.  Bu reallığı sübut etmək mümkünsüzdür, ona ancaq inanmaq olar. O, gözlə qulağın, əllə ayağın, dillə dodağın yox, daha dərin şeylər - qəlbin və  ruhun reallığıdır. O,  elm yox, daha qutsal bir şey - imanla bağlıdır.

***

Çağdaş insana Allahın yeni formada təqdimi (suyu şəraba çevirmək!)  lazımdır. Nitsşe "Allah ölüb" deyəndə Allahı  dərkin köhnə formasının ölümündən, Haydegger "Bizi ancaq Allah  xilas edə bilər" deyəndə yeni ifadə formasının zəruriliyindən danışır. Birinci "Allah öldü!", - deyirsə, ikinci "Yaşasın Allah!", -  deyir. H.Herisçinin qutsal yerlərlə bağlı teleproqramı niyə əks-təsir doğururdu? Z.Yaqubun "Peyğəmbər" poeması niyə səssiz ötüb-keçdi? Çünki istər Həmid ağa, istərsə də Zəlimxan qağa Allah anlayışımıza nəsə əlavə eləmir. Muğannanın "İdeal"dakı uğuru  isə məhz onunla bağlıdır ki, nəsrimizin Haydeggeri Allahla bağlı təsəvvürlərimizə yeni ifadə forması verə bilib.

İnsan ölməzlik peşində və dilemma qarşısındadır: Bondarçuk kimi  elmi-fantastika, yoxsa Nəzakət kimi dini praktikaya üz tutaq? Düzdür, min beş yüz illik ənənəvi dini praktika ölməzlik haqda təsəvvürlərimizə yeni bir şeylər artırmaq  gücündə deyil. Amma bu onun önəmini ümumən inkar etmir  - bu praktika bizi imana səsləyir. Ən optimal çıxış yolu isə dini və elmi baxış bucaqlarını birləşdirmək - elmi din (nyu-eyc) yaratmaqdır. Çünki iman cənnət ağacının kökü, elm gövdəsidir və ölməzlik meyvəsi onların birliyindədir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!