Azərbaycan və Şərq ədəbiyyatlarının yorulmaz tədqiqatçısı, fədakar elm təşkilatçısı - Gövhər Baxşəliyeva yazır

 

Azərbaycan klassik ədəbiyyatından söhbət düşərkən istər-istəməz ədəbi irsimizi sevən, arayıb-araşdıran, bu mənəvi xəzinənin xalqa çatdırılmasında böyük əmək sərf edən fədakar alimlərimiz yada düşür. Onların içərisində ədəbiyyat elmimizin böyük cəfakeşi, görkəmli filoloq-şərqşünas akademik Həmid Araslının da öz böyük yeri vardır. F.Köçərli, B.Çobanzadə, S.Mümtaz, Ə.Nazim, İ.Hikmət və başqa ədəbiyyatşünas alimlərin başladığı işi uğurla davam etdirən görkəmli alim doğma ədəbiyyatın öyrənilməmiş problemlərini, onun Orta əsrlər mərhələsinin bir çox naməlum və ya az tanınan simaları və bədii nümunələri haqqında ilk araşdırıcı sözünü demiş, özünün elmi-nəzəri mülahizələri, üzə çıxardığı yeni materiallar, mənbələrə orijinal yanaşma və özünəməxsus düşüncə tərzi ilə sələflərinin ənənələrini inkişaf etdirərək yeni bir ədəbi məktəbin əsasını qoymuşdur. Onun çoxcəhətli zəngin yaradıcılığı ədəbi bədii fikir tariximizdə yeni mərhələ təşkil edir. Bütün həyatını və yaradıcılıq qüvvəsini klassik ədəbi irsin öyrənilməsinə və təbliğinə həsr edən alim mənalı bir ömür yolu keçmiş, Azərbaycan ədəbiyyatının ayrı-ayrı tarixi mərhələləri və problemlərinə, klassik söz ustalarının həyat və yaradıcılığına dair onlarla monoqrafik tədqiqatın, 500-ə qədər elmi məqalə, 60-dan artıq tərtib və çoxsaylı dərslik və dərs vəsaitlərinin müəllifi olmuşdur. Alimin məsləhəti, redaktəsi, elmi rəyi və xeyir-duası ilə neçə-neçə elmi əsər işıq üzü görmüşdür.

H.Araslı, eyni zamanda Azərbaycan ədəbiyyatının tədrisi məsələləri ilə də müntəzəm məşğul olmuş, ali və orta məktəblər üçün proqramlar tərtib etmiş, müntəxəbat və dərsliklər yazmışdır. Onun 1937-ci ildə orta məktəbin VIII sinfi üçün yazdığı ədəbiyyat dərsliyi müəyyən təkmilləşdirmələrlə hər il nəşr olunaraq ən yaxşı dərslik kimi alimin ömrünün sonuna qədər istifadə olunmuşdur.

Həmid Araslı 1909-cu ildə fevral ayının 23-də Şərqin qədim mədəniyyət mərkəzlərindən olan Gəncə şəhərində dünyaya göz açmışdır. Atası Hacı Məhəmmədtağı Ərəszadə zəmanəsinin mükəmməl təhsilli alim-ruhanilərindən olmuşdur. O, qəzetlərdə çıxış edər, şəriət məsələləri ilə bağlı mülahizələr söylərdi. Onun ərəb dilindən etdiyi bəzi tərcümələri və yazdığı "Vəşrihi-fəraiz" adlı kitab bu günə qədər alimin kitabxanasında saxlanılır.

H.Araslı iki yaşına çatmamış atası vəfat etmişdir. Anası Dürrübəyim xanım savadlı qadın olmuş, oğluna xalq yaradıcılığına məhəbbət yarada bilmişdi.

H.Araslı 1915-ci ildə Gəncənin Şah Abbas məscidi nəzdindəki mədrəsədə təhsil almağa başlayır. Ancaq çox keçmir ki, o, anasını da itirir və qohumlarının himayəsində yaşamalı olur.

1922-ci ildə Gəncə Darülmüəllimin seminariyasında təhsilini davam etdirir. 1926-cı ildə seminariyanı bitirib Nəbiağalı kənd məktəbində əvvəlcə müəllim, sonra isə direktor vəzifəsində işləyir. O bu illərdə folklor nümunələrini toplamaqla məşğul olur, tələbələrini də bu işə cəlb edir. 1929-cu ildə Bakıya gəlib Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsinə daxil olur. İnstitutu vaxtından əvvəl bitirib 1931-ci ildə Gəncəyə qayıdaraq maarif şöbəsində müdir müavini vəzifəsinə təyin olunur. 1932-ci ildə aspiranturaya daxil olmaq üçün Bakıya gəlir, aspiranturada təhsil almaqla yanaşı, keçmiş SSRİ EA-nın Azərbaycan filialının nəzdində təşkil olunmuş kitabxananın Şərq şöbəsində müdir işləyir. Həmin illərdə Şərq əlyazmalarını toplayaraq Əlyazmalar Fondunu yaratmaq kimi mühüm bir işə başlayır və tezliklə yaratdığı Fondun direktoru olur.

1935-ci ildən elmi yaradıcılığa başlayır. Bir il sonra (1936) Azərbaycan Yazıçılar İttifaqının üzvü seçilir. 1938-ci ildə Fondda saxlanılan əlyazmaları içərisində sovet ideologiyasına uyğun olmayan nümunələr tapıb onu komsomoldan xaric etməklə cəzalandırır və işdən azad edirlər. 1938-39-cu illərdə Azərnəşrin "Bədii ədəbiyyat" şöbəsində redaktor vəzifəsinə qəbul olunur. 1938-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində "Orta əsrlər Azərbaycan ədəbiyyatı tarixi"ndən dərs deməyə dəvət olunur. 1939-cu ildə Nizami adına Azərbaycan Ədəbiyyatı və Dili İnstitutunda "Orta əsrlər ədəbiyyatı", 1957-ci ildə isə "Mətnşünaslıq" şöbələrinə rəhbərlik edir. 1943-cü ildə "XIII-XVI əsrlərdə Azərbaycan ədəbiyyatı" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi adını alır. 1944-cü ildən başlayaraq Azərbaycan Dövlət Universitetində Yaxın Şərq ədəbiyyatı kafedrasının müdiri vəzifəsinə təyin olunur. 1954-cü ildə "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi" mövzusunda doktorluq dissertasiyası müdafiə edib filologiya elmləri doktoru elmi dərəcəsini alır. Bir il sonra ona professor adı verilir.

H.Araslı 1958-ci ildə Azərbaycan EA-nın müxbir üzvü, 1968-ci ildə həqiqi üzvü seçilir. 1968-ci ildə Özbəkistanın, 1979-cu ildə Azərbaycanın əməkdar elm xadimi adına layiq görülür.

H.Araslı XX əsr Azərbaycanın elmi və ədəbi-ictimai həyatında aparıcı mövqeyə malik şəxsiyyətlərdən biri idi. Şərq xalqlarının ədəbi-bədii fikir tarixinə, qədim türk, fars, ərəb dillərinə yaxşı bələd olan, ümumşərq mədəniyyəti ilə yaxından tanış olan alim tədqiqatlarında olduğu kimi, dərsliklərində də klassik şeirimizin incəliklərinin elmi-nəzəri şərhinə xüsusi diqqət yetirmiş, nəsilləri milli türkçülük ruhunda tərbiyələndirmək, soy-kökümüzlə bağlı məsələləri doğru-düzgün şərh etmək üçün əlindən gələni əsirgəməmişdir.

Alimin yaradıcılığının mühüm bir hissəsi repressiyanın baş alıb getdiyi ağır illərə təsadüf edir. Dəfələrlə haqsız tənqidlərə, xüsusilə də "Kitabi-Dədə Qorqud"un nəşri ilə bağlı təzyiq və hücumlara məruz qalır. Ancaq prinsipiallıq göstərərək yad təsirlərə uymayaraq, öz mövqeyini sona qədər qətiyyətlə müdafiə edir. "Kitabi-Dədə Qorqud"la bağlı deyilənlərin müqabilində susdu, nə öz "günahını" boynuna aldı, nə də abidə ilə bağlı deyilən sözlərlə razılaşdığını dilinə gətirdi. "Dədə Qorqud" eposu ilə yanaşı, Xaqani, Xətai, Hadi, Səməd Vurğun yaradıcılıqlarının yanlış mövqedən qiymətləndirildiyi zamanlarda da öz mövqeyini dəyişmədi.

H.Araslı ədəbiyyatımızla bağlı təkcə keçmiş sovet məkanında deyil, dünya miqyasında aparılan tədqiqatları diqqətlə izləyir, ədəbiyyatımızın, mədəniyyətimizin qədimiliyinə xələl gətirən mülahizələrə həssaslıqla yanaşır, Azərbaycan ədəbiyyatı və onun nümayəndələri haqqında söylənilən haqsız fikirlərə, qərəzli mülahizələrə qarşı çıxır, həqiqəti axıra qədər müdafiə edirdi. Ədəbiyyat tariximizin sistemləşdirilərək elmi tədqiqata cəlb edilməsində H.Araslının müstəsna xidmətləri olmuşdur. 1943-44-cü illərdə nəşr olunmuş ikicildli "Müxtəsər Azərbaycan ədəbiyyatı" tarixinin ilk cildində ədəbiyyatımızın ən qədim dövrlərindən başlayaraq XVII əsrə qədərki inkişaf mərhələlərinin ədəbi-mədəni mənzərəsini yaratmış, bu əsrlərdə yaşayan sənətkarlarımızın bilavasitə öz irsinə istinadən onların dolğun ədəbi portretlərini yaratmışdır.

Onun ədəbiyyat tariximizlə bağlı tarixi xidmətlərindən biri də 1960-cı ildə nəşr olunan üç cildlik "Azərbaycan ədəbiyyatı tarixi"dir. Alim anadilli ədəbiyyatımızın təşəkkülündə mühüm rol oynamış Qazi Bürhanəddin, Nəsimi, Kişvəri, Xətai, Füzuli kimi sənətkarların da ədəbiyyat tariximizdəki yerini müəyyənləşdirərək, onların bədii-ictimai fikir tariximizə təsirini tədqiq etmişdir. Şairlərimizdən İ.Həsənoğlu, Q.Bürhanəddin, İ.Nəsimi, Ş.İ.Xətai, Kişvəri, Həbibi, Füzuli, Qövsi, Saib, Məsihi, Fədai, Vidadi, Vaqif və başqaları haqqında ilkin mötəbər tədqiqat, dəyərli elmi-nəzəri ümumiləşdirmələr də akademik H.Araslıya məxsusdur.

H.Araslının klassik irsin öyrənilməsi ilə bağlı fəaliyyətinin mühüm bir hissəsi Nizami və Füzuli yaradıcılığının tədqiqi istiqamətində olmuşdur. O, hələ keçən əsrin 30-cu illərinin axırlarından başlayaraq Nizaminin həyat və yaradıcılığının müxtəlif problemləri ilə bağlı araşdırmalar aparmış, əsərlərinin tərcümə və nəşr olunub geniş oxucu kütləsinə çatdırılması istiqamətində görülən işlərdə fəal iştirak etmişdir. Şairin əsərlərində işlənən çoxsaylı türk sözlərini, türk təfəkkürünə xas, türk məişətindən gələn danışıq ifadələrini, xalq deyim və məsəllərini üzə çıxarmışdır. Alim Nizami sənətinin XII əsr Azərbaycanında təsadüfi hadisə olmadığına, şairi ictimai-mədəni yüksəlişlə səciyyələnən əlamətdar bir dövr, mərhələnin yetirdiyini söyləyir. H.Araslı Nizaminin Qumdan olması haqqındakı əfsanəni alt-üst etmişdir. O, Məhəmməd Füzulinin də ardıcıl tədqiqatçısı və

Azərbaycandan uzaqlarda da tanınan naşiri olmuşdur. O, şairin həyat və yaradıcılığının müxtəlif problemlərinə həsr edilən 20-dən artıq məqalə və çoxillik araşdırmalarının yekunu olan rus və Azərbaycan dillərində nəşr olunan "Böyük Azərbaycan şairi Füzuli" monoqrafiyasının müəllifidir. Alim tərəfindən nəşr olunan beşcildlik tənqidi mətn füzulişünaslığın inkişafında mühüm əhəmiyyət daşımış, dünya füzulişünas alimlərinin bu gün də müraciət etdikləri mötəbər mənbədir.

H.Araslı Nəsiminin də ilk araşdırıcılarından sayılır, "Fədakar şair" oçerki, elmi məqalələr və Nəsimi əsərlərinin nəşrlərinə dərin məzmunlu müqəddimələr yazmışdır. Nəsiminin 600 illik yubileyi ərəfəsində nəşr olunan - "İmadəddin Nəsimi" kitabçasında mütəfəkkir şairin əzəmətli obrazını yaradan müəllif şairin həyatının bəzi qaranlıq məqamlarına aydınlıq gətirmiş, Nəsimi şeirinin dil və poetik ifadə gözəlliklərindən söz açmışdır.

H.Araslı bir mətnşünas alim kimi də çox məhsuldar olmuşdur. Onun bu sahədəki fəaliyyəti mətnşünaslıq elmimizdə ayrıca bir mərhələ təşkil edir. Alim müxtəlif illərdə Məhsəti, Nəsimi, Xətai, Füzuli, Saib, Qövsi, Vidadi, Vaqif və başqa görkəmli şairlərin əsərlərini dəfələrlə nəşr etmişdir. Bu sahədəki axtarışları, klassik irslə yaxından tanışlığı, əlyazmalarla işləmək səriştəsi sayəsində mətnlər üzərində təshihlər aparır, sözlük və şərhlərə yenidən nəzər salırdı. Bunun nəticəsidir ki, onun tərtib etdiyi mətnlər tədqiqatçılar tərəfindən daha mötəbər sayılır. H.Araslı 1939-cu ildə "Kitabi-Dədə Qorqud"u nəşr etdirməklə ədəbiyyatımıza, mədəniyyətimizə, eləcə də bütün türkologiya elminə böyük xidmət göstərmişdir. Alim əsərin nəşri ilə yanaşı, onun tədqiqi və təhlili ilə də ciddi məşğul olmuşdur. O, Türk xalqlarının müştərək eposu olan "Kitabi-Dədəm Qorduq"da dil, üslub, hadisələrin cərəyan etdiyi məkan etibarilə Azərbaycanla bağlılığını konkret dəlillərlə əsaslandırmış, dastanda çətin anlaşılan müasir dilimizdən çıxmış bir çox kəlmələrin folklor və klassik şairlərimizin əsərlərində işlənməsini gətirdiyi bədii nümunələrlə təsdiq edərək, abidənin dilinin Azərbaycan dilinə yaxınlığını göstərmişdir. Böyük əmək sərf etdiyi bu abidə ilə bağlı axtarışlarını sonralar da davam etdirərək 1962 və 1978-ci illər nəşrlərini bəzi təshihlərlə daha da təkmilləşdirmişdir.

H.Araslının 1956-cı ildə nəşr edilmiş "XVII-XVIII əsrlərdə Azərbaycan ədəbiyyatı tarixi" əsəri də ədəbiyyatşünaslığımızın nailiyyətlərindən biri kimi dəyərləndirilir. Alim bu əsərində ədəbiyyatımızın az öyrənilmiş və bu səbəbdən də doğru səciyyələndirilməyib tənəzzül mərhələsi kimi anlaşılan bu yüzillikləri ilkin mənbələr əsasında araşdıraraq, onun həqiqi qiymətini müəyyənləşdirdi. O, ilk dəfə üzə çıxardığı cung, təzkirə və ayrı-ayrı əlyazmalara istinad etməklə dövrün ədəbi-mədəni mənzərəsini ətraflı işıqlandırmış, qaranlıq olan bəzi məsələlərə aydınlıq gətirmiş, oxuculara məlum olmayan və ya az tanınan ədəbi simalar - Əmani, Fədai, Kişrəvi, Saib, Qövsi, Tərzi, Əfşar, Nişat Şirvani, Məhcur Şirvani haqqında ətraflı məlumat vermişdir.

H.Araslı müasir Azərbaycan folklorşünaslığını yaradan alimlərdən biri kimi də tanınır. Alim şifahi xalq ədəbiyyatı və folklorumuzun tədqiqi sahəsində də böyük əmək sərf etmişdir. "XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi" kitabı və "Aşıq yaradıcılığı" əsərlərində Qurbani, Sarı Aşıq, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Ələsgər və başqa klassik aşıqların həyat və yaradıcılığı, XVII əsrdə yaranan "Əsli və Kərəm", "Aşıq Qərib", "Şah İsmayıl" və "Koroğlu" eposu haqqında orijinal elmi mülahizələr söyləmişdir.

Alim digər Şərq xalqlarının ədəbi irsinə də geniş maraq göstərmiş Azərbaycan ədəbiyyatı və klassiklərimizlə bağlı olan Şərq şairləri Firdovsi, Cami, Hafiz, xüsusilə böyük özbək şairi Əlişir Nəvai irsini də tədqiq etmiş, Orta əsrlər Azərbaycan ədəbiyyatının əlaqələrinə dair ilkin araşdırmaların müəllifi kimi də məşhurlaşmışdır.

H.Araslı elmi tədqiqat işləri ilə təşkilatçılıq fəaliyyətini özündə uğurla birləşdirən elm adamlarından idi. O, respublikanın mədəni-ictimai həyatında yaxından iştirak edirdi. Nizami adına Ədəbiyyat Muzeyinin yaranmasında onun böyük zəhməti olmuşdur. Həmid müəllim 1940-cı ildən öz elmi-təşkilati fəaliyyətini də muzeylə bağlamış, əvvəlcə elmi katib, sonra elmi işlər üzrə direktor müavini, 1960-68-ci illərdə isə direktor vəzifəsində çalışmışdır.

H.Araslı həyatı boyu yüksək ixtisaslı kadrların hazırlanmasında qayğı və məhəbbətlə çalışmış, təkcə Azərbaycanda deyil, Özbəkistanda, Türkmənistanda və Tatarıstanda aspirant, dissertant və doktorantlara rəhbərlik etmiş, onlarla elmlər doktoru, 50-yə qədər elmlər namizədi yetişdirmişdir.

Professor A.Dadaşzadənin təbiri ilə desək: "Onun çap etdirdiyi, nəşrə hazırladığı, redaktə və tərtib etdiyi əsərlərin sadəcə siyahısı oxucunu heyrətləndirməyə bilməz. Cəsarətlə deməliyik ki, klassik Azərbaycan ədəbiyyatı və folklorunun elə bir əhəmiyyətli sahəsi və siması yoxdur ki, H.Araslı burada öz sözünü deməmiş olsun".

Alimin gördüyü işlər bu gün də öz əhəmiyyətini saxlayır və zaman keçdikcə onların dəyəri və miqyası yeni nəsillər tərəfindən daha çox anlanılır. Onun əsərlərinə istinad etmədən, xidmətlərini xatırlamadan klassik ədəbiyyatımızdan və folklorumuzdan, bütövlükdə Azərbaycan ədəbiyyatı tarixindən danışmaq mümkün deyil.

Azərbaycan EA-nın həqiqi üzvü, əməkdar elm xadimi, görkəmli ədəbiyyatşünas alim, istedadlı elm təşkilatçısı Həmid Araslı Azərbaycanda, habelə respublikamızdan uzaqlarda başqa xidmətləri ilə yanaşı, görkəmli şərqşünas kimi də geniş şöhrət tapmışdır. Keçmiş SSRİ respublikaları ilə yanaşı, alimi və onun əsərlərini Türkiyədə, İranda, İraqda, İordaniyada da gözəl tanıyır və yüksək qiymətləndirirdilər. O, Özbəkistanın əməkdar elm xadimi, Türk Dil Qurumunun fəxri üzvü, İraq Akademiyasının fəxri akademiki və islam sivilizasiyasını öyrənən İordaniya Kral Cəmiyyətinin fəxri üzvü kimi yüksək adlara layiq görülmüşdü.

Azərbaycan ədəbiyyatının ardıcıl tədqiqatçısı, kamil bir mətnşünas və istedadlı folklor mütəxəssisi kimi tanınan alimi tale elə bil özü elmi fəaliyyətinin ilk illərində "Min bir gecə" nağıllarında olduğu kimi ecazkar bir aləmə - şərqşünaslıq aləminə gətirib çıxarmışdı. H.Araslı hələ 1932-ci ildə aspiranturada təhsil aldığı zamanlar o vaxt keçmiş SSRİ EA Zaqafqaziya filialının Azərbaycan bölməsində təşkil edilmiş kitabxananın şərqşünaslıq şöbəsinin müdiri təyin olunmuş və həmin dövrdən başlayaraq Azərbaycan və Şərq klassiklərinin əlyazmalarını toplayaraq sonralar Əlyazmalar Fondu yaratmış və yaratdığı fondun ilk müdiri vəzifəsində çalışmışdır.

1968-ci ildə alim Azərbaycan EA Şərqşünaslıq İnstitutunun Ədəbiyyat şöbəsinə müdir təyin olunur və elə bu vaxtdan da İnstitutda Şərq ədəbiyyatları üzrə icra olunan problem və mövzulara rəhbərlik edir. 1970-ci ildən 1981-ci ilədək Həmid müəllim Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində çalışır və institut direktoru kimi böyük elmi-təşkilati iş aparır. O, Azərbaycanda Şərqşünaslıq elminin tərəqqisi, İnstitutun keçmiş SSRİ-nin digər Şərqşünaslıq institutları arasında ön sıraya çıxması, onun İttifaq və xarici ölkələrin şərqşünaslıq mərkəzləri ilə elmi əlaqələrinin möhkəmlənməsi və genişlənməsi üçün qüvvə və bacarığını əsirgəmirdi.

Direktor olduğu ilk vaxtlardan akademik Həmid Araslı institutun elmi tədqiqat planlarının düzgün müəyyənləşdirilməsinə çalışır, kollektivin səyini Şərq xalqlarının tarixi, iqtisadiyyatı, mədəniyyəti, Azərbaycanın bu ölkələrlə hərtərəfli əlaqələrinin ən vacib problemlərinə dair ümumiləşdirici və monoqrafik əsərlər yaratmağa yönəldir. Akademik H.Araslının rəhbərliyi ilə institutda icra olunan elmi tədqiqat işləri əsasən aşağıdakı 7 problem çərçivəsində aparılır:

Beynəlxalq fəhlə və milli-azadlıq hərəkatının inkişaf qanunauyğunluqları;

Türkiyə, İran və Ərəb ölkələrinin iqtisadi inkişafı;

İran və Türkiyənin tarixi inkişaf xüsusiyyətləri;

Yaxın və Orta Şərq xalqları ədəbiyyatlarının inkişaf qanunauyğunluqları;

Yaxın və Orta Şərq xalqları dillərinin işlənməsi və inkişafı;

Yaxın və Orta Şərq xalqlarının mədəniyyəti və ictimai fikir tarixi;

Şərq yazılı abidələrinin tədqiqi və nəşrə hazırlanması.

Tədqiq olunan problemlərə 1973-cü ildə iki yeni problem əlavə olunur:

Dünya ədəbiyyatlarının inkişaf qanunauyğunluqları və dünya mədəniyyətinin fəlsəfi və sosioloji problemləri.

1975-ci ildə isə tədqiq olunan problemlərə bir yeni problem əlavə olunur: inkişafda olan ölkələrin iqtisadi və sosial problemləri.

1976-cı ildə yenə bir problem əlavə olunur: Asiya və Afrika xalqlarının yazılı mənbələri, elmi-tənqidi mətnlərin tərtibi.

Adları çəkilən problemlər çərçivəsində 1970-81-ci illər ərzində institutda hazırlanmış onlarla monoqrafiya, kitab, məcmuə, yüzlərlə elmi məqalə respublika, ümumittifaq və xarici ölkə nəşriyyatlarında çap olunur. Bunlardan "Turüiə v period pravleniə mladoturok" (H.Əliyev, Moskva, 1972), "Realistiçeskaə demokratiçeskaə pogziə İranskoqo Azerbaydjana" (H.Billuri, 1972), "Xətib Təbrizinin həyat və yaradıcılığı" (M.Mahmudov, 1972), "Prosvehenie v Turüii v noveyşee vremə" (T.Dadaşov, 1972), "Nəsimi" (6 dildə, H.Araslı, 1973), Ə.X.Dəhləvinin və Əbdi bəy Şirazinin əsərlərinin ədəbi-tənqidi mətnləri, "Müasir İran" məlumat kitabı, "Türk filologiyası məsələləri", "İran filologiyası məsələləri", "Ərəb filologiyası məsələləri", "Türkiyə tarixi məsələləri", "İran tarixi məsələləri", "İran və Türkiyənin iqtisadi inkişaf məsələləri" adlı məcmuə və monoqrafiyaları xatırlatmaq olar. Onların bir çoxunun elmi redaktoru H.Araslı özü olub, bir çoxu isə bilavasitə alimin rəhbərliyi ilə hazırlanıb.

Yuxarıda sadaladığımız problemlər çərçivəsində icra olunan bir çox mövzu və elmi işə də Həmid müəllim bilavasitə özü rəhbərlik edib. Bunlardan "Müasir türk ədəbiyyatında mütərəqqi meyillər", "Orta əsrlər ərəbdilli Azərbaycan ədəbiyyatı", "Müasir türk ədəbiyyatında realizm", "Azərbaycanın Şərq ölkələri ilə tarixi-mədəni əlaqələri", "Nizami yaradıcılığının İran ədəbiyyatına təsiri" və sairə mövzuların adlarını çəkmək olar.

Akademik Həmid Araslının direktor kimi təşkilati fəaliyyətinin bir cəhəti də institutun strukturunun optimal şəkildə burada icra olunan işlərin istiqamətinə uyğunlaşdırılmasına yönəlmişdi. 1975-ci ildə H.Araslının təqdimatı və EA-nın Rəyasət heyətinin qərarı ilə institutda ciddi struktur dəyişikliyi aparıldı. İran tarixi, Türkiyə tarixi və Ərəb ölkələri tarixi şöbələrinin əsasında Yaxın və Orta Şərq ölkələrinin yeni və ən yeni tarixi şöbəsi yarandı. Türk və ərəb ədəbiyyatı şöbəsi ayrılaraq 2 şöbə - ərəb və türk filologiyası şöbələri yarandı. Dilçilik şöbəsi ləğv olundu və onun əməkdaşları 3 şöbə - ərəb, türk və İran filologiyası şöbələrində yerləşdirildi. Yeni 3 şöbə yaradıldı:

Orta əsrlər Şərqi şöbəsi;

Azərbaycanın Şərq ölkələri ilə tarixi və mədəni əlaqələri şöbəsi;

Müasir dövrdə milli-azadlıq hərəkatı problemlərinin tədqiqi şöbəsi.

1976-cı ildə institutda yenə bir yeni şöbə - Azərbaycanın Şərq ölkələri ilə ədəbi əlaqələri şöbəsi yaradıldı.

Böyük vətənpərvər alim H.Araslını xüsusilə narahat edən məsələ xalqımızın Orta əsrlər müştərək müsəlman mədəniyyətinin yaradılmasında oynadığı rolun tədqiqi idi və o, daim müvafiq şöbə rəhbərlərini bu istiqamətdə tədqiqatlar aparmağa sövq edirdi. Sırf şərqşünaslıq problemlərinin tədqiqini azərbaycanşünaslıqla sıx uzlaşdırmaq məsələsi də daim alimin diqqət mərkəzində idi.

Ərəb Şərqinin dünya geosiyasi xəritəsində kəsb etdiyi böyük əhəmiyyəti tam anlayaraq və Azərbaycan ilə sıx tarixi və mədəni əlaqələrini nəzərə alaraq, Həmid müəllim institutda ərəbşünaslığın inkişafına xüsusi diqqət yetirir, bununla əlaqədar Ərəb filologiyası şöbəsi açır, ərəb tarixini, iqtisadiyyatını, ictimai fikrini öyrənmək üçün şərait yaradırdı, aspiranturaya qəbul zamanı ərəbşünas tələbələrin qəbuluna xüsusi diqqət yetirirdi. Elə il olub ki, o, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb bölməsinin bütün məzunlarını instituta işə götürüb.

Mövzular təsdiq olunanda akademik H.Araslı çalışırdı xırda mövzulardan qaçılsın, böyük kollektiv işlərə, ümumiləşdirici monoqrafiyaların yazılmasına üstünlük verilsin.

İcra olunan işlərin elmi-nəzəri səviyyəsinin daim yüksəlməsi alimin diqqət mərkəzində idi. Bu məqsədlə Həmid müəllim uzun illər institutda şəxsən özü "Sovet şərqşünaslığının aktual problemləri" adlı ümuminstitut elmi-nəzəri seminarı aparmışdır.

Koordinasiya məsələlərinə böyük diqqət yetirən alim daim çalışırdı ki, institutda icra olunan mövzular Akademiyanın başqa institutlarında icra edilən işlərlə uzlaşsın, təkrara yol verilməsin. Alim yüksək ixtisaslı şərqşünas kadrların yetişdirilməsinə də böyük diqqət yetirirdi. O illər institutda onlarla elmlər doktoru və elmlər namizədi hazırlanmışdı ki, onlardan bir çoxu bu gün də Azərbaycan şərqşünaslıq elmini inkişaf etdirən potensialın əsas özəyini təşkil edir. Akademik H.Araslı uzun illər filologiya üzrə Müdafiə Şurasının sədri olub. O çalışırdı əməkdaşlara zəruri şərait yaratsın - SSRİ-nin Şərqşünaslıq mərkəzlərinə, xarici ölkələrə elmi ezamiyyət üçün yuxarı təşkilatlar qarşısında bu haqda dəfələrlə məsələ qaldırırdı və çox vaxt buna müvəffəq olurdu, onun sayəsində bir çox əməkdaş o illər elmi ezamiyyət imkanı əldə etdi. İnstitutun rəhbəri kimi Həmid müəllim Yaxın və Orta Şərq ölkələrinin müxtəlif problemlərinə həsr olunmuş bir sıra beynəlxalq və regional elmi konfransların, sessiyaların və simpoziumların təşkilatçısı olmuşdur. O, Azərbaycan şərqşünaslıq elmini bir çox xarici ölkədə ləyaqətlə təmsil etmişdi.

Bu gün Həmid müəllim haqq dünyasındadır. Amma onun gördüyü işlər, səpdiyi toxumlar hələ də öz bəhrəsini verməkdədir. Həmid müəllim institutumuzun vaxtilə istiqamətləndirmiş olduğu elmi işlərində, yetişdirdiyi və bu gün artıq özləri tələbə yetişdirən tələbələrində və saysız-hesabsız əsərlərində yaşayır. Əsl alim üçün bundan böyük xoşbəxtlik ola bilərmi?

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!