"Don Kixot" barədə düşüncələr - Roman haqqında kiçik traktat - Məti OSMANOĞLU

Məti OSMANOĞLU

Xose Orteqa-Qasset

Ədəbiyyat və fəlsəfə sahəsində XX əsrin ən maraqlı şəxsiyyətlərindən olan ispan filosofu Xose Orteqa-Qassetin (1883-1955) təliminin əsasını tarixin fəlsəfəsi problemləri təşkil edir. Onun qənaətinə görə, insan varlığının sirlərinə nüfuz etməyə yalnız tarix imkan yarada bilər və tarixi idrak həyatı dərk etməyin yeganə üsuludur. Özünün "Sənətin dehumanizasiyası" və "Kütlələrin qiyamı" əsərlərində o, fəlsəfədə "kütləvi cəmiyyət" nəzəriyyəsinin əsas prinsiplərini müəyyənləşdirmişdir.  1925-ci ildə nəşr etdirdiyi "Sənətin dehumanizasiyası" əsəri onu fəlsəfə və sosiologiya, eləcə də ədəbiyyat sahəsində məşhurlaşdırmışdır. Burada sənət əsərlərini üç əsas növ üzrə təsnif etmək ideyası irəli sürülmüşdü: populyar, qeyri-populyar və "köklü şəkildə qeyri-populyar". Onun fikrincə, sonuncu bölgüyə düşən əsərlər əsl dəyərlərdir və bunlar heç vaxt populyar ola bilməz. X.O.Qasset Debüssinin və Starvinskinin musiqisini, Pikassonun və Brakın rəsmlərini, Coysun və Pirandellonun bədii yaradıcılığını əsl dəyərlərə aid edirdi. 

"Kütlələrin üsyanı" isə 1930-cu ildə yazılmışdır. X.O.Qasset bu əsərində XX əsrin əvvəllərində Avropada meydana gəlmiş "kütləvi cəmiyyət" anlayışının fəlsəfi konsepsiyasını əsaslandırmağa çalışmışdı. O, belə hesab edirdi ki, cəmiyyət siniflərdən deyil, azsaylı mənəvi aristokratiyadan və çoxsaylı kütlələrdən təşkil olunub. X.O.Qassetin qənaətinə görə, hər bir normal cəmiyyət "seçilmiş azlığa" (elitaya) və "kütlələrə" bölünür. "Seçilmiş azlıq" - özünün həyatını daha yüksək estetik dəyərlərə uyğunlaşdırmağa daxili tələbat hiss edən mənəvi aristokratiyadır. Normal cəmiyyətdəki kütlə isə öz həyatını, gün-güzəranını müəyyənləşdirmək ixtiyarını "seçilmiş azlığa" buraxır.
O, kütlə dedikdə hər hansı konkret bir sosial təbəqəni və ya sinfi deyil, insan yaşayışının üsulunu  nəzərdə tutur və belə hesab edirdi ki, varlı və kasıb olmağından, hansı vəzifəni tutmağından, hansı mövqedə yerləşməyindən asılı olmayaraq bütün ictimai təbəqələrin, siniflərin içərisində kütlə var. "Kütlə-insan" özü üçün həyat layihəsi müəyyənləşdirmədən ömür sürür. O, özünün başqaları ilə bərabər gün keçirməsi, ideya, niyyət və arzularının hamı tərəfindən qəbul edilmiş standartlara uyğun gəlməsi ilə  kifayətlənir və bundan o tərəfi arzulamır. X.O.Qasset bunun səbəbini texnikanın və liberal demokratiyanın inkişafında görürdü. Belə hesab edirdi ki, inkişaf etmiş texnika və liberal demokratiya adi insan və ya "kütlə" üçün rahatlıq və sosial asayiş təmin edir. X.O.Qasset öz dövründəki vəziyyəti "hiperdemokratiya" kimi səciyyələndirirdi. Bu şəraitdə öz yerini sağlam sosial dinamikanın içində görən kütlə səhnəyə çıxır, özünün nələrə can atdığını və zövqünü ortaya qoyur, "doğru olmamaq hüququnu" təsdiqləyir. X.O.Qassetin fikrinə görə, Yeni tarixə aid elm "praktik burjuaziyanın" məhsuludur və  "kütlə-insan"ın formalaşmasında əhəmiyyətli rol oynayan da odur.   Elmin inkişafı alim üçün elmin müəyyən bir sahəsinin az hissəsini əhatə edən biliklə kifayətlənmək imkanı yaradır və gerçəkliyin interpretasiyası ilə maraqlanmağa yol vermir. İndi dar ixtisasa malik alimlər dünya haqqında öz "bilikləri" çərçivəsində mülahizə yürüdürlər. X.O.Qasset onları "kütləvi şüurun" ən qorxulu daşıyıcıları hesab edirdi.  Onun konsepsiyasına əsasən, insanı "homo faber" kimi müəyyənləşdirmək mümkündür. İstehsalçı mənası daşıyan "faber" maddi məhsullar yaradan insanlara aid edilən termin olsa da, mənəvi yaradıcılığa da tətbiq olunur: "Roman necə yaradılırsa və ya teatr tamaşası üçün pyes necə yazılırsa, insanın özü tərəfindən kəşf olunmuş bu həyat da o şəkildə yaradılır, daha doğrusu, insan bunu həyat adlandırır... İnsan öz həyatnın bu cür "kəşfindən" sonra özünü özü yaradır..."

Sizə fraqmentlərini təqdim etdiyimiz "Don Kixot" barədə düşüncələr. Roman haqqında kiçik traktat" əsəri isə filosofun estetik görüşlərini əks etdirir. Onun ədəbiyyat və sənət haqqında mülahizələri XX əsrin estetik düşüncəsinin ümumi mənzərəsində xüsusi seçilirdi və bu gün də öz aktuallığını saxlamaqdadır.

Gəlin özümüzdən "Don Kixot"un nə olduğunu soruşaq. Bu suala (əgər sırf zahiri cəhətdən götürsək), adətən, belə cavab verirlər ki, "Don Kixot" romandır və yəqin haqlı olaraq onu da əlavə edirlər ki, özünün yaranma vaxtına və əhəmiyyətinə görə birinci yerdə dayanan romandır. Onu bizim zəmanənin sevimli janrı olan müasir romanla doğmalaşdıran əlamətlərinə görə "Don Kixot" indiki oxucuya az həzz vermir. Köhnə kitabın vərəqlərinə göz gəzdirə-gəzdirə hər yerdə yeni zəmanənin ruhu ilə rastlaşırıq və bu, kitabı qəlbimizə xüsusilə yaxınlaşdırır. "Don Kixot" bizi Balzakın, Dikkensin, Floberin, Dostoyevskinin müasir romanın bünövrəsini təşkil edən əsərləri kimi həyəcanlandırır.
Bəs roman nədir?
Ola bilsin ki, ədəbi janrların mahiyyəti haqqında mülahizələr dəbdən düşüb, hətta çoxları bu cür sualları ritorik hesab edirlər. Elələri də var ki, ədəbi janrların mövcud olmasının özünü belə inkar edirlər.

Lakin biz dəb tərəfdarı deyilik. İnsan vurnuxmaları içində firon sakitliyini saxlamaq cəsarətini üzərimizə götürüb özümüzə sual veririk: roman nədir?

1. Ədəbi janrlar

Antik poetika ədəbi janrlar dedikdə şairin riayət etməli olduğu müəyyən yaradıcılıq qanunlarını başa düşürdü - boş sxemlər, muzanın zəhmətsevər arı kimi poetik bal yığdığı xüsusi şanılar və pətəklər. 

Mənsə ədəbi janrlar haqqında başqa cür düşünürəm. Forma və məzmun ayrılmazdır, poetik məzmun isə o qədər azaddır ki, onu zorla mücərrəd normalara salmaq olmaz.

Buna baxmayaraq forma və məzmun arasında fərq qoymaq lazımdır, çünki bunların ikisi də eyni şey deyil. Flober demişdi: "İstilik alovdan doğulduğu kimi, forma da məzmundan doğulur". Düzgün  metaforadır. Lakin düzünü desək, forma orqandır, məzmun isə onu yaradan funksiya. Başqa sözlə desək, ədəbi janrlar elə poetik funksiyalar, elə istiqamətlərdir ki, bədii yaradıcılıq onlarda yaranıb inkişaf edir.

Məzmunla (mövzu ilə) forma (həmin məzmuna xas olan ifadə vasitələrinin arsenalı) arasında fərq qoyan  müasir tendensiya mənə bunların sxolastik qaydada bölünməsi qədər bəsit görünür. Əslində, söhbət istiqamətlə yol arasındakı fərqlə tam eyni olan bir fərqdən gedir. Müəyyən bir istiqamət seçmək heç də qarşıya qoyulan məqsədə çatmaq demək deyil. Atılmış daş havada trayektoriya cızır. Həmin trayektoriya başlanğıc impulsun izahını, gedişatını, həyata keçməsini əks etdirəcək.

Faciə müəyyən fundamental poetik məzmunun, yalnız və yalnız faciəvi mövzunun inkişafını əks etdirir. Deməli, məzmunda olan formada da mövcuddur. Lakin məzmunda niyyət və ya sırf ideya xarakteri daşıyan hər şey formada nəsə ifadə edilmiş, qaydaya salınmış və genişləndirilmiş kimi verilir. Forma ilə məzmunun ayrılmaz xarakterini təşkil edən də məhz budur.   

Beləliklə, ədəbi janrlar haqqında mənim anlayışım antik poetikanın irəli sürdüyü anlayışın əksinədir; ədəbi janrlar prinsip etibarilə bir-birinə birləşməyən müəyyən baş mövzulardır, həqiqi estetik kateqoriyalardır. Məsələn, epopeya poetik formanın adı deyil, substansial poetik məzmunun adıdır, həmin məzmun öz inkişafı və ya ifadə olunması zamanı bütövlük qazanır. Lirika - artıq dram və ya roman dilində deyilmişləri tərcümə etməyin mümkün olduğu şərti bir dil deyildir, lakin həm də söylənilməsi lazım gələn bir şeydir, özü də bunu kifayət qədər tam söyləmək üçün yeganə üsuldur.   

Necə olur-olsun, sənətin əsas mövzusu həmişə insandır. Bir-biri ilə birləşdirilməsi mümkün olmayan və eyni dərəcədə tamamlanmış və zəruri xarakter daşıyan estetik mövzular kimi başa düşülən janrlar mahiyyətcə insanın ən mühüm cəhətlərinin baxıldığı geniş baxış bucaqlarından başqa bir şey deyildir. Hər bir dövr özü ilə insanın əvvəlki zəmanədə olduğundan əhəmiyyətli dərəcədə fərqlənən yeni yozumunu gətirir. Daha doğrusu, bunu özü ilə gətirmir, artıq həmin yozum mövcud olur. Elə buna görə də hər bir dövrün öz sevimli janrı  olur.  

3. Epos

Ən azından bir mülahizə şübhə doğurmur: keçmişdəki oxucunun "roman" kimi başa düşdüyü sözün antik eposa heç dəxli yoxdur. Bunların birindən digərini almaq roman janrının dolaşıqlığının başa düşülməsinə gedən yolu bağlamaq deməkdir: mən XIX əsrdə romanın yaranması ilə bağlı başa çatmış bədii təkamülü nəzərdə tuturam...

Roman və epos mütləq əkslikliklərdir. Eposun mövzusu - məhz keçmişdir. Epos olub bitmiş bir dünyadan, mifik zamandan, heç bir tarixi qədimliklə ölçülməsi mümkün olmayan dərin keçmişdən bəhs edir. Bəlkə də  yerli ehtiram hissi Homerin qəhrəmanları və tanrıları ilə müasir zəmanənin görkəmli şəxsiyyətləri arasında zəif əlaqələr yaratmağa cəhd etmişdir, lakin bu cür əfsanəvi yaxınlıq mifik keçmiş ilə real indi arasındakı mütləq məsafəni aradan qaldırmağa  imkan yarada bilməmişdir. Biz bu dibsiz uçurumun üzərində nə qədər real dünənlər qursaq da, Axilles ilə Aqamemnonun dünyası heç vaxt bizim mövcudluğumuz ilə bir araya gəlməyəcək. 

Biz zamanın irəli apardığı yoldan dönməyib onlara heç vaxt çata bilməyəcəyik. Eposdakı keçmiş bizim keçmişimiz deyil. Biz öz keçmişimizi nə vaxtsa olmuş indi kimi təsəvvür edə bilərik. Lakin eposdakı keçmiş istənilən indi ideyasını rədd edir... 

Əfsanənin kifayət qədər uzaqlığı eposun obyektlərini dağılmaqdan qoruyur. Onları özümüzə yaxınlaşdırmağın və onlara izafi gənclik - indiyə aid gənclik verməyin qarşısını alan səbəblər onların həndəvərinə qocalığın yaxın düşməsinə də yol vermir. Homerin nəğmələri ona görə əbədi təravət və ölümsüzlük ruhu ilə səslənmir ki, onlar əbədi gəncdirlər, bu ona görə belədir ki, onlar heç vaxt qocalmırlar. Zaman keçdikcə hər şey ilə bizim aramızdakı məsafə böyüyür, məsafə böyüdükcə hər şey  qocalır. Qoca hər gün ixtiyarlaşır. Buna baxmayaraq Axilles Platondan hansı məsafədədirsə, bizdən də həmin məsafədə qalır. 

13. Realist poeziya

Dağların və buludların görüntüsü müəyyən canlıların formalarını göz önünə gətirdiyi kimi, bütün şeylər də öz inert maddiliyi ilə bizə sanki işarələr verir və biz həmin işarələri yozuruq. Bu yozumlar bir yerə toplanaraq obyektivliyi yaradır, real  adlandırılan ilkin obyektivliyin ikiqatı olan obyektivliyi. Əbədi konflikt də buradan gəlir: hər bir şeyin "ideyası" və ya "mənası" ilə onun "maddiliyi" bir-birinə nüfuz etməyə can atır. Bu mübarizə başlanğıclardan birinin qələbəsi  ilə nəticələnir. "İdeya" qalib gəlib, "maddilik" məğlub olanda biz təxəyyül aləmində yaşayırıq. "Maddilik" qalib gələndə, ideyanın dumanlı örtüyünü yırtaraq onu udanda isə ümidlə ayrılırıq.

Məlumdur ki, görmə prosesi bizdə duyğunun təsiri ilə yaranan ilkin obrazın predmetə tətbiqini əhatə edir. Uzaqdakı qara nöqtə bizə gah qüllə, gah ağac, gah da insan fiquru kimi görünür. Görməni eyni vaxtda fəaliyyətdə olan iki şüa hesab edən Platonla razılaşmaq lazımdır: onlardan biri gözdən predmetə yönəlir, digəri predmetdən gözə. Leonardo da Vinçinin bir adəti varmış: şagirdləri daşların formasını, ifadə etdikləri formaların müxtəlifliyini hissləri ilə başa düşsünlər deyə onları daş hasarın önündə saxlayırmış. Qəlbinin dərinliyində Platonun tərəfdarı olan Leanardo gerçəklikdə yalnız ruhu oyadan Parakleti görürdü. Ancaq hər halda, məsafə, işıq, rakurslar mövcuddur ki, onlarda hiss edilən şeylər bizim yozum imkanımızı minimum səviyyəyə qədər azaldır. Sərt və inert şey bütün "fikirləri" inkar edir, bizim qarşımızda özünün bütün təsəvvürlərdə olan hər şeyə qarşı dayanan lal, amansız maddiliyini təsdiq edir. Bax, realizm adlandırılan da budur: şeylərin müəyyən məsafəyə qoyulması, onların elə işıqlandırılması və yerləşdirilməsi ki, sırf maddiliyə tərəf çevrilmiş hüdudları seçilsin.   

Mif həmişə istənilən poeziyanın, o cümlədən də realist poeziyanın başlanğıcıdır. Bununla belə, məsələ bundadır ki, realist poeziyada biz mifi ondakı alçalma, düşmə ilə müşayiət edirik. Realist poeziyanın mövzusu poeziyanı dağıtmaqdır. Mən düşünmürəm ki, gerçəklik sənətə öz inert boşluğunu aktiv və mübarizə aparan stixiyaya çevirməkdən başqa bir yolla daxil ola bilsin.

Gerçəklik bizi maraqlandırmamalıdır. Onun ikiləşməsi isə bizi ondan da az maraqlandırmalıdır. Dediyim sözü bir daha təkrar edirəm: roman qəhrəmanları cəlbedicilikdən məhrum olunublar. Bəs onda nəyə görə onların necə təqdim olunması bizi həyəcanlandırır? Məsələ məhz belədir: bizi həyəcanlandıran real insanlar kimi personajların özləri deyil, onların necə təqdim olunması, başqa sözlə, onların geçəklikdə necə olduqları barədə təsəvvürdür. Mənim fikrimcə, bu fərq həlledici xarakter daşıyır: gerçəkliyin poeziyası bu və ya digər şeyin gerçəkliyi deyil, növ, "janr" funksiyasının reallığıdır. Elə buna görə də əslində, realist yazıçının təsvir üçün hansı obyektləri götürməyinin fərqi yoxdur. Təxəyyül orealı ilə əhatə olunan hər şey maraqlıdır. Söhbət ondan gedir ki, onun vasitəsilə sırf maddilik göstərilir.  Və onda biz son instansiyaya, qarşısında istənilən ideala (insanın sevdiyi və təxəyyülündə yaratdığı hər şeyin) insanın öz gücü ilə çatmasına can atmasının dayana bilmədiyi nəhəng həlledici gücə aid olanı görürük. 

Bir sözlə, poetik realizmin mənasını mədəniyyətin ziyan görməsi, bütün nəcib, aydın və ülvi şeylərin ziyan görməsi təşkil edir. Servantes etiraf edir ki, mədəniyyət bütün bu keyfiyyətləri ehtiva edir, lakin bütün bunların hamısı, təəssüflər olsun ki, tək bir saxtakarlıqdan ibarətdir!  Fantastik şəbədə mədəniyyəti taverna kimi hər tərəfdən əhatə edərək şeylərin vəhşi və sərt, mənasız və lal reallığına uzanır. Əlimizdən kədərlənməkdən başqa heç nə gəlmir, gerçəklik özünü bizə real kimi göstərir, təkzibedilməz və heybətli şəkildə deyir ki, "mən buradayam". Gerçəkliyin gücü və yeganə mənası da onun əbədi mövcudluğundadır. Mədəniyyət xatirələr və vədlərdir, arzunun geri dönməyən keçmişi və gələcəyidir.

Gerçəklik isə sadə və qorxunc "burada olmaqdır". Mövcudluq, əmin-arxayınlıq, inersiyadır. Maddilikdir.*

*Rəssamlıqda realizmin istiqaməti daha aydın təqdim olunur. Rafael və Mikelancelo şeylərin formasını çəkirlər. Forma həmişə idealdır. Bu keçmişin obrazı və ya bizim təxəyyülümüzün yaratdığıdır. Velaskes şeylərdən təəssüratlar axtarır. Təəssüratın forması yoxdur və materiyanı - bu və ya digər obyektləri təşkil edən atlası, kətanı, ağacı, orqanik protoplazmanı nəzərə çarpdırır.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!