Uğur düsturu... - Sadıq Elcanlı yazır

Azərbaycan Televiziyasındakı iş otağımda, kitab şkafının üst qatında möhtəşəm bir çoxcildlik var; bu, hər kitabında, hər vərəqində müasir, müstəqil Azərbaycanın nəbzi döyünən, qədim tariximizin, şərəfli dövrümüzün, daha parlaq gələcəyimizin görüş yeri, çağdaş sosial-siyasi, milli-mənəvi dünyamızın bütövlük abidəsi, əsl yüksəliş, intibah salnaməsi olan "İnkişaf - məqsədimizdir" çoxcildliyidir. Neçə vaxtdır ki, adında məqsədi, məramı, bütöv strategiyası görünən bu əzəmətli kitablar silsiləsi haqqında yazmaq, öz fikirlərimi bölüşmək istəyirəm. Gəmiqaya, Qobustan qayaüstü simvol-yazılarından, Orxon-Yenisey daş kitabələrindən, "Dədə Qorqud" eposundan, Mahmud Kaşğarlı "Divan"ından, Yusif Balasaqunlu "Qutad-qu-bilik"indən, Nizami Gəncəvi "Xəmsə"sindən, Məhəmməd Füzuli "Leyli və Məcnun"undan, Mirzə Fətəli Axundzadə traktatından, Mirzə Ələkbər Sabir "Hophopnamə"sindən... bu günümüzə qədər gələn zəngin milli kitab mədəniyyəti yolumuza az-çox bələd olan bir ziyalı kimi "İnkişaf-məqsədimizdir" kitab-salnaməsi ilə üz-üzə dayanmağa, düşüncələrimi dilə gətirməyə mənəvi ehtiyac duyuram.

Tarixdə Azərbaycan xalqının böyük dövlətlər, qüdrətli imperiyalar yaratdığı dövrlər çox olub. Bəzən müvəqqəti məğlubiyyətlər, dövlətçilik yolunda boşluqlar, qırılma məqamları da olub; lakin xalqımızın etnogenetik yaddaşında qəlibləşən, modelləşən dövlətçilik təfəkkürü heç vaxt susmayıb, zaman-zaman baş qaldırıb, öz sözünü deyib, öz həqiqətlərini diktə edib. Yadıma yüz illər əvvəl yazılan bir cümlə düşür: "Şah İsmayıl Səfəvi ruhun bədənə qovuşduğu kimi Təbrizə daxil oldu". Aradakı müvəqqəti boşluqdan, qırılmadan sonra 236 illik nəhəng, dünya miqyaslı bir imperiyanı yaradan Şah İsmayılın 1501-ci ildə Təbrizə daxil olmasını, Təbrizdə özünü şah elan etməsini, qüdrətli dövlətçilik yolunu, böyük milli ruhu davam etdirəcək yeni bir Azərbaycan dövlətinin əsasını qoymasını bundan gözəl necə ifadə etmək olar! Bu bircə cümlədə milli ruhun, milli dövlətçilik ənənəsinin, davam və inkişafın bütöv fəlsəfəsi əbədiləşib.

Və mən "İlham Əliyev.İnkişaf - məqsədimizdir" çoxcildliyinə daxil olan silsilə kitabları oxuyanda, adətən, dövrümüzün ən böyük zirvə faktı olan müstəqil, milli dövlətçiliyimizin bərpası, davam və inkişaf konsepsiyası, bu ideologiyanın böyük missiyası, xilaskar fəlsəfəsi haqqında düşünürəm. Nadir şah Əfşarın sui-qəsd nəticəsində ölümüylə başlayan, təxminən, 250 illik dərəbəylik, xanlıqlar, işğallar dövründən, arada 23 aylıq Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan, bolşevik işğalından sonra böyük dövlətçilik ruhu üçüncü dəfə yenidən Azərbaycan bədəninə daxil olub; etnogenetik potensial imkanların müdrik səfərbərliyi ilə yeni inkişaf, intibah mərhələsi tam reallaşıb, tarixi gerçəkliyə çevrilib. Çoxcildliyi oxuduqca bu obyektiv reallığın, tarixi gerçəkliyin böyük miqyasları, bütöv mənzərəsi ilə qarşılaşırsan, Prezident İlham Əliyevin müstəqil Azərbaycan naminə fədakar, fenomenal fəaliyyətinin balanslaşdırılmış, bitkin, davamlı taktika və strategiyasına şahid olursan, vətən qarşısında böyük vətəndaşın layiqli xidmətləri önündə minnətdarlıq duyğularıyla baş əyirsən.

***

Azərbaycan xalqının, min illəri əhatə edən müxtəlif adlı Azərbaycan dövlətlərinin tarixi paytaxt şəhərləri çox olub. Bir vaxtlar Təbrizə, Qəbələyə, Bərdəyə, Naxçıvana, Gəncəyə, Şamaxıya, Qəzvinə, Bakıya... başqa neçə-neçə ulu yurd yerlərinə paytaxtım, baş kəndim deyib xalqımız, dövlətimiz. Ruhumuzun səmalarında, duyğularımızın dolaylarında bu ana şəhərlərimizin nəfəsini duyuruq, böyük tarixdən danışan səslərini eşidirik. Sovet imperiyasının "formaca milli, məzmunca sosialist" paradokslarıyla, min bir hiylə, məkrlə gözdən saldığı böyük Azərbaycan hökmdarlarının xalqın qüdrətilə tikib yaratdığı bu paytaxt şəhərlər millətin maddiləşmiş varlığıdır, ümummilli yaradıcılıq, quruculuq potensialının ortaya qoyduğu abidə-həqiqətlərdir... O da həqiqətdir ki, çağdaş paytaxtımız Bakı üç min illik tarixində heç vaxt indiki yüksək kəmiyyət və keyfiyyətdə tikilməyib, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməyib...

Bu duyğularla Bakının səmalarına yol açan əzəmətli körpülərlə irəliləyirəm. Bakının tarixi üç alov rəmzini simvollaşdıran unikal Alov qüllələrinə, möhtəşəm Heydər Əliyev Mərkəzinə, müasir memarlığımızın şah əsərlərindən biri olan Dövlət Bayrağı Meydanına baxıram, son illərdə ucaldılan bənzərsiz memarlıq və heykəltəraşlıq abidələrini düşünürəm. Dövlət Bayrağı Meydanından canlı yayımın ssenarisini yazarkən rastlaşdığım qeyri-adi bir faktı, rəqəmi xatırlayıram: Bu əzəmətli memarlıq kompleksinin tikintisində Azərbaycanın bütün bölgələrindən, əksər çay yataqlarından toplanan 28 milyon daşdan istifadə olunub. 1918-ci ilin 28 mayında Azərbaycanın İstiqlal bəyannaməsi elan olunmuş və müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin tarix yolu başlanmışdı; bu unudulmaz tarixi, Respublika gününü - 28 Mayı simvollaşdıran 28 milyon daş Azərbaycanın Dövlət Bayrağı Meydanına, müqəddəs üçrəngli, Ay-ulduzlu bayrağımızın əbədi və enməz ucalığına çiyin verib!

O 28 milyon daşın yanındaca "Daş salnamə" muzey-kompleksi Azərbaycanın zəngin daş yaddaşından soraq verir. Qəfildən dahi Azərbaycan memarı Məhəmməd Yusif Təbrizinin 600 il əvvəl daşa həkk olunan səsini-sözünü eşidirəm. Ustad memar altı əsr əvvəl Şəhrisəbzdə ucaltdığı Ağsarayın kitabəsinə bu sözləri, bu məğrur, qalib cümləni həkk etmişdi: "Bizim gücümüzə və böyüklüyümüzə şübhə edirsənsə, ucaltdığımız binalara bax". Və mən azad, müstəqil dövlətimin qısa vaxtda ucaltdığı möhtəşəm, monumental güc və böyüklük abidələrinə baxa-baxa o daşa dönmüş susqun həqiqəti dönə-dönə xatırlayıram, Azərbaycan ucalığına çiyin verən 28 milyon Vətən daşının əbədi birliyini, bütövlüyünü düşünürəm...

Mən Bakının son illərdə ucaldılan möcüzəli memarlıq abidələrinə, paytaxtın bir sıra nəqliyyat problemlərini həll edən nəhəng yol ötürücülərinə, keçid qovşaqlarına sıravi binalar, körpülər, yəni təkcə maddi tikinti-quruculuq işləri kimi baxa bilmirəm; bunlar azad dövlətçiliyə malik olan xalqın qısa bir vaxtda necə möhtəşəm işlər görə biləcəyinin sübutları, tarixi faktlarıdır; bunlar müstəqilliyin möcüzəli məhsulu, zaman körpülərində azadlığın addımlarıdır.

Əzəmətli Bakı körpülərilə irəliləyirəm, "möcüzəli məhsul", "zaman körpülərində azadlığın addımları" ifadələrinin romantikası, fəlsəfəsi çəkib aparır;  Azərbaycan xalqının etnopsixologiyasında son 250 ilin faciəli parçalanmalar, bütöv, vahid dövlətçiliyin itirilməsi dövründə özünə yer tapan natamamlıq sindromu, inamsızlıq kompleksi düşündürür məni.

Tarixi islahatlara cəhd edən Nadir şah Əfşarın ölümüylə Azərbaycan dövlətinin süqut etməsi, xanlıqlara, tayfa birliklərinə parçalanması, daha sonra imperiyaların müharibələr meydanına, iştah poliqonuna dönməsi, on illər, yüz illər boyu uzanan qətl və qarətlər, xalqın ürəyinə, ruhuna dış atan vəhşi təcavüzlər, iblisanə assimilyasiya tor-tələləri... nəhayət ki, ümummilli etnopsixologiyada həmin natamamlıq sindromuna, inamsızlıq kompleksinə rəvac vermişdi, faciəli fəsadlara yol açmışdı. Xalq ruhunun ana çöllərini bu yad alaqlardan təmizləmək üçün böyük oğullar böyük işlər görürdülər; Həsən bəy Zərdabi "Əkinçi" qəzetini yaradırdı, Mirzə Fətəli Axundzadə fəlsəfi "Traktat"ını, məşhur komediyalarını yazırdı, Mirzə Ələkbər Sabir "Fəxriyyə" şeiri, bütöv "Hophopnamə" ilə qiyam qaldırırdı, Mirzə Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin"lə "Sizi deyib gəlmişəm" - deyə qaranlıq ürəklərin bağlı qapılarını döyürdü, "Dəli yığıncağı", "Anamın kitabı", "Ölülər" faciələriylə ümummilli düşüncənin tragik yollarında addımlayırdı, dərd çəkirdi...

Bu məqamda dahi dövlət və siyasət xadimi Heydər Əliyevin ötən əsrin 70-ci illərində silsilə yubileylər, başqa uğurlu tədbirlərlə xalqın unutdurulan tarixi yaddaşının bərpa olunmasına necə fədakarlıqla can atdığını, ümummilli etnopsixologiyadakı natamamlıq sindromunun, inamsızlıq kompleksinin aradan qaldırılması üçün necə müdrik, uzaqgörən strateji gedişlər etdiyini dərin minnətdarlıq hissilə bir daha xatırlayıram. Onu da xatırlayıram ki, H.Əliyev "Ən çox sevdiyiniz jurnal?" sualına "Molla Nəsrəddin" cavabını vermişdi.

Mən Heydər Əliyev haqqında iyirmidən artıq sənədli filmin ssenari müəllifi və redaktoru olmuşam, onun həyatının, xilaskar fəaliyyətinin bütöv mənzərəsini, müxtəlif məqamlarını xırda detallarına, ilk baxışda görünməz incəliklərinə qədər izləmişəm və tam səmimiyyətlə deyirəm ki, bu fenomenin öz xalqı üçün etdiklərinin böyük miqyasları hələ layiqincə və lazımınca dərk və təhlil edilməyib.

"İnkişaf - məqsədimizdir" çoxcildliyi ilə tanış olduqca, ürək söhbətinə qoşulduqca, yüz illərin tragik ayrılığından sonra müstəqilliyinə, müstəqil dövlətinə və dövlətçiliyinə qovuşan xalqımın dinc quruculuq dühasına, tikib-yaratmaq eşqinə, misilsiz yaradıcılıq möcüzəsinə heyran oluram. Qəlbimdən gələn bir səs deyir ki, xalqın etnopsixologiyasında ara-sıra özünü göstərən natamamlıq sindromunu, inamsızlıq kompleksini məhz belə böyük quruculuq eşqiylə, tarixi işlər, gerçəkləşən böyük əməllərlə müalicə etmək, aradan qaldırmaq olar.

(Yeri gəlmişkən onu da deyim ki, bu böyük, tarixi işlərin bütöv mənzərəsini, miqyaslarını konseptual əsasda görmək və göstərmək, təsvir və təqdim etmək üçün "İnkişaf - məqsədimizdir" çoxcildliyinin taktiki-strateji hədəfləri, milli-ideoloji istiqamətləri, xüsusən, ilkin mənbə olaraq həmin nəşrin ən dəqiq informativ, intellektual bazasında yüksək estetik səviyyəli, çağdaş standartlarla səsləşən novator ruhlu sənədli teleseriala ehtiyac duyuram. - S.E.)

Azərbaycan Televiziyasındakı işimlə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin genişmiqyaslı fəaliyyətini, xüsusilə, bölgələrimizə səfərlərini, xalq kütlələriylə görüşlərini daim izləyirəm. Hər dəfə cənab Prezidentin xalqı özünə, öz böyüklüyünə inandırmağa çalışdığının, Azərbaycanın tarixi dövlətçilik yaddaşını səfərbər etməyə can atdığının şahidi olmuşam. Son illər Bakıda tikilən körpülərin birinin açılışında "Biz qısa vaxtda bunu tikə, yarada bildik; biz daha böyük işlərə qadirik" - dedi. Onun çıxışlarına qulaq asanda, bu çıxışların dəmir məntiqiylə, yaradıcı fəlsəfəsiylə səfərbər olanda insan ruhən yüngülləşir, özünə, öz xalqına, öz dövlətinə daha çox inanır;  insan inanır ki, xalqının, dövlətinin getdiyi düz yoldur, murada qovuşacaq, mənzil başına çatacaq yoldur. Rəhbərlə Xalqın belə bütöv inam yolunda, real əməllər körpüsündə birləşməsi dövlətin xoşbəxtliyidir. Qədim bir inam var: Müdriklik çox şey bilmək deyil, lazım olanları bilməkdir (Esxil). Bu, müdrikliyin əsas mahiyyətidir, təməl prinsipidir.

"İnkişaf - məqsədimizdir" çoxcildliyini oxuduqca görür və bir daha əmin olursan ki, İlham Əliyev Prezident fəaliyyətində bu əsas mahiyyəti, bu təməl prinsipi bütünlüklə doğruldur. O, öz xalqına, dövlətinə lazım olanları dəqiqliklə bilən və bildiyi üçün qətiyyətli, realist, praqmatik addımlar atan, real iş görməyi bacaran və gördüyü qlobal işlərlə qalib gələn müasir tipli dövlət başçısıdır. O, Heydər Əliyev universitetinin ən layiqli məzunu, Heydər Əliyevin bütünlüklə Azərbaycançılığı ehtiva edən bütöv ideyalar sisteminin ən sədaqətli daşıyıcısı və davamçısıdır.

Bu duyğular, düşüncələrlə 600 il əvvəl daşa həkk olunan məğrur, qalib səsi yenidən eşidirəm: "Bizim gücümüzə və böyüklüyümüzə şübhə edirsənsə, ucaltdığımız binalara bax". Və bu qədim qüdrətin, əyilməz qətiyyətin yanındaca böyük bir fərəh, dərin bir məmnunluq hissilə deyirəm: Müstəqil Azərbaycan dövlətinin bu günü və gələcəyinə inanmayanlar Bakıda, bütün respublikada cəmi son on beş ildə tikilən nəhəng, əzəmətli körpülərə, möhtəşəm memarlıq komplekslərinə, əzəmətli idman saraylarına, Olimpiya qurğularına, Bakı-Tbilisi-Ceyhan kimi əsrin tikintilərinə, Taxtakörpü kimi qeyri-adi su anbarlarına, kosmosu fəth edən fateh peyklərimizə baxsınlar. Bunlar adi körpülər, saraylar, peyklər, ixrac kəmərləri, su anbarları, memarlıq abidələri deyil, bizdən xəbərsiz qəlbimizdə, ruhumuzda iş görən, qədim dövlətçilik yaddaşını oyadan, səfərbər edən, bir qədər rəmzi desəm, çağdaş dövlət müstəqilliyimizin möhtəşəm modelləridir. Bunlar xalqın əsrlər boyu ürəyində doğulan, bəzən real isə, əmələ çevrilməyən misilsiz, qadir və qalib gücünün, qüdrətli potensial imkanlarının, qurub-yaratmaq eşqinin vulkan kimi püskürən, azadlıq, özgürlük simvolu kimi ucalan zirvə həqiqətləridir.

O zirvə həqiqətləriylə üz-üzə "İnkişaf - məqsədimizdir" çoxcildliyinin əllinci kitabından, Prezident İlham Əliyevin Bakıda xalq qəhrəmanı Koroğlunun abidəsinin açılış mərasimindəki nitqindən bir neçə abzası xatırlatmaq istəyirəm:

"Koroğlu bizim xalq qəhrəmanımızdır. Koroğlu vətənpərvərlik, igidlik rəmzidir. Bütün dövrlərdə Koroğlunun xalq qarşısında etdiyi xidmətlər Azərbaycan xalqının xatirəsində yaşamışdır və bu gün də yaşayır.

...Ölkəmizin müxtəlif şəhərlərində Koroğlunun abidələri ucaldılmışdır. Ancaq Bakıda Koroğlunun abidəsi yox idi və bu boşluğu biz indi aradan qaldırdıq. Mən 2009-cu ildə Bakıda Koroğlunun abidəsinin ucaldılması haqqında müvafiq sərəncam imzalamışam. Bizim istedadlı heykəltəraşımız Tokay Məmmədov gözəl və əzəmətli əsər yaratmışdır. Koroğlu abidəsi üçün müvafiq yerin seçilməsi prosesi başlanmışdı. Mən çox istəyirdim ki, şəhərimizin gözəl yerində gözəl, əzəmətli abidə ucaldılsın və bu gün biz bu tarixi hadisənin şahidiyik.

Gənc nəslin tərbiyə edilməsində "Koroğlu" dastanı çox mühüm bir vasitədir. Gənc nəslimiz vətənpərvərlik ruhunda böyüməli, tərbiyə almalıdır. Müstəqil Azərbaycanın vətəndaşları öz Vətənini, xalqını sevməlidirlər. Koroğlu xalq içərisindən çıxmış, xalq üçün yaşamış gözəl insan, böyük sərkərdə, eyni zamanda istedadlı insan idi - həm şair, həm aşıq idi. Koroğlu abidəsinin ucaldılması bir tərəfdən tarixi ədaləti əks etdirir, digər tərəfdən də Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu əyani şəkildə göstərir.

Biz öz dahi şəxsiyyətlərimizin xatirəsinə böyük hörmətlə yanaşırıq. Təkcə keçən il Bakıda görkəmli şəxsiyyətlərin - Zivərbəy Əhmədbəyovun, Fikrət Əmirovun abidəsi ucaldılmışdır. Bu gün biz Koroğlunun abidəsinin açılışını qeyd edirik. Yaxın gələcəkdə Bakıda, şəhərimizin gözəl yerlərində Babəkin, Qara Qarayevin, Bülbülün abidələri ucaldılacaqdır. Artıq müvafiq göstərişlər verilmişdir.

Sovet dövründə də ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə xalqımızın görkəmli şəxsiyyətlərinin şərəfinə abidələr ucaldılmışdır. Bu gün bu siyasət davam etdirilir. Bu abidələr bir daha onu göstərir ki, Azərbaycan xalqı nə qədər böyük, nə qədər istedadlı xalqdır, bizim nə qədər döyük tarixi şəxsiyyətlərimiz olubdur".

Mətnin ruhundakı sadəlik, səmimiyyət, sosial-mədəni, elmi-publisistik fikir aydınlığı, tarix və bu gün miqyasında siyasi-ideoloji konseptuallıq, məqsəd, məram aşkarlığı, əsas hədəflərin ön plana, sanki böyüdücü şüşə altına gətirilməsi, dönə-dönə vurğulanması, nitqin ümumi mənzərəsində məntiqi ardıcıllıqla əsas qayənin davam və inkişafı göz qabağındadır; bu, Azərbaycan xalqının milli-mənəvi zənginliyini, qüdrətli yaradıcı ruhunu, tarixi yaddaş enerjisini, böyük və istedadlı xalq olmasını əsaslı arqumentlərlə vurğulayan, saf bir sevgiylə diktə və təlqin edən, nəticə etibarilə kütlədə xalq, xalqda millət oyadan mətndir; bu, Prezidentin bütün çıxışlarında müşahidə olunan, diqqəti cəlb edən, böyük intellekt və istedadın, həqiqi Azərbaycan sevgisinin ortaya qoyduğu strateji bir xətt, xilaskar bir yanaşmadır. (Yeri gəlmişkən, Prezidentin zəngin nitq mədəniyyətinin, "İnkişaf - məqsədimizdir" çoxcildliyindəki mətnlərin, xüsusilə, dilçi alimlərimiz, filosoflarımız tərəfindən sistemli, fundamental elmi tədqiqatlara cəlb olunmasının aktuallığını qeyd etməyi özümə borc bilirəm - S.E.)

Təxminən, 2500 il əvvəl dahi Çin filosofu Konfutsi deyirdi ki, bir ilə məhsul götürmək istəyirsənsə çəltik ək, beş ilə məhsul götürmək istəyirsənsə ağac ək, bağ sal, əbədi məhsul götürmək istəyirsənsə insan yetişdir. "İnkişaf - məqsədimizdir" çoxcildliyində bütöv sistem halında oxunan çıxışların - mətnlərin ümumi mənzərəsində insan - əbədi məhsul yetişdirmək xəttinin konseptual, strateji istiqamət kimi addım-addım irəlilədiyinə, cəsarətli, qətiyyətli bir ümid, inamla davam və inkişaf etdirildiyinə şahid olursan. Bu, dövlətin xalqa verə biləcəyi ən böyük, əbədi xeyirdir.

"Nəsimi" filmindən maraqlı bir məqam yadıma düşür: Əmir Teymur öz mirzə-tarixçisinə deyir: "Necə deyirəmsə, elə yaz, bəzək-düzəksiz".  Bəli, bu həqiqətdir ki, böyük işlər görən, epoxal uğurlara imza atan hökmdarların, dövlət başçılarının ucuz mədhnamələrə, kosmetik bəzək-düzəkli təriflərə ehtiyacı olmur; böyük işlərin reallığa çevrilmə texnologiyalarını, tarixi uğurların yaradılış anatomiyasını, uğur düsturunu, fəlsəfəsini açıb göstərmək kifayətdir.

Müasir, müstəqil Azərbaycan dövlətinin uğur düsturu haqqında danışdığım çoxcildliyin adında çox yığcam şəkildə formulə edilib, ehtiva olunub: "İnkişaf - məqsədimizdir". Deyə bilərlər ki, inkişaf hər bir dövlətin arzusu, məqsədidir. Məsələ ondadır ki, tarixən bədnam sülh müqavilələriylə parçalanmış, müasir dövrdə qədim torpaqları - Qarabağ və ətraf bölgələri işğal olunmuş çağdaş Azərbaycan reallığında inkişafın xilaskarlıq missiyası ön plana çıxır; bütöv, azad, demokratik dövlət təməlçiliyi, milli özgürlük, əbədi və dönməz müstəqillik inkişafın əsas hədəfinə, taleyüklü strateji xəttinə çevrilir; inkişaf, təxminən, son iki yüz əlli ilin gizli-aşkar, yaxın-uzaq imperiya tələ-təzyiqləri, iblisanə assimilyasiya hücumları ilə yaradılan ruhi-milli sınıqlığı, özünəinamsızlıq kompleksini, kiçik qardaşlıq, kiçiklik sindromunu dağıdır, ümummilli yaddaşa vurulan tarixi yaraları sağaldır, xalqın etnogenetik potensial imkanlarını, milli-mənəvi böyüklük və bütövlüyünü bərpa və səfərbər edir; inkişaf həm də "Maddi kapitaldan mənəvi kapitala" konsepsiyasının, Azərbaycançılıq ideologiyasının tam gerçəkləşməsinə həlledici təkan verir, münbit zəmin, sosial-iqtisadi-siyasi baza, əlverişli şərait yaradır; nəticə etibarilə inkişaf qədim və qüdrətli tarixə söykənən 236 illik Azərbaycan Səfəvilər dövlətinin, kiçik zaman müddətində böyük işlər görən Azərbaycan Əfşarlar dövlətinin, daha sonra Azərbaycan Xalq Cümhuriyyətinin sınan, sındırılan azadlıq yolunu, möhtəşəm mədəniyyət marafonunu restavrasiya edir, tarixi Azərbaycan gerçəkliyini müasir Azərbaycana qaytarır, regionda Azərbaycanın ənənəvi liderlik haqqını bütün dünyaya yenidən təsdiq və etiraf etdirir. Bütün bunlara, digər çoxsaylı nüanslara görə, deyə bilərik ki, "İnkişaf - məqsədimizdir" müasir, müstəqil Azərbaycanın əsas uğur düsturudur. Prezident İlham Əliyev qədim tarixli yeni Azərbaycan dövlətinin tale kitabı, daha doğrusu, kitablar silsiləsi olan möhtəşəm çoxcildliyə həmin adı verməklə ümummilli strateji hədəfləri bir daha dəqiqləşdirir, xalqı xilaskar səfərbərliklə inkişafın, intibahın daha uca zirvələrinə, daha böyük uğurlara doğru istiqamətləndirir.  Bu, doğma xalq, vətən, müstəqil, əbədi Azərbaycan naminə müdrik, uzaqgörən, fədakar, fenomenal mübarizə və qələbələr xəttidir.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!