Birinci yazı: http://edebiyyatqazeti.az/news/diger/3128-imadeddin-nesimi-dusuncelerinin-serhine-giris-olaraq
İkinci yazı
Hüviyyət nədir?
Nominalizmin əldə etdiyi nəticələrdən biri də fərdlərin təhqir olunması, onlarda stress, iztirab və pərişanlıq hisslərinin yaranması idi. Nominalizm insanlarda elə təəssürat yaratdı ki, guya ilahi qanunlar heç də mütləq, qəti və konkret qanunlar deyildir. Həmçinin yaşadığımız bu dünya heç bir ilahi qayda-qanunlarla idarə edilmir. Ona görə də insanların bel bağlayacağı, ona söykənəcəyi heç bir məbdə və məqsəd yoxdur. Biz nominalizm nəzəriyyəsinə inansaq, o zaman olduqca ümidsiz insanlara çevrilərik. Hansı ki, yaşadığı dünyanın nə hadisələrindən xəbəri, nə də həmin hadisələrin kontrol olunmasında rolu vardır. Nominalizmin bizlərə təsvir elədiyi dünya olduqca qorxulu və sürüşkən dünyadır. Bu qorxulu dünyanın "Allahı" heç bir fəlsəfə və qanuna bağlı deyildir deyə, rəhman və rəhim də ola bilməz. Bu qorxulu "Allah" heç bir əxlaq qaydasına tabe deyildir deyə, bizim dünyadaki yer və səviyyəmiz heç də ilahi əxlaq çərçivəsində qorunmur. Nominalizmin "Allah"ı, insanların məhbubu deyil, onların qorxduğu və çəkindiyi nöqtə və mərkəzdir. Bu məsələ isə istər fəlsəfi, istərsə də ictimai nöqteyi-nəzərdən xoşagəlməz nəticələrə gətirib çıxartdı. Dini inanclarla köklənən ictimaiyyət də təbii olaraq ölüm və "Allah" qorxusundan əziyyət çəkdiyi üçün həmin nəticələrlə bir növ razılaşdı. İnsanlar bir tərəfdən ölüm, digər tərəfdən isə "Allah" vasitəsilə qorxudulur. Ancaq bu qorxunu təbliğ edənlər başa düşmürlər ki, insanlarda yaratdıqları qorxuların həcmi və dərinliyi artdıqca əks təsir edə bilər. Həmin dövr Avropada da eyni hadisələr baş verdi. Avropa cəmiyyəti camiədə yaranan qorxunun əleyhinə üsyana qalxdılar. İqtidarın camiədə əsasını qoyduğu siyasi qorxu, din təbliğatçılarının yaratdığı "ilahi" qorxu ilə bərabər cəmiyyəti tamamilə hərəkətsiz su kimi iyləndirmişdi. Həmin dövrün yazılarına əsasən deyə bilərəm ki, o dövrün insanları qorxmuş, pessimist, qeyri-aktiv insanlar idilar. Hansı ki, evlərinin küncünə sığınmaqdan, camiədən uzaqlaşmaqdan başqa çarələri yox idi. Onlar elə bir camiədə yaşayırdılar ki, nə ruhi və sosial əmniyyətdən əsər-əlamət, nə də təhlükələr müqabilində sığına biləcəyi "Allah"ları var idi. Nominalizmin yaratdığı insan pənahsız insan idi və onların qorxularına mərhəm ola biləcək heç bir fəlsəfi təfəkkür və nəzəriyyə də mövcud deyildi. Möminlərin təhlükə zamanı pənah apara biləcəyi mərkəz Allahın ağuşudur. Ancaq cəmiyyətdə Allahın heç bir qayda-qanuna uyğun olmadığı təbliğ olunanda insanlarda Allaha pənah aparmağın heç bir mənası qalmır.
İnsanlara verilə biləcək ən böyük əzab məhz pənahsızlıq və kimsəsizlikdir. İnsanlar bu kimsəsizliyi aradan qaldırmaqdan ötrü həm o vaxt iqtidarların, həm də dini inancların əleyhinə üsyanlar etdilər. İctimaiyyətdə əldə edə bilmədikləri əmniyyət və təhlükəsizliyi öz daxillərində yaratmağa çalışdılar. Humanizm, ya insanmərkəz düşüncələrin müasir formada yaranması da elə o zamana təsadüf edir. "Hüviyyət" hissi, ya "self-assertion" ictimai qorxu və təhlükələrin əleyhinə edilən üsyanın sonda əldə etdiyi nəticələr idi. Fərdlər həm "Allah", həm də ictimai qorxulardan özünümüdafiə sistemini "hüviyyət" hissi, ya "self-assertion" əsasında qurdular. Özünü müxtəlif vasitələrlə büruzə vermək, öz istedadlarını kəşf etmək, öz yer və səviyyəsini təyin etmək kimi çabalar insanlarda şiddətləndi və elmi-texniki inkişaflar baş verdi. Onlar həm öz hüviyyət ya kimliklərini tanıya, həm də tanıtmaq istəyirdilər. Başqa fərdlərlə dialoqa girdikdə onların əmr və istəklərinə təslim olmurdular. Əksinə özlərini onlara sübut etməyə, öz fikirlərini bəyan etməyə çalışırdılar. Qarşı tərəfin fikir və sözü ilə razılaşmamaq fərdin öz fikir və hüviyyətinə verdiyi dəyərin göstəricisidir. Bu, həmin dövr insanının özünə "öz" yaratdığı, şəxsiyyət bağışladığı dönəm idi.
Dünyada baş verən bir çox qarşıdurmaların növü "ibrazi hüviyyət", ya "mən də bir şəxsiyyət kimi varam" düşüncələrinin növündəndir. İstər ailədə, istər camiədə, istər də iki ölkə arasında baş verən insidentlərin böyük əksəriyyəti "ibrazi hüviyyət" insidentləridirlər. Hitler, Musulini, İşid, Taliban və b. kimi fərd və qruplaşmaların hamısı həmin "hüviyyət" axtarışında olanlardılar. Mahiyyət etibarilə başa düşürük ki, bütün bu insidentlər bir fərd ya qrupun digər fərd ya qrupu görməzdən gəlməsi, əhəmiyyət verməməsi və hətta məhvinə çalışdığına görə baş verir. Hansı ki, özünü təhqir edilmiş hesab edən tərəfi məcbur edir ki, özünü müdafiəyə qalxa, digər tərəfi tənbeh etməyə çaba sərf etsin. Ona görə də bəzən fərdlərin digərlərinə etdiyi "ibrazi hüviyyət"ləri yanlış istiqamətdə irəliləyə bilir. Ola bilər ki, hansısa bir fərd oğurluq, cinayət, hətta qətllər törətməklə özünü göstərməyə çalışsın. Unutmayaq ki, psixoloji olaraq uğurluq və bütün cinayətlərin kökündə bir növ "ibrazi hüviyyət" vardır. Digərlərinin diqqətini özünə tərəf cəlb etmək, özünü müzakirə mövzusuna çevirmək cəhdləri "ibrazi hüviyyət"ə görədir. Məsələ burasındadır ki, sağlam tərbiyə və təlimə sahib olmayan cəmiyyətlərdə "ibrazi hüviyyət" çabaları əksər hallarda cinayət xarakterli olur. Yəni insanlar "öz"lərini qeyri-sağlam yollarla cəmiyyətə təqdim və ictimai harmoniyanı pozurlar.
Unutmayaq ki, fəlsəfi nöqteyi-nəzərdən hər dinin iki cəhəti vardır. Biri hüviyyət, digəri isə mərifətdir. Biri insanlara onların kim olduqlarını, digəri isə onlara düşüncə və təfəkkür bağışlayır. Birinin çəkisinin çoxalması, digərinin zəifləməsinə səbəb olur ki, bu da camiədə aritmiya yaradan ən mühüm amillərdəndir. Mərifətin hüviyyətə qalib gəlməsi təsəvvüfə və hüviyyətin mərifətə qalib gəlməsi isə İŞİD, PKK, erməni daşnakları kimi terror təşkilatlarının yaranmasına qədər gedib çıxa bilər.
Niyə modernizm Şərqdə
Qərb kimi inkişaf etmədi?
Avropa intibahından sonra Qərbdə hüviyyət axtarışı və kimlik uğrunda tədqiq, təhqiq və mübarizələr başladı. Əsrlər boyu siyasi diktaturaların çəkmələri altında, teokratiyanın yaratdığı zalim "Allah"ın qılıncının qəhərində əzilən xalqlar oyanmağa başladılar. Təbiətin taun, vəba və s. kimi kütləvi xəstəliklərindən əziyyət çəkən xalqlar "self-assertion", ya "özünü büruzə vermək", "özünü tədqiq etmək" vasitəsilə nicat tapmağa çalışdılar. "Self-assertion" də öz arxasınca humanizmin əsasını qoydu. Humanizm isə texnologiyanın yaranmasına səbəb oldu. "Self-assertion" sübut etdi ki, "öz"ünə güvənən, "öz"ünə söykənən insan daha bərəkətli və xoşbəxtdir. Əslində, belə demək olar ki, insan onu zəif sayan, təhqir etmiş göydəki qorxulu "Allah"ın yerinə özünün istedad və bacarıqlarını qoydu ki, bu da olduqca vacib məsələdir. İnsan "Allahlıq" iddiası edərək xaliq olmağa, xəllaqiyyət göstərməyə çalışdı. Humanizm Şərqdə, xüsusilə də Azərbaycan Qələndərlik Məktəbində özünü "ənəlhaqq" kimi göstərsə də, həmin düşüncə praktik və əməli bir sistem şəklində camiədə tətbiq oluna bilmədi. "Ənəlhəqq"in ictimai mexanizmi tədvin oluna bilmədi deyə, ictimailəşə bilmədi. Bizim "ənəlhəqq"imiz bizə nə elm, nə texnologiya, nə self-assertion, nə də ictimai harmoniya gətirmədi.
"Qərb xoşbəxt deyil", "Qərbdə ailə anlayışı dağılıb", "Şərq Qərbdən daha yaxşıdır" sözlərinə tez-tez rast gəlsək də, həqiqət budur ki, həm Qərb və həm də Şərq öz keçdikləri tarixi yol və hadisələrin məhsuludur. Biz qət elədiyimiz həyat tariximizdə nə fəlsəfi, nə elmi, nə də ictimai baxımdan böyük inkişafların şahidi olmuruq. Digər tərəfdən isə təriqət və məzhəb əsasında qurulmuş müharibələrin sayı da günü-gündən çoxalmaqdadır. Şərqdə "Allahmərkəz" düşüncə yerini humanizmə verməkdənsə, ifrat "ibrazi hüviyyətə" verdi ki, dini inancları nasionalist (milli) düşüncələrə birləşdirərək xüsusilə də orta şərqi böyük bir müharibə meydanına çevirdi. Şərqin "Allahmərkəzlik" müqabilində edə bildiyi ən böyük üsyan təriqətçiliyin yaranması idi. Doğrudur ki, xalqların millət kimi formalaşmasında milli düşüncələrin əhəmiyyətli rolu vardır. Ancaq məsələ burasındadır ki, qeyri-sağlam cəmiyyətin qeyri-sağlam düşüncə əsasında milliləşməsi olduqca təhlükəlidir. Yəni ümumbəşəri dəyərlərə sahib olmayan, insani dəyərlər əsasında qurulmayan cəmiyyətlərin milliləşməsi digər cəmiyyətlər üçün təhlükəlidir. Bu təhlükəli mənzərəyə Şərqin müxtəlif guşələrində şahid ola bilərik.
Qeyd etdik ki, istər Şərq, istər də Qərb cəmiyyətləri öz tarixlərinin məhsuludur. Tarix səhifələrini vərəqlədikcə, görürük ki, keçmişdə Şərq və Qərb dünyasının fəlsəfi və dini nöqteyi-nəzərdən bir çox oxşarlıqları var idi. Avropa intibahından öncəyə qədər Şərq və Qərb təxminən eyni nöqtədə idilər. Ancaq birdən-birə nə oldusa, bu iki qütbün yolları bir-birindən xeyli ayrıldı. Şərq və Qərb elə ziddiyyətli yollara daxil oldular ki, iki əks qütb kimi az qala qarşı-qarşıya dayandılar. Bu iki qütbün ümumi mənzərəsinə baxdıqda onların nə dərəcədə bir-birindən fərqləndiyini müşahidə edə bilirik. Qərbin insanmərkəz və Şərqin Allahmərkəz olmasına səbəb oldu ki, onların dünyaya olan baxışları ciddi şəkildə fərqləndi. Qərbin ictimai, dini, şəri, siyasi və hətta insanı dəyərlərə olan münasibəti Şərq insanının qəbul edə bilməyəcəyi yerdədir. Eyni zamanda bəzən Şərq insanlarında belə təsəvvür yarana bilir ki, Qərb, Şərqin dəyər hesab etdiyi mərkəzlərdən uzaqlaşıbdır deyə, heç də xoşbəxt deyildir. Şərqi, mahiyyət və Qərbi məcaz kimi məna edənlərin sayı da az deyildir. Qərb Şərqi geriyə qalmışlıqla, Şərq isə Qərbi Allahsızlıqla suçladı. Ancaq sual oluna bilər ki: Şərqin "Allahlı" olması və Qərbin "Allahsız" olması onlara nə verdi? Və ya Şərq ilə Qərbin bir-birindən bu qədər uzaqlaşmasının səbəbi nə idi?
Həqiqət budur ki, həm Şərq, həm də Qərb dinlərin yaratdığı qorxulu dönəmi təcrübə ediblər. Qərbdə nominalizm və Şərqdə "Əşəriyyət" düşüncəsi hər iki cəmiyyəti eyni qorxulu "Allahın" qarşısına çıxardılar. İmam Məhəmməd Qəzzali Şərqin tanınmış filosoflarından idi ki, həmin qaranlıq dönəmi öz düşüncələrində tamamilə əks etdirmişdir. Qəzzali o dönəmin tənha və pənahsız bir insan, ya mütəfəkkirinin nümunəsidir. Hansı ki, "Allahı" heç bir əxlaq qayda-qanununa bağlı olmayan varlıq kimi təsəvvür edirdi. O inanırdı ki, "Allah" istədiyi məqamda istədiyi cəzanı hər bir fərdə verə bilər və bu əməlin qarşısında da heç bir məsuliyyət daşımır. Ona görə də bütün həyatı boyu həmin qorxulu "Allahın" təslimi və bəndəsi kimi yaşadı. Qəzzali "Allahının" qarşısında tam iflic vəziyyətdə idi. Təbiidir ki, belə bir "Allah"ın mövcud olduğu bir yerdə xoşbəxt və azad yaşamaq mümkün deyildir. İxtiyar və iradəsini öz Allahına təslim etmiş hansısa bir fərd bu növ həyat tərzi ilə barışa bilsə də, heç bir cəmiyyət və tarix o növ həyat ilə razılaşa bilməz. Qorxular, xüsusilə də ictimai qorxular mədəniyyətlərin inkişafı yolunda böyük əngəllər törədirlər. Ona görə də cəmiyyət ya Avropada baş verdiyi kimi "Allah"ı bir kənara qoyub yerinə "öz"ünü qoymalıdır, ya da şərq kimi "öz"ünü "Allah"ı qarşısında tamamilə unutmalıdır, ya da üçüncü bir çıxış yolu axtarmalıdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!