Analitik təfəkkür sahibi filoloq alimlərimizdən söz düşəndə göz önünə ilk olaraq sadəliyi, təvazökarlığı, səmimiyyəti, dərin elmi biliyi ilə seçilən, incə yumoru, zarafatları ilə qəlbləri fəth edən Nizami Cəfərov gəlir.
Nizami Cəfərov o xoşbəxt taleli alimlərdəndir ki, Bakı Dövlət Universitetində tələbələrin "məhəbbət və hörmət obyekti, ümid istinadgahı" Mir Cəlal Paşayev, Muxtar Hüseynzadə, Abbas Zamanov, Əlövsət Abdullayev, Musa Adilov, Ağamusa Axundov, Tofiq Hacıyev, Təhsin Mütəllimov kimi müəllimlərdən mükəmməl dərs almış, görkəmli filoloq kimi yetişmişdir.
Onun istedadı lap gənclik illərindən özünü büruzə verirdi. Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirən kimi aspiranturaya daxil olur (1982-1985). Mən bu tarixi təsadüfi yazmıram. Gənc alim aspiranturanı bitirməmiş namizədlik dissertasiyası müdafiə edir. "Ədəbiyyat və incəsənət" qəzetində tənqid və ədəbiyyatşünaslıq şöbəsinə başçılıq edə-edə (1987-1991) doktorluq dissertasiyası üzərində işləyir və cəmisi altı il sonra 32 yaşında (1991) doktorluq müdafiə edir. Bu, onun böyük elmi potensialından xəbər verirdi. Nizamiyə qədər dilçilik elmi sahəsində 32 yaşında yalnız müəllimi Ağamusa Axundov müdafiə etmişdi.
Nizami müəllimin doktorluq müdafiəsi ərəfəsində baş verən ibrətamiz bir hadisəni yada salmaq istəyirəm. "Ədəbiyyat və incəsənət" qəzetinin baş redaktoru Nəriman Həsənzadə Nizaminin Kərkük bayatılarına həsr olunmuş məqaləsini rəy üçün mənə göndərmişdi. Müəyyən nöqsanlarını nəzərə alaraq məqaləyə mənfi rəy verdim. Məqalə çap olunmadı. Amma bunun müqabilində o, məndən incimədi. Əksinə, yeri düşəndə ürək genişliyi ilə deməyindən qalmadı ki: "O verdiyin rəylə mənə böyük yaxşılıq etdin, məni məsuliyyətə çəkdin...".
Vaxt keçdi. Mən Bakı Dövlət Universitetinin Qərbi Avropa dilləri kafedrasında professor, Nizami Cəfərov isə filologiya fakültəsində dekan işləyirdi. Universitetin böyük akt zalında 60 illik yubileyimdə Nizami müəllim geniş məruzə ilə çıxış etdi. Akademik Bəkir Nəbiyev, Yaşar Qarayev və Ə.Bəndəroğlu ilə haqqımda məqalə yazdı. Məqalə universitetin elmi xəbərlərində və Bağdadda çıxan "Sut əl ittihad" ("Birlik səsi") dərgisində çap olundu.
Bütün bunlar Nizami Cəfərovun ürək genişliyindən xəbər verirdi.
Nizami müəllim bu və bir çox başqa xüsusiyyətlərinə görə köhnə kişilərə bənzəyir. Yaradan Nizami Cəfərova həyatda heç nəynən alınmayan ağıl, dərrakə, təfəkkür, fitri istedad bəxş etmişdir.
Çox gənc ikən Azərbaycan Yazıçılarının qurultayında məruzə ilə çıxış etməsi, təmkini, uğurlarımız və uğursuzluqlarımız barədə məntiqi fikirləri ulu öndərimizin (ulu öndər yazıçıların bütün qurultaylarında fəal iştirak edirdi. Yaxşı yadımdadır, Moskvadan işdən çıxıb Bakıya qayıtmışdı. Yazıçıların Filarmoniyada keçirilən qurultayında iştirakı necə sevinclə, gurultulu alqışlarla qarşılandı. Mənsə fikirləşdim: "İlahi, görəsən çox yüksək vəzifədən çıxmış çoxmu adamı belə alqışlarla qarşılayırlar?!") diqqətini cəlb etmiş və bu onun gələcək taleyində müsbət rol oynamışdır. Hər şeydən əvvəl özünə inam yaratmışdı.
Nizami Cəfərov elm aləmində ən yüksək zirvəni fəth edib. Əməkdar elm xadimi, akademikdir. Millət vəkilidir. Türkiyə-Azərbaycan ədəbi, elmi, mədəni, siyasi əlaqələrinin flaqmanı "Atatürk Mərkəzi"nin yarandığı gündən onun rəhbəridir. İctimaiyyət arasında nüfuz sahibidir.
Xoşbəxtlikdən həyatın keşməkeşləri, vəzifə, şan-şöhrət onu filologiya elmimizə sonsuz məhəbbətdən, sədaqətlə xidmətdən yayındıra bilməmişdir. Dilçilik və ədəbiyyatşünaslıq elmimizi eyni dərəcədə dərindən bilməsi, fitri istedadı onu açıq-aşkar başqa alimlərimizdən xeyli dərəcədə fərqləndirir.
Danılmaz faktdır ki, o, ədəbiyyatşünaslıq elmimizə ən çox töhfə verən, ədəbi prosesin istiqamətlənməsində xidmətləri olan görkəmli dilçi alimimizdir. Maraqlıdır ki, o, namizədlik, az sonra doktorluq dissertasiyalarını dilçilikdən müdafiə etsə də, ilk mətbu əsəri - "Füzulidən Vaqifə qədər" (Yazıçı, 1991, 168 səh.) ədəbiyyatşünaslıqdan olmuşdur. Alimin Qədim dövr, Orta dövr, Yeni və Ən yeni dövrü əhatə edən fundamental 4 cildlik "Türk xalqları ədəbiyyatı" ("Çaşıoğlu", 2006-2007) əsəri hadisəyə çevrilmişdi.
Doğrudur, Nizami Cəfərovun müəllimləri - görkəmli dilçi alimlər, akademiklər Ağamusa Axundov və Tofiq Hacıyev, eləcə də professorlardan Yusif Seyidov, Kamal Abdulla, Qəzənfər Kazımov, Kamil Vəliyev, Buludxan Xəlilov və başqaları da ədəbi prosesin fəal iştirakçısı olmuşlar. Lakin akademik Nizami Cəfərova qədər dilçilik və ədəbiyyatşünaslıq elmimizə eyni dərəcədə ömür həsr edən, fundamental əsərlər ortaya qoyan ikinci bir dilçi alim təsəvvür etmək çətindir. Xüsusən də bu, son onillikdə özünü bariz şəkildə göstərir.
Dilçi kimi dil tarixindən (L.M.Qumilyovun əsərləri barədə sanballı məqalələri), ümumi dilçilikdən (Ferdinand de Sössürün əsərlərinin Azərbaycan dilinə tərcüməsi və s.), müasir dildən fundamental əsərlər yazıb. Ədəbiyyatşünaslıq sahəsində klassik ədəbiyyatdan: "Molla Pənah Vaqif" və "Səməd Mənsurun poeziyası" monoqrafiyaları, çağdaş ədəbiyyatımızdan "Elçin - Yazıçının yaradıcılıq yolu", "Afaq Məsud dünyası" və s. monoqrafiyaları, "Hüseynbala Mirələmovun yaradıcılığı və ya ədəbi tərcümeyi-halı" əsəri, eləcə də "Ədəbiyyat söhbətləri" məqalələr toplusu filoloq alimin ədəbiyyatşünaslıq elmimizə töhfəsidir.
Nizami Cəfərovun bu kitablarından əvvəl çap olunmuş 5 cildlik "Seçilmiş əsərləri" (2007) də oxucu və tədqiqatçıların stolüstü kitabına çevrilmişdir.
Onun yerinə başqa birisi olsaydı, bəlkə də, iddiası yerə-göyə sığmazdı. O isə səs-küysüz, aşıb-daşan yaradıcılıq enerjisi ilə qələm sahiblərini, tədqiqatçıları yazıb-yaratmağa sövq edir.
Nizami Cəfərovun yaradıcılığında fikir var, yeni ideyalar var, bir sözlə, öyrəniləsi çox şey var. Odur ki, mətbuatda çıxan yazılarını və bağışladığı kitablarını müntəzəm olaraq oxuyur və bəhrələnirik.
Nizami Cəfərovun həm bədii, həm də elmi publisistikası eyni dərəcədə güclüdür. Onun Mir Cəlal Paşayev, Ağamusa Axundov, Tofiq Hacıyev, Bəkir Nəbiyev, İsa Həbibbəyliyə həsr etdiyi əsərləri elmi publisistika üstündə köklənib. Manaf Süleymanov, Nəriman Həsənzadə, Zəlimxan Yaquba ithaf olunan məqalələri bədii publisistikanın gözəl nümunələridir. Ölkəmizin nüfuzlu ağsaqqalları - milli-mənəvi dəyərlərimiz Fəttah Heydərov, Xoşbəxt Yusifzadə, Qəmbər Şəmşiroğlu və başqalarına həsr etdiyi məqalələri yüksək elmi səviyyədə yazılmış örnək əsərlərdir.
Bu qədər ciddi və sanballı əsərlər yazan, analitik təfəkkür sahibi Nizami Cəfərov çox zarafatcıl adamdır. Onun yanında vaxtın necə keçdiyini duymursan. Qəribədir ki, zarafatlarına da elmi çalar verə bilir. O, bütün məclislərdə arzuolunan şəxsdir. Məclis və tədbirlər aparması başqa bir aləmdir. Məqamına uyğun zarafatları mənəvi qidaya çevrilir, incə yumoru ilə məclisi bəzəyir.
Yaradan ona xeyirxahlıqla döyünən ürək bəxş etmişdir. Elm adamlarına, xüsusən də gənc tədqiqatçılara kömək əlini qızırqamır. Hətta onlara opponent olmağa belə, razılıq verir. Bir insan və böyük alim kimi hamının rəğbətini qazanmışdır. Ona görə ki, təmənnasız adamdır.
Nizami müəllimin təmənnasız olaraq 1995-ci ildən Azərbaycan Televiziyasında "Azərbaycan dili" verilişini aparması çox mətləblərdən xəbər verir. Zəmanəmizdə təmənnasızlıq qəhrəmanlığa bərabərdir.
Nizami müəllimlə oturub-durmaq, yol yoldaşı olmaq, xoş əhval-ruhiyyə yaradan yumor dolu söhbətlərini, həyatda baş vermiş ibrətamiz hadisələrə yanaşmalarını dinləmək özü xoşbəxtlikdir. Bununla belə, deməliyəm ki, bu fitri istedad sahibini axıra qədər dərk etmək çətindir. O, oxunmamış kitabdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!