Nərmin Cahangirovanın təqdimatında
Lenti əvvələ qaytarsam…
Həmin anları həyatımdan silə bilsəm...
Görən yenidən əvvəlki mən ola bilərəm?
Gözəl bir gecə idi. Universitetdəki qrup yoldaşlarımızla görüşmüş, qızlarla birgə yemək yeyib, əməlli-başlı əylənmişdik. Gün üzü görməyən lətifələr, görüşmədiyimiz illər ərzində başımıza gələn maraqlı əhvalatlar danışır, illərin qazandırdığı vərdiş və cəsarətlə ərkyana bir-birimizə atmacalar atır və bir-birinin ardınca qayğısız qəhqəhələr atırdıq.
Başıma gələcəkləri hiss edərcəsinə gecə boyu qaldırılan badələrə meyvə şirəsi ilə qoşulur, guya ki, atamın "Maşın sürəcəksənsə, heç vaxt içki içməməlisən!" məsləhətinə əməl edirdim.
Növbəti görüşün tarixini müəyyənləşdirib ayrıldıq. Nəslihanı evinə mən aparacaqdım. Səhərdən yağan yağış, getdikcə şiddətlənən küləklə birləşib daha da güclənmişdi.
Çətirimiz yox idi. Əl-ələ tutub qaçaraq özümüzü maşına atanda Nəslihan da, mən də tamam islanmışdıq.
"Əsl tufan buna deyərlər",- Nəslihan dedi.
Onu evinə gətirib yenidən yola çıxdım.
Gecə saat on iki idi. Maşını yavaş sürürdüm, istəsəm də sürətli sürə bilməzdim. Leysan yağışdan qarşımdakı yolu güclə görürdüm. Bir an əvvəl evə çatmağa can atırdım.
Qəfildən maşının ön hissəsindən qəribə bir səs eşitdim. Eyni zamanda şiddətli bir sarsıntı və cingilti ilə qabaq şüşənin partlayışı baş verdi...
O ana qədər yaşadığım və bundan sonra yaşayacağım ən dəhşətli anla üzləşməli oldum: Qabaq şüşədə bir insan başı görünürdü!
Sarsıntı içərisində maşını sürməyə davam etdim. Nə eləyəcəyimi bilmirdim. Evimin qabağına çatanda maşından düşməmiş otaq yoldaşıma zəng vurdum.
-Ebru, tez aşağı düş! Birini vurmuşam…
Ebru elə pijamada aşağı düşdü.
-Evə qalxaq,-dedi. -"Pərişan görünürsən. nə baş verdiyini danışarsan".
-Danışılası bir şey yoxdur!,-deyə qışqırdım. "Kimisə əzmişəm!"…
Başım elə bil keyimişdi, heç nə fikirləşə bilmirdim. Deyəsən hadisə yerinə qayıtmaqdan başqa çarəm yox idi. Qaza basıb, özümü bir az əvvəl gəldiyim yollara atdım.
Yol polisi, təcili yardım maşınları…
-İki nəfər ölüb - polislərdən biri dedi.
-İki nəfər? - dəhşətlə qışqırdım. "Mən vurmuşam", - deyə arxasınca dedim.
Polis idarəsinə apardılar. Gecə saat 3 olardı. Səhərə qədər orda qaldım.
Səhər məhkəməyə göndərildim. Əvvəlcə hakimə ifadə verdim, sonra da həbs olundum.
Ölümlərinə səbəb olduğum insanların kim olduğunu sonradan öyrəndim. Bir ana və qızı! Qadın sidik kisəsi xərçənginə tutulubmuş. Yaxın bir bölgədən müalicə üçün gəliblərmiş. Qohumlarıgilə getmək üçün avtobusa miniblər. Şofer onları yəqin ki, başqa yerdə düşürüb.
Piyadalara bağlı bir yol! Bir az qabaqda yeraltı keçid var. Amma təhlükəsizlik baxımından gecə on ikidə bağlanırmış. 150 metrdən sonrakı işıq dirəklərinə qədər piyada getməliymişlər. O şiddətli yağışda və qaranlıqda getməkdən qorxduqlarından ortadakı keçiddən keçmək yerinə geri qayıdıblar. Və həmin anda da mən ordan keçirmişəm!
Onları görməmişdim. Ona görə də əyləcə basmadım. Amma heç bir şey məni ovundura bilməz. Əgər ortada bir cinayət və yalnışlıq varsa, mənə aiddir!
Kaş ki, mən də onlarla birlikdə ölsəydim!
İki nəfərin günahı üzərimdədir.
Ağırdır... həm də çox ağır! Bu yüklə necə yaşayacağam?
Həbs olunmuşdum. Lakin məhkəmədə prosedur uzun çəkdiyi üçün həbsxanaya gecə saatlarında çatdıq. Həbsxana müdiri getmişdi.
Kameraya yerləşdirdilər… Bu gecəki məkanım burası idi.
Üzəri örtüksüz, boş bir maçalkadan ibarət iki qatlı çarpayı, nə döşək var, nə də mələfə. Yuxarıda, tavana yaxın bir yerdə dəmir barmaqlıqları olan kiçik bir pəncərə vardı ki, o da çölün bütün soyuğunu içəri ötürürdü.
Yerdə köhnə, pis iy verən bir çanaq vardı. Üzərində milçəklər uçuşurdu. Bir əl-üzyuyan, bir də su kranı… Lakin su yox idi!
Sanki aktyoru olmayan qorxu filmində yaşayırdım. On iki saat əvvələ qayıtdım.
Hər şey qaydasında idi. Dostlarımla görüşmək həyəcanı, növbəti tətildə xaricə ediləcək səfərlər….
Hamısının üstündən qalın, qapqara, hədsiz ağır bir pərdə çəkdim. O pərdənin yenidən aralanacağına, məni keçmişimə apara biləcəyinə heç inanmırdım.
Nə qədər vaxt keçdiyini hiss etməmişəm. Elə ordaca yuxuya getmişəm. Dəmir qapının cırıltı ilə açılmasına ayıldım. İşçilər bir roman qadınını itələyə-itələyə içəri atıb qapını kilidlədilər.
Qadın ağır söyüşlər söyərək qapını təpikləyirdi.
"Əsl sezon vaxtıydı, məni də buraya saldınız", - deyə az qala nərə çəkirdi.
Nə demək istədiyi məlum idi. Oğurluq sezonuna işarə edirdi.
"Mayın əvvəlləri almanlar gəlməyə başlayacaq. Mənsə içəridə olacağam", - deyə heyifsilənirdi.
Altdan allı-güllü bir şalvar geyinmiş, üstdən də dizlərinə qədər düşən enli bir jilet keçirmişdi. Məni indicə görürmüş kimi, kömür kimi qapqara gözlərini üzümə dikdi: "Sənin adın nədir?"- soruşdu.
-Mimoza.
"Mi-mo-za..."- deyə hecaladı.. "Gül adıdır. Amma biz kübar cəmiyyət çiçəkləri ilə məşğul olmuruq. Biz qərənfil satırıq, qızılgül satırıq".
Yarımçıq qaldığı yerdən davam edərcəsinə "Mənim adım da Gülcandır- dedi, -işlədiyimiz konkret restorantlar var". Restoran sözünə "t"nı əlavə edib, bilə-bilə restorant deyirdi. "Müştərim çoxdu. Hamısı "Gülcanın gülləri daha fərqli olur"-deyirlər".
"Gül-çiçək satırsan da - dedim, -daha niyə oğurluq edirsən ki? Ərin yoxdu?"
"Allah onun bəlasını versin!- dedi. -Mənimki gedib bir toyuq, nəinki toyuq, heç yumurta da oğurlaya bilməz. Ancaq evdə oturmağa yaxşıdı".
Məni içinə yuvarlandığım çuxurdan tamamilə çıxarmasa da, Gülcanın aurası üstümdəki ağır və qapqara örtüyü aralamağı bacarmışdı. İndi isə mənə gördüyü işin xırdalıqlarından danışırdı.
"Bizlərdə pul oğurluğu edənlə əşya oğurluğu edənlər fərqlənir. Hər kəs eyni işi görə bilməz"
Birdən ağlına gəldi: "Sənin vəkilin var?-deyə soruşdu.
"Yoxdur"-dedim.
"Mənimsə var!-deyərək qürurlandı. Biz ona illik pul ödəyirik. Daima bura düşüb-çıxırıq axı. Ümumən bizim qrupa baxır. Qardaşlar, bacılar… kimin başına nə gəlsə özünü çatdırır".
O gələnə qədər "Özümü necə öldürüm?" deyə düşündüyüm halda, Gülcan yavaş-yavaş özüm də bilmədən həyatla aramdakı qırılmaq üzrə olan əlaqəni bərpa edirdi.
"Bizim olduğumuz hər yerdə deyib-gülmək olur -deyirdi. Düzdü, dava -dalaş da əskik olmaz. Heç bir bəhanəsiz filan "kiməsə gözün üstdə qaşın var" dedinsə, çığır-bağırla davaya başlayarıq. Amma bacım, ürəklərimiz təmizdir, heç kimsəyə bizdən ziyan gəlməz…"
Səhər saat 6.30-da nəzarətçi bizə çörək və su gətirdi. Özümüzə zərər yetirməyək deyə stəkanlar da şüşədən deyildi.
Gecə qaldığımız kameranın və səhər yeməyi adına verilən quru çörək və ilıq suyun günahını ört-basdır etmək istərcəsinə "Buranın belə olduğuna baxma,- deyə Gülcan dilləndi,- yolüstü yer kimi fikirləş. Hər gələn bir az dayanıb gedir. Bu bir gecəlik qəfəsdən çıxanda hər yer gözünə cənnət kimi görünəcək. Həbsxanlar artıq əvvəki kimi deyil. Bizim tərəflərdə buraya istirahət mərkəzi deyirlər. Həbsxanalarda yorğunluqlarını çıxarırlar".
Bu məkanda ilk günümə başlamaq üzrəydim. Gülcanın nə dərəcədə haqlı olduğunu bir azdan, öz gözlərimlə görəcəkdim.
İlk öncə həkim müayinəsindən keçdim. Sonra da məni nə qədər qonaq olacağımı bilmədiyim otağıma apardılar.
Heyrətləndim. Filmlərdə gördüyümüz, hekayə və romanlarda oxuduğumuz ikimərtəbə çarpayıları olan, onlarla məhkumun bir yerdə qaldığı koğuşlara bənzəmirdi. İki mərtəbəli, altda beş, üstdə altı otağı olan, hər otaqda bir nəfərin qaldığı yeni bir sistem qurulubmuş.
Qadın nəzarətçi üst mərtəbədəki soldan ikinci otağın qapısını açır. Təxminən on kvadratmetrlik bir otaq; yan tərəfdə hamam və tualet var...
Bu da mənim yeni evim!
İçəridəki əşyalar da bir nəfər üçün kifayət edəcək qədərdir. Divara söykənmiş bir çarpayı, baş tərəfində kiçik bir kamod, kücdə isə dəmirdən paltar şkafı. Qalanını özüm bilərəm. İstəsəm otağa televizor və soyuducu da qoydurmaq mümkündür. Təbii ki əl cibdə olmalıdır...
Mən ora gedəndə həbsxana yoldaşlarımın bir hissəsi alt mərtəbədəki ortaq istifadə olunan yerdə çay içirdilər. Məni çox mehriban qarşıladılar.
İçlərində ən yaşlı görünən -"Bacım, xoş gəldin. Allah qurtarsın" -dedi. -Mənim adım Yetərdi. Bunlar da Qönçə, Əsma, Beyza…"
Koğuş ağası anlayışı çoxdan aradan götürülübşmüş.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!