Leykoz xəstəsinin gündəliyindən
Onlara baxdıqda acıyırdım, ürəyim sızıldayırdı. Lakin bu hal çox davam etmirdi. Çünki bilmirdim bu xəstəliyin nə demək olduğunu. Ətrafımda heç kimdə yox idi bu cür illət. Bəzən düşünürdüm ki, bu xəstəlik, sadəcə, filmlərdədi, ya da mənasız reklamdı. Gerçək gəlmirdi mənə. Çox vaxt adi kədərli filmə baxır kimi izləyirik nədənsə gerçəkləri... Getdikcə buzlaşır qəlbimiz. Tənhalaşırıq, bozumtul olur ruhumuz...
İnsan sağlam olduqda özünü çox güclü hesab edir. Hər şeyi unudur. Elə zənn edir ki, bu hal belə də davam edəcək. Unuduruq bədənimizin tükdən asılı olduğunu...
Yaxşı düşünməklə əlaqəsi yoxdur bu unutqanlığın. Xəstəliyə düçar olanları, ya da hər hansı bədbəxtliyin pəncəsində olan insanları gördükdə laqeyd bir hal sarır bizi. Yəni bir anlıq düşünsək də, qeyd etdiyim kimi, bu hal uzun çəkmir. Hətta xəstə insanlar görəndə bəzilərimiz onun enerjisinin bizə yoluxacağından qorxub adicə bir gülümsəməni əsirgəyib aradan çıxırıq. Yardımsevərliyi belə mənfəətimizə uyğun gəldikdə yada salırıq...
Bayaqdan heykəl kimi donub qalmışam. Bir zamanlar reklamlarda gördüyüm o sonluq qollarını açıb mənə tərəf addımlayır indi. Mən bilmirəm nə etməliyəm. Yıxılıb ayaqlarına yardımmı diləməliyəm, təslimmi olmalıyam, yaxud meydanmı oxumalıyam?
Üzümdən asılı qalan ifadəni tanımıram. Qəlbimdəki səhərlər qaranlıqlaşdı birdən-birə. Mən beynimdə minlərlə xəyal, oturub burda düşünürəm. Ovuclarımda ümid qırıntıları arayıram. Oksigen azalır belə zamanlarda, nəfəs ala bilmirəm.
Göz yaşlarım axmır, buxarlanır elə bil...
Qollarım boşalıb, dizlərim titrəyir. Mən nə edəcəyəm?
Mənə nə olacaq? - sualı beynimdə radio cızırtısı yaradır. Düşüncələrimin çığırtısı başıma düşür. Ürəyim bulanır. Bütün duyğularımı qusub qurtulmaq istəyirəm...
Özümü bağrıma sıxıb ağlamaq keçir könlümdən...
Kimisə söymək, günahlandırmaq keçir içimdən...
Çıxılmazlarda itirəm. Məntiqim son nəfəsini verir...
Deyəsən havada oksigen azalır, nəfəs ala bilmirəm
Təkcə xəstəliklərə deyil, ümumiyyətlə, insan olmağın əhəmiyyətinə laqeydik. Ailəyə, sevgiyə, inanclarımıza, prinsiplərimizə, qısaca özümüzə laqeydik. Məsələn, ətrafa baxdıqda görürük ki, fərqli təxəyyülə sahib, özünəməxsus düşüncəyə sahib, əsl insanlığa sahib adamlar azdır. O qədər azdır ki, biz onlardan biri ilə qarşılaşanda tutqu ilə bağlanırıq ona. Amma sonra onun insanlığı bizim insan"sız"lığımıza üstün gəlir. İnsanlıq istəsək də, onu qəbul edə, dərk edə və ən əsası sevə bilmirik.
İstəyirik öz cızmaqaralarımızla o insanlığın üstündən xətt çəkək. Çünki onun insanlığına bulaşmaq bizə xeyir etmir. Zəif iradəmiz, kirli nəfsimiz qalib gəlmək istəyir. Sarılmaq yerinə, bizə lazım olmayan kölgələrlə sevişirik sadistcə. Daha nələr edirik, nələr...
İnsan olmağın fəlsəfəsini dərk etməyə çalışdıqca boğuluram çox vaxt. Anidən mənasızlaşır yaşamaq və yaşatmaq...
Yaşamaqmı önəmlidir, yaşatmaqmı? Bilmirəm...
Bilmək istəmirəm…
Bəzən, sadəcə, yaşamaq önəmli gəlir mənə, hər şeyə rəğmən yaşamaq. Vəhşicə, nəfsimin tələb etdiyi kimi yaşamaq. Səhvlərimi qucaqlayıb. Onlarla fəxr edib yaşamaq. Doğru kimi bizə göstərilən hər şeyə gülüb keçmək, öz doğrularımı tapıb vəhşicə yaşamaq…
Amma bu bir müddət davam edir. Mən deyəsən çox həssas insanam. Əksəriyyət kimi yaşaya bilmirəm. İnanclarım, doğrularım, prinsiplərim var. Mən bunlardan əl çəkib vəhşiliyə aludə olduğumda belə çox davam edə bilmirəm. Nə ediriksə-edək, əgər daxilimizdə mərhəmət hissi varsa, səhvi düzdən ayırmağı bacarırıqsa, bundan əl çəkib yaşaya bilmərik.
Bəzən isə Tanrı ilə görüşmək və “Niyə mən?” sualını vermək keçir könlümdən…
Tanrım niyə məni seçdin axı?..
Yəni bilmirəm mən sənin sevdiyin, yoxsa nifrət etdiyin bəndənəm? Məni cəzalandırdınmı? Yoxsa gözəl mükafat üçün sınağamı çəkirsən? Bilmirəm…
Hər bədbəxtliyə düçar olan insan kimi buna layiq olmadığımı düşünür və üsyan edirəm.
Bu cür düşüncə yağmurunda boğuluram. Dizlərimin üstünə çökür ruhum. Sarsılıram. Yaşamaq istəyirdim. Sadə arzularım vardı, sadə sevinclərim… Mürəkkəb həyat tarixçəm…
Bu mənasız xəstəliyin məni addımbaaddım izlədiyini bilsəydim, daha sürətlə yaşayardım… Hə, vallah yaşayardım…
Nədənsə insan oğlu ona verilən zamanın hamısını yaşayacağını xəyal edir. Ölüm kimi böyük gerçəkliyi hamımız az düşünürük. Hər gün sabaha gözlərimizi açdıqda nələr edəcəyimizi planlayırıq. Bəzən isə kiməsə pislik etməyi planlayırıq. Öləcək kimi yaşamağın lazımlı olduğunu unuduruq. Mən istəyirəm ki, həyatımı lap başdan sizə danışım. Bilmirəm bu həyat hekayəsi sizdə necə təəssürat yaradacaq. Ancaq mən bunları artıq içimdə saxlamaq istəmirəm. Görün neçə milyonsunuz. Hərəniz bir neçə dəqiqə məni dinləyə bilərsiniz, məncə. Ya da dinləməyə…
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!