"Əbdürrəhim bəyin cənnət səyahəti.Tiflis" - Rüstəm Kamal yazır - Rüstəm KAMAL

Rüstəm KAMAL

 

Hər kəsin həyatında təkrarlanan hadisə olur. "Tale" elə budur.

Marina Svetayeva

İstənilən bioqrafiyanın yaradılması (yazılması) sakral aktdır - bioqraf "qurbangah" qurur, müvafiq materialı seçib bir obrazın ətrafında yığır...

Əbdürrəhim bəy Haqverdiyevin bioqrafiyasının öyrənilməsi istiqamətlərindən biri də ilkin şəxsi mətnlərdə - xatirələrdə, məktublarda, əsərlərin və s. gerçəkləşən (avto) bioqrafik təxəyyülün formaları modulları, registrləridir.

(Avto) bioqrafik təxəyyül yaşantıların və şəxsi təcrübə formasının bərpa olunmuş tekstual ifadəsidir.

Əbdürrəhim bəy Haqverdiyevin bioqrafik təxəyyülündə məkan mifologiyası cəhənnəm-cənnət semiotik bölgüsünə uyğun gəlir. Əbdürrəhim bəyin bədii mətnlərində Şuşa, Gəncə, Şamaxı, Bakı  "Maralların" yaşadığı yer kimi qeyd olunur. Dəccəlabad, Veylabad müsəlman məkanının simvolik ümumiləşdirilmiş adıdır. Onun coğrafi təxəyyülündə müsəlman şəhərləri cəhənnəmi, Tiflis isə cənnəti  təmsil edir.

Tiflisi hər bir xatırlama. Tiflislə hər xəyali görüş Əbdürrəhim bəyə ekzistensial məkan təcrübəsi qazandırır. Xüsusən Əziz Şərifə yazdığı məktublarda Tiflis gerçək və xəyali bir məkan kimi dəfələrlə canlanır. Bu xəyali-simvolik məkan Şuşanın, Bakının obrazını onun təhtəlşüurundan ya tamam sıxışdırır, ya da müvəqqəti unutdurur... Bəlkə də, təsadüfi deyil ki, "Ağa Məhəmməd şah Qacar" pyesində qaniçən şahın Şuşaya (Qalaya) divan tutmasından çox, sanki Tiflisin yağmalanması, yandırılması onu ağrıdır:

"Bəh, bəh, bəh!.. Nə gözəl çıraqbandır! Yan, ey Gürcüstanın gözünün nuru, şairlər təbinin mayəsi gözəl Tiflis! Yanginən, ta hurilərin gül çöhrəsinə bənzər şölən asimana bülənd olsun. Yanginən ta afitabi-aləmfruz və cahangərd dastanın dünyanın hər qitəsinə yetirsin! Yanginən, ta ğuludlar səyyahları humaylar tamaşaya gəlsinlər! Sən də tamaşa et, ey uzaqdan almaz tək parıldayan Qaf dağı! Bu yanan sənin ürəyindir! Tamaşa elə, ey qoca Şeyx Sənan! Gələcək zamanlarda ziyarətinə gələnlərəTiflis macərasını nağıl et! Qoy cəmi dünyada, yerlərdə, göylərdə zərbidəsti-Ağa Məhəmməd şah Qacar dillərdə söylənsin".

Əbdürrəhim bəy Tiflisi o qədər sevirdi ki, bu şəhər şüuraltı obrazların etibarlı mənbəyinə, onun qayıtmaq istədiyi qutsal məkana çevrilmişdi. O bu şəhərin "qəstinlərini", aktyorlarını, cavanlarını, qadınlarını çox sevir. 7 may 1927-ci ildə Əziz Şərifə yazır: "Hər növ olsa, məktubunu artıq maraqla oxuyub ayağa çıxınca özümü Tiflisdə hiss elədim, bu da mənə bir ruhani ləzzət verdi. Mənim günlərimin gözəlləri, cavanlığım Tiflisdə keçdiyindən, o şəhərə mənim xüsusi məhəbbətim var". Personajlarının dili ilə bu sevgini açıq etiraf edir. "Keçmiş günlər" hekayəsində Süleyman bəy Qurbanbəyovun nostalji duyğularını bu baxımdan anlamaq olar: "Axı, gözəl Tiflis! Hanı səndə çəkdiyim keflər, gördüyüm günlər, ağrılarını aldığım nazənin sənəmlər! Sən ölsən, Qasım yüzbaşı, bu zalım oğlunun şəhərini könlüm belə istəyir ki, dildə mümkün deyil. Budur, neçə ildir ha çalışıram ki, heç olmasa gedim gendə də olsa, o kef çəkdiyim mehmanxanalara tamaşa eləyim...".

Yaddaşındakı yerlərə "toxunmaq üçün, yenidən xatırlamaq üçün imkan düşdükcə bu şəhərə gəlmək istəyir. Bu şəhərlə bağlı nə varsa, ona doğmadır. 1916-cı ildə Şuşada Realnı məktəbi bitirib. Ağdamdan Tiflisə ilk gəlişi yadındadır. İki il yarım (1916-1919) Tiflisdə, Tiflis yaxınlığında Şulaver qəsəbəsində yaşayıb. 1918-ci ilin sentyabrında Gürcüstan parlamentinə nümayəndə seçilib. Peterburqdan "Molla Nəsrəddin" redaksiyasına getməsini də yaxşı xatırlayır.

Tiflis dram yaradıcılığının təməli də bu şəhərdə qoyulub. "Tərcümeyi-halı"nda özü də qeyd edir: "Mükəmməl dram teatrı nə olduğunu mən Tiflisdə anladım. Tiflisdə təhsil edərkən "Nahaq qan" sərlövhəli bir faciəni ruscadan tərcümə etdim". Tiflis Azərbaycan Teatrının, Türk Dram Cəmiyyətinin işlərində fəal iştirak edib. Bir çox səhnə əsərləri bu şəhərdə tamaşaya qoyulub.

Ədəbi yaradıcılığının 40 illiyi də bu şəhərdə keçirilib. Həmin möhtəşəm yubiley təntənəsini heç vaxt unutmadı. "Tiflis cavanlarının, əhalisinin, aktyorlarının, təşkilatının, sənin və Rzaqulunun qulluq eləməkdən təngə gəldiyiniz qiyamətədək mənim xəyalımdan getməz" (28 aprel 1932-ci il). Onda Tiflis təntənəsi Bakının xətrinə dəymişdi, yəni Azərbaycan yazıçısının yubileyi niyə yad ölkədə keçirilib... "Söz yox ki, Tiflis təntənəsi" Azərbaycanda mümkün deyil və o təntənəni mən görməyəcəyəm".

Onu Tiflisə çəkən mistik qüvvə sevimli ustadının - Mirzə Fətəlinin müqəddəs ruhu idi. 1927-ci il dekabr - 1928-ci ilin yanvar-fevral aylarında bütün fikri-zikri Mirzə Fətəlinin yubileyidir. Mütəfəkkirin nəvəsi Fətəlini "yola gətirmək üçün" Tiflisdəki yaxın dostlarına (əsasən Əziz Şərifə, Rzaqulu Nəcəfova) məktublar göndərir, onları israrla bu gərəkli işə sövq edir. 15 dekabr 1928-ci il tarixli məktubunda Əziz Şərifə yazır: "Ancaq səndən xahişim budur: Rzaqulu ilə bahəm Fətəlini görüb ondan xahiş edəsiniz ki, babasının mükəmməl tərcümeyi-halı yazılmaq üçün o arxivi bir həftənin müddətində mütaliə üçün mənə versin. Əgər razı olsa, mən yanvar tətilində bir həftəliyə, ya on günlüyə Tiflisə gəlib, sənin və Rzaqulunun köməyi ilə mühüm səriştələrdən surət alaram. Mirzə Fətəlinin mükəmməl tərcümeyi-halı, dost-aşna ilə əlaqəsi, irsal-mərsulatının cəm olub ortalığa çıxması nəinki yubiley komisyonuna, bəlkə tamam insaniyyətə və tarixə lazımdır...".

Yubileylə bağlı bəzi məsələlərin həlli gecikdirildiyindən Əbdurrəhim bəyin deyilən vaxtda Tiflisə gəlişi də təxirə salınırdı. "Belə görünür, mənim Tiflisə ezam olmağım qaldı ay batandan sonraya..." - məktublarının birində narazılığını, gileyini gizlətmir.

Düzdür, 1927-ci ilin avqustunda Tiflisdə olmuşdu, amma yanvar ayında da yenidən buraya gəlməyi planlaşdırır: "Çox istərdim yanvar ayında bir həftəliyə Tiflisə gəlim. Rzaquluya dedim, mənə bir komandirovka düzəltsin, deyir, mümkündür. Allaha pənah" (9.XII.27).

Nəhayət, 1929-cu ilin mayında Ə.Haqverdiyevin sədrliyilə M.F.Axundzadənin yubileyi ilə bağlı Azərbaycan yazıçılarının böyük bir heyəti Tiflisə gəlir.

Gürcülər Azərbaycandan gəlmiş qonaqların şərəfinə ziyafət verir. Əbdürrəhim bəyin "bu cür təntənəli məclislərdən xoşu gəlirdi" (K.Məmmədov. "Ə.Haqverdiyev"). Tədbirlərdən başı açılan kimi tanış küçələri, Şeytanbazarı  gəzib-dolaşırdı. Mirzə Fətəlinin Qoçur yaylağındakı evinə də qalxır...

1930-cu ilin fevralında Şura yazıçılarının plenumunda iştirak etmək üçün Tiflisə gəlməli olur.

1931-ci ilin qışı Əbdürrəhim bəyə düşmür - Tiflisdə, qar-buz bağlamış küçədə sürüşüb yıxılır və bərk zədələnir. Beş gün Tiflisdə, on gün də Bakıda xəstəxanada yatmalı olur. Vəziyyəti azca yaxşılaşan kimi yenə Tiflisə qayıtmağı düşünür. 8 yanvar 1931-ci il tarixli məktubunda bu istəyini gizlətmir: "İndi daha kişi kimi işə gedirəm. Ancaq küçələrdə nəmişlik görəndə ayaqlarım titrəyir - ilan vuran ala çatıdan qorxar. Fevralın 23-də sübhə saat 7-də Tiflisə təşrif gətirəcəyəm. Ümidvaram ki, o vaxt nə qar olacaq, nə də mən yıxılacağam...".

Ömrünün axır vaxtlarında Tiflisə gəlmək arzusu daha da güclənir. 1932-ci ilin yanvarında Əziz Şərifə yazır: "Əziz qardaşım! Kağızını neçə vaxtdır almışam. İndiyədək cavab yazmadığıma iki səbəb var. Birisi, Tiflisə gəlmək imkanı. Dekabrın iyirmisindən sonra Tiflisdə Dram cəmiyyətlərinin iclası olmalı idi. Xəyal etdim ki, görüşərik,  müfəssəl söhbət edərik. Lakin Tiflis səfəri gecikdi. Qaldı yanvarın axırına, ya fevralın əvvəllərinə...

...Bəlkə Yevgeniya Osipovna da mənimlə gəldi...".

Zatən evdə də bir ölüm havası dolaşır. Baldızı ağır yataq xəstəsi idi.

"Darülfünunda" (universitetdə) onu müəllimlik çox yorur, "vaxt və təbiət öz işlərini görür". "Köhnə qvardiya"nın sıraları azalmaqdadır - dostu Mirzə Cəlilin ölümü ona bərk təsir etmişdi.

28 aprel 1932-ci il tarixli məktubunda Əziz Şərifə bildirir ki, təqaüd üçün Dadaş Bünyadzadəyə də müraciət edib. "Yaxşı təqaüd təyininə söz verir. Həqiqət, yaxşı təmin olsa, oktyabrın birindən istefa verib istirahətə çəkiləcəm. Daha kifayətdir...". Ən böyük istəyi Tiflisə köçməkdi: "Bu təqaüd məsələsi baş tutsa, Tiflisə köçüb orada yaşamağa niyyətim var. Yəqin, orada bir müxtəsər, yüngül  iş də özüm üçün taparam".

Təəssüf ki, Əbdürrəhim bəy vəd edilən "yaxşı təqaüdü" ala bilmir. Həmin məktubdan təxminən il yarım sonra - 1933-cü ilin dekabrın 11-də Bakıda böyük yazıçının ürəyi dayanır. Tiflisə köçmək arzusu da gözündə qalır...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!