Mövcudluğumuz bəzən sadəcə duyğularımızın illüziyaları gerçəkliyi nə dərəcədə hesab etdirməsi səviyyəsində olur. Ömrümüz bəzən insan duyğularının dərinliyi, hisslərin əhatə dairəsi və bütün bu yaşanmışlıqların xatirəyə çevrilib yaddaşımızdakı var-gəlindən ibarət olur.
Tanınmış yazıçı Hüseynbala Mirələmovun 2001-ci ildə qələmə aldığı "Od və büt" romanı bu baxımdan duyğular qalereyasını xatırladır.
İnsan ən çox geriyə baxanda itirir. Bəzən bilirsən ki, irəliyə baxmaq, sadəcə, önünə zillənib gələcəyini düşünmək yeganə xilas yoludur. Bütün qəlbinlə belə hiss edəndə ki, geriyə boylansan, sözün bütün mənalarında yana bilərsən, amma bu qorxu belə, bizim geridə buraxdıqlarımızın ardınca boylanmağımıza mane ola bilmir. Bəzən yeganə çıxış yolunun irəliyə getmək, yoluna dığırlanan daşlara, qarşına çıxan maneələrə baxmadan gələcəyə addımlamaq olduğunu bildiyi halda hardandır insanda bunca geriyə boylanmaq sevdası?! ...Geriyə baxmaq bəzən gələcəyini itirməkdir, olmuşların diktəsi ilə olacaqların qarşısını almaq cəhdidir, keçmişin labirintində azıb qalmaqdır, bəzənsə lap elə tamamən yox olmaqdır...
"Od və büt" əsərinin məhz insanın heç vaxt vaz keçə bilmədiyi və yəqin ki, heç vaxt da imtina etməyi bacarmayacağı geriyə boylanmaq həvəsinin ifadəsi ilə başlanması oxucunu duyğular qarmaşasının dərinliklərinə aparmaq üçün yazıçının özünəməxsus üsuludur: "Lut iki qızının əlindən bərk-bərk yapışmışdı. Arvadı da yanınca gedirdi. Odlu kösöv parçalarına oxşayan uzunsov daşlar onların sağına-soluna, ayaqlarını yenicə götürdükləri addım yerlərinə düşür, yolun ortasına dəyib dağılır, qığılcımları ulduz-ulduz ətrafa səpələnirdi. Qızların gözləri dəhşətdən bərəlmişdi, əsim-əsim əsirdilər... Alov dilimləri, sanki onları daban-dabana təqib edirdi. Qorxudan və həyəcandan nəfəsi təngiyən Lut tez-tez təkrarlayırdı: - Geriyə baxmayın haa... Qızlar qorxudan atalarına sığınıb yeriyir, arxaya baxmırdılar da. Lutun arvadı Vailə isə tez-tez təlaşla qışqırırdı: - Sən bizi hara çəkib aparırsan? Görmürsən yer-göy od tutub yanır? Vailənin, deyəsən, getmək həvəsi yox idi. Lut gördü ki, Vailə tez-tez yolunu kəsir, onun hərəkətinə mane olur. Qarşı tərəfdə dağılan alov dilimləri onu dəhşətə gətirirdi. Qorxu onun ağlını başından çıxarmışdı. Qadın artıq yeriyə bilmirdi. Lut qəzəblə bağırmaqda davam edirdi: "Geriyə baxma, yeri".
"Geriyə baxmayın haa..." qəti xəbərdarlığı, "geriyə baxma, yeri" ötkəm tələbi ilə yazıçı bir anlıq, sanki hardansa qeybdən ruhumuza xitab olunan tövsiyələrlə bizi qəflətdən ayıltmağa, qurtuluşun yalnız irəliyə getmək olduğunu xatırlatmağa çalışır. Amma buna nə dərəcədə əməl edib-etməmək, inanıb-inanmamaq artıq gələcəyi müəyyənləşdirən konkret bir məqama bağlıdır. Əsərin elə əvvəlindən təzadlı insan hisslərinin bir -birinə sarmaş-dolaş halının ədəbi cazibəsi oxucunun diqqətini özünə cəlb edir.
Burada Lutun "geriyə baxma, yeri" tələbinin icrası insanların bir-birinə nə dərəcədə inanıb güvənməsi ilə düz mütənasibdir. Əsərdə Vailənin taleyi çiyin-çiyinə ömür yolunda illərdir addımladığı həyat yoldaşı Luta bəslədiyi güvəncindən asılıdır. İllərlə birgə yaşadığın insana güvənməmək çox ağır hissdir, bəlkə də, ən ağır imtahanlardandır. Ailəsi ilə od-alovun içərisilə yeriyərkən çəkdiyi zillətlərdən daha çox, Lutu sarsıdan bütöv bir ömrü paylaşdığı Vailənin ona inanmamasıdır. Nə yazıq ki, üstümüzə hər tərəfdən odlu qaya parçalarının töküldüyü bu həyatda güvənsiz bir şəkildə əlini əlimizdən çəkib bizi yarı yolda buraxanlardan aldığımız zərbələr daha ağır, daha unudulmaz olur... Lutun Vailədən aldığı zərbə kimi: "Bu zaman Vailə odlu kürələrin ayağının ucuna qədər səpələndiyini görüb dayandı. Lut irəli şığıyaraq qışqırdı: "Arxamca gəl. Mənim arxamca gəlsən, düz kürəyimə baxsan, heç bir qorxu-hürkü hiss eləməzsən. Bu bəladan canımızı qurtararıq". Dəhşətdən bağrı yarılan Vailə gözlərini düz ərinin kürəyinə zilləyərək Lutun arxasınca addımlayırdı. Ancaq qadının vahiməsi səngimirdi: - Üzü qabağa hara yüyürürsən? Görmürsən ətraf, dağ-daş od tutub yanır?! Lutun gözləri dumanlanır, başı gicəllənirdi. Elə bil indicə huşu başından çıxacaqdı. - Ya Allah, sən mənim son gücümü alma. Balalarımı məndən qoparma! Sanki Allah onun yalvarışını eşitdi. Dumanlanmış gözlərinə işıq gəldi. O, axırıncı gücünü toplayıb övladlarını sürüyə-sürüyə zirvədən aşıra bildi. Elə bu vaxt Vailənin fəryadını eşitdi: - Ay aman, evimizi od götürüb, şəhərimiz yanır!.. Lut başa düşdü ki, arvadı dözməyib, geriyə boylanaraq şəhərə baxıb. Lutun qəlbi gizildədi, qızlarının anası, ömrünün yeganə dayağı Vailənin artıq yox olduğunu anladı. Lutun qəlbi qubarlandı, gözləri doldu...".
Amma bu əsərdə təkcə güvənsizlik duyğusunun təsviri yer almayıb, "Od və büt"də həm də vəfalısı İbrahimin söylədiklərinə ilahidən gəlmiş vəhy kimi inanan Sara güvənci də var.
"Od və büt" ilahiliyin fəlakətdən qurtarıcılığına inancla qondarma olanın süniliyinə müvəqqəti aldanış arasında bir körpüyə bənzəyir. Bu körpünü keçərkən daha hansı insan hisslərinə, yaşantılarına rast gəlmirsən?! Sevgi, mərhəmət, vəfa, arzu, qəddarlıq, ehtiras, sitayiş, sədaqət, asilik, xainlik, şəfqət, dinclik, zəiflik, narahatlıq...
Bu duyğular gah ayırıcı, gah birləşdirici rolda çıxış edərək sona qədər oxucunu maraq içində saxlayır.
Əsərin fabulası diqqətçəkən bir neçə xətt üzrə inkişaf edir. Romanda bütə sitayiş təkcə dini məzmunda deyil, həm də fəlsəfi qatda işlənib. "Od və büt"də Nəmrud və İbrahim qarşılaşmalarında gücün bütləşdirilməsi baş verdikcə, amma sonda da o bütlərin gücünün nə qədər şişirdilmiş, mənasız və zəif olduğu , Ali Həqiqətin, Mütləq Gücün qarşısında ovulub tökülməsi gec-tez Şərin məğlubiyyətinə inandırır. Ümumiyyətlə, Hüseynbala Mirələmovun yaradıcılığında ən ümidsiz məqamlarda belə, Xeyirin, Həqiqətin qələbəsinə inam var. Bu pozitivizm tendensiyası yazıçının demək olar ki, bütün əsərlərindən əsas xətt kimi keçir.
Nəmrudla İbrahimin dialoqunda ilk baxışda zalım müqtədir görünsə də, əslində, qalib gələn həmişə İbrahimdir. Çünki Nəmrudların inancı bir gün mütləq ovulub ayaq altına töküləcək bütlərədir, amma İbrahimin güvən yeri böyük Yaradandır: "Nəmrud hər dəfə bu bütə baxanda güc alırdı. Amma qəzəbləndiyi məqamlar da olurdu. Məsələn, o, çox istəyirdi ki, bu büt əlindəki ağacı qaldırıb İbrahimin gözünü töksün. Onun bu nüfuzedici baxışlarından Nəmrudu xilas etsin. Nəmrud İbrahimin baxışlarına davam gətirə bilmirdi, dözə bilmirdi bu baxışlara. Ona görə dözə bilmirdi ki, İbrahimin həlim, mülayim üzü, nurlu gözləri vardı. Bu baxışlardan elə gur işıq saçılırdı ki, Nəmrud az qalırdı əllərini gözünün qabağına tutsun. Bu işıq onun gözlərini deşirdi, alov kimi saçını, saqqalını ütürdü, Nəmrudu yandırırdı...".
"Od və büt"də sonuna qədər məhz Tanrıdan gələn bu müqəddəs nura böyük inam özünü göstərir. Həqiqətin nuru insanı bürüyəndə onu od da yandırmır. İbrahimin tonqalda yanmadığı kimi... Tonqalın alov aldığı vaxt Tanrıdan gələn leysan yağışı ilə İbrahimin alovdan qurtulduğu kimi... Deməli, Tanrı istədiyini ən ümidsiz anda da xilas edə bilər.
"Od və büt"dəki diqqətçəkən maraqlı məqamlardan biri də başlanğıcın və sonun bir-birini tamamlamasıdır. Əsərin əvvəlində dahi Məhəmməd Füzulidən iqtibas gətirərək "…İbrahimin qeyridən kəmali-istiğnası dəryayi-rəhməti mövcə gətirib xitab gəldi ki: "Məndən qeyri-ümmid tutmayanı mən də qeyrə möhtac etməzəm..." yazan yazıçının demək olar ki, insana xas bütün duyğuların yaşandığı əsərinin teistik ruhlu epiloqunda Yaradana müraciətlə "Ey gözəgörünməz, dərkolunmaz, ucalardan uca, dərinlərdən dərin, Sonsuzlardan sonsuz və işıqlardan işıqlı Tanrım! Sənin qəzəbindən bərk qorxuram, bərk... Bir də Səni tanımayan, Səndən qorxmayan adamlardan qorxuram!.." etirafı bütövlükdə əsərin ədəbi-fəlsəfi ruhunun parlaq ifadəsidir.
Dünyada ən qorxulu varlıqlar Yaradanı tanımayan, ən başlıca insan hisslərindən biri, bəlkə də, birincisi olan mərhəmət duyğusundan yoxsul olanlardır. Yaradanı sevən onun yaratdığına da mərhəmətlə yanaşar. Belələrini peyğəmbər sayaraq inanıb arxasınca gedərlər. Məhz belələrini bütlər və atəşlər qorxutmaz...
"Od və büt"də diqqəti cəlb edən maraqlı qarşılaşmalarından biri də zalım Nəmrudla asi övladı Marudun münasibətləridir. Bu da romanda səbəb-nəticə əlaqəsinin ən yaxşı örnəklərindən biri kimi qarşımıza çıxan nümunələrdəndir. Zalımlıq asiliyi doğurur. Bu zaman bəzən qan bağı belə heç bir əhəmiyyət kəsb eləmir, asiliyin qarşısını ala bilmir. Əsərdəki ata-oğul qarşılaşmasını "Od və büt"ün fabulasında daha bir kulminasiya nöqtəsi hesab etmək olar. Burada oğulun ataya qarşı çıxması, Nəmruda üsyan edənlərə başçılıq etməsi təkcə nihilistik anlamda deyil, həm də "elədiyinin cəzasını almaq" formatında oxucuya təqdim olunur.
Zalım Nəmrud sözün bütün mənalarında öz yaratdıqlarına yenilir. Bu, böyük Yaradanı dərk və qəbul eləməyən xəstə təfəkkürlü bir eqoistin cəzası olur. Ona qarşı çıxan oğlunu cəzalandırmaq üçün saniyələrin sayıldığı, Marudun ölümü gözünün altına aldığı bir məqamda Nəmrud cəzasına çatır, həm də insan əli ilə yaradılan bütün dağıntıları altında əzilərək: "Bayaqdan əmrə müntəzir durub bu mənzərəni izləyən qoşundan bir uğultu qopdu. Meydana toplaşanlar Nəmrudun səndələməsindən, yıxılmasından vahimələnib özünə gəlməmiş, iri heykəlin silkələnib parçalanmasından xoflanaraq özlərini tamam itirdilər. Büt əvvəl çat verdi, boynu sındı, sinəsindən tutmuş üzüaşağı ayaqlarınacan yarıqlar böyüdü, genişləndi və bir andaca dağılıb Nəmrudun üstünə töküldü. Ani uğultudan sonra meydana yenidən vahiməli sükut çökdü. Daş bütün iri sal parçaları, nəhəng qol-qıçı, gövdəsinin parçaları Nəmrudun üstünə tökülüb onu əzmişdi...". Romanda bu yerdə də əbədi Xeyir-Şər mübarizəsində yenə birincinin qələbəsini görürük.
Nəmrudun ölümündən sonra əsərdə həm də Marudun simasında ali həqiqətin axtarışı oxucunu da sövq-təbii suallara qərq edir: "Haqq nədir, kimlədir, hardadır? Onu axtarıb tapmaq gərək... Marudun içində ikinci "mən" baş qaldırmışdı; nə bütə sitayiş eləmək istəyirdi, nə Maruda qulaq asmaq könlündən keçirdi, nə də hakimlik gözündə idi. Marud hiss edirdi ki, baş verən hadisələrdə özünün dərk edə bilmədiyi bir fövqəl sirr var. Fəqət, bu sirri açmaqda aciz idi. Gözləri uzaq-uzaq üfüqlərə zillənmişdi. İbrahimin nicat, Lutun əxlaq axtardığı, qurtuluş tapdığı, yol başladıqları tərəfə. O, əsl həqiqəti elə o yolda arayıb-axtarmaq istəyirdi. Yol isə bitib-tükənmirdi, bir-birinə calanır, qovuşur, ayrılır, yenisi başlayırdı...".
Bu həqiqəti axtaran isə təkcə Marud deyildi, bütöv bir xalqın köçü idi. Buradakı bu köçün təsviri təkcə çöllərə tökülüb doğma Həran torpaqlarının axtarışı deyil, bu, həm də insanın özünün öz içinə olan köçünün ədəbi-bədii ifadəsidir.
Həyatda ən mənalı yolçuluq insanın öz içində elədiyi köçdür... Bu köç lazımi ünvanına yetişəndə insan Yaradanı da, yaradılanı da, öz mövcudiyyətinin mənasını da dərk edir və "Od və büt"ün sonunda yazıldığı kimi "yuxular çin olur...".
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!