Əhməd Ağaoğlu - Dünən, bu gün və həmişə - Nicat Həşimzadə yazır

"Mən kiməm" adlı məqaləsində Əhməd bəy Ağaoğlu daxili dünyası ilə zahiri dünyası arasında gedən savaşdan bəhs edir. Yazır ki, daxili dünyam məni mübarizəyə, insanların yardımına, xeyirxah məqsədlərə dəvət etsə də, zahirim əmr edir ki, dayan, bəşəriyyət sənin xeyirxah istəklərinlə düzəlməyəcək.

Xeyirlə şərin, səmimiyyətlə təkəbbürün davası insan yarandığı gündən var, həmişə də olacaq. Hər şey insanın özünü necə tərbiyə etməsindən asılıdır. Öz tərbiyəsindən əmin olan insanlar bu əminlikdə səmimidirmi? Dahi Əhməd bəy özünü mühakimə edən bu yazını ahıl yaşlarında yazıb. Özünü mühakimə etmək böyük şəxsiyyətlərə məxsus xüsusiyyətdir. Məqalədəki əsas suallardan biri budur: Həqiqətənmi eqoizmlə altruizm arasında gedən savaşda qələbəni bizim üstünlük verdiyimiz tərəf qazanır? Həqiqətənmi bu iki xüsusiyyət arasında seçim etmək bizim iradəmizdən aslıdır? Bu iki xüsusiyyət arasında seçim edərkən bizim həmin məqamdakı psixoloji vəziyyətimiz, ruh halımız böyük əhəmiyyət kəsb edir.

Əhməd bəy bu məqalədə Montenin Sezar haqqındakı fikirlərindən bəhs edir. "Sezarı qorxunc eqoizm, qarşısıalınmaz şöhrətpərəstlik sevdası məhv etmədimi?" Dünya tarixində elə rəhbərlər olub ki, öz eqolarını doyurmaqçün yüz minlərlə insanı qurban vermək onlar üçün adət halını alıb. Zərrə qədər də əzab çəkməyiblər. Eqo bizi insanlıqdan çıxarır, başqalarının əzabları bizi narahat etmir, başqalarını "başqa" saymağa davam etdikcə eqo bizə qalib gəlir. Eqoist insan hansısa məqamlarda xeyirxahlıq edə bilər, ancaq bu xeyirxahlığın ömrü az olur, qısa zamandan sonra eqo yenidən insan duyğulara qalib gəlir. Eqoist insanın xeyirxahlığında məqsəd özünü göstərmək, diqqət mərkəzində olmaq istəyidir. Bəşər övladının ən böyük problemi tarixdə özünü təsdiq etməkdir. Hegel fəlsəfəsinin əsas qayələrindən biri bu amilə həsr edilib. Sənətin yaradılışındakı səbəblərdən başlıcası da eqodur. İnsan ölümü, ölümlü dünyada yaşamağı ilə barışa bilmir. Zənn edir ki, həyatda onu ölümsüzləşdirəcək nələrsə etməlidir. Özünü ölümsüzləşdirmək məqsədilə rəsmlər çəkir, şeirlər yazır, heykəllər yaradır. Ancaq uzun illər ərzində ya çətin qəbul olunur, ya da ümumiyyətlə, qəbul edilmir. Xüsusən də qapalı cəmiyyətlərin sənətə baxışında bir istehza, nifrət duyulur. Cəmiyyət qəbul etmədikcə, nifrətini göstərdikcə, lağ hədəfinə çevirdikcə sənət adamının "mən" eqosu böyüyür. Mövlanə deyirdi ki, sevgini uzaqlarda axtarmayın, eşqi tapmaq üçün uzaq məmləkətlərə səyahət etməyin. Çalışın ki, içinizdə sevgiyə qarşı yaranan əngəlləri axtarasınız, tapasınız. Eqoizm bizə içimizdəki neqativ amilləri, sevgimizə mane olan bəd amilləri məhv etməyə mane olur. Əksinə, eqoizm həmin əngəlləri qidalandırır, onlara güc verir.

Eqoizm hər növ şərin qaynağıdır. Eqoist düşüncəylə savaşa erkən yaşda başlamaq lazımdır. Əhməd bəy yazır ki, uşaq yaşlarından etibarən övladlarınıza mənfəət qarşılığında hansısa işi görməyi, acgözlüyü öyrətməyin. Övladlarınızı tərbiyə etməyə gecikməyin. Övlad tərbiyəsi haqqında Əhməd bəyin dediyi fikirlər bu gün də aktuallığını qoruyub saxlayır. "Uşaqdır, böyüyəndə öyrənər" zehniyyəti ilə uşaqları bu gün də məhv edənlər var. Görəsən, biz öz dahi şəxsiyyətlərimizi nə zaman başa düşəcəyik? Tənqidi realizm nümayəndələri cəmiyyətdəki qüsurları kəskin dillə tənqid etdikləri zamanda, Əhməd bəy Ağaoğlu buna alternativ olaraq "Sərbəst insanlar ölkəsində" əsərini yazdı və maarifçi realizmə üstünlük verməyin əhəmiyyətini izah etdi. Hansı daha faydalıdır? Davamlı olaraq kəskin şəkildə tənqid etmək, ya ciddi uğurlu nümunələr təqdim etmək? Təbii ki, hər yazıçının, hər müəllifin öz üslubu, öz ideoloji xətti var. Seçdiyi janra görə bir müəllifi tənqid etmək olmaz. Əhməd bəyin xatirələrini, həyatını oxuyarkən insan sarsılır. Bu qədər əzablı ömrün, iztirablı həyatın içində Əhməd bəy yüksək intellekti və müxtəlif xarici dillərdə danışmaq bacarığını, prosesləri sağlam məntiqlə qiymətləndirmə qabiliyyətini necə öyrənmişdi? Əhməd bəy Şuşadakı rus-tatar məktəbində oxuyarkən məktəbdəki 45 şagirddən sadəcə 5- i müsəlman idi. Ermənilər məktəbdə çoxluq təşkil edirdilər və müsəlman uşaqları incidir, aşağılamağa çalışırdılar. Yusif Vəzir Çəmənzəminlinin xatirələrində də bu məqama rast gəlmişdim. Təəssüf ki, o dövrlərdə xalqımızın təhsilə marağı az olub. Əhməd bəy heç şübhəsiz ki, milli fikir tariximizin ən vacib, ən parlaq şəxsiyyətlərindən biridir. O, yazılarında dəfələrlə milli şüura sahib olmağın zəruriliyini vurğulamışdı. Milli təfəkkür olmadan xalq vahid amal uğrunda yaşaya, ümumi məqsəd naminə mübarizə apara bilməz. Bu gün gənclərin böyük qismi Cümhuriyyət dövrünün tarixini bilmir. Səbəblərdən biri budur ki, Sovet dönəmində milli fikrin vacibliyindən danışan adamları təhdid etdilər, çörəklə imtahana çəkib onlardan satqın obraz yaratdılar. Nəticədə biz dəyərli ziyalılarımız haqqında vacib bilgilər əldə edə bilmədik. Sovet dövründə nəyi dəyişmədilər ki? Milli düşüncəmizi məhv etdilər, atalar sözlərimizi dəyişdirdilər, ziyalılarımızı repressiya qurbanı etdilər. Bütün çətinliklərə baxmayaraq biz bir xalq olaraq ölkəmizin varlığını qoruya bildik.

Əhməd bəy "College de France"dakı müəllimi, professor Renanın "Şərqə getmə, Şərq zalımdır, səni udar, məhv edər" məsləhətinə əməl etmədi. Ernest Renana cavab verdi ki, mən öz vətənimə qayıdacam, burada öyrəndiklərimi orada öz məmləkətimin insanlarına öyrədəcəm. Uğurlu karyeradan imtina edib cəhalət içində boğulan məmləkətə qayıdan, zülmətləri aydınlığa qovuşdurmaq istəyən Əhməd bəy heç şübhəsiz ki, ən yüksək hörmətə, ən ali sözlərə layiqdir. Nə yaxşı ki, Əhməd bəy Ağaoğlu kimi ziyalımız var.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!