Bəxtiyar o şairdi ki... - Həmsöhbətimiz professor Maarifə Hacıyevadır

 

- Maarifə xanım, siz o xoşbəxtlərdənsiniz ki, uzun illər boyu hələ sağlığında mifləşmiş, Qorqudlaşmış xalq şairi, unudulmaz Bəxtiyar Vahabzadə ilə ata-bala, müəllim-tələbə, yaxın dost ünsiyyətinin bəxtiyarlığını yaşamısınız. Bəxtiyar müəllim Füzulini çox sevirdi. Deyirdi ki, şeirin-sənətin hansı gizlininin, gözlənilməzliyinin qapısını açmaq istədimsə, qarşımda Füzulini gördüm. Füzulini sənətdə ölçü meyarı hesab edirdi.

- Və onun dostluğa münasibəti də Füzuli əxlaqından gəlirdi. Böyük ustadının bu ölməz misraları dil əzbəriydi:

Dustum, aləm səninçün gər olur düşmən mana,

Qəm degil, zira yetərsən dust ancaq mana...

Bəxtiyar müəllim həyatı həyat kimi yaşamaq istəyən və bunu bacaran insanlardan idi. Onun bu yöndəki Məcnunluq istedadının bir əsas tərəfi də dostuna sədaqəti, ehtiram hissilə bağlıydı.

- Xaqanidən oxuduqlarımdı, deyir: "İki itən dürdən sinəmdə dağ var, itən cavanlığım və ölən dostlar…" Bilirik ki, Bəxtiyar müəllimin yaradıcılığının, fəaliyyətinin ən qaynar, parlaq anları sizin ədəbiyyatşünaslıq elminə gəldiyiniz illərlə eyni vaxta düşüb. Sizi uzun illərin dostluq telləri bağlayırdı. Bəxtiyar müəllimin ən pünhan sirləri, necə deyərlər,  sizin ovcunuzda olub (ürəkdən gülür). İtən cavanlığın və bu dünyasını qeyb etmiş dostların xatirəsi sizdə necə yaşayır?

-  Dost itkisindən yaranan sinə dağı barədə Xaqani hansı ağrıyla bəhs edirdisə, bu, indinin özündə də elədi. Ən ağrılısı bu dost itkisinin Bəxtiyar Vahabzadə kimi bənzərsiz bir şəxsiyyətin adıyla bağlı olmasıdı… Bəxtiyar müəllim adi dostlardan deyildi ki, onun barəsində məhz Xaqani təəssüfü, ağrısı ilə söz açmayasan… Həmişə Füzuli haqqında fikirlərini soruşanda xeyli susar, dərindən nəfəs alar, köks ötürərdi. Deyirdi, Füzuli elə bir zirvə, elə bir dağdı ki, ona doğru addım atmamış gərək dərindən nəfəs alasan, bütün gücünü, var qüvvəni toparlayasan. İndi Bəxtiyar müəllim haqqında danışırıq və mən eyni durum, məsuliyyət qarşısındayam; gərək əvvəl-əvvəl nəfəsimi dərim, özümü toparlayım…

- Nihad Sami Baharlıdan oxuduqlarımdı: "İstanbulu könlümcə anladan bir kitab oxumağı çox üzüntü ilə gözlədim. İstəyirəm bu kitabın cümlələri yazıdan çox şəkillənmiş olsun; rəngi səs, işıq olsun. Duyğu, fikir, xatirə olsun, iman və eşqdən yaranmış olsun…". Bəxtiyar müəllim də duyğuların min rəngini, çalarını, çiçəklərin çələngini sevirdi. İstərdim ki, onun adıyla bağlı söhbətimiz də məhz bu çalarlarla süslənmiş olsun.

- Gözəl olan odur ki, Bəxtiyar Vahabzadənin poetik dünyası, varlığı səsin, işığın, duyğunun, rəngin, ən əsası, düşüncənin harmoniyasından, sintezindən gəlirdi. Bu deyilənlər onun şair-vətəndaş-alim obrazının hər zərrəsindən təcəlli edirdi.

- Bəxtiyar müəllimin xarakterini, mifləşmiş şəxsiyyətini ən çox ifadə edən hansı əlamətlər idi?

- İlk növbədə gözlənilməzlik, heyranlıq doğuran cəsarət! O, illər uzunu fikrini məşğul edən, gecəsini-gündüzünü, ümumən, həyatını əlindən alan taleyüklü problem məsələləri ictimailəşdirməyin fədaisi idi. Özü də bunu heyrətamiz bir cəsarətlə ifadə etməyi, önə çıxarmağı bacarırdı. Belə məsələlərdə Bəxtiyar müəllimin qarşısına sədd çəkmək, divar hörmək çətin idi.

- Maarifə xanım, maraqlıdır ki, poeziyaya münasibətdə Füzuli sevdalısı, aşiqi olan Bəxtiyar Vahabzadə daha çox Nəsimi ömrü yaşadı… Sovetlər dönəminin tüğyan etdiyi bir zamanda belə, "gözümün önündə haqqı danırlar", "haqqı öldürürlər" səslənişi etdi. "Vətən quşa bənzər, qanadlarının biri bu taydırsa, biri o taydır" - dedi. "Min ləkə vurdular şərəfimizə, verdik, sahibimiz yenə "ver" - dedi" misralarına imza atdı. "Gülüstan"ı yazdı. O qorxunc illərdə "Bu işə qol qoyan qollar sınaydı" etirazını sərgilədi. Hər cür manqurtlaşmaya qarşı çıxdı…

- Görkəmli rus yazıçısı Mixail Şoloxov özünün Nobel nitqində bəyan edirdi ki, özünə bəşər iztirablarının kənar müşahidəçisi kimi baxan, özünü bəşəriyyətin zərrəsi və öz xalqının oğlu hesab edən söz adamının məqsəd və amalı düzünü demək, insanlara həqiqəti, hətta acı da olsa, mərdanə şəkildə həqiqəti demək, onların sabaha inamını və gələcəyi quracaq fərdi gücünü artırmaqdı; söz adamı öz sözünün çatdığı hər yerdə mübariz insanlar yetişdirməyə çalışmalı, öz təbii və alicənab cəhdləri ilə insanların tərəqqiyə inamını bir araya gətirməlidir… Deyim ki, bir sənətkar və şəxsiyyət kimi Bəxtiyar Vahabzadə ömürlüyü bu vacib missiyaya hesablanmışdı. Bəxtiyar Vahabzadə bir sənətkar və vətəndaş kimi bu ideallar üzərində qundaqlanmışdı. O da sənətin insan qəlbinə və ağlına təsir edəcək çox böyük güc olduğuna fövqəladə şəkildə inanırdı. 

Bəxtiyar müəllim öz böyük ustadları kimi, həmişə ədəbiyyata azadlığın hansısa bir forması kimi baxırdı və ədəbiyyatın dünyanı xilas etmək gücünə inanan böyük dühaların sırasında idi. Bəxtiyar Vahabzadənin xoşbəxtliyi onda idi ki, o, yaradıcılıqda "qorxunun rəzil bir hiss" olduğunu lap gənclik illərində dərk etmiş, o qorxu hissini yaşam tərzindən birdəfəlik silib atmış, mücadilə, fədakarlıq duyğusuyla silahlanmışdı. Belə etməyən qələmdaşlarının yaratdıqları əsərlərin başı üstündən haçansa mütləq bir lənət asılacağını yaxşı bilirdi. Həmdərd olmadan dərddən yazanlara asi idi. Bəxtiyar Vahabzadənin sənətkar, eləcə də vətəndaş qayəsi bütün halı ilə dünya şöhrətli yazıçı Uilyam Folknerin dotələb baxışları ilə düz mütənasibdi. Paraleldi. Yəni Bəxtiyar müəllim də bütün səmimiyyəti ilə hər cür zorakılıq, zülm önündə insanın məğlub və məhv olacağı fikrini qəbul etmirdi. O da insanın nəinki dirəniş gətirəcəyinə, həm də qalib olacağına inanırdı. O da inanırdı ki, insan yalnız "səsi eşidiləcək deyə yox, xarakterinə, qəlbinə, fədakarlığına, həmdəm ola bilməyinə, razılaşmadığına görə əbədidir. Yazıçının, şairin borcu bu haqda yazmaq, insanın duruş gətirə bilməsi, qəlbləri möhkəmlətməsi üçün yazmaqdı. Kişilik, şərəf, ümid, qürur, iztirab, şəfqət, fədakarlıq hisslərini daim xatırlatmaq üçün yazmıq lazımdır. Bəşəriyyətin bəzəyi də məhz bu şeylərdədir. Şairin səsi adi əks-səda ola bilməz, o, dayaq olmalı, qələbə üçün, duruş gətirə bilmək üçün bünövrəyə çevrilməlidir".

Bəxtiyar müəllim bu deyilənlərin vacibliyini sənətə qədəm qoyduğu ilk günlərdən bilirdi. Bu təməl üzərində qundaqlanmışdı. İlk sənət dərsini Füzulidən, Nəsimidən, Sabirdən, xeyir-duasını Səməd Vurğundan almışdı. Belə olmasaydı hələ 1969-cu ildə, deməli sovet rejiminin qılıncının dalının-qabağının kəsdiyi bir vaxtda Bəxtiyar Vahabzadə qırmızı kommunizmin əsl sifətinə, gerçək üzünə şapalaq kimi açılan bu misraları qələmə almazdı:

Qırmızı-qırmızı yalanlar deyən,

Gözlərin qaralar, al günə baxma.

Ey rəngə inanan, bəs demədin sən

Turpun içinə bax, çölünə baxma.

"Rəngin dalındakı həqiqətə bax" - deyə o, qırmızı sovet komissarlarına onu da çatdırmağı gecikdirmirdi ki, "həqiqət nazilər, amma üzülməz".

Yalan çiçəkləyər, boy atar, ancaq,

Bəhər verə bilməz, bar verə bilməz.

Bax budur şairin öz xalqına, cəmiyyətə dayaq olmaq, qələbə üçün, durum gətirə bilməsi üçün onun yanında olması, faktı və fədakarlığı. Bu fədakarlıq Bəxtiyar Vahzabzadənin bir sənətkar olaraq xislətindən, ruhundan gəlir. Bir sənətkar kimi onun dəyişməyən, özünə sadiq qalan sifəti, obrazı budur. Xalq Bəxtiyar Vahabzadəni bu dəyişməyən obrazından, xarakterindən tanıyıb sevir. Bu sifət onu mifləşdirir, Qorqudlaşdırır. Xalq bilir ki, xeyiri də, şəri də dönübən təkrar olan bu fani dünyamızda ünvanını dəyişən dünənki alqışlara ustadları Nəsimi, "Sabir kimi dirəniş göstərən, ironiya edən Bəxtiyar Vahabzadə bu misralarında nə qədər səmimi və müdrikdi:

Əbədini dünyada mən əbədi sanmadım,

Bir atəşə tutuldum, mən atəşə yanmadım.

- Yəni azadlıq, özgürklük düşüncəsi Bəxtiyar Vahabzadə yaşamına və poeziyasına ənənədən, kökdən gəlirdi…

- Bir oxucu, ədəbiyyatşünas alim kimi, mən həmişə Bəxtiyar Vahabzadə yaradıcılığı ilə bağlı olmuşam. Yadıma gəlir, mən tələbə olanda fakültədə Bəxtiyar müəllimin "Şəbi-hicran" poemasının müzakirəsini keçirirdik. Görkəmli yazıçı İsmayıl Şıxlı, ədəbiyyatşünas alim Əhəd Hüseynov bu müzakirələrin təşkilində fəal iştirak edirdilər. Birinci kursda oxuyurdum. Mənə dedilər ki, müzakirədə sən də çıxış edəcəksən. Həmin o çıxış Bəxtiyar müəllimlə şəxsi tanışlığımıza vəsilə oldu. Sonra tale elə gətirdi ki, mən Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyətə başladım. Görkəmli yazıçı, füzulişünas alim Mir Cəlalın rəhbərlik etdiyi fakültədə… Bəxtiyar müəllim də həmin kafedrada işləyirdi. Qiyabi aspiranturaya daxil olmuşdum. Allah rəhmət eləsin Mir Cəlal müəllimə, təklif etdi ki, elmi rəhbərin Bəxtiyar müəllim olsun. Dedim sizin məsləhətiniz mənə çox əzizdi. Sonra Bəxtiyar müəllimlə ailəvi dost olduq. Evinin qapıları həmişə üzümə açıq idi. Onun unudulmaz qayğısını, çətinliklərimin dəf edilməsindəki köməkliklərini heç vaxt unutmuram. İndi avtoqrafla mənə yazıb bağışladığı kitabları açıb oxuyuram. "Ailəmizin yaxın dostu", "Sirr yerim olan dəyərli dost" - deyə xoş münasibətini qeyd edib. Mən ona həmişə böyük şəxsiyyət, qüdrətli sənətkar kimi dərin hörmət bəsləmişəm.

Bəxtiyar Vahabzadə elə bir sənətkar idi ki, o, davamlı olaraq hansı klassikin, ya elə çağdaş yazarın əsərlərində milli şüur axınını müşahidə edirdisə, mütləq xüsusi  coşqunluqla münasibətini bildirirdi. O, ana dilinə olan münasibətdə, milli mücadilə məslələrinə çox həssas idi. Bəxtiyar müəllim ömrünün böyük bir dövrünü elə bir mühitdə yaşamışdı ki, "Sözün doğrusunu demək hünər işiydi. Bu illər yasaqlar, qadağalar dövrü kimi xarakterizə olunur. Məhz həmin illərdə Nəsimi poeziyasında ifadəsini tapan azad düşüncə, hazır qəliblərə etiraz ideyasını Bəxtiyar müəllim çox mükəmməl şəkildə mənimsəmişdi. Onun 1981-ci ildə qələmə aldığı "Fəryad" mənzum dramı bu mənimsəmənin təsiriylə araya-ərsəyə gəlmişdi. Əsər 1984-cü ildə Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyuldu. Həmin illərdən başlayaraq "Fəryad"ı  dönə-dönə oxumuşam. Bəxtiyar müəllim o əsərdə həyat, dünyanın gedişatı, sosial-siyasi hadisələrin nədənliyi, Xeyir və Şər arası gedən əbədi savaş, dəyişən sifətlər barədə olan bütün düşüncə və mülahizələrini bir araya gətirib. İnsanı düşündürən nə varsa, "Fəryad"da ona cavab var. Əsərin ən böyük əhəmiyyəti bir də ondadır ki, Bəxtiyar müəllim o zamana qədər sosrealizm prinsipindən xalqa təqdim edilən Nəsiminin gerçək kimliyini oxuculara anlada bildi. "Fəryad"ın ilk tamaşasına Bəxtiyar müəllim həyat yoldaşımı və məni də dəvət etmişdi. Lap ön sırada ulu öndər Heydər Əliyev və Bəxtiyar müəllim yanaşı əyləşmişdilər. Tamaşanın gedişi zamanı elə məqamlar olurdu ki, Heydər Əliyev özünəməxsus təbəssümlə şairə nəsə deyirdi. Sonralar ümummilli liderin pıçıltıyla ona nə dediyini maraqla Bəxtiyar müəllimdən soruşduq. Mənalı-mənalı gülümsəyirdi. Deyirdi ki, "Fəryad"ın alt qatında demək istədiklərimi Heydər Əliyev qədər dərindən fəhm edən bir kəs olmadı, o dərin fəhmi heç kəsdə görmədim… İndi bilirsiniz ki, ölkəmizin başçısı 2019-cu ili Nəsimi ili elan edib. Böyük şairin yubileyinin təntənəli şəkildə keçirilməsi üçün sərəncam imzalayıb. Çox yaxşı olardı ki, bu çərçivədə "Fəryad" yenidən tamaşaya qoyulaydı. Çünki "Fəryad"da gerçək, təsəvvüfdən gələn, əsl sufi Nəsimi var. Bu obraza sosrealizmin basqısı yoxdu. Mənim Nəsimi yaradıcılığına sevgimin bir əsas tərəfi də Bəxtiyar Vahabzadədən gəlir. Mən bir müddət Türkiyədə çalışdıqdan sonra Bakıya döndüm. Qafqaz Universitetində dekan işləyirdim. Tələbələr üçün "Təsəvvüf ədəbiyyatı sözlüyü" yazıb çap etdirdim. Bəxtiyar müəllim o nəşrə ön söz yazmışdı. Maraqlanırdı ki, sən bu əsəri necə ki, oldu yazdın? Deyirdim: "Vallah, Bəxtiyar müəllim, sizin də təsiriniz oldu, "Fəryad"ın da… Bəs necə oldu ki, siz özünüz "Fəryad"ı qələmə aldınız?". Xəyala dalırdı. Handan-hana özünəməxsus təmkinlə "Mən onu fəhmimlə yazdım" - deyirdi. Deməli, "Fəryad"da təsvir edilən təsəvvüf onun iç dünyasının fəhmindən gəlirmiş. Eyni zamanda Bəxtiyar müəllim xaraktercə də Nəsimiyə yaxın, doğma bir şəxsiyyət idi. O da, necə deyərlər, öz qabığına sığınıb qalan insan deyildi. Hər an partlamağa, tarana getməyə hazır idi. Bu, onun təbiətiydi. "Gülüstan"ı, "Fəryad"ı, "Şəhidlər"i millətə oyanış dərsi verən örnəklər olaraq yaşayır. Bu düşüncələr, ilk növbədə, Nəsimidən gəlir. Bu düşüncə öz ardınca Məmməd Arazı, Xəlil Rzanı, Söhrab Tahiri, Nəriman Həsənzadəni gətirdi. "Hamını hiss edən, başa düşən mən Özümü bir dəfə başa düşmədim" ağrısı var idi Bəxtiyar müəllimin. "Haqlıykən nahaq olmuşam" deyirdi. "Mənzil axtararkən arzularıma Dönüb özgələrə mənzil olmuşam" yazırdı. Bax belə məqamlarda onun üz tutduğu məkan Füzuli, Nəsimi, Sabir dünyasıydı. Özünü o aləmdə tapırdı.

- Belə bir məşhur deyim var ki, adətən tarixçilər keçmişdə, şair və yazıçılar isə gələcəkdə baş verəcək hadisələri yazır. "Millətimin dərdini ünvanlayıb özgəyə, başqasının yasında öz dərdimə ağladım" - yazan Bəxtiyar Vahabzadə, sizcə, nə qədər gələcəkdə yaşayır, gələcəkdə baş verənləri yazırdı?

- O yerdən başlayaq ki, Bəxtiyar müəllim düz əlli il əvvəl qələmə aldığı aşağıdakı sətirlər yazıldığı gündən iyirmi bir il sonra, yəni 1990-cı ilin 20 Yanvar günlərində baş verənləri az qala riyazi dəqiqliklə ifadə edir:

Vətən dara düşdü, o ağır günə

Qurbanlar verməyə darılmadıq biz.

Vətənin ömrünə xalqın ömrünə

Ömrünü caladı igidlərimiz...

- Xatırlayıram. Zamanında dil əzbərimiz olan "Dörd yüz on altı" poemasındandı, 1969-cu ildə yazılıb.

- Hə, elədi. Bayaq da dedim, düz əlli il qabaq. Bu sətirlər yazıldığı vaxtdan iyirmi bir il keçəcəkdi, qanlı Yanvar gecəsində igidlərimiz Vətənin ömrünə, xalqın ömrünə ömürlərini calayacaqdılar. Və Bəxtiyar müəllimin bu misraları yenidən o ölümsüz qəhrəmanların dilindən səslənəcəkdi. Bütövlükdə, böyük şair hələ 1969-cu ildə iyirmi bir il sonra Azərbaycan insanının dilindən çıxacaq fikirləri sözbəsöz qələmə alıb. Bədnam sovet imperiyasının ünvanına "Quzu cildindəki o qoca qurdun Doğru, düz şəklini çəkdi şəhidlər" yazan Bəxtiyarın gələcəyi, gələcəkdə baş verəcəkləri yazmaq qüdrəti burdan qaynaqlanır…

- Milli faciələrimizin nədənliyindən dərin vətəndaş-sənətkar ağrısı ilə söz açırdı, həm də təsəlli, ümid yolunu göstərirdi…

- Özü də necə?! Peyğəmbəranə, Qorqudcasına bir əminliklə:

Yüz-yüz itən olsun,

Min-min də bitən var.

Şükr eyliyəlim ki,

Bizlərdən həm əvvəl,

Həm sonra Vətən var...

- Söhbətimizin əvvəlində Bəxtiyar müəllimin dostluğa sədaqəti, əbədi ehtiram hissindən söz açmışdıq…

- Bilirsiniz, Bəxtiyar müəllim dost sevgisindən, xalq məhəbbətindən yetərincə barınan bir insan idi. Təbii ki, küll halında hər bir Azərbaycan insanı Bəxtiyar Vahabzadə heyranı idi. Eyni zamanda Təbrizdə Şəhriyar "Bəxtiyar" deyirdi, Almaniyada Əhməd Şmide… Qırğızıstanda Çingiz Aytmatov, Qazaxıstanda Oljas Süleymenov, Rusiyada Yevgeni Yevtuşenko… Türkiyədə Yavuz Bülend Bakulər "Məni duy, Bəxtiyar" - söyləyirdi. Qardaş Türkiyənin Elazıq şəhərində Bəxtiyar Vahabzadə cəddəsi var. "Azərbaycan" parkıyla üzbəüz, "Almas İldırım" küçəsilə paralel… Türkiyənin ən görkəmli elm, mədəniyyət, təhsil xadimlərinin, bələdiyyə başqanlarının dilində Bəxtiyar Vahabzadənin şeirlərini səslənən gördüm. Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri zamanı Bəxtiyar Vahabzadənin yaradıcılığından seçmə şeirləri necə şövqlə səsləndirdiyinin şahidləriyik. Bəxtiyar müəllim özü-özünü yaradan sənətkar idi. Onun, bəlkə də, hansı bir tədqiqatçıya, ədəbiyyat tənqidçisinə, xüsusi təbliğə ehtiyacı yoxdu. O, hər şeyi özü həll edib, yazıb, əbədiyyət möhürü vurub. O, özünü xalqın mənəvi, ruhi tələbatına hesablamışdı. Cismani görünüşcə elə də ərdəmli olmayan Bəxtiyar müəllim mənəvi, ruhi baxımdan hüdudsuz okean, qranit qaya, şimşək kimiydi. O, türkçülük düşüncəsiylə bağlı hər kəslə iç-içə yaşayırdı - zamanından, məkanından asılı olmayaraq, milli düşüncə bağlarıyla bağlanırdılar bir-birlərinə. Onun düşüncələri bütün Türk dünyasını qapsayırdı. Bəxtiyar, ilk növbədə, öz cəsarətinin şairiydi. Yadınızdadırmı, doxsanıncı illərdə Milli Məclisin tribunasından Heydər Əliyevin haqqını dananların cavabını necə cəsarətlə verdi? 20 Yanvar faciəsinin ertəsi günü rus generalının üstünə hansı cəsarətlə yeridi, "Sənin əlin mənim xalqımın qanına batıb", - dedi. Bunu ancaq Bəxtiyar Vahabzadə kimi bir millət fədaisi deyə bilərdi. Həmin cəsarətilə o, həm də Nəsimi cəsarətini günümüzə daşıyırdı. Qan yaddaşımızı oyadırdı. "Leninlə söhbəti" yazırdı, eyni zamanda elə həmin əsərdə leninizmin iç üzünü, riyakar dünyasını açıb-ağardırdı. "Sizin qulağınız həqiqəti dinləməyə çağırdı" deyirdi. Leninə həsr etdiyi poemada leninizm yalanlarına meydan oxuyurdu:

Yalanlar al-əlvan, yalanlar min-min,

Deyir gecəyə bax, zülməti görmə.

Yalanlar... Ağ yalan qara köynəyin

Üzünə rəng çəkir, gözünə sürmə...

Bu cür ciddi ittihamları yalnız Bəxtiyar Vahabzadə qüdrətində, xislətində olan bir sənətkar edə bilərdi. Bəxtiyar müəllim ilk növbədə kökə, tarixi ənənəyə bağlı bir insan idi. Xatırlayıram, Türkiyənin sabiq prezidenti, rəhmətlik Süleyman Dəmirəl Bəxtiyar müəllimlə görüşü zamanı dedi ki, mən sizin "Kök" adlı şeirinizi əzbər bilirəm və çox qiymətləndirirəm. Çünki o şeirdə Bəxtiyar Vahabzadə yazır: "Kökü var torpağın da, daşın da, İnsansa öz kökünü gəzdirir öz başında". Süleyman Dəmirəl o şeiri əzbər söylədi. Dedi ki, sən bu fikri nə gözəl ifadə edibsən!

Bəxtiyar Vahabzadə bizim milli iftixarımız olan sənətkarlarımızdandır. O, bütün Türk dünyasının sevimlisidi. Heç unutmuram. Türkiyədə çalışdığım illərdə təbii ki, mənə bir alim, pedaqoq kimi böyük hörmətlə yanaşırdılar. Amma mənim üçün çox önəmli, unuda bilmədiyim, qürurverici bir məsələ də var idi ki, onu qeyd etməyə bilmərəm. Orada mənə məhz Bəxtiyar Vahabzadənin tələbəsi, yetirməsi olduğuma görə ayrıca bir hörmət göstərir, heyranlıqlarını bildirirdilər. Necə də məhəbbətlə, sayğıyla məni bir-birinə təqdim edirdilər ki, "bilirsinizmi, xocamız, öyrətmənimiz Bəxtiyar Vahabzadənin tələbəsi olub". Bu heyranlığı özüm üçün dünyanın ən böyük mükafatı bilmişəm. Bəxtiyar müəllim dünyasını dəyişəndə mənə qardaş ölkələrdən nə qədər başsağlığı, təskinlik teleqramları gəlirdi. Bunları xatırlayıram və görürsünüz, göz yaşlarımı tuta bilmirəm. Bu diqqət ona görə idi ki, mən də qardaş ölkədə Bəxtiyar müəllimin yaradıcılığını sevə-sevə tədris edirdim. Bu münasibət onun yaradıcılığı barədə Türkiyədə dissertasiya yazılmasına vəsilə oldu. Bütün bunlar haqqında danışmaq mənim üçün çox xoşdu.

Nəsimi "Dərvişin pirini sormaq adət deyil" - yazırdı. Arifanə bir nəzər bəs edər ki, kimliyini biləsən… Bəxtiyar müəllim xislətindən, kisvətindən bəlli olan, pərəstişə layiq bir sənətkar, böyük şəxsiyyət idi. Qəbri nurla dolsun!

Söhbətləşdi: Sərvaz Hüseynoğlu

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!