Heyy!!! Can dediyim bəy ərənlər! Dünya mənim deyənlər! Əcəl almaz! Yer gizləməz!.. Yaşar dünya fani olmaz! Səksənində səksənmədin! Doxsanında duruxma! Addımların yüzünə sarı! Nə sıtqa, nə zarı! Vaysınma! Bükülmə! Qatlanma! Sınma! Nələrdən keçibsən?! Nifrət etdiyin savaşlarda insan öldürübsən: almanlara qarşı, ermənilərə qarşı vuruşubsan! Yaşlı olsan da, Qarabağda oğullarınla çiyin-çiyinə döyüşübsən!.. Vətəninə güllə, ürəyinə dağ dəyib! Dağ kimi nişanlı oğlunu şəhid veribsən! Qarabağı almadan, Azərbaycanı birləşdirmədən ölmək... ayıbdır axı!.. Kirpiyinlə od götürübsən illər uzunu... Bilməyibsən qışını-yazını... Oğullarını evləndiribsən... Qızlarını köçürübsən... Toy-bayramda oğul-uşaq, nəvə-nəticə bir yerə yığışanda, həyət-bacan arı pətəyi kimi qaynayır... Hürr bayrağımız tək dalğalanır gur nəslin!.. Soyun qədimdən qədim! Uluların Bilgə Kağanın daşyonanı, Uluğbəyin memarı, Nəsiminin müridi, Xətainin silahdaşı, atan Cümhuriyyətin əsgəri olmuş! Şəcərən üzülə-üzülə gəlmiş, incəlib doğanaqlardan keçmiş, ancaq qırılmamış!.. Sən də evin tək oğlu idin, Qoca! İndi bir Ordunun başındasan! Atanın yetmiş yaşı olanda doğulmuşdun. Anan da əllini ötmüşdü. "Sonsuz" demirdilər, deyirdilər ki, "nəsil burda qırılır...". Amma qırılmadı. Birdən! Doğuldun - Sən! Cavan gəlinlər çevrəsində, boyluluğunu qonşu-bacadan utana-utana gizlədən anan da bir nur parçası - buz baltası doğduğuna inana bilmirdi, heyrətindən donmuşdu, sevincindən, ya nədən döşləri qurumuşdu. Qışın oğlan çağı bibin səni adyala büküb ərk elədiyi döşüsüdlü anaların yanına aparırdı - "Ay qız, sən Allah, bu uşağı əmizdir, ölür acından!.." - südəmər yaşıdlarının payına şərik olurdun! Sən yad süd əmmədin, hətta südü ilə bir-birinə həyan olan anaların köynəyindən keçdin, döşünü əmdin! Bir kəndin balası tək!.. Böyüdün, ərsəyə çatdın!.. Soyun ürüyüb-artdı!.. Açdığı yol - mərdin! Daha nə dərdin, Qoca?! Bəs indi... arada kal-kal büzüşməyin, dəm-dəm içinə çəkilməyin nədir?! Heç uca boy-buxununa, şax yerişinə yaraşırmı bu, oğlan?! Yaşın uyuğu uydurmasın səni! "El gücü - sel gücü" - axı, sən dilinin bu şah atalar sözünü əməlinlə təsdiq edən, "El üçün ağlayan göz kor olar" - deyibən yaxasını kənara çəkənlərin ağzından vuran kişilərdən oldun! Şəriət hörgüsündən bir barmaq arasınca dünyanı görməyə göz qıymayan qaramollaları, qız uşaqlarının taleyinə Orta əsrlərdəki kimi hökm verən danabaşları yerində oturtdun! Bir-iki yetimi də övladlarınla birlikdə oxutdun! Ali məktəbləri fərqlənmə diplomu ilə qurtaran oğulların seçkin mütəxəssis, qızların başına and içilən müəllim, həkim oldular! El içində başı uca, alnı açıq, sözü bütöv, ən çətin işə iradəsi yetərli gəzdin! Sən o kişisən ki, ömrünün hər ilində kəndinə xeyir əməlindən sovqatın oldu! Yadındamı: kəndin başındakı göl, ona axan çay, ondan axan kəndiçi bala arxlar quruyub gedirdi... Sən gedib rayon rəhbərliyini bir-birinə vurdun, dağların arasındakı sututardan o çaya ayrılan suyun həcmini artırdın, dedilər, daşqın olacaq, dedin olmayacaq! - camaatı başına yığıb bütün yayı qan-tər içində, cadar-cadar olub qabarmış gölün də, çayın da, arxların da yatağını qazıyıb hamarladınız, çökəkliklərin lilini-palçığını təmizlədiniz. Çay boyu bölük-bölük kəndlərin ağsaqqalları ilə də sözü bir yerə qoydunuz ki, daha heç kim heç yandan bura natəmiz sularını axıtmasın, çirkli nəsnələrini tullamasın. Tullantıları daşıyan araba da işə düşdü bundan sonra. Yol qırağına səliqə ilə çinar ağacları əkildi, suvarıldı, bəsləndi. İçindən, yan-yörəsindən axan bol su kəndi durultdu, çörəkləndirdi, əkin-biçini dirçəltdi... Sonra yol, körpü, bağ-bağat... Daha neçə-neçə dua-alqış qazandıran savab işlər... Yolunu azmış bir qancıq peyda olmuşdu o həndəvərdə. Cavanların başını havalandırmağa başlamışdı. Yan-yörəsini divara dirədin: ilim-ilim itirdilər onu... Kimin hünəri çatardı sən olduğun yerə çirkab axıtsın, gicitikan əksin! Harada oldunsa, oranı lehmələnməyə, vağamlaşmağa qoymadın, diriltdin! Ulu peyğəmbərlər kimi! Hə, nə olub indi sənə, Qoca?! Qaldır əllərini, damarlarına bax! Arteriyalarında gəziş! Hüceyrələrinlə danış! Sızıltılarınla dostlaş, zarafatlaş, barış!.. Görürsən, necə suludur canın! Silkələnsən, varlığında şaha qalxar qanın! Sənin nə nərd, nə domino vuran, nə qeybətə varan vaxtındır! Yenə əvvəlki tək saza da qulaq as, Bethovenə də, santuru da dinlə, Stravinskini də, muğama da qərq ol, raqaya da! Götür baltanı, bülövlə, kötüklərin ən düyünlüsünü yar! Gücün bir qışın odununu yarmağa çatar! Hanı uşaqların arabaya bağladığı o od parçası at! Aç onu, yəhərlə, yalmanına yat! İtsin çal saqqalın yalın qarasında! Çap, keç ormanlardan - doğma ağaclar arasından! Öt gözləri bərəlmiş uşaqlar, qocalar sırasından!.. Yaşıdlarının yasında hönkür-hönkür ağla, boşalt ürəyini! Onlara necə qardaş olmağından, yaxşılıqlarından, gülməli, öyməli əhvalatlarından danış - bilsinlər ki, əsl kişi necə olur! Göz yaşların suvarsın toxum-insanların torpağını! Torpaq göyərtsin onları! Dostlarına yenə də dayaq ol! Düşmənlərini yenə də sayqılarınla utandır!.. Hə, Qoca! Qırışığın açılsın! El-oba toylarında qol açıb oyna "Cəngi"ni cavanlarla, yor onları - görsünlər ki, adamın içində ruh oynayanda can yorulmur!.. Coşar heyindən-gücündən, ərən cazibədarlığından, kəsilməz işığından, soyunun paklığından, qol-budaq atmağındandır ki, yeddi kəsək kənd səninlə qohum olmağa can atır! Oğullarının, qızlarının, gəlinlərinin oturuşundan-duruşundan ibrət, ismət alırlar! Nəvələrin dünyanın ən üstün universitetlərində oxuyurlar! Bitirənləri yenilikçi hünərində! Onların böyüyü ölkənin adlı-sanlı alimidir, kəndə qayıdanda, "Canım Babam! Gülləni düz onluğa vurmağı sən öyrətmisən mənə!" - deyibən bağrına basır səni, sıxır, sıxır, buraxmır, sən də kürəyinə vurub, sözün dərinində burulub zarafatla deyirsən: "Hə... Sən Amerikanın Harvardını qurtarıbsan, mən də kənd Harvardını!..". Təqaüd parasına heç zaman göz dikməyibsən, Qoca! Öz halal zəhmətinlə dolanıbsan! Aynabəndli, eyvanlı ev tikməyi kənddə sən dəb saldın! Evinin kərpicini də öz əlinlə kəsibsən, taxtasını öz əlinlə yonubsan, şüşəsini öz əlinlə salıbsan, tirini öz əlinlə ucaldıbsan! İndi də... qoy "cızz!" eləsin tər damcıların dəryazının ağzında! Xırmanını qızdıranda Günəş, sümüyü bərkimiş nəvələrinlə bir güləş! Qayıtsın meydan sulayan pəhləvanlığın!.. Gülüşlərindən, qışqırtılarından tutulsun qulağın! Yığ başına dəkkəlləşmiş nəticələrini - dərsliklərini vərəqlə, suallaş-cavablaş, sına onları da, özünü də. Yadına sal - gör Cəbəllütariq boğazı hansı qitələri ayırır, hansı suları birləşdirir!.. Görüb-götürdüyün dünyada nə qədər yarğan, uçurum var, Qoca, nə qədər çat! Cavanlara onları anlat! Yerindən qartımış Şəri oynat! Onlarla birlikdə bir çiçəyin ləçəyini tapdamamaqla ədalətsizliyi tapdalayıb yox etməyin eyni əxlaqi ucalıq, eyni mənəviyyat dəyəri olduğunun çətin yolundan yenə keç! Hərcayılığı, azğınlığı, qudurğanlığı biç! İtilən, kəsərlən bir daha haqsızlıqlarla savaşda!.. Sancılmasa Həqiqətə insan, getməyəcək irəli bir qarış da!.. Bu dünyada heç kimə möhtac olmasan da, oğulların pul verəndə, xətirlərinə dəymə, al! Xərclə gəlinlərinə, nəvələrinə... Aman Allah! Axı, sənin bir Qarın da var gözəl-göyçək - Oğuz elindən qopmuş Banu Çiçək! Ailənin altun tacı! Qardaşdan artıq - altmış ilin can sirdaşı! Altmış ildir barmağına taxdığın üzüyü hər gün, hər gün öpüb qoyur gözünün üstünə, Beyrəyin yovşanı kimi... Rəhmətliyin oğlu, iş-güc başını qatıb!.. Çoxdandır hay vermirsən səsinə! Nəfəsin dəymir nəfəsinə! Bağından evinə qayıdanda bax Qarının Ay-tabaq çöhrəsinə! Yazın allandırdığı yanağına! Xalını gizləmiş buxağına! Görürsən, ay insafsız, yanağının yanğısı necə vurur səni - təndir kimi!.. Baxma uşaqların səs-küyünə!.. Baxma günorta çağına!.. Xəlvətcə şığıyan alıcı quş tək həyətdən vur onu caynağına, qaldır otağına, sal yatağına!.. Nazlana-nazlana "Başına dönüm, a kişi, nə qayırırsan?!! - deməyinə baxma, ürəyincədir! Əldən gedir sinəndən sarı! Çək özünə sarı! Sığalla ağarmış başının xınalı ipək saçlarını, barmaqlarınla dara tellərinin qırışlarını!.. Üzünün Ay haləsində, boynunda-gərdənində dolandır öpüşlərini! Qulağına pıçılda: "Sevgilim!.." - lap cavanlıqdakı tək! Al bir ömrə bərabər, güclə eşidiləcək, ehtiraslı doğma qadın səsinin mehrini dalğa-dalğa: "Doyulmazım!.." - lap cavanlıqdakı tək! ...Sonra donsun sözlər! Danışsın eşqin alov dilimlərində bir-birinə sapmasan bədənlər! Qarının çoxdan əlin dəyməyən məmələri arasında gəril, qıvrıl, açıl, titrə! Titrət!.. Çatın indiyədək çatmadıqlarınıza! Yetin indiyədək yetmədiklərinizə! "Baba ilə nənə lolulub yatıb... Səs eləməyin, quqqulular...", - deyə dolanmayacaqlar balacalar sizin odanızın yanında... Qarın qırıq səslə "Azarlamışam, ay bala..." - deyərək üç gün yumağa dönüb yatacaq, cınqırı da çıxmayacaq... Üç ay da utandığından sənin üzünə baxmayacaq... Qapı-bacada səninlə rastlaşanda, kəlağayısı qırçınlana-qırçınlana burulub o yandan keçəcək!.. Sənsə şaqqanaq çəkib güləcək, "Ay qız, qorxma!" - deyəcəksən dalınca... Hə, Qoca! Görürsən, necə təpərlisən! Ömrün uzunu bir həb də atmayıbsan! Ağrı-acıya yenilməyibsən! Axı, ürəyini körpə ürəyi tək saf saxlayıbsan! Bulandırmayıbsan içini! Bütün yavalıqlardan uzaq dayanıbsan! Ərdəmliyin örnəyi olubsan! Ona görə yenə də çəkinmə haqq ocağını sönməyə qoymayanları qorumaqdan! Yalnız saf adamların səlahiyyətidir bu şərəf!.. Bilirsən axı, nə qədər sağlam olsan da, ölüm həyat pilləkəninin lap dibində marığa yatıb gözləyir, gözləyir ki, onun hansı pilləsindən yıxılacaqsan!.. Sən isə pilləkənlə qalxmaq istərkən, gəlininin yuxarıdan düşmək istədiyini görüb dayanırsan. "Qızım, gəl!" - deyirsən. O isə ədəb-ərkanla sənə yol verir. Ölüm, ürəyi çırpına-çırpına sənin mütləq büdrəyib-yıxılacağına əminliklə addımlarını izləyir - bir, iki, üç... Sən isə heç pilləkənin sürahisindən də tutmadan gənclik şövqü ilə yuxarı mərtəbəyə qalxırsan. Ölüm səssizcə qısılıb gedir... Sən gülüzlü gəlininə yaxınlaşıb, alnından öpürsən. O da sənin əlindən öpür. Nisgil qarışıq fərəh bürüyür içini: "Şükür Allaha! On dörd il övlad gözləyən oğlumun oğlu olacaq, deyəsən...". Gəlinin uzaqlaşa-uzaqlaşa gülümsünür: "Balam babasının üzünə tərpəndi, özü də necə bərk... Diksindirdin məni, canım... Deyəsən, doğulmağına az qalıb...". Zaman ötür... Nəhayət, ömrünün mübarək günü açılır üzünə. Səhər tezdən oyanıb, qapı-pəncərəni taybatay açırsan. Yazdan yaya adlayan sübh Günəşi səni görməyinə, gözlərini qamaşdırmağına sevinir. Həyətə düşüb əkdiyin ərgən ağaclar altında ciyərlərini təmiz hava ilə doldurursan - "Oxayyy!..". Boşalmış çəpər yerlərini bərkidirsən. Toyuq-cücəyə dən atırsan. Şitillikləri, pöhrəlikləri, gülləri sulayırsan. Evinin çoxdan vurulmuş suvağında əllərini gəzdirirsən... Hə... Görürsən ki, həyatında ilk dəfə əllərin sezilməzcə titrəyir: "Bu gün bazardır. Hələ oyanmayıb uşaqlar... Yaxşı ki, axşam arvada vəsiyyətimi elədim. Güldü. İnanmadı, bəxtəvərin qızı. Vəsiyyət yüngüllükdür... Elə mən də yüngülləşirəm... Heç yerim də ağrımır... Quş kimiyəm! Uçmağım gəlir, İlahi!..". Doyunca, lap doyunca evinə, həyətinə, həyətdən uzanan yola, yolun qırağındakı qonşu evlərinə, kəndin çevrəsindəki dağların yaşıllığı kükrəyən sıx meşəliyinə baxırsan... O meşəlikdəki uşaqlıqdan sevdiyin, ürəyini açdığın palıd ağacı çəkir səni. Yola çıxırsan. Bir daha dönüb yurduna baxırsan. Yoldan həmin palıd ağacının səmtinə ayrılan doğma cığırla ağır-ağır addımlarını atırsan... Cığır səni sağ-solunun qalın gül-çiçəyi bir-birinə uzanmış xiyabana çıxarır. Sən addımlarını yeyinlədirsən... Bu dünyada dilinə gələn son sözlərini güclə bir-birinə çatdırırsan: "Sənə... doğru... uçuram.., İlahi!..". Yolun dumana bürünmüş sonuna doğru, sən getdikcə sıxlaşan qızıl gül kollarının arasından irəli şığıdıqca, tikanları əvvəl narın-narın, sonra dərin-dərin sıyırıb-deşir, qanadır səni, qanın axdıqca xoşallanırsan, qanın qan-qırmızı güllərin rənginə-ətrinə bələşir, canın ləçəklənib uçuşur... Sən, beləcə, "cənnət və cəhənnəm" ilğımlarından yan keçib, həyatını əbədiyyətlə bağlayan xiyabanda güllərə qarışıb Tanrıya çatırsan!.. Qabağında diz çökürsən. Yetmiş il dilindən düşməyən duanın ordan-burdan işaran sözləri güclə özünü bir yerə toplayır: "...Sənin önündə diz çökmək - Səndən başqa heç kimin qabağında əyilməmək deməkdi... Əvvəlimiz - Sən, Sonumuz - Sən! Əvvəlimizlə Sonumuz arasında Varlığımız - Sən!..". Tanrı qolundan tutub qaldırır səni: "İtaət - sənin gəldiyin dünyanın uydurulmuş adətidir, İnsan! Nə sən, nə mən ona möhtacıq, İnsan!". Sonra səni Kainatın ana bətnində bağrına basır: "Nə gözəl yaşadın sən, İnsan! Ey kamil İnsan! Ürəyim səni istər, İnsan! Ey Kainatın məqsədi! Biz hər zaman Vəhdətdəyik! Gəl birlikdə deyək: "Ənəlhəqq!!!". Ürəklərinizin birgə döyüntüsündə, varlığının indiyədək olmadığı halında sən, nəhayət, dərk edirsən: "İlahi! Mən ki yerüzündə bu Həqiqətə bircə addım qalmışdım: Doğuluş - Əbədiyyətdən insan həyatına adlamaq, Həyat - Əbədiyyətdə ən yüksək məqama çatmaq, Ölüm - yenidən əbədiyyətə qayıtmaq, yaranışın başlanğıcına qovuşmaqmış!.. Yaranışın başlanğıcı, hər zaman var olması və sonaçatmazlığı imiş - Tanrı-İlahi Qüdrət!". Sonra Tanrının və Özünün Vəhdətindən qopan sözləri milyon-milyon işıq ili məsafəsindən Kainatın çən giləsinə - Yer planetinə varlığın əbədi harmoniyası dilində aram-aram pıçıldayırsan: "Gəl birlikdə deyək: "Ənəlhəqq!.. Cümlə cahan təndir mənə!.. Mən Həqqə məkan, məkan mənəm mən!.. Mən dəhrü zəman, zəman mənəm mən!.. Lövhi-məhfuz mənəm!.. Mənşəyimdir Kainat!.. Mən cümlə-cahanü Kainatəm!..". Sonra... sükunət... sonra... sıçrayışlar... sonra... dayanışlar... sonra... xaos... sonra... zülmətdən qurtuluş... sonra... Kainatın böyük günəşlərinin çevrəsindəki planetlərdə fırlanmalar... varlıqdan yoxluğa, yoxluqdan varlığa varmalar, körpə ulduz dumanlıqlarından sıyrılaraq aydınlanmalar... sonra... ritmik hərəkətlər.., milyon-milyon illərin çevrilmələrindən sonra... nəhayət... maddə ilə ruhun nikah rəqsində... doğuluşun lacivərd qəsrində bir şeh giləsindən Kainatın Toxumuna dönürsən!..
...Amma o zaman... Qocanın dünyadan getməsi hayından qabaq onun üzünə tərpənən nəvəsinin dünyaya gəlməsinin hayı oyandırır ailəni: Səhərin mübarək, Körpə Pəhləvan!
Yanvar, 2019
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!