Şairin "Son nəfəs" kitabı barədə gəzişmələr...
Səməd Qaraçöp mənim gəncliyimin şairidir. Bir yerdə çox olmuşuq, qələminə, ruhuna yaxşı bələdəm. Bu yurdu, torpağı, eli-elatı canından çox istəyəndi. Sözü hamısından çox sevir. Söz, misra üstündə əsdiyinin şahidi olmuşam.
Bir gün söykənəcəm sözün üstünə,
Bir gün deyəcəklər: "öldü" beləcə".
Soyuq göy üzündən, ulduz yerinə,
İsti söz yağacaq mən ölən gecə.
Səməd Qaraçöpün şeirlərində ölüm, yeraltı, göy üzü, qəbir, baş daşı tez-tez işlənən obrazlardır. Bunlardan Səməd çox qəddarlıqla istifadə eləyir. Oxucunun ürəyini çəkir. Elə yuxarı, yaxud aşağı dünyayla əlləşir, yerüstüylə elə də işi yoxdu. Yəni yer dünyasını müdam qara görür.
İçəri girirəm - daxmam qaranlıq,
Eşiyə çıxıram - dünyam qaranlıq...
Üzümü ha yana tutum, ay Allah,
Ha yana baxıram - hər yan qaranlıq.
Bu qaranlıq dünyada üz tutulası bir məkan yox. Haraya gedirsə, yolu bağlıdır dünyanın. "Vətənin qıraqda qalan yerləri"ndə də, "Son nəfəs" adlanan ikinci kitabında da bir ruh hakimdi; özündən, içindən eymənir şair, varlığını ovudan bir duyğuya həsrətdir. Fikri obrazlı ifadə etməkdən çox, sözün çılpaq, sərt üzüylə həqiqətin acı tərəflərini açmağa çalışır.
Elə dərd tərəfə çəkirəm nəsə,
Elə dərd qoxuyur canımdan daha;
Hamı üz-gözümdən iyrənib gedir,
Hamı çıxıb gedir yanımdan daha.
Kitaba ön sözdə Səməd Qaraçöp yazır: "Şeirlərim söz-söz, misra-misra özümə oxşayır" - doğmaca balalarım kimi. Amma, şeir yazdığım gündən bəri mən yoxam dünyada. Şeirlərim söz-söz, misra-misra yetimdi. Bu dünyada "bundan yetim, bundan yazıq kitab tapmazsan." Özünü, sözünü dərk eləmiş şairin etiraflarıdı, ön sözdə ifadə eləyir. Elə şeirləri də belədir. Özünü yazır Səməd, dünyanın təkərləri altında əzilən, xıncılan duyğularını qələmin səmimi dilinə gətirə bilir. Özünü həmişə sonda, əzab altında, qayğı girdabında, cavabdeh libasında görür və diri insanın gəzdiyi məkanlardan çox gorgahlarda, buz qəbirdə, ən ağır cəzaya məhkum olunan insan əzablarında görür. "Allah, mən dünyanın son nəfəsiyəm", "Mənim alın yazım qəbirdi, Allah", "...Ay Allah, alnıma yazdıqlarını / Elə baş daşıma yaza bilərdin", "Mən ki, qəbirdəyəm yaranışımdan, /Ay Allah, bəs niyə ölmürəm axı?!"
Belə sitatların sayını artırmaq da olar... Əsas bu məqamların alt qatına girə bilməkdi. Bu duyğulu anları bir neçə dəfə "ölüb-diriləndən" sonra kağıza gətirmək olar. Bəlkə də ölüb-dirilməklə də iş bitmir. Səməd Qaraçöp özünü dünyada ağzı bağlı tabutda hiss eləyir. Hərdən havalanıb tabutu yırtanda da Arazın, Savalanın "ağır havası" çökür varlığına...
Səməd, özünün dediyi kimi, "günə baxmaqdan qara çöp" olub. Heç nə onu tərpədib, ağarda bilmir. Hər şeydən kənardadır. Heç bir ölçüyə uyğun gəlmir. Vurub dağıdır bütün qəlibləri.
Nədən yapışıram - işim danlanır,
Nədən danışıram - sözüm danlanır.
Beləcə hər yerdə yersiz düşürəm,
Beləcə hər yerdə üzüm danlanır...
Doğmalar yanında üzüm qaradı,
Doğmalar gözündə dərdim dağ olub...
Gözümü dünyaya açandan bəri
Mənimki beləcə danlanmaq olub.
Zaman qəlibində baş girləyən adamlar çevrəsində Səməd Qaraçöp qəribdi, qıraqdadır. Elə fiziki baxımdan da kənara çəkilib binəva şair. Çünki Akif Səməd demiş:
"Üzə dayanıb durmaqdan
Getməkdi mərd iş - dur gedək."
"Gedək" deyəndə Səməd Qaraçöp heç yana getməyib. Burda - Bakıda, Sahil qəsəbəsində göy çadırın altındadır. Ancaq yoxa çıxıb sanki. Nə özü görünür, nə imzası, nə şeirləri. Bilmək olmaz - kim ortadadır - mühitdə "yazıları" ilə cövlan eləyənmi, yoxsa qırağa çəkilənmi? Hər halda, Səməd Qaraçöpün şairlər cameəsindən kənarda olması heç kəsə üzağlığı gətirməz. Axı o "Vətənin qıraqda qalan yerləri"ndən qopub gəlmişdi Bakı ədəbi mühitinə. Özü də "barmaqla" göstərilən bir söz adamı...
Qəribə adamsan, Səməd,
Qəribə adamsan, vallah.
Göyə çıxırsan - yer istəyirsən,
Yerə düşürsən - göy istəyirsən...
Qardaş, özün istəmirdinmi,
Səni barmaqnan göstərələr;
Səni ki, barmaqnan göstərirlər,
daha nə istəyirsən?
"Ədəbi cameə" deyilən bir məkan var. Orda hər bir söz adamının öz yeri var, şübhəsiz. Səməd Qaraçöpün o sırada haqqı çatan bir yeri var. Day gedib hardasa qoruqçu dayanmamalıdır.
...Səməd Qaraçöpün köçü Bakıda qərar tuta bilməyib, Sahil qəsəbəsinə yön aldı. Kitaba ön sözdə yazır: "Köçüb bu torpaqdan gedə bilmirəm" - 1998-ci ildə qeyd eləyir ki, düz on il qabaq dediyim sözdü. Amma sözümün üstündə on ildən artıq dura bilmədim. Beləcə... köçdüm. Bu mənim - əlimin arxasını yerə qoymağımdı, yəqin...
"Mən yol adamıyam. Şeirlərimin çoxusunu yollarda yazmışam - qatarda, avtobusda. İlham məni tərpədəndə çox vaxt qələm-dəftərimi də götürüb yola çıxmışam: Qaraçöp - Tiflis, Tiflis-Qaraçöp. Mənim şeirlərim də köçə oxşayır - tərəkəmə köçünə. Bu şeirlərdə maşın-zad yoxdu. Bu şeirlərdə arabadı, atdı, alaçıqdı, göylərdi, bir də yollardı.
... Türkün Vətəni yoldu. Türkün Vətəni köçdü. Bir gün ruhumu Tanrıya tapşıranda cəsədimi torpağa qoymaq üçün Bakıdan Qaraçöpə aparacaqlar yəqin. Yolboyu obalardan adamlar baxıb deyəcəklər: "Səməd Qaraçöpün köçü gedir":
... Bir ot da baş qoyur öz torpağına,
Bir daş da özünə bir yarpaq çəkir.
Babam bu torpağa qarışıb, Allah,
Məni, harda olsam, bu torpaq çəkir ...
Səmimi etiraf eləyim ki, Səməd Qaraçöplə bağlı düşünəndə birinci mənim yadıma onun qəflə-qatırlı köç karvanı düşür. Özü demiş, yol boyu obalardan adamlar təəssüflə, göz yaşlarıyla bu köçün axarına düşüb qarışacaqlar... Çünki belə qayıtmamalıydı bu köç - vaxtsız və urvatsız. Tərs kimi, Qaraçöpdəki evi də qəbiristanlığın beş addımlığındadır. Demək, orda da çox ləngiməyəcək. Necə ki, bir vaxtlar yazmışdı:
Hər gün bu yolları susub keçirəm,
Yığıram günləri səbrimin üstdən...
Evimiz yaxındı qəbristanlığa,
Hər gün adlayıram qəbrimin üstdən...
Sözdən böyük qüvvə yoxdur, elmdən uca mərtəbə. Ciddi söz, ağıllı şair idrakı cümlə varlığı dərk eləməyə qadirdi. Aləmi dərk eləyəndə olursan Səməd Qaraçöp - evlə qəbiristanlığı yaxınlaşdırırsan. Elə bir fərq olmur gor eviylə, yerüstü olacaq arasında. Elə bir fərq eləmir yerin üstüylə altında olmağın. Bəlkə elə biz yaşadığımız məkan yerin altıdır, altı bildiyimiz yerin üstü. Nəsə bu çəlpəşik fikirlər burulğanından o yana gedib, heç nə deyə bilmədim. Bunu Səməd Qaraçöpün şeirləri mənə dedirtdi. Ölüm də gözəl dona bürünür orda...
Elə doğulandan "ölürəm" - dedin,
Elə hər addımda canın üzüldü.
Nə uzun çəkirmiş sənin ölməyin,
Səməd, bir ölümü nə uzun öldün?!
Şairə uzun ömür arzusuyla...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!