Yazdım, ürəyimin qanıyla yazdım...Bu əlli yaşımın əlli şeirini.
Sevgi də bulaşıcı xəstəlik kimidir, ondan qorunmağa, ağız-burnunuzu tənziflə bağlamağa dəyməz, gücünüz yetdiyincə insanları sevin. Və sizin sevginiz sevdiyiniz birini başqalarına da sevdirəcək. Tərəddüdə gərək yox, sınayın və dediyimin doğru olduğunu özünüz də görəcəksiniz. Əslində, bir insanı sevməklə, ona sayğı duymaqla bütün insanlığı sevmiş və sevgi "xəstəliyinə" yoluxdurmuş olacaqsınız.
Haçansa ağlımdan keçən bu fikri Ehtiram İlhamın əlliillik yubileyi üçün yazmaqda olduğum yazıya əlavə etməyim səbəbsiz deyil, çünki Ehtiram İlhamın davranışları sözün tam anlamında bu fikirlərin həyati təsdiqidir və bəlkə, elə ağlıma gəlməyimin gizli səbəbi də bir başqası deyil, elə Ehtiram İlham örnəyidir...
Adamlar özlərindən xəbərsiz onlara verilən adlara çəkir. Bu çoxdan qəlibləşmiş fikir də Ehtiramın şəxsində aşkar təsdiqini tapır. Yaradılanı sev, yaradana görə, Ehtiram İlham bu tanrısal formulu şüuraltı bir sezi ilə həyat devizinə çevirmiş adamdır. Sadəcə, inrernetdə Facebook səhifələrinə ötəri bir göz atsanız bunu siz də fərq edərsiniz. Dost doğum günlərini əsla unutmayan, aşağı-yuxarı bütün paylaşımları bəyənən onun kimi ikinci bir könül adamı tapmaq da asan deyil...
Deyə bilərəm ki, E.İlhamın bu yaş illərinin hardasa otuz üçü gözlərimin önündə keçib. İndiki kimi xatırlayıram Tovuza qısamüddətli gedişlərimin birində mənimlə görüşməyə iki qardaş gələcəkdi: Böyük qardaş Firdovsi həkimin adını çoxdan eşitmişdim, yanındakı kiçik qardaş - Ehtiramı isə ilk dəfə idi görürdüm. Firdovsi həkim elə ilk dəqiqələrdən dil boğaza qoymur, ölkənin tanınmış, tanınmamış şairlərindən (arada mənim şeirlərimə də sıra gəlirdi) şeirlər əzbər deyir, sanki sinədəftərliyini sübut etməyə çalışırdı. Şeirli uvertüra bir növü bu gəlişin amacını da ortaya qoyurdu: Arxa planda şeirlə bağlı nəsə var...
Fikirləşdiyim kimi də olacaqdı, axırda böyük qardaş kiçik qardaşın şeir yazdığını, mənimlə görüşə buna görə gəldiklərini söyləyəcəkdi.
Ehtiram utana-utana əlindəki çizgili şagird dəftərini mənə uzadacaqdı... (Həyəcanlı halıyla mənə, 16 yaşında Tovuzun Əsrik kəndindən soyuq fevral səhərində yük maşınının üstündə Tovuza - rayon qəzetində yenicə təşkil olunmuş "Ədəbiyyat dərnəyi"nin ilk toplantısına gedən və tələsdiyindənmi, həyəcandanmı şeir dəftərini kənddə unudub gələn məni xatırladırdı). Şeirlər əlbəttə ki, hələ yeniyetməlik illərini yaşayan sənətin qürbətindən sənətin vətəninə keçmək üçün çalışıb çabalayan, yollar axtaran bir ürəyin tərəddüd çırpıntılarından başqa bir şey deyildi və şübhəsiz ki, başqa cür ola da bilməzdi. Olsa-olsa yazılarda söhbət gələcəyə ümid verə biləcək uğurlu misra və ya bənddən gedə bilərdi.
Şeirləri oxuyacaq və məsləhətlərimi verəcəkdim. (Doğrusunu deyim ki, vətəndə yaşadığım hardasa 55 il zaman kəsiyində yanıma məsləhətə, ya da işləməyə gələnlər çox oldu, amma tərəddüdsüz deyə bilərəm ki, onların arasında ən sabitqədəmi Ehtiram olacaqdı).
Ehtiram əsgərliyə getdikdən sonra da əlaqəni kəsməyəcək, mənə şeir dolu məktublar göndərəcəkdi. Amma bu illər ərzində ona məsləhət və ümid verməkdən başqa, bir köməyim olmayacaqdı. Hətta "Gənclik"in redaktoru olduğum beş il müddətində də ona jurnalın səhifə qapılarını açmayacaqdım. Sonralar ilk kitabını çap etdirəndə yazdığım ön söz də hardasa sıradan, bəlkə də, candərdi olacaqdı. "Gənclik"in qapılarını az qala dabanından çıxarmağa çalışan, çap olunmaq üçün tovuzlu olduqlarını söyləyib inad edən digər şeir həvəskarı tovuzlulardan fərqli olaraq, Ehtiram o zamanlarda başını sallayıb işini görən qarışqa misalı qumsalda batan su kimi hardansa yenidən var olmağa, özünütəsdiqə doğru yol gedirdi. Həm də yazılarına soyuq münasibətim əsla onun mənə kiçik qardaş sevgisinə, dost sadiqliyinə əngəl olmayacaqdı. Tovuzluların, xüsusilə də tovuzlu qələm adamlarının bir-birinə necə dəyər verdiklərini (oxu - vermədiklərini!) nəzərə alsaq Ehtiramın hamıya, daha çox da sənət adamlarına sevgisi, ehtiramı həqiqətən də unikal hadisədir. Niyə unikal hadisə deyirəm? Hələ həyatının gənclik çağlarında atasını, anasını, qardaşlarını itirən, arzuları ilə imkanları çox zaman örtüşməyən, fələk, ya da zaman deyilən zalımın solaxay, tərs şapalaqlarını hamıdan çox yeyən bir adamın ürəyi daşlaşmaq yerinə, bir bu qədər sevgi, mərhəmət, ehtiram və ilhamla dolu qalırsa, bunun adı inikal hadisə olmayıb da nə olmalıydı?!
Türkiyə türkləri demiş, Ehtiram, sanki ömrünü iki şeyə adamış: Bir, böyük poeziyanı can həvəsi ilə təbliğə - özünütəsdiqə, iki, dostluğa etibarına, adındakı mənaya sadiqliyə!
Doxsanıncı illərin əvvəllərində qısamüddətliyinə də olsa bir yerdə işləyəcəkdik. Bəzi istisnaları nəzərə almasaq, orada da özünü doğrultmağa çalışacaqdı.
Şair var ki, elə ilk şeirindən diqqətləri öz üzərinə çəkir. Şair də var, sabitqədəmliyi ilə özünü, sözünü təsdiq üçün daşı dələn su misalı çıxdığı yoldan, düşdüyü həvəsdən yorulub bezmir, əzmin zəfərinə doğru irəliləyir. Hansına uğurlu deyək, ilk sənət addımlarından başarılı olub sonra o ilk uğurların kölgəsində baş girləyənlərmi, yoxsa içini dağıdan böyük ilhamın enində, sonunda üzə çıxmasına gec də olsa nail olan və bu yolu büdrəmədən davam edənlərəmi? Cavab bəllidir!
Davranışları şair taleyini üstələyəndə hərdən Ehtiramla sözümüz də çəp gəlir. Bəlkə, yubileyərəfəsi bir yazıda bunlara toxunmaq elə də doğru deyil, amma olsun. Həyat şərtləri nə olur-olsun şəxsi davranışlarıyla ona tale tərəfindən hədiyyə verilmiş istedadı məhv etməyə kimsənin haqqı yoxdur. Çünki Baratinski demişkən, istedad bir Tanrı görəvidir. Hər istedadlı adam bu görəvi sona qədər yerinə yetirməyə borcludur.
Yaddaşın istedad işarəti olduğu çoxdan bilinir. Bu anlamda Ehtiramın fenomen yaddaşı var desəm, yanlış olmaz. Saatlarla əzbərdən şeir söyləmək bir Ehtiram ayrıcalığıdır. Amma öz şeirlərini oxuduğunu nadir hallarda görərsiniz. Beləcə, ondakı fenomenal yaddaş və əzmin zəfərinə doğru inadlı axtarışlar onu enində, sonunda sözün magistral yoluna çıxaracaqdı.
Ehtiramın da, mənim də, daha çox oxucuların da gözlədiyi bir gün varmış, sən demə. O gün hardasa on-on beş il bundan əvvəl gələcəkdi. İnternetdə, ya da jurnalların birində bir silsilə şeirlərini oxuyacaq və sözün tam anlamıyla heyrətlənəcəkdim. Bunlar artıq hardasa çağdaş sənət atmosferinin fərqli aurasından nəsibini alan şeirlərdi. Sanki bu şeirləri ilə Ehtiram ilk öncə öz keçmiş yazılarından və hardasa bir az da məndən qisasını alacaqdı.
"Əlli il əlli şeir". Gözəl düşünülmüş bir kitab adı - hər ilə bir şeir! Bu, əslində, yalnızca Ehtiram üçün deyil, bütün sənət adamları üçün ölçü vahidi olmalıdır, olur da. Qızılın özünütəsdiq üçün can atdığını görən oldumu? Olmaz da! Çünki Allahın bu ağıllı metalı nə dəyərə sahib olduğunun hər kəsdən daha yaxşı fərqindədir. Ünvanı əbədiyyət olan heç nəyin ölüm qorxusu olmaz, istər qızıl olsun, istərsə də dəyərbiçilməz sənət abidələri. Və mən inanıram, əlli ilin hər birinin sənət payı olan əlli şeirdən oluşacaq kitab zəngin ədəbiyyat və əbədiyyət kitabxanasında öz layiqli yerini alacaq.
Bir adam az deyil, milyon adam çox! Bu fikrin də həyati təsdiqini Ehtiram İlhamın şəxsində görmək mümkündür. Dostların, ya da əsl sənət adamlarının yubiley və ədəbi tədbirlərinin təşəbbüskarı və mərkəzi adamı kimi boy göstərən də Ehtiram İlhamdan başqası deyil. Beş il bundan əvvəl 75 illiyim yaxınlaşanda və bu yaş rəqəmi kimsəni maraqlandırmayanda mən istəməyə-istəməyə döşünü qabağa verən və mənə sevgisi ilə də hamını "yoluxduran" və möhtəşəm bir yubileyin keçirilməsinə səbəb olan da yenə Ehtiram İlhamdı.
Ehtiram İlhamın şeirləri heca şeirinin qəlibləşmiş biçimləri içində gözlənilməz gəzişmələri, deyimləri ilə seçilir. Hətta işlənmiş mövzulara həsr olunanda belə, bu şeirlərdə coşqulu fikirlər, yeni ovqat hardasa misra qəlibinə sığmır.
Mənim mürəkkəb taleli mənəvi övladımın əlli ilini canı-könüldən təbrik edir, gözlərindən öpürəm,
Çanaqqala, Türkiyə
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!